İslam həmrəyliyi bizə nə vəd edir?

 

İslam sülh, haqq-ədalət dini olmaqla yüksək mənəvi dəyərləri ehtiva edir. Ali həyati dəyərlərə söykənən İslam cəmiyyət daxilində və beynəlxalq arenada sülhün, əmin-amanlığın, birliyin və sabitliyin qorunub saxlanmasına, separatizm kimi halların qarşısının alınmasına xidmət edir. Ümumiyyətlə, İslam sülhsevərlik prinsipini yarandığı vaxtlardan günümüzə qədər qoruyub saxlamışdır. İstər Qurani-Kərimdə yazılmış ayələrdən, istərsə də hədislərdən aydın olur ki, İslam daim sülhün və həmrəyliyin tərəfdarı olmuşdur. Hər şeydən əvvəl “İslamsözünün kökünə nəzər salsaq, onunsilm” kəlməsindən yarandığını, sülh və barış mənalarını verdiyini görərik.

 

İslam fərdi azadlığı ən gözəl formada, insanların bərabərliyini dilindən, dinindən, milliyətindən asılı olmayaraq, ən yüksək həddə təqdim edir. Uca Yaradan da bütün müsəlmanların qardaş olduğunu bildirir və fikirayrılığına düşərək bölünməmələrini əmr edir: "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz ..." (Ənfal, 46).

 

İslam dinində din qardaşlığı dəyərli hesab olunur. Bu ideoloji yanaşma onun müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipinə əsaslanır. Bu prinsip müsəlmanlar arasında həmrəyliyi qoruyur. İslamı qəbul etmiş şəxslər arasındakı etnik, dil və digər fərqlər aradan qalxır və bununla da onlar arasında düşmənçilik yolverilməz hal hesab olunur. Bu həmrəylik ideyasının ən gözəl nümunəsini Rəsulullahın (s) təsis etdiyi “üxuvvət” (qardaşlıq) sosial islahatında görmək mümkündür. Məhəmməd Peyğəmbər (s) bütün müsəlmanları qardaş elan edərək buyurmuşdur: “Ey Allahın bəndələri, bir-birinizə kin bəsləməyin, bir-birinizdən üz döndərməyin. Qardaş olun…” (Buxari, “Ədəb”, 57, “Fəraiz”, 2; Müslim, “Birr”, 23; Tirmizi, “Birr”, 24) və ya “Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, yalan danışmaz və köməyini əsirgəməz. Müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır. Təqva buradadır”. (Tirmizi, “Birr”, 18).

 

Bütün bu islahatların nəticəsində müsəlmanlar arasında həm mənəvi, həm də maddi birlik təsis edilərək güclü cəmiyyət qurulmuşdur. Araşdırmalardan belə nəticəyə gəlinmişdir ki, ictimai vəhdət məhz bu dövrdə ən yüksək həddə çatmışdır. Peyğəmbərin (s) bu islahatı daxili sosial siyasətin yeridilməsi və sosial vəhdətin yaradılmasında bütün mövcud müsəlman dövlətləri üçün böyük nümunədir. Həzrət Məhəmməd (s) müsəlmanlar arasında həmişə birlik və bərabərliyin qorunmasına, qardaşlığın təsis edilməsinə, onlar arasında sevgi hisslərinin daha da möhkəmlənməsinə çalışmışdır. Rəsulullahın (s) daha bir nümunəvi xüsusiyyəti müsəlman, xristian və yəhudi demədən hər insana dəyər verməsidir. Bütün bu tolerant fikirlərin təbliği əsasında müsəlman cəmiyyətində sadəcə müsəlmanlar deyil, digər din mənsubları da qayğı və hörmət ilə əhatə olunmuşdur. Həzrət Peyğəmbərimiz (s) bu insani duyğuların göstərilməsi üçün sadəcə digər din mənsublarının da insan olmalarının kifayət etdiyini bildirmişdir: “Rəsulullah (s) bir gün yoldan yəhudi cənazəsi aparılarkən ayağa qalxır. Həmin əsnada Peyğəmbərin (s) yanında olan səhabəEy Allahın Rəsulu, o yəhudidir”, – deyir. Həzrət Məhəmməd tövrünü dəyişmədən yanındakı səhabəyə: “Amma o, bir insandır!”, – cavabını verir…”

 

İslamın bəşəriyyətə bəetdiyi bütün bu tolerant düşüncələrə baxmayaraq, bu gün müsəlmanların bir-biri ilə, digər din mənsubları ilə çəkişmələrini, ixtilaflara girmələrini dini elmsizliyin və İslamın insanlara təhrif olunaraq çatdırılmasının nəticəsi kimi qiymətləndirmək olar.   

 

Elmsizlik və məzhəblər arasında siyasi məqsədlərə çatmaq uğrunda mübarizə keçən əsrlərdə olduğu kimi, günümüzdə də müsəlman dünyasında davam etməkdədir. Məzhəblər arasında fikir ayrılığı, yalan və təhrif olunmuş məlumatların təbliğ olunması müsəlmanlar arasında düşmənçilik toxumlarının səpilməsinə səbəb olur və bu da İslam həmrəyliyinin zədələnməsinə, zəifləməsinə gətirib çıxarır. Bu problemlər hazırda İslam dünyasında müşahidə olunan münaqişə və narazılıqların əsas səbəblərindəndir. Müsəlman cəmiyyətində ayrı-seçkiliyin, düşmənçiliyin, qətliamların baş verməsinin başlıca səbəbi İslamı parçalamağa çalışan kənar qüvvələrin bu elmsizlikdən istifadə edərək yeritdiyi siyasətdir. Bu siyasət nəticəsində dini ehkamlaraəyyən maraqlara xidmət edən əlavələr olunmuş, müsəlman birliyinin parçalanması üçün bir çox vasitələrə əl atılmışdır. Bu vasitələrin fərqinə belə varmayan müsəlmanlar doğru olmayan məlumatlara uyaraq çaxnaşmalar, müharibələr başlatmış və nəticədə firqələrə parçalanmışlar. Elmsizliyin məzhəblər arasında və ümumilikdə müsəlman dünyasında dini zəmində münaqişələrə səbəb olduğu da danılmaz faktdır. İstər müsəlman cəmiyyətini idarə edən dini rəhbərlər, istərsə də sıravi müsəlmanlar arasında elmsizlik bu cür münaqişələrə təkan verir. Bir çox hallarda məlumatsızlıq və ya yanlış məlumatlara malik olmaq müsəlman cəmiyyətlərində vəhdətin və həmrəyliyin pozulmasına gətirib çıxarır. İslam bütün hallarda zorakılığı və fikri zorla başqasına qəbul etdirməyi, məcburiyyəti rədd edir, cəmiyyətin fərqli etiqadı olan bütün üzvləri arasında birgəyaşayışı təmin edir. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir dünyada zorakılıq və terror hadisələri hədsiz yayılmışdır və bu mənfi hallar adətən İslamla əlaqələndirilir. İslam dininə zorakılıq mənbəyi, ekstremizmə sövq edən din kimi baxılır.  Bu kimi halları göz önünə gətirdikdə aydın olur ki, İslam dünyası, doğrudan da, həmrəyliyə möhtacdır. Bu cür mənfi fikirlərin beyinlərdə formalaşmasının qarşısını almaq üçün həmrəylikdən zərurət kimi danışmaq lazımdır. Müsəlman ölkələri İslam əleyhinə aparılan təbliğatlar qarşısında birgə durmaq məqsədi ilə bütün lazımi tədbirləri görməli, parçalanmaların qarşısının alınması üçün İslam dininin mötədilliyinə və tolerantlığına diqqətlərini daha çox yönəltməlidirlər.

 

Ərazisində mövcud olan milli, etnik və dini azlıqların birgəyaşayışı üzərində qurulan cəmiyyətlər bütün elmi, iqtisadi, mədəni və sosial səviyyələrdə inkişaf və tərəqqiyə uğurla nail olurlar. İslam dəyərləri əsrlərdir multikultural ölkə olan Azərbaycanda da müxtəlif etnik azlıqlar və fərqli din mənsubları arasında sülhün qorunmasında, onların birgəyaşayışında danılmaz rol oynamışdır. İslam ənənələrinin mövcud olduğu Azərbaycanda həmrəylik və qarşılıqlı anlaşma prinsipi o qədər yüksək həddə inkişaf etmişdir ki, bunu insanlığın ən yüksək nümunəsi kimi qiymətləndirmək mümkündür. Həmrəyliyə çağırış həm də cəmiyyətlərin və xalqların inkişafına çağırışdır.

 

Məhz İslamın dini dəyərləri rəhbər tutularaq bu il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İlielan olunmuşdur. Bu, birliyə doğru atılan böyük addımdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzasını daşıyan bu təşəbbüs müsəlman aləminin ümumi məqsədlərinə, iqtisadiyyatın inkişafına, birgə əməkdaşlığa, sülh və siyasi təhlükəsizliyə nail olunmasında əsas yol olacaqdır.

 

İslam həmrəyliyi təşəbbüsü Azərbaycanın həm siyasi, həm də mədəni baxımdan digər müsəlman ölkələri ilə daha da yaxınlaşmasına səbəb olacaqdır. Bu, həmçinin ekstremizm, terrorizm, radikalizm, cəhalət kimi mənfi təzahürlərə qarşı birgə mübarizəyə aparan ən doğru addımdır. Azərbaycanın müsəlman dünyasına ünvanladığı bu çağırış onun xalqlararası və dinlərarası siyasətdə bütün dünyaya nümunəvi ölkə olduğunun göstəricisidir. İndi Azərbaycan dünyada sülh, barış, tolerantlıq, multikultural dəyərlər və birgəyaşayış ənənələri ilə tanınır.

 

Eyni zamanda, bu təşəbbüs dövlətin dini sahədə insanları maarifləndirməyə ayırdığı diqqəti aydın şəkildə üzə çıxarır. Bu həmrəyliyin elan olunması müsəlmanların birliyə çağırılmasına, onlar arasında uzun illərdir davam edən münaqişələrə son qoyulmasına, düşmənçiliklərin aradan qaldırılmasına, hər bir mövzuda ortaq fikrə gəlinməsinə, Allahın ipindən möhkəm yapışılmasına bir vəsilədir. Bütün müsəlman dünyası da bu birliyə, çağırışa səs verməli və İslamı parçalamaq istəyənlərə qarşı bir olmalıdır. Necə ki, Allah buyurmuşdur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!..." (Ali İmran, 103).

 

Rima Hacıyeva

İki sahil.- 2017.- 16 mart.- S.19