Arif Babayev:
Qarabağı
görmədən ölmək istəmirəm
Daş ürəklərdə yanıb
daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Böyük şairimiz Bəxtiyar
Vahabzadənindir bu sözlər. Qüdrətli şair
muğamın ecazkar səsinin bütün dünyaya
çatacağını hələ o vaxtdan bilirdi bəlkə də.
Musiqimizin tacı muğam
illərdən bəri Azərbaycanı bütün
dünyada mədəniyyətin beşiyi kimi
tanıdır. Muğam qədər onu bizə
çatdıran, səsləri ilə qulaqlarımızın
pasını silən, mədəniyyətimizi dünyanın
hər bir guşəsində təmsil edən
sənətkarlar da dəyərli olub xalqımız üçün.
İllərdir muğamımızı təmsil edən, səhnəmizin ən güclü səslərindən
olan, “İstiqlal”,
“Şöhrət” ordenlərinə layiq
görülən Azərbaycanın Xalq artisti Arif Babayev
məhz həmin sənətkarlardandır. Çünki
muğamı bu günə qədər qoruyub saxlayan xalq güclü səsə,
sənətə qiymət verməyi də bacarıb. Çoxdandır heç
bir kütləvi informasiya
vasitəsinə müsahibə verməyən sənətkarımız
təklifimizi məmnuniyyətlə qəbul etdi.
- Görkəmli
sənətkarımızın əhvalı necədir?
- Çox sağ olun. Dəvətinizi qəbul edib canla-başla gəlmişəm. Əhvalım yaxşıdır. Amma müsahibəmiz elə vaxta düşdü ki... Bu yaxınlarda Xocalı soyqırımının 25 illiyini qeyd etdik. Çox pis oldum. O kadrları görəndə adamın ürəyi parçalanır. İndi-indi bir az özümə gəlmişəm. İnşallah, vaxt gələcək torpaqlarımızı alacağıq, o torpaqlara yenidən qayıdacağıq. Qaçqınlarımız öz yurd-yuvalarına geri dönəcəklər. Amma o yara bizim qəlbimizdən getməyəcək.
- Torpaqlarımızın işğaldan azad olunması hər birimizin arzusudur. Amma bir qarabağlı olaraq torpaqlarımızın illərdir düşmən tapdağı altında olması sizi daha çox narahat edir...
- Əlbəttə. Mənim ən böyük arzumdur ki, torpaqlarımıza, anadan olduğum yerə bir də qayıdım. İllərdir o torpaqların həsrəti ilə alışıb yanırıq. Mən inanıram ki, torpaqlarımız qayıdacaq. Cavan Prezidentimiz var. Cənab Prezident çalışır, əlindən gələni edir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa etsin. İstəyirəm ki, dünyamı dəyişməmiş o torpaqlara bir də gedim.
- İllərdir bu sənətdəsiniz.
Muğamımızın inkişafına fəaliyyətinizlə
dəstək olmusunuz. Nəinki Azərbaycanda,
hətta dünyanın bir çox
ölkələrində Azərbaycan muğamını təmsil
etmisiniz. Buna baxmayaraq müsahibələrinizin birində demisiniz ki, heç
vaxt muğamımıza indiki
qədər diqqət və maraq
olmayıb. Nəyə əsaslanaraq söylədiniz bu fikirləri?
- Mən bu fikri həmişə deyirəm. Muğamlarımız həmişə olub. Dəyərli, canını bu yolda itirən sənətkarlarımız da çox olub. Amma bu gün muğam dünya səviyyəsində tanınır. Belə bir söz var: görünən dağa nə bələdçi? Muğam musiqimizin tacıdır. Bu günə qədər dünyanın 60-dan çox ölkəsində olmuşam. Dövlətimizin muğama diqqəti və qayğısı çox böyükdür. Bunu deməmək günah olardı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri xüsusilə vurğulamaq lazımdır.
- Məhz o diqqətin nəticəsində bu gün Azərbaycanın
muğam sənəti UNESCO-nun
qeyri-maddi mədəni irs
siyahısına daxil edilib...
- Bax bu xidmətlərinə görə Mehriban xanımın ölkənin Birinci vitse-prezidenti seçilməsinə bütün sənətkarlar ürəkdən sevinir. Çünki Mehriban xanım Əliyeva etibar etdiyimiz şəxsiyyətdir. Bütün dünya Mehriban xanımı xeyirxah bir insan kimi tanıyır. İnanıram ki, bundan sonra da Azərbaycan muğamının inkişafı istiqamətində xeyli işlər görüləcək. Bu günə qədər aparılan bütün islahatlar onu deməyə əsas verir ki, ölkəmizdə mədəniyyətin inkişafına xüsusi diqqət və qayğı var. Yaxşını görüb deməmək olmaz. Yaxşını demək də savabdır.
- Arif
müəllim, muğama olan
diqqət və qayğıdan söz
düşmüşkən, istərdim ölkəmizdə
keçirilən muğam müsabiqələrinə
də münasibət bildirəsiniz.
- Elə muğam müsabiqələrindən danışmaq istəyirdim. Bilirsiniz, Azərbaycanda xüsusi səslər çox olub. Amma o səslər xalq səviyyəsində tanınmırdı. Bu cür müsabiqələr güclü səsləri ortaya çıxardı. Yaxşı gənclərimiz var. Onlar musiqimizi dünyada təbliğ edirlər. Bilirsiniz ki, mən həm də müəlliməm. Yüzlərlə tələbə yetişdirmişəm. Fəxr edirəm ki, tələbələrim musiqimizi dünyanın müxtəlif ölkələrində təbliğ edirlər. Ölkədə gənclərin özlərini göstərmələri üçün xeyli imkanlar var. Onlara hər cür şərait yaradılır. Əvvəllər belə şeylər yox idi. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Sənətkarlara diqqət və qayğı ondan başladı. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən həmin diqqət və qayğı davam etdirilir. Cənab Prezident öz əli ilə mənə şəhərin mərkəzində dörd otaqlı ev verib. Bu mənim sənətimə, şəxsiyyətimə verilən diqqətdir. Eləcə də bu gün bu sahədə saç ağardan insanların hər biri dövlətin diqqət və qayğısı ilə təmin olunur.
- Sənətdə
saç ağartmaq dediniz. Necə hesab edirsiniz, bir muğam ustadının yetişməsi üçün neçə il
lazımdır?
- Mən 19 yaşımdan oxuyuram. Ustad olmaq üçün azı 50-60 il lazımdır. Xanəndə daim çalışmalı, öyrənməlidir. Keçən illərdən istifadə etmək lazımdır. Səs çox adamda ola bilər. Gərək onu qoruyasan, inkişaf etdirəsən. Məsələn, mən səsi Qarabağdan gətirmişəm. Orada çox xanəndə yetişib. Bir də görürdün bir məclisdə 8-10 xanəndə bir yerdə oxuyurduq. Biri-birimizdən öyrənirdik. Səhvimizi düzəldirdik. Allah sənətkarlarımıza rəhmət eləsin. Mən Seyidi, Ağanı, Mütəllim Mütəllimovu, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu görmüşəm. Onları dinləmişəm, öyrənmişəm. Sonra da öyrəndiklərimi öyrətdim, xeyli sayda tələbə yetişdirdim.
- Tələbələriniz
sizinlə həm səhnədə, həm də universitetdə
çiyin-çiyinə çalışırlar. Dəyərli
səslər yetişdirmisiniz.
Maraqlıdır, müəllimlik sənətinə gəlişiniz
necə oldu?
- Mənim ən böyük arzum Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Məcnun rolunu oynamaq idi. O vaxtlar Məcnun da Məcnun idi. Arıq oğlan, nazik bel, bədən yerində. Əsl Məcnun. Şükür Allaha məni Azərbaycan Dövlət Filarmoniyasına dəvət etdilər. Demək olar ki, bütün baş rollarda çıxış etdim. Ən böyük arzularımdan biri isə müəllim olmaq idi. İstəyirdim ki, nə vaxtsa öyrəndiklərimi özümdən yaşda kiçiklərlə bölüşüm. Gərək bildiyini öyrədəsən. Beləliklə, həyatda ad qoyursan. Şükür olsun ki, müəllim olmaq arzuma da çatdım.
- Arif
müəllim, Məcnun olmaq arzunuza çatdınız. Hətta müxtəlif
tamaşalarda baş
rolların ifaçısı oldunuz.
Müəllim olmaq istəmisiniz, o arzunuza da
çatmısınız. Həmçinin Xalq
artisti, dəyərli sənətkar,
milyonların sevimlisi oldunuz.
Bu mənada özünüzü
şanslı insan hesab
edirsinizmi?
- Əlbəttə, şanslı insanam. Arzularıma çatmışam. Amma Qarabağı görməsəm, arzularım yarımçıq qalacaq. Hər dəfə fikirləşirəm ki, doğulduğum yerə qayıdım, o yeri bir də görüm, o torpağı bir də öpüm. Özümə söz vermişəm ki, Qarabağa qayıdacağam, qapımıza qədər olan məsafəni dizin-dizin sürünəcəyəm. Amma qalan bütün arzularıma çatmışam.
- Arif Babayev necə
ailə başçısı, necə atadır?
- Ailəmə bağlı insanam. Qızım, oğlum, nəvələrim var. Övladlarım ali təhsillidir. Hərəsi öz istədiyi sənət sahəsi üzrə gedib. Mən də onlara dəstək olmuşam. Heç vaxt övladlarımın seçiminə qarışmamışam.
-
Övladlarınızdan yolunuzu davam etdirmək istəyən olmadı?
- Oğlumun səsi var idi. İndi oxuyanların əksəriyyətindən də yaxşı oxuyurdu. Amma mən deyən səs deyildi. Ona görə bu sənətin arxasınca getməsini istəmədim. Balaca nəvəm var. Hiss edirəm ki, onun səsi olacaq. Əgər gələcəkdə mən deyən səs olarsa dəstək olaram.
- Bəs həyat
yoldaşı baxımından şansınız gətirdimi?
- Əlbəttə. Çox. Bəzi kişilər arvadı çox tərifləyir(gülür). Amma tərifləməliyik. Bu yaşımda məni saxlayan, qayğımı çəkən odur. Sağ olsun, çox yaxşı baxır mənə. Hər zaman başa düşüb, anlayışlı olub.
- Arif
müəllim, “Vaqif” dramında Qacarın
dilindən deyilən bir misra
var:
Deyirlər ağladır yaman yeri-göyü,
Sizin Qarabağın xanəndələri.
Bu gün Azərbaycan
səhnəsinin ən dəyərli səsləri əslən
qarabağlıdır. Nədir Qarabağ
səslərinin sirri?
- Oranın suyu
başqadır. Xanəndə üçün
yaranıb o su. Bizim kənddə Kötəl
adlanan bir çay var. Suyu yaşıla çalır. Hikmətli
su idi. Hər evdə bir oxuyan var idi.
Oranın quşları da bir ayrı cəh-cəh
vururdu. İkimərtəbəli evim vardı. Adətən
yazda gedirdik. Pəncərəni açıq qoyurdum. Quşlar
elə cəh-cəh vururdular ki... Elə bil mənə
acıq verirdilər ki, səs təkcə səndə deyil,
bizdə də var.
- Arif müəllim,
Həcc ziyarətində də olmusunuz. Müqəddəs torpaqlara ziyarət mənəvi həyatınızda
nələri dəyişdi?
- Bəli, o arzuma da
çatmışam. Ora çox adam gedir, amma ora getdinsə, gərək
saflaşasan. O həyatı, gözəlliyi görür insan.
Saflaşır, paklaşır. Amma elə adamlar da var ki, Həcc
ziyarətində olmayıb, amma məndən az günah
sahibidir. Gərək hər şeyin düzünü deyəsən.
Hər cür insan var. Kimlərin ki, ürəyində Həcc
ziyarəti var, arzu edirəm ki, tezliklə getsinlər.
- Dediniz ki, əksər
arzularınıza çatmısınız. Amma
düşünürəm ki, bu qədər uğurlu bir insan
olmağınız həm də müəyyən çətinliklər
hesabına başa gəlib.
- Qızım, çox sağ ol ki, bunu qeyd etdin. Əlbəttə,
çox çətinliklərdən keçmişəm. Amma
bir şey də var. Gərək xanəndə çətinlik
görsün. Tövlələrdə, pambıq tarlalarında
oxuyurduq. Çətin vaxtlar idi, amma deyə bilərəm ki,
elə o vaxtlar öyrəndim yaxşı nə öyrəndimsə.
Bahadır əmi, Bəylər əmi vardı, Məhəmməd,
Xosrov var idi. Onları dinlədim, bəhrələndim. Çətin
günlər oldu, amma yaxşı ki, o çətinlikləri
geridə qoya bildim.
- Məşhur deyimdə olduğu kimi,
xalqımızın toy kimi bir adəti var. Qədimdə
insanlar toylara həm də yaxşı səslərə qulaq
asmaq üçün gedirdilər. Necə
düşünürsünüz, toylarımız həmin dəyərini
qoruyub saxlayırmı bu gün?
- Mən lampa işığında keçirilən toylar
görmüşəm. O vaxt
yaxşı sənətkarlarımız, güclü səslərimiz
olub. Düz deyirsiniz. O vaxt insanlar bəzən oturub xanəndəyə
qulaq asmağı oynamaqdan üstün tuturdular. Toylar xanəndələrin
özlərini göstərmələri üçün bir məktəb
idi. İndi də var yaxşı toylar. Sadəcə indi hər
şey dəyişdiyi kimi, toyların da formatı dəyişib.
Bəlkə də elə belə lazımdır. Deyə bilmərəm.
Bəzən zamanla da ayaqlaşmaq lazımdır. İndi də
toylarımızda xalq mahnıları, muğamlar səslənir.
- Arif Babayevin ruhuna ən
yaxın muğam hansıdır?
- Segah. Qəlbə yatandır, tez adamı
ovsunlayır. Segahı oxuyan, hər muğamı oxuya bilər.
- Arif müəllim,
əsas muğamlarımızın
sayı yeddidir. Göy qurşağının yeddi rəngi, həftənin
yeddi günü var. Hesab edirsinizmi, muğam həm də ilahi
bir varlıqdır?
- Maraqlı bənzətmə,
maraqlı fikir söylədiniz. Əlbəttə,
muğam ilahidən gələn bir sədadır. Onun tarixi
haqqında müxtəlif fikirlər var. Muğam özbaşına
yaranmayıb. Hələ qədimdən onun inkişafı
üçün dahilərimiz xeyli işlər görüblər.
Üzeyir bəyin “Leyli və Məcnun” tamaşası necə
muğam üstündə yazılıb. Hər dəfə də onun əsərlərinə
qulaq asanda elə bilirsən indi yazılıb. Muğamın dərinliyi
də elə buradadır. Möcüzədir muğam. Bir dəfə
Ağdamda Gülablı deyilən yerdə səhnə
qurulmuşdu. “Leyli və Məcnun” oynayırdıq.
Oxuduğumuz yerdə gördük qıraqdan bir ilan başını
qaldırıb. Səhnədəkilərə dedim qorxmayın. Qədimdən
eşitmişəm ki, ilan musiqiyə gəlir, amma adamı vurmur.
Səhnə bir az hündürdə idi.
İnanırsınız ki, biz oxuduqdan sonra ilan yox oldu.
İndi də fikirləşirəm ki, o, muğamın səsinə
gəlmişdi.
- Kimlərlə tərəf-müqabil
olmusunuz?
- Kimlərlə eyni səhnəni paylaşmamışam ki?! Zeynəb
Xanlarova, Rübabə Muradova, Qəndab Quliyeva, Səkinə
İsmayılova, Gülyanaq Məmmədova. Ola bilsin
çoxlarının adlarını unuduram. Gərək məni
bağışlasınlar.
- Bəs gənc xanəndələrin yaratdığı Məcnunu
bəyənirsinizmi?
- Qulaq asıram, izləyirəm. Razıyam. Səbuhi
İbayevin, Mənsum İbrahimovun
gözəl səsləri var. Gedib məmnuniyyətlə
onlara qulaq asıram. Oynadığım səhnələr
yadıma düşür.
- Gənclərin
muğama yenilik gətirməsinə
necə baxırsınız?
- Əleyhinəyəm. Muğamları elə
olduqları kimi ifa etsələr bəs edər.
- Muğamdan başqa hansı musiqi janrlarına qulaq
asırsınız?
- Qulağıma nə xoş gəlirsə dinləyirəm. Orkestrə,
caza, popa- əksər janrlara qulaq asıram. Amma hamısının mənbəyi
muğamdır.
- Bəs qaval sizin üçün
nədir?
- Hər bir xanəndə
qaval çalmalıdır. Qaval böyük qüvvədir. O
da qədim Azərbaycan alətidir. Yaxşı olar ki, xanəndə
oxuduqlarını qavalla çala bilə.
- Hər gün oxuyursunuzmu?
- Əlbəttə. Hər gün tələbələrimə
öyrədirəm, dərs prosesində oxuyuram. Bəzən yorğun oluram.
Amma oxumasan olmur. Sonra səs yatar. Səsi gərək işlədəsən.
- Sənət yoldaşlarınızla
münasibətləriniz necədir?
- Çox yaxşı.
Çox istəyirəm hamısını. Onlar da məni
çox istəyirlər. Mənə elə gəlir ki,
insanı dostluqdan tez atmaq olmaz. Hər bir insanın səhvi
olar, şeytan girər qəlbinə. Gərək səbr edəsən.
Səbr edirsən, görürsən ki, yoluna düşür
hər şey.
- Boş vaxtlarınızda
hansı işlərlə məşğul
olursunuz?
- Çəkilirəm evin bir otağına. Kitablara baxıram. Qəzəllər
əzbərləyirəm. Bayatılar oxuyuram. Mən natiq deyiləm.
Elə cavan uşaqlar var ki, danışanda məəttəl
qalırsan. Mənə dedilər çoxlu qəzet, jurnal oxu
nitqin düzələcək. Nə qədər qəzet,
jurnal oxudum, amma bir şey alınmadı (gülür). Elə
də çox boş vaxtım olmur əslində.
- Arif müəllim səsiniz
olmasaydı, Azərbaycan xalqı sizi hansı sənət sahəsində
görə bilərdi?
- Hüququ sevmişəm.
Ondan yarımçıq qayıtmışam. Bunu da
özümə bağışlamıram. Hacıağa var
idi. Məni toya apardı. Təsəvvür edin, kənddən
gəlmişəm, səsimin ən güclü vaxtı. Nə
deyirlər oxuyuram. Özüm də hüquq fakültəsinin
birinci kursunda təhsil alıram. Həmin toyda yaxşı pul
qazandım. Səhər Hacıağa məni bir də toya
apardı. Belə-belə gördüm ki, artıq
qazanıram. Sonra təhsilimi yarımçıq qoydum. Amma
peşmanam indi. Təhsil çox önəmlidir insan
üçün.
- Dediniz ki, toylara getdim və
yaxşı qazandım. Məncə,
razılaşarsınız ki, Azərbaycan xalqı səsə,
sənətə qiymət verən xalqdır.
- Böyük xalqdır.
Lazım gəlsə dost üçün ölümə
gedir. Çörəyini bölən, paylaşmağı sevən
xalqdır. Fəxr edirəm ki, bu xalqın nümayəndəsiyəm.
- Arif müəllim. Uzun müddətdir ki, sizin
müsahibələrinizə rast gəlmirdik. Televiziya
kanallarına da az-az çıxırsınız. Bu qədər vaxtdan sonra gəldiyiniz,
suallarımızı səmimiyyətinizlə
cavablandırdığınız üçün
bütün kollektivimiz adından təşəkkür edirik.
Allah səsinizə qüvvət versin. Həmişə səhnəmizdə olasınız.
İstərdim qəzetimiz vasitəsilə sizi
sevənlərə bu günlük son sözlərinizi
eşidək.
- Çox sağ
olun sözləriniz üçün.
Yaxşı ki, gəldim. Mənim üçün də
xoş oldu. Oxucularınıza xoşbəxt günlər arzu
edirəm. Allah müharibə göstərməsin.
Cavanlarımız ölməsin, uşaqlarımız güllə
səsi eşitməsin. İnsanlarımız firavan
yaşasınlar.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova
İki sahil.- 2017.- 7
mart.- S.20; 25.