Naxçıvan kənd
turizminin inkişafı
baxımından böyük
potensiala malikdir
Yay tətili günlərini necə keçirməyi düşünənlər bəzən
seçim qarşısında
qalırlar. "Hara getməli, istirahət üçün sərfəli
ünvan haradır?"-
suallarına cavab axtarırlar. Təbii ki, şəhərin səs-küyündən uzaq,
fərqli mühitdə
dincəlmək istəyənlər
adətən kənd turizminə üstünlük
verirlər. Turizmin bu
növü getdikcə
populyarlığını artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri
ilə zəngin, sadə, kiçik bir kənd evində
yaşamaq 5 ulduzlu otellərdə qalmaq arzusunu bəzən üstələyir. İstirahətini kəndlərdə keçirmək
istəyənlər heç
də yanılmırlar.
Naxçıvan kəndləri turistlərə nəyi vəd edir?
Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı
quruculuq işləri,
yaradılan müasir infrastruktur, yaşıllıqların
artırılması, tarixi
abidələrin bərpası
istiqamətində həyata
keçirilən çoxşaxəli
tədbirlər bu qədim diyarda turizmin bir sıra
növlərinin inkişafı
üçün real zəmin
hazırlayıb. Tarixi-mədəni, dini, sağlamlıq
turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün
muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ
kəndlərinədək çəkilən
abad yollar, yaşayış məntəqələrinin
qaz, su, elektrik, rabitə və internetlə təminatı, bütün
bölgələri əhatə
edən quruculuq tədbirləri də buna şərait yaradır. Təbii ki, əhalinin
kənd təsərrüfatının
ayrı-ayrı növləri
ilə məşğul
olması, qonaqpərvərliyi
və zəngin süfrə mədəniyyəti
də buna öz təsirini göstərir.
Nəzərə alsaq ki, əhalinin
70 faizi kəndlərdə
yaşayır, o zaman kənd turizminin muxtar respublika iqtisadiyyatı üçün
nə qədər əhəmiyyətli olduğunu
bir daha görərik. Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə keçirilən maarifləndirici
tədbirlər də
bu sahənin inkişafına istiqamətlənib.
Əhalinin iştirakı ilə
keçirilən həmin
tədbirlərdə kənddə
istirahət etmək istəyən turistlər üçün normal şəraitin
yaradılması ilə
turizm mövsümü
ərzində yaxşı
gəlirlər əldə
etməyin mümkünlüyü
diqqətə çatdırılır.
Həyata keçirilən məqsədyönlü
tədbirlər öz
bəhrəsini verib. Əgər əvvəllər
ancaq Batabata gedən yolun üstündə yerləşən
Biçənəkdə evlər
kirayə verilirdisə,
bu gün artıq demək olar ki, belə
təcrübə muxtar
respublikamızın digər
bölgələrinə də
yayılıb. İndi ən
səfalı kəndlərimizdə
- Xanəgahda, Ağbulaqda,
Dırnısda, Şahbulaqda,
Küküdə və
onlarla belə yaşayış məntəqələrində
turistlərə evlər
təklif olunur. Artıq 40-dan çox kirayə ev
haqqında məlumat Naxçıvan Turizm İnformasiya Mərkəzinin
saytında (turizm.nakhchivan.az) yerləşdirilib.
Muxtar respublikada turizm sahibkarlığının da
inkişafına diqqət
yetirilir. Kənd turizminin inkişafı
məqsədilə İqtisadiyyat
Nazirliyi tərəfindən
kreditlər verilir.
İlk istirahət mərkəzi müstəqillik illərində
Ağbulaqda salınıb. Ağbulaq İstirahət
Mərkəzi kənd
turizminin tətbiq olunduğu ilk məkan kimi diqqəti çəkir. Həmin mərkəzin
yerləşdiyi bu kənd gözəl mənzərəsi, flora və
faunasının zənginliyi
ilə seçilir.
Bu məkanın qapıları yüksək
səviyyəli xidmətləri
ilə ilin bütün fəsillərində
hər kəsin üzünə açıqdır.
Muxtar respublika kəndlərinin füsunkar təbiət mənzərələri həyata
keçirilən quruculuq
tədbirləri ilə
vəhdət təşkil
edir. İndi hansı səmtə
üz tutsan, kənd yaşayış məntəqələrində ancaq
rahat yollarla, müasir memarlıq üslubunda ucaldılan binalarla və şübhəsiz, gözəl
təbiət mənzərələri
ilə qarşılaşacaqsan.
Onu da bildirək ki, turistlər Naxçıvan kəndləri
üçün yeni
model olan xidmət mərkəzlərindən də
istifadə edə bilərlər.
Gözəl təbiət mənzərələrinə
malik bir sıra kəndlər həm də dünya əhəmiyyətli
tarixi abidələr ilə tanınır. Culfa istiqamətində
belə abidələrdən
Əlincə qalasını,
Gülüstan türbəsini
və Xanəgah Abidələr Kompleksini misal göstərə bilərik. Həmin abidələrə artan maraq bu
kəndlərdə turizmin
inkişafını qaçılmaz
edib.
Ərəfsə pirinin və Əlincə çayının
üzərində tikilmiş
orta əsrlərə
aid daş körpüsü,
dörd bir tərəfi əzəmətli
dağlarla əhatələnmiş
səfalı guşələri
olan Ərəfsə kəndini istirahət məqsədilə seçənlər
buradakı kirayə evlərdən faydalana bilərlər.
Qızmar yay günlərində istirahət
üçün ideal məkan
kimi Ordubad rayonunun kəndlərini seçənlər də
az deyil.
Buna misal olaraq
Pəzməri kəndini
göstərmək olar.
Təbiət öz səxavətini
bu kənddən əsirgəməyib. Qaplançay, Pəzməri şəlalələri,
zəngin təbiəti,
dumduru bulaq suları bu kəndi məşhurlaşdırıb.
Onu da qeyd edək
ki, Pəzməri rayonun kiçik yaşayış məntəqələrindəndir.
Lakin təbiətinin zənginliyinə
görə daha çox turist cəlb etmək imkanına malikdir. Əzəmətli dağlarla əhatə
olunan və yaşıllıqlar arasından
boy göstərən kənd
gözəlliyi ilə
göz oxşayır.
Kənd yaşıl turizm həvəskarları çox
da tələbkar deyillər. Turizmin bu növü
ilə məşğul
olmaq üçün
minimal tələblərə cavab verən kənd evləri kifayət edir. Bağçaları barlı-bəhərli, süfrələri zəngin
olan Dırnıs kəndinin sakinlərinin də qapısı qonaqların üzünə
həmişə açıqdır.
Dırnısda evlərin əksəriyyəti
mənzərəli ərazidə,
çay kənarında
yerləşir.
Məlumat üçün bildirək
ki, sovet dövründə təbiətinin
zənginliyinə, iqliminə
görə düşərgə
salınan kəndlər
Dırnıs, Ağbulaq,
bir də Şərur rayonunun Şahbulaq kəndləri olub. Hər yay dövrü
məktəblilər bu
ərazilərdə istirahət
ediblər. O dövrdə
cəlbedici amil bu yerlərin təbiəti olub. Bu gün isə
vəziyyət tam fərqlidir.
Yəni yalnız məktəbliləri
deyil, xarici turistləri qəbul edə biləcək səviyyədə kənd
yaşayış məntəqələrimiz
inkişaf edib.
Hər il yüzlərlə turist şəhərlərin
səsli-küylü həyatından
uzaq olan təbiətin qoynunda dincəlmək üçün
səfalı yerlərə
üz tutur. Bu mənada, hər
bir turist rahatlıqla növbəti
dəfə Şahbulağı
seçə bilər.
Sərt görkəmi ilə yolu hər iki
tərəfdən çəpərləyən
dağlar da buradadır, suyu ilə ürəklərə
sərinlik verən buz bulaqlar da.
Əzəmətli dağlar bu
kəndi üzük qaşı kimi əhatəyə alıb.
Bu yerlərin
gözəl təbiəti
insanlarının da ruhuna sirayət edib. O qədər mehribandırlar
ki, hansı qapını açsan, səni doğmaları kimi qarşılayacaqlar. Turizmin inkişafına səbəb
olan amillərdən biri də elə
qonaqpərvərlikdir. Çünki kənd yaşıl
turizminin inkişafı
yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən
çox asılıdır.
Turisti cəlb edən məqamlardan biri də mətbəxdir. Biz özümüz də hər hansısa bir ölkəyə getdikdə əvvəlcə
mətbəxi ilə maraqlanırıq. Əgər mətbəx
zəngin, yeməklər
dadlıdırsa, heç
zaman yediyimiz yeməklərin ləzzətini
unutmarıq. Naxçıvan mətbəxi də bu cəhətdən turistlərin diqqətini cəlb edir.
Torpaqdan ikiəlli yapışan kənd adamlarının həyətlərindən məhsulları
yığmaqla bitməz. Burada, necə
deyərlər, bir quş südü çatmır. Arıçılıq kənd adamlarının əsas məşğuliyyətlərindəndir.
Bununla belə, meyvələrdən
cürbəcür kompot,
mürəbbə hazırlayar,
süfrələrini əllərinin
əməyi olan nemətlərlə zənginləşdirərlər.
İstehsal etdikləri,
öz zəhmətlərinin
bəhrəsi olan məhsullar - bal, şor-kərə, qatıq,
pendir digər kənd məhsulları - ətdən hazırlanan cürbəcür yeməklər,
bağdan yenicə dərilib gətirilən dadlı-tamlı meyvələr
süfrələrinin bərəkətidir.
Bir sözlə, süfrədə
nə varsa, ekoloji cəhətdən saf, insan orqanizmi
üçün faydalı
məhsullardır. Ən əsası,
bu yerlərin saf havası, gözəl mənzərəsi
insanın ruhunu qidalandırır.
Turist bir ölkəyə səfər etdikdə onu maraqlandıran məqamlardan biri də həmin yerin insanlarının məşğuliyyəti, adət-ənənəsi
olur. Bu gün Naxçıvanın
kəndlərində xalq
sənətkarlığının ayrı-ayrı sahələrini
yaşadan sənətkarlar
da az
deyil. Dəfələrlə muxtar respublikada
keçirilən sərgilərdə
iştirak edən sənətkarların əl
işi hədiyyəlik
əşya olaraq da turistlər üçün maraq kəsb edə bilər.
Yay tətilini mənalı keçirmək üçün
ölkə sərhədlərindən
kənara çıxmaq
şərt deyil. İstirahətinizi səmərəli keçirməyi
düşünürsünüzsə, uca dağların qoynunda yerləşən,
şəfalı bulaqları,
təmiz havası, gülərüz insanları
ilə Naxçıvan
kəndləri sizi gözləyir.
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş
redaktoru
İki sahil.-
2017.-15 iyun.- S.24.