Cəlal Əliyevin ictimai fəaliyyəti xalqa xidmət nümunələri ilə zəngindir

İyunun 30-da Cəlal Əliyevin 89 yaşı tamam olur. Özü aramızda yoxdur, amma ruhən bizimlədir: dünyasını dəyişsə də, ötkəm, prinsipial, qayğıkeş obrazı dəyişməz olaraq qalır.

Mən Cəlal müəllimi tanıdığım üçün həmişə qürur duymuşam. Onunla ünsiyyət mənim həyatımın yadda qalan xatirələrinə çevrilib.

Cəlal müəllim müdriklərdən birinin dostluq haqqında  dediyi fikri müntəzəm xatırladırdı: “Dostlarını tez-tez dəyişən adamın dostu olmaz”.

Əqidəsini, məsləkini maddi maraqlara qurban verənləri heç cür qəbul edə bilmirdi.

Deyirdi ki, əsl şəxsiyyət var-dövlətin, rəyasətin yox, həqiqətin yanında dayanmalıdır.

Mən onu həmişə belə gördüm: haqqın tərəfində, mərd, mübariz   əyilməz ...

Şəxsiyyətin yetişməsində ailənin böyük təsiri vardır.

Ailədəki mühit hər bir insanın gələcək həyat yolunu müəyyənləşdirir.

Ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələrinin üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə və daxilindəki vətənpərvərlik hissi çulğaşaraq Cəlal Əliyevin şəxsiyyət kimi formalaşmasında  mühüm rol oynayıb.

Cəlal Əliyev Azərbaycan elminin  əfsanələrindən biri sayılır.

Onun müstəqil Azərbaycan elminin dünya miqyasında tanıdılmasında  müstəsna xidmətləri vardır.

Onun ixtiraları, dəyərli elmi əsərləri, səmərəli təklifləri iqtisadiyyatla elmin vəhdətini təşkil edən fundamental konsepsiyalardır.

Elmi kəşfləri Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Cəlal Əliyevin təməlini qoyduğu elmi məktəbin yetirmələri bu gün Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir.

Cəlal Əliyevin ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir.

 

Onun böyük alim kimi yüksək nüfuzu və nümunəvi vətəndaş mövqeyi ölkəmizin ictimai-siyasi həyatındakı coşqun fəaliyyəti ilə qırılmaz vəhdət təşkil edir.

 

Cəlal müəllim mübarizələrlə zəngin, hamıya örnək ola biləcək və fərqli bir ömür yaşayıb.

 

Hər elm adamına nəsib olmayan uğurlara imza atdı. 30 ilə  yaxın  bir  müddətdə Əkinçilik İnstitutunda kiçik, baş elmi  işçi, bitkilərin fiziologiyası laboratoriyasının müdiri işləmişdi.

 

 Onu yaxından tanıyanlar bilirlər ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından 40 yaşına kimi başqa-başqa evlərdə yaşamışdı.

 

1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçmədi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilməyə başladı. Həmin məqalələrdə kin-küdurət, fürsətkeşlik, intiqam hissi aşıb-daşırdı. “Pravda”, “Sovet  kəndi” və başqa qəzetlərdə Heydər  Əliyevə və  onun qardaşlarına saysız-hesabsız böhtanlar yağdırılırdı. Heydər Əliyev isə bununla bağlı deyirdi ki, məni  ittiham  etmək üçün göstərmək  istəyirdilər ki, mən öz qohumlarımı müxtəlif  vəzifələrə qoymuşam: “Hansı vəzifələrə  qoymuşam? Əgər mən onları nazir və ya raykom katibi , MK -da, Nazirlər  Sovetində, Ali Sovetin Rəyasət Heyətində vəzifələrə təyin etsəydim, bu başqa iş. Lakin mənim bütün qohumlarım elmi  işçilərdir. Özü də onlar mən birinci katib olmamışdan əvvəl bu yolu seçmişdilər. Mən onları elmi işlərdən uzaqlaşdırmalıydım?”

 

Azərbaycan ictimaiyyətinin yaddaşına Cəlal Əliyev təkcə, böyük alim və ictimai xadim kimi həkk olunmayıb.

 

Azərbaycan cəmiyyəti onu Ümummilli Liderimizin yaxın silahdaşı, əqidə yoldaşı, əvəzsiz xidmətləri olan milli mübariz kimi tanıyır.

 

Cəlal müəllimlə mənim tanışlığımın 35 illik tarixi var.

 

Cəlal müəllimin fədakarlığına heyran qalmaya bilmirdin. O zaman-zaman çətinliklərlə, məhrumiyyətlərlə üzləşib.

 

Haqsızlıqla  qarşılaşıb, sıxışdırılıb, incidilib.

 

Bütün  bunlara baxmayaraq, əqidəsindən bir addım belə geri çəkilməyib, tutduğu yola inanıb. 

 

Mübarizəsini uğurla başa çatdırana  ki

 

mi, sözün həqiqi  mənasında döyüşüb, vuruşub.

 

Cəlal Əliyev bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə bağlıydı.

 

Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra onun ailə üzvlərinə qarşı İttifaq miqyasında və respublika rəhbərliyi səviyyəsində hücumlar başlayanda Cəlal Əliyev bütün zərbələri öz üzərinə götürərək həm Heydər Əliyevi mənəvi və fiziki təqiblərdən qorudu, həm də Heydər Əliyevi sevən insanları bir araya topladı.

 

O, respublikamızın müstəqilliyi və dövlətçiliyi təhlükə altında olanda Ümummilli Liderin hakimiyyətə qayıdışı üçün həyatını təhlükəyə atan, ölümdən belə qorxmayan fədakarlığı və cəsarəti ilə neçə-neçə insana örnək olan, ictimai-siyasi hadisələrin mərkəzində olan şəxs idi .

 

O, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi.

 

Ulu Öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi” hesab edirdilər.

 

Cəlal Əliyev yeganə elm xadimidir ki, Sov. İKP-nin rəsmən buraxılmasından xeyli əvvəl Kommunist  Partiyasından çıxmaq haqqında qərar qəbul etmişdir.

 

O,1991-ci ildə Elmlər  Akademiyasının partiya  komitəsinə  ərizə  yazdı və partiyadan  çıxdı. Onun yazdığı ərizənin mətni bir daha  sübut  edir  ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır. Cəlal müəllim ərizədə yazırdı: “Bütün 62 illik ömrüm boyu xalqa, vətənə təmənnasız xidmət etmişəm. Sağlamlığımı, firavanlığımı, ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz  ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız  qanlarda, xalqın alçaldılmasında iştirakçı olmaq deməkdir, bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir”.

 

Cəlal müəllim dayanmaq  bilmirdi.

 

Yalnız bir dəfə, 1991-ci ildə mərkəzi mətbuatda çıxış etmək  imkanı qazanmışdı. Moskvada  nəşr  edilən  “Nezavisimaya  qazeta” akademikin müsahibəsini  vermişdi. Həmin müsahibədə Cəlal müəllim Heydər Əliyevin və onun  yaxınlarının təqib edilməsinin səbəblərini izah etmiş, Vəzirov və onu əvəzləmiş Mütəllibovu ifşa etmişdi. Belə faktlar onlarla, yüzlərlədir. Məsələn, 1988-ci  ildə “Kommunist”  qəzetində “Qərəz  çaşqınlığı” adlı böhtan dolu bir yazı çıxmışdı. Əlbəttə ki, bu yazı təsadüfi  deyildi. Hadisələrin  gedişini izləyəndə məlum olur ki, bir neçə gün əvvəl Akademiya  partiya təşkilatının konfransında tribunaya qalxan Cəlal  Əliyev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevi tənqid edənləri mafiya üzvləri adlandırmışdı. Və elə buna görə də “Kommunist” qəzeti Cəlal Əliyevi hədəf seçmişdi.

 

Cəlal Əliyev redaksiyalara, MK-ya  göndərdiyi  məktublarda çəkinmədən, birbaşa yazırdı  ki, Heydər Əliyev haqqında mətbuatda  gedən yazıların əsas səbəbkarı məhz Ə.Vəzirovdur.

 

Hətta bir dəfə Vəzirov Cəlal müəllimin evinə zəng vurub demişdi ki, Heydər  Əliyev  haqqında məqalələr yazılması üçün mən heç kimə tapşırıq-zad verməmişəm. Cəlal müəllimin dəyanəti Vəzirovu çıxılmaz vəziyyətə salırdı.

 

 Elmlər  Akademiyasının prezidenti Vəzirovun göstərişi ilə Cəlal  müəllimdən  xahiş edirdi  ki, o  Vəzirovu tənqid  edən çıxışlarını dayandırsın.

 

O, cəsarətli çıxışlar  edir, qardaşına, onun ailəsinə yağdırılan təhqirləri qəbul etmirdi. Amma onun çoxsaylı  müraciətlərinin təkziblərinin heç biri o illərdə respublika mətbuatında dərc edilmədi.

 

Cəlal Əliyev Azərbaycanın nicatını Heydər Əliyevin Bakıya qayıtmasında və ölkəyə rəhbərlik etməsində görürdü.

 

O, özü qədər Heydər Əliyevə sadiq olan insanlara müzakirələr açır, onun Bakıya qayıtması üçün çıxış yolu axtarırdı.

 

Yaxşı xatirimdədir, Cəlal müəllim Əjdər Xanbabayev, Aqil Əliyev və mənimlə görüşündə bütün təhlükələrə baxmayaraq, qətiyyətlə Heydər Əliyevin Vətənə qayıtmasını israrla söyləyirdi. (Bu yolda onun ən yaxın silahdaşı “Azərnəşr”in o dövrkü rəhbəri Əjdər Xanbabayev idi.)

 

Əjdər müəllim  Moskvaya, Heydər Əliyevə zəng vurub demişdi ki, burada Sizin gəlişinizə mane olurlar, amma Siz mütləq gəlməlisiniz, tərəfdarlarınız Sizi  Bakıda gözləyirlər.

 

Əjdər müəllim yenidən onunla yanvarın 30-da danışdı.

 

Cəlal müəllimlə Ə. Xanbabayev yenidən görüşürlər. Əjdər müəllim  deyir ki, nə olursa-olsun Heydər Əliyev mütləq gəlməlidir.

 

Ə.Xanbabyev neçə müddət idi ki, “KQB” tərəfindən izlənilirdi. Həmin gün  Ə.Xanbabayev dostunun evindən çıxarkən  axşam saat 9 radələrində qətlə yetirildi.

 

  Yeni Azərbaycan Partiyasının (YAP)  yaranmasında əvəzsiz xidmətləri olan Cəlal Əliyev partiyanın quruculuq işlərində fəal iştirak etmişdi. O, YAP-ın “Qızıl Fondu”na adını yazdırmış nadir şəxsiyyətlərdəndir.

 

Onun qazandığı hər bir uğur, nailiyyət gecə-gündüz yorulmadan çəkdiyi zəhmətin, alın tərinin bəhrəsi olub. Onun dövlət və hakimiyyətdən heç bir təmənnası olmayıb.

 

Cəlal  müəllim qardaşlıq  anlayışını ailə-qohumluq çərçivəsindən çıxarıb əqidədaşlıq, vətəndaşlıq məqamına yüksəltdi.

 

Dövlətimiz onun çoxşaxəli ictimai və elmi fəaliyyətini yüksək qiymətləndirmiş   ali dövlət mükafatı - “İstiqlal” ordeni ilə təltif etmişdir.

 

Heydər Əliyevə zəngin siyasi məktəb kimi baxan akademik Cəlal Əliyev bu məktəbin fəxrli və nümunəvi akademiki səviyyəsinə yüksəlmiş şəxsdir.

Cəlal müəllim millətini, dövlətini, onun tarixini sevir və qədrini bilirdi.

Dəyərli elmi-tarixi araşdırma mənbəyi olan “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabı Cəlal Əliyevin böyük vətənpərvərliyinin bariz nümunəsidir.

Cəlal Əliyev Qarabağ barədə həqiqətləri yorulmadan dünyaya çatdırırdı. Onun Moskvada işıq üzü görən “Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır” kitabı erməni işğalı haqqında ən tutarlı elmi-tarixi araşdırma hesab oluna bilər.

Akademik Cəlal Əliyev  insanpərvərliyi ilə yaddaşlarda iz qoymuş şəxsiyyətdir.

Bu gün Cəlal müəllim aramızda olmasa da vətənpərvər ziyalı, ləyaqətli insan, böyük ictimai xadim kimi qəlbən bizimlədir.

Rizvan Vahabov.

İki sahil.- 2017.- 30 iyun.- S.20.