Bakı Dövlət Universiteti mənim həyatımda xüsusi yer tutur

 Müsahibimiz fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmovdur

 

- İzzət müəllim, 85 yaşın tamamından geriyə nəzər salanda ömür yolunuzu necə qiymətləndirirsiniz?

 

- İnsan geriyə baxarkən yaşadığı ömrün mənasını və qiymətini daha yaxşı anlayır. Bu ömrü zəngin və mənalı edən həyat yolunda qazanılan nailiyyətlər, əldə edilən uğurlardır.

 

Mən də keçmişimə nəzər salarkən ilk növbədə doğulub boya-başa çatdığım ucqar dağ kəndi olan Gədəbəyin Düzrəsullu kəndindən paytaxta təhsil ardınca gəldiyim dövrləri xatırlayıram. Hələ orta məktəb illərində bütün fənləri yaxşı oxuyurdum. Ona görə də elə bir ixtisas seçmək istəyirdim ki, orada bütün elmlər öyrənilsin.

 

Beləliklə, 1949-cu ildə orta məktəbi bitirib ali təhsil üçün Bakıya gəldim. Lakin hələ attestatımı ala bilməmişdim. Eşitmişdim ki, indiki Azərbaycan Pedaqoji Universitetinin (APU) riyaziyyat fakültəsinə attestatsız sənəd qəbulu var. Ona görə mən də getdim APU-ya. Lakin qardaşım buna mane oldu və məni gətirdi o zamankı Azərbaycan Dövlət Darülfununa - indiki Bakı Dövlət Universitetinə.

 

Bir maraqlı faktı da deyim ki, qardaşım BDU-nun o zamankı rektoru akademik Abdulla Qarayevin qəbuluna girərək özünü mənim adımdan təqdim etmişdi və vəziyyəti ona izah etmişdi. Rektorun razılığını alandan sonra mən bir dənə arayışla sənədlərimi verdim və BDU-nun Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olundum. Fəlsəfəni də seçməyimin səbəbi onun universal elm olması, bütün elmləri əhatə etməsi idi.

 

- Bundan sonrakı fəaliyyətinizin əsas hissəsi BDU ilə bağlı olub?

 

- Bəli. 1954-cü ildə ali məktəbi bitirdikdən sonraəllim işləməyə və elmi fəaliyyətə başladım. Universiteti fərqlənmə diplomu ilə bitirmişdim və elmi fəaliyətimi davam etdirmək niyyətim vardı.

 

Burada mənim üzərimdə böyük əməkləri olan görkəmli müəllimlərimin adlarını xüsusi qeyd etmək istəyirəm. Dünyanın görkəmli alimlərindən biri Aleksandr Rospoviç, Mehbalı Qasımov, Firudin Köçərli kimiəllimlərdən dərs almağım mənim elmi dünyagörüşümdə, fəlsəfəni sevməyimdə mühüm rol oynayıb. Ancaq təbii ki, özümün də elmə böyük həvəsim vardı, nəticə təkcəəllimlərdən asılı deyildi. Əgər tələbə fərasətli idisə, özü oxumaq istəyirdisə, o, hansı çətinliyi desən aradan qaldırırdı.

 

- Namizədlik və doktorluq  mövzularının müdafiəsi hansı çətinliklərlə başa gəldi?

 

- Əlbəttə, heç bir asanlıqla başa gəlmir. Zəhmət çəkməlisən, gecəli-gündüzlü çalışmalısan. Mən 1961-ci ildə “Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını, 1972-ci ildə “Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdim. Müdafiəm o zaman elmi ictimaiyyətdə böyük maraq oyatmışdı. Hətta doktorluq müdafiəmi izləmək üçün kənardan da xeyli adamlar gəlmişdi.

 

Ancaq qəribə orasıdır ki, mən həm dosentlik, həm də professorluq elmi adlarını müdafiədən sonra gec almışam. Sanki hansısa bir qüvvə buna mane olurdu. Lakin mən müəllim kimi, eləcə də elmi sahədə fəaliyyətimi intensiv davam etdirirdim. 1965-ci ildə dosent, 1977-ci ildə, müdafiəmdən beş il sonra professor elmi dərəcələrini aldım. Bunları deməkdə məqsədim odur ki, heç də hər şey asanlıqla başa gəlmirdi. Gərgin və əziyyətli mübarizə aparmaq lazım idi.

 

- İzzət müəllim, elmi fəaliyyətlə, müəllimliklə məşğul olmusunuz, ancaq birdən-birə dövlət qulluğuna təyin edildiniz - Baş nazirin müavini oldunuz...

 

- Mən deyərdim ki, bu, birdən-birə olmadı. Xatırladım ki, hələ BDU-nun Fəlsəfə kafedrasında işləyərkən mən universitetdə partiya təşkilatının katibi seçilmişdim. Yəni ictimai-siyasi işlərə cəlb edilmişdim. 1984-87-ci illərdə isə o vaxtkı Bakı Ali Partiya Məktəbində direktor müavini işləmişdim.

 

Lakin burada bir məsələni xüsusi vurğulamaq istərdim. Dövlətdəəyyən vəzifəyə təyin edilməyim ulu öndər Heydər Əliyevin mənə verdiyi qiymət və göstərdiyi etimadla bağlı idi. Təyinatımdan bir neçə gün əvvəl mən Ümummilli Liderimizin də iştirak etdiyi tədbirdə şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası kimi geniş məzmunlu çıxış etdim. Görünür, çıxışım Ulu Öndərin xoşuna gəlmişdi. Həmin tədbirdən təqribən 10 gün sonra zəng edib mənə dedilər ki, Prezident Heydər Əliyev sizinlə görüşəcək. Mən elə düşünürdüm ki, hansısa dövlət mükafatı ilə təltif ediləcəyəm. Lakin mənim üçün də sürpriz oldu, Ümummilli Lider görüşdə mənə dedi ki, səni Baş nazirin müavini təyin edirəm. Hazırlaş, üç gün sonra Romaya gedəcəksən.

 

- Siz hansı sahələrə rəhbərlik edirdiniz?

 

- Mən o dövrdə bizim üçün ən ağrılı problem olan qaçqınların və məcburi köçkünlərin işlərinə rəhbərlik edirdim. Bundan başqa, Beynəlxalq humanitar yardım üzrə dövlət komissiyasının sədri idim, sonra narkomaniya və narkobiznesə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri oldum. O ağır illərdə bütün qaçqın, köçkün, şəhid ailələrinin problemləri ilə məşğul olurdum. 20 Yanvar faciəsi üzrə hökumət komissiyasına da dörd il sədrlik etdim.

 

Üç gün sonra  Romaya göndərildim. Orada BMT-nin Dünya Ərzaq Proqramının iqamətgahı var idi. O zaman Azərbaycanın bir həftəlik qida ehtiyatı qalmışdı. Mən ulu öndər Heydər Əliyevin tapşırığı ilə burada əyyən məsələləri həll etməli idim. O zaman elə bir hal yaranmışdı ki, biz humanitar yardımı Çeçenistan xətti ilə ala bilmirdik, orada müharibə gedirdi. Gürcüstanın nümayəndələri ilə danışmalı idik ki, sizin Poti və digər limanlardan imkan verin, bizə humanitar yardım gəlsin, biz də sizə başqa məsələlərdə kömək edərik. Bundan sonra beynəlxalq yardımlar Poti-Batumi xətti ilə gəldi. Mən orada Dünya Ərzaq Proqramının rəhbərliyi ilə söhbət etdim, Azərbaycana 100 min ton taxıl ayrıldı.

 

1997-ci ildə yenidən ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Romada 140 ölkənin hökumət başçılarının sammitinə getdim. Bu dəfə həm də Azərbaycan Prezidentinin səlahiyyətli təmsilçisi kimi. Ulu öndər Heydər Əliyev mənə belə bir səlahiyyət vermişdi.

 

Bu səfərdə mənim üçün maraqlı olan görüşlərdən biri Kubanın əfasanəvi lideri Fidel Kastro ilə görüşməyim oldu.

 

- Sizin oğlunuz Azərbaycanın Milli Qəhrəmanıdır. Onu necə xatırlayırsınız?

 

- Məzahir müharibəyə gedənədək dövlət idarəsində işləyirdi. Dövlət Mətbuat Komitəsində kitab ticarəti və xarici iqtisadi siyasət şöbəsində çalışırdı. Məzahirin döyüşə getmək ərəfəsində qohum-əqrəba, dost-tanış bizim evə yığışdılar. Mən onun döyüşə getmək istəyinə qarşı bir söz demədim. Şəhid olanda 32 yaşı vardı. Dövlətimizə minnətdaram ki, Məzahirin adını hər zaman yüksək tutur. Onun adına məktəb var və açılışında cənab Prezidentimiz İlham Əliyev iştirak edib.

 

Məzahir şəhid olanda onun bircə balası Təhminə 6 aylıq körpə idi. İndi nəvəm özü anadır, bir övladı var. Magistraturanı bitirib, hazırda doktaranturada təhsil alır. Onun 4 yaşında olarkən Ulu Öndərimizlə çəkilən fotosu mətbuatda çox yayılıb.

 

- 1999-cu ildə yenidən BDU-ya qayıtdınız...

 

- Bəli, 1999-cu ildə BDU-da Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyətə başladım. 2004-cü ildən hal-hazıradək universitetin Sosiologiya kafedrasına rəhbərlik edirəm.

 

Mən burada Bakı Dövlət Universitetinin həyatımdakı yerini bir daha xüsusi vurğulamaq istərdim. BDU Azərbaycanın öndə gedən elm və təhsil ocağı kimi cəmiyyətimizin həyatında hər zaman böyük rol oynayıb. Fürsətdən istifadə edib rektorumuz, akademik Abel Məhərrəmova 85 illik yubileyimlə bağlı göstərdiyi diqqətə görə bir daha təşəkkür edirəm.

 

- Biz də redaksiyamızın adından yubileyiniz münasibətilə Sizi təbrik edirik.

 

- Çox sağ olun. Təşəkkür edirəm.

 

Taleh Şahməmmədli

İki sahil.- 2017.- 15 mart.- S.18