Amerikadan Yaponiyaya qədər
musiqilərim ifa olunmağa başladı
Müsahibimiz Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, “Şərəf”
ordenli, professor Firəngiz Əlizadədir
- Ötən ay Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinizə görə
“Şərəf” ordeni ilə təltif edildiniz. Yəqin ki, bu
dəfə doğum gününüzü - mayın 28-ni bir
başqa təntənə ilə qeyd etdiniz...
-Bəli, mən respublikamızla eyni gündə
doğulmuşam. Həqiqətən bu ilin 28
mayı mənim üçün çox xoş təəssüratlarla
yadda qaldı. Həm Azərbaycanın milli bayramı olan 28
May - Respublika Gününü, həm doğum
günümü, həm də “Şərəf” ordeni ilə
təltif olunmağımı qeyd etdik. Bundan əlavə,
gözəl konsert oldu. Mənim “İntizar” operam Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında göstərildi. Muğam Mərkəzində
kamera musiqisindən ibarət möhtəşəm konsert
keçirildi. Məni hədsiz sevindirən hallardan biri odur ki,
gənc musiqiçilər musiqimi bu konsertdə ifa etdilər.
Daha sonra Bəstəkarlar İttifaqında böyük elmi
konfrans keçirildi. Orada müxtəlif mövzulara toxunuldu,
mühazirələr oxundu. Bütün bunlar hamısı mənim
musiqimə göstərilən diqqətdir. Mən möhtərəm
Prezidentimiz İlham Əliyevə minnətdaram ki, zəhmətimi,
fəaliyyətimi belə yüksək qiymətləndirib.
- Azərbaycan musiqi mədəniyyətini xaricdə
kifayət qədər tanıdan bəstəkarlarımızdansınız.
İstərdik ki, bəstəkar kimi ilk böyük və
ürəyinizə yatan işiniz haqqında
danışasınız...
- Artıq böyük bir həyat
yaşanıb və o qədər səyahətlər, konsertlər
olub ki, onlar arasında təkcə birini seçib qeyd etmək
çətin olardı. 1970-ci illərdən demək olar
çoxşaxəli fəaliyyətə
başlamışdım. Çünki mən Azərbaycan Dövlət
Konservatoriyasını iki fakültə üzrə
bitirmişdim. 1970-ci ildə fortepiano, 1972-ci ildə isə bəstəkarlıq
sinfini bitirmişəm. Təhsil aldığım müddətdə
müəllimlərim o zaman konservatoriyanın rektoru işləyən
Cövdət Hacıyev, üçüncü kursdan sonra isə
dünya şöhrətli Qara Qarayev olub. Pianoçu kimi müasir musiqinin ifasında
kifayət qədər məşhurluq qazanmışdım.
Keçmiş Sovet İttifaqının, müxtəlif şəhərlərində
konsertlərim keçirilirdi.
Diplom işim fortepiano və simfonik orkestr üçün
konsert də elə mənim ifamda müxtəlif şəhərlərdə
ifa olunmuşdu. Yeri gəlmişkən qeyd edim ki, həmin o
konsertlər diplom işi mövzusu olduğuna görə
qeyri-adi faktdır. Sonralar həm musiqi yazırdım, həm
ifa edirdim. Fəaliyyət sahəmi bir az da genişləndirərək
dirijorluğa da başladım.
1990-cı illərdən başlayaraq xarici
ölkələrdən xeyli sayda sifarişlər almağa
başladım. 1992-ci ildə Türkiyənin Mədəniyyət
Nazirliyindən dəvət aldım. Məqsəd Mersin şəhərində
Opera və Balet Teatrının açılışı
üçün balet bəstələmək idi. 1993-cü il
yanvarın 3-də sözügedən “Boş beşik” baleti səhnəyə
qoyuldu. Yenə həmin il aprel ayında Amerikada, Nyu-Yorkda məşhur
“Lincoln Center”də Kronos kvartetinin ifasında
“Muğamsayağı” əsərimin premyerası oldu. 1997-ci
ilə qədər Türkiyədə yaşadım. Lakin yenə
də Almaniyadan, Fransadan, İsveçrədən, Avstriyadan,
ABŞ-dan və digər ölkələrdən öz əsərlərimin
premyeralarına dəvətlər alırdım. Çox festivallara
“composer-in-residence” statusunda qatılmışam. Amerikada,
Almaniyada, Fransada kompakt disklərim çıxdı. Sevindirici fakt odur ki, dünyada fəaliyyət
göstərən ən məşhur musiqiçilər mənim
musiqimə müraciət edirlər. Mstislav
Rostropoviç, Yo-Yo Ma, Evelin Qlinni, Hilari Han kimi meqastarlar mənim
musiqimə müraciət ediblər. Dahi
musiqi biliciləri mənə musiqi sifarişləri verirlər.
Bu ilin aprel ayında isə son irihəcmli əsərimin
Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında
ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin
müşayiəti ilə premyerası oldu. Əsər
“Nasimi Passion” adlanır.
- Firəngiz
xanım, belə uğurlu, qibtəolunası
yaradıcılığa sahib bəstəkarın çox
güman ki, ona dəstək olan valideynləri olub. Valideynləriniz, həyat yoldaşınız sizin
musiqi uğurlarınızı necə
qarşılayırdılar?
-
Çox gözəl qarşılayırdılar. Onlar mənim hər nailiyyətimə sevinirdilər.
Özləri musiqiçi olmasalar da, musiqiyə
çox bağlı insanlar idilər. Atam həvəskar
tar ifaçısı olub. Müslüm Maqomayev
Üzeyir Hacıbəyli ilə birlikdə Qori
seminariyasını bitirdikdən sonra onu müəllim kimi Lənkərana
göndərirlər. Burada M.Maqomayev gənc tar
çalanlardan ibarət qrup yaradır və onlarla ciddi məşğul
olmağa başlayır. Atam da həmin o qrupda
tarda ifa edib.
Valideynlərim musiqini çox sevirdilər. Məni həmişə
konsertlərə aparırdılar. Onlar
görürdülər ki, mən artıq 5-6
yaşlarımdan musiqiyə çox böyük maraq göstərirəm.
Bir müddətdən sonra atam bizə
Sankt-Peterburqdan royal gətirdi. O vaxtlar heç kimin evində
royal yox idi. Mən elə o zamandan bu alətdən
daha heç vaxt ayrılmadım. Bütün
günümü demək olar ki, royalın arxasında
keçirirdim.
Atam Bakıda ən zəngin
kitabxanası olan ziyalılardan biri idi. Anam
musiqini, muğamı çox sevirdi. Biz
dörd uşaq olmuşuq- üç bacı, bir qardaş.
Evimizdə həmişə ciddi qayda-qanun olub.
Dərslərimizi həmişə əla
oxumuşuq. Ancaq mən və kiçik
bacım musiqiçi olduq. Qısası,
musiqi bizi bütün həyatımız boyu müşayiət
edib.
-
Sadaladığınız uğurlara hələ çox gənc
ikən imza atmısınız. Maraqlıdır
sizə bu qədər stimul verən nə idi?
-Artıq
tələbəlik illərindən biz xaricdə konsertlər
verirdik. Müxtəlif ölkələrdə, o
cümlədən Polşada, İtaliyada festivallarda iştirak
edirdik. Bütün bu konsertlər,
festivallar məndə özümə əminlik yaratdı.
Bir qədər sonra həmin ölkələrdən
mənə musiqi sifarişləri gəlirdi. Beləliklə, Amerikadan Yaponiyaya qədər mənim
musiqilərim ifa olunmağa başladı.
- Bilirik
ki, tez-tez xarici ölkələrdə səfərlərdə
olursunuz. Yaradıcılığınız boyu
ən möhtəşəm auditoriya ilə nə zaman
qarşılaşmısınız?
- İtaliya, Almaniya, Avstriya klassik musiqinin vətənidir. Bu üç
Avropa ölkəsi həqiqətən klassik musiqidə
çox nailiyyətlərə imza atıblar. Klassik bəstəkarlar da elə adını çəkdiyim
bu ölkələrdəndirlər. Orada
yaşamaq, konsertlərə getmək, festivallarda iştirak etmək
mənim üçün böyük şərəf idi.
Bu günə qədər də hər yay
fürsət olduqca festivallarda iştirak edirəm. Orada auditoriya çox fərqlidir. Onlar artıq konsertə gələndə hansı əsərlərə
qulaq asacaqlarını, hansı hissədə alqışlamaq
lazım olduğunu, hətta əsərin hər hissəsinin
neçə dəqiqə olduğunu belə bilirlər.
Danışdığımız o ölkələrin
tamaşaçıları dinləməyə gəldikləri
əsərləri qabaqcadan öyrənirlər. Mənim
çox sevdiyim məqamlardan biri də odur ki, həmin ölkələrdə
abonnement sistemi
var. Yəni artıq sentyabr ayında hər musiqisevər bilir
ki, sentyabrdan iyuna qədər harada və hansı konsertlər
keçiriləcək. Orada kimlər iştirak
edəcəklər. Hansı əsərlər yeni,
hansılar kimin sifarişi ilə yazılıb, kimlər
dirijorluq edəcək və s. bunlar hamısı
kitabçalarda öz əksini tapır. Hər
konsert salonunun öz dinləyicisi var. Həmin dinləyicilərə
də internet vasitəsilə qeyd etdiyimiz o məlumatları
bir daha göndərirlər. Hər dəfə
Almaniyada, Avstriyada, Fransada, İtaliyada olanda bu sistemə valeh
oluram. Zənn edirəm ki, Azərbaycanda da
belə bir sistem olsa, çox gözəl olar.
- Firəngiz
xanım, auditoriyadan söz düşmüşkən, Azərbaycan
tamaşaçısı, dinləyicisi sizi qane edirmi?
-Təbii
ki, qane edir. Bizim çox istedadlı
xalqımız var. Muğam, aşıq sənəti çox
yüksək səviyyəli musiqidir. Saatlarla
əyləşib muğam dinləyən insan haqqında ancaq
müsbət fikirlər bildirmək olar. Amma
klassik musiqidə müəyyən işlər
aparılmalıdır. Avropada klassik musiqi
yüzilliklərdən bəri inkişaf edib. Lakin bizim ilk peşəkar bəstəkarımız
dahi Üzeyir Hacıbəyli olub. Onun ilk əsəri
1908-ci ildə “Leyli və Məcnun” muğam-operasıdır.
Təbii ki, inkişaf dövrləri arasında
çox böyük fərq var. Amma buna baxmayaraq Azərbaycan
musiqisi çox böyük inkişaf yolu keçib. Qara
Qarayevin dəyərli fikirləri var: “O inkişafı ki,
Avropa yüzilliklərlə keçdi, Azərbaycan o yolu
onilliklərlə fəth etdi”. Ona görə
ki, bizim musiqi təhsilimiz yüksək səviyyədə
olub. Biz də çalışırıq ki, o
inkişaf davam etsin və gənclərimiz bu gün də ali təhsil
ala bilsinlər.
- Bəs
siz özünüz istər klassik, istərsə də
müasir bəstəkarlardan kimin əsərlərini daha
çox dinləyirsiniz?
- Dinlədiyim
bəstəkarlar çoxdur. İnsanın əhval-ruhiyyəsindən,
yaşından və bir çox səbəblərdən
asılı olaraq onun dinlədiyi musiqi də fərqli olur.
Lakin yaşım neçə olursa-olsun, əhvalım
necə olursa-olsun həmişə iki dahi musiqiçi mənim
ən çox dinlədiyim və sevdiyim bəstəkarlar
olublar - Volfqanq Amadey Motsart və Üzeyir Hacıbəyli.
Mən hətta deyərdim Ü.Hacıbəyli
elə Azərbaycanın Motsartıdır. Çünki hər iki bəstəkarın musiqiləri
insana ruh yüksəkliyi gətirir, zövq oxşayır,
gözəl hisslər bağışlayır. Üzeyir
Hacıbəylinin “Koroğlu”, onu dinləyən hər
insanı valeh edən “Leyli və Məcnun” və Fikrət
Əmirovun “Sevil” operalarını həmişə dinləyirəm.
İohann Sebastyan Bax, Bethoven, Yohans Brams kimi bəstəkarları
çox sevirəm. Son zamanlar Qustav Maler ən
çox qulaq asdığım bəstəkarlardandır.
Müasirlərdən Luici Nono, Arnold Şonberqi dinləyirəm.
-
Hansı intellektual vərdişləriniz var?
- Mən
daha çox kitab oxuyuram. Hər gün mütləq
30-40 səhifə ədəbiyyat oxumalıyam. Elçinin “Baş” romanı ən son
oxuduqlarımdandır. Hətta internet
saytlarında belə qarşıma çıxan romanları,
povestləri dönə-dönə oxuyuram. Rey Bredberi,
Ayzek Azimov, Struqatski qardaşları, Paulo Koelyo, Artyur Rembonun
adlarını sevə-sevə çəkə bilərəm. Hər gün mən
mütləq nə isə yeni bir şey oxumalıyam. Yəni
bu, qəzet də ola bilər, hekayə də,
roman da. Məsələn, Markesin əsərlərini
neçə dəfə oxumuşam, yenə də təkrar
oxuyuram və həzz alıram. Bu
yaxınlarda “Anna Karenina” filmini göstərdilər. Tez müəllifi Lev Tolstoy olan romanı təzədən
oxudum. Çünki filmdə bəzi səhnələr
mənə qeyri-adi gəldi. Mənə elə
gəldi ki, o səhnələr düzgün çəkilməyib.
Romanı yenidən oxuduqca gördüm ki, mən
haqlıyam. Bəzi faktlar yanlış lentə
alınıb. Təbii ki, rejissor o səhnələri
özünün istədiyi kimi çəkə bilər.
Boş zamanlarımda kitab oxuyuram. Amma təbii, daha çox notlarla işləyirəm.
- Firəngiz
xanım, hazırda Bəstəkarlar İttifaqında hansı
işlər görülür və nə kimi yeniliklər
var?
-Bu il bizim üçün gərgin keçir. Çünki həddindən çox yubiley tədbirlərimiz
var. Yeni kitabların təqdimatlarını
reallaşdırırıq. Silsilə
konsertlər keçiririk. O konsertlərdə gənc
musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini
ifa edirlər. Belə konsertlərimiz artıq
uzun illərdir davam edir. Hal-hazırda Şəkiyə
getməyə hazırlaşırıq. Orada
artıq Şəki VIII “İpək Yolu” Beynəlxalq musiqi
festivalı keçiriləcək. Müxtəlif
ölkələrdən onlarla ansambllar, kollektivlər gələcəklər.
Türkiyədən, İrandan,
Gürcüstandan, Macarıstandan, Polşadan və s. ölkələrdən
qonaqlarımız gələcək. Bundan
başqa, “Qədim musiqi alətləri” Dövlət ansamblının
konserti olacaq. Aygün Səmədzadənin
müəllif gecəsi keçiriləcək. Cövdət Hacıyevin 100 illik yubileyinə həsr
olunan böyük konsert baş tutacaq. Orada
xor musiqisi, fortepiano üçün əsərlər ifa
olunacaq. Bir sözlə, çox
böyük proqram hazırlamışıq.
Şəmsiyyə
Əliqızı.
İki
sahil.- 2017.- 22 iyun.- S.20.