İtaliyada birinci Azərbaycan kinofestivalı
keçiriləcək
İyunun 22-24–də Romanın
“Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə
olaraq Azərbaycan film
festivalı keçiriləcək.
Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı
səfirliyinin, Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan
Ticarət Palatasının,
“AGI” informasiya agentliyinin,
“Azerbaijannews” xəbər
portalının təşkilati
və informasiya dəstəyi ilə təşkil olunacaq.
Festivalın keçirilməsində
məqsəd Azərbaycan
ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək,
ölkəmizin zəngin
kino mədəniyyətini
İtaliyada təbliğ
və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin
mədəniyyəti, tarixi
və reallıqları
ilə tanış
etməkdir.
Festivala iyunun
22-də “Əli və
Nino” filminin nümayişi
ilə start veriləcək.
Açılışda filmin nümayişindən
öncə İtaliyanın
kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin
çıxışları nəzərdə tutulur.
Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”,
“Pərdə”, “Yarımçıq
xatirələr”, “Həddən
artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq.
Festival çərçivəsində,
həmçinin “Bir günəş altında”
və “Əbədi ezamiyyət” sənədli
filmlərinin nümayişinin,
müvafiq olaraq Azərbaycanda multikulturalizm,
dinc yanaşı yaşama mədəniyyəti,
həmçinin Azərbaycan
Xalq Cümhuriyyəti
haqqında akademik tədbirlər kimi təqdim olunacağı və bu tədbirlərdə
müvafiq tədqiqatçıların
çıxışı da
nəzərdə tutulur.
İtaliya mətbuatının
diqqət mərkəzində
olan festival barədə
yerli KİV-lərdə,
o cümlədən ANSA xəbər
agentliyində, lagazzettadelmezzogiorno,
spettacoli, venti4ore, romadailynews,
060608, dgcinews, buonaseraroma
xəbər portallarında
yazılar və elanlar dərc olunub.
İki sahil.- 2017.-20 iyun.- S.8.