İnsanın yaşaması
üçün ona stimul verən o qədər gözəl dəyərlər var ki...
Müsahibimiz
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının solisti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar Artist Nuriyyə Hüseynovadır
- Qarşıdan xalqımızın ən gözəl bayramlarından biri olan Novruz gəlir. Novruz gecə ilə gündüzün tarazlaşdığı günə təsadüf etməklə, baharın başlanğıcı, bahar bayramı sayılır. Sizin ailə bu bayrama necə hazırlaşır?
-Bəli, yurdumuza bahar gəlir. Biz baharın gəlişini qeyd edirik. Şərq aləmində, türk dünyasında bir çox ölkələr bu bayramı qeyd etsə də, ancaq bu şöləni ən mükəmməl şəkildə keçirən bizik, bizim məmləkətin insanlarıdır. Bu münasibətlə mən hər insanın qəlbinə əbədi bahar arzulayıram.
Bizim ailəmizdə də ənənələrə, adətlərimizə sadiq qalaraq bu möhtəşəm bayramımızı qeyd edəcəyik. Bizim zona, Naxçıvan yeddiləvini son dərəcə yüksək səviyyədə keçirir. Bu bayramı səbirsizliklə gözləyib, böyük sevinclə qeyd edirik. Bu il də ənənəni pozmayacayıq. Bayram axşamı dadlı təamlar bişirəcəyəm, yumurta bəzəyəcəyəm. Çünki qapı pusub, qurşaq atanlara mütləq nemətlərimizdən pay qoymalıyıq. Gözəl ənənələrdir. İnsanın yaşaması üçün ona stimul verən o qədər gözəl amillər, dəyərlər var ki, onların da elə ən gözəli, ən yaddaqalanı Novruz bayramıdır.
- Tolstoyun
fikridir, deyir, musiqi hisslərin stenoqrafiyasıdır. Bəs, Nuriyyə xanım
üçün musiqi nədir?
-Musiqi mənim hisslərimin qabarıq şəkildə görünməsidir. Əgər ifaçı, musiqiçi
yaratdığı musiqiyə ürəyini, sevgisini qoyursa demək o, əsl sənətkardır. İnsan
öz-özlüyündə
fikirləşir ki,
bu qədər böyük sənətin sahibi yəqin
ki, bir o qədər də böyük ürəyin sahibidir. Lakin bəzən də görürsən gözəl sənəti var. Amma danışanda bəlli olur ki, daxili
dünyası, şəxsiyyəti, mənəviyyatı ilə heç o sənətin
uyğunluğu yoxdur. Yəni belə
halda harmoniya itir. Ruhuma, könlümə yaxın olan musiqilərə daha çox üstünlük
verirəm. Əgər o musiqidə özümü tapa bilmirəmsə, o musiqini də ifa edə bilmirəm. Ona görə hansısa bir əsəri ifa etməzdən əvvəl
seçim edirəm
və seçimlərimdə də heç zaman yanılmıram.
Çünki bütün ruhumu,
duyğularımı o musiqiyə
hopdura bilirəm.
Əgər bir sənətkar, musiqiçi o musiqidə özünü tapa bilmirsə, öncə musiqini özü sevmirsə, təsirlənmirsə, tamaşaçıya da onu
heç vaxt ötürə bilməz. Musiqi həm
də ruhun
qidasıdır. Hər
bir insan düşündüyü qədər, “çəkisinə uyğun”, ruhunun,
beyninin qaldıra biləcəyi tərzdə musiqiləri dinləməlidir. Hamı hər musiqini dinləyib, ondan zövq ala
bilməz.
- İrs folklor ansamblının bədii rəhbərisiniz və bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində ansamblın möhtəşəm konserti baş tutdu. İstərdik konsertlə bağlı fikirlərinizi öyrənək...
-Konsertimiz
çox uğurla keçdi. Biz bu konsertə iki aydan artıq
müddət idi ki,
hazırlaşırdıq. Konsert Novruz
çərşənbələrinin
birinə təsadüf etdi. İstədik
ki, millətimizə bizim də faydamız olsun.
Konsert yüksək
səviyyədə keçdi. İnsanların
milli mənəvi dəyərlərimizə nə qədər hörmətlə yanaşdıqlarının
şahidi olduq. Konsertdə çox dəyərli insanların, məsələn,
Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından Novruzu əhatə edən hissə, Yunus Əmrənin, Əliağa
Vahidin qəzəlləri səsləndi. Məncə, düşünən, təfəkkürlü insanlar bu konsertdən çox şey əldə etdilər.
- İlk uğurunuza nə zaman imza atıbsınız və ilk səhnə ilə “qarşılaşmağınızı”
necə
xatırlayırsınız?
-Orta məktəbdə oxuyarkən Naxçıvan şəhərində keçirilən müsabiqədə birinci yer tutdum. O vaxtdan sonra
həmişə məni dövlət əhəmiyyətli bütün tədbirlərə dəvət edirdilər. 1980-ci ildə artıq 5-ci sinifdə oxuyurdum. Dedilər
ki, Bakıda gənc
ifaçıların mahnı-muğam müsabiqəsi başlayıb.
Həmin
müsabiqə də ümummilli lider
Heydər Əliyevin qərarı ilə baş tuturdu.
Bu da təbii
ki, Ulu Öndərin
gənclərə olan qayğsının bir
nümunəsi idi.
Müsabiqəyə bütün
rayonlardan gənc
ifaçılar seçildi və
mən də Naxçıvan
şəhərindən sözügedən yarışmaya
qatıldım. Münsiflər heyətində maestro Niyazi,
Şövkət Ələkbərova, İslam Rzayev, Vasif
Adıgözəlov
kimi görkəmli
simalar əyləşmişdilər. Müsabiqə
iştirakçılarının
çıxışından sonra münsiflər ifaları iki hissəyə böldülər. Birinci hissəyə filormoniyadakı konsertdə
çıxış etmək
üçün ifaçılar seçildi. İkinci hissəyə daxil olan gənclər isə indiki Heydər Əliyev
Sarayında çıxış edəcəkdilər. Mən
saraydakı konsertə
vəsiqə aldım. Bizi İslam Rzayevin ansamblı müşayiət edəcəkdi. Çox həyəcanlı idim. Çünki
hələ beşinci sinifdə oxuyurdum və o yaşda Heydər Əliyev kimi dahi
şəxsiyyətin, liderin
qarşısında ifa etməli
idim. Onu da qeyd edim ki, konsert birbaşa Azərbaycan televiziyası
ilə
yayımlanacaqdı. Və o gün gəldi.
Mən
səhnəyə çıxdım və uğurla
çıxış etdim. Ulu öndər Heydər Əliyev ifamdan sonra
alnımdan öpdü. Mən isə
Ulu Öndərə ən gözəl
gül dəstələrindən
birini bağışladım.
O konsert mənim yaddaşımda çox böyük iz buraxdı.
- İfaçılıq xüsusiyyətinizdə nəyi isə dəyişibmi?
-Əgər insan yaxşı mənada dəyişmirsə, demək, onda hansısa problem var.
Elmin, texnikanın inkişafı fonunda təbii ki, insanın olduğu
kimi qalması mümkünsüz bir şeydir. Bakıya gələndən
sonra çox dəyişmişəm. Dəyişməyən saç modelimdir. Vətənimə, millətimə sevgim, dəyərlərimə hörmətim, əxlaqım heç dəyişmədi. Təfəkkürüm,
zövqüm, ifa tərzim
isə dəyişdi. Əgər o zamanlar bir kökdə, ancaq muğam və xalq mahnıları oxuyurdumsa, indi mənim repertuarım çox zəngindir. İndi estrada, lirika, müasir musiqi, bəstəkar mahnıları və böyük simfonik əsərlər də ifa edirəm. Türk
xalqlarının musiqisinə
olan münasibətim,
sevgim isə daha da
artıb.
- Bəs, elə bir xüsusiyyətiniz varmı ki, onu dəyişmək istəyərdiniz?
-Pislik edə bilmirəm. Balıq
bürcüyəm,
tez küsürəm.
Ümumiyyətlə, bu bürcdən olan insanlar
çox həssas
olurlar. Bu həssaslıq
həmişə mənə
həyatımda mane
olub, çətinliklər yaradıb. Fikirləşirəm ki, niyə heç kəsin görə bilmədiyini mən tez görürəm? Bu, yaxşı xüsusiyyət
deyil. Belə
xasiyyət insana zərər verir. Amma
insanlardan küsmək,
kin saxlamaq mənə yad hissdir. Uman yerdən
küsərlər, deyirlər. Küsürəm,
tez də
barışıram. Balıq bürcü
olsam da, xoruz ilində
doğulmuşam. Birdən özümdən “çıxsam” da sonra onu
özümə dərd edirəm. Birinin qəlbinə dəymək,
onu incitmək insana
xas olan xüsusiyyət
deyil.
- Pedaqoji
fəaliyyətlə məşğulsunuz. Gənc
musiqiçilər,
ifaçılarla çalışırşınız.
Bilmək
istərdik, XX əsr gəncləri ilə XXI əsr gəncliyi arasında
çoxmu fərq
var?
-XXI əsrin üç
yaşındakı uşağı belə internetdən öz sevdiyi oyunları,
cizgi filmlərinin endirib, baxa bilir. XX əsrin insanı isə daha çox əziyyət
çəkirdi.
Daha çox kitab oxuyurdu. XXI əsrin gəncliyində kitaba meyl, məhəbbət
yoxdur. Kimə
nə
lazımdırsa, internetdən
tapır, oxuyur, yararlanır. Təbii ki, bu bizim istəyimiz deyil. Bu dövrün, zamanın tələbidir. Bugünkü gəncliyin
üzərində çox
böyük yük var.
Mən ötən ay Xocalı soyqırımı ilə əlaqədar qardaş Türkiyə Cümhuriyyətinin bir neçə şəhərində tədbirlərdə, elmi konfranslarda iştirak
etdim. Bədii
hissədə Xocalıya həsr edilmiş əsər ifa etdim. Orada
çoxsaylı azərbaycanlı
tələbələr
vardı. Onlarla söhbət əsnasında
söylədilər ki, onların hər biri gün ərzində təhsil almaqla yanaşı, eyni zamanda
da müxtəlif
kafelərdə, restoranlarda işləyirlər. Oradan əldə etdikləri qazancla isə bəzi qayğılarını həll edirlər. Bu, təkcə Türkiyədə yox, bütün dünyada belədir. Bir
neçə il bundan əvvəl Amerika səfərim zamanı bir gənc xanımla tanış
oldum. Cavan qız həm
universitetdə
oxuyurdu, həm də istirahət günləri taksi
sürücüsü kimi işləyirdi.
O söyləyirdi ki, iki gün ərzində elə yüksək gəlir əldə edir ki, heç valideynlərindən pul almağa ehtiyac qalmır. Bugünkü gəncliyimizin
nəyi xoşuma gəlir? Çox
ağıllı uşaqlarımız var. Xaricdə təhsil alan tələbələrimizlə ünsiyyət zamanı onların nə qədər həvəslə
çalışdıqlarını, oxuyub öyrəndiklərini görəndə çox sevinirəm.
- Tofiq
Quliyev, Emin Sabitoğlu, Cahangir Cahangirov, Şəfiqə Axundova bəstələri indiyə qədər də sevilərək dinlənilir, insanı
düşündürür. Amma indi yazılan mahnılar ani xoşa gəlir, uzağı bir həftə dinlənilir və unudulur. Səbəb nədir?
-Səbəbi çoxdur. Biri biznes, digəri gündəmdə qalmaq üçün çalışır. Amma sadaladığınız bəstəkarlar böyük şairlərlə işləyiblər, dahi insanların sözlərinə mahnı bəstələyiblər. Sözün gözəlliyi onları “tutubsa”, o zaman mahnı bəstələyiblər. Bu yaxınlarda bir bəstəkar mənə zəng vurdu ki, Nuriyyə xanım, bir musiqi bəstələmişəm, amma sözləri yoxdur. Gəlin, ona söz yazaq, ifa edin. Mən, o bəstəkara bir söz demədim, lakin düşündüm ki, bir anlıq insanın beyninə melodiya “gələ” bilər. Amma sözün mahiyyətinə varmadan mahnı yazmaq mümkün deyil. Qəhrəmanlıqdan yazırsansa orada mütləq qəhrəmanlıq tempini, şaqraqlıq səslənməni “göstərməlisən”! Yox, əgər sevgidən yazırsansa, lirik əsər yazacaqsan. Ayrılıqdırsa, burada ritmik notlar ola bilməz. Yuxarıda adlarını sadaladığınız hər bəstəkar belə incəliklərə həssaslıqla yanaşırdılar.
Bir məqama da toxunum... Elə musiqiçilərimiz, ifaçılarımız da var ki, heç təhsil almayıblar. Məsələn, Ələkbər Tağıyev. Onun mahnıları dillər əzbəridir. Bizim gözəl muğam ustadımız Əlibaba müəllimin dörd yüzə yaxın mahnısı var. Hamısı da muğamlara, xalq musiqisinə əsaslanıb. Hər biri bir əsərdir.
- Son zamanlar ən çox dinlədiyiniz musiqi hansıdır?
-Mən gözəl əsərlərin çoxusunu dinləyirəm. Özümə çox qulaq asmıram. Ancaq ifa etdiyim bir əsərin, video lentin efir variantını izləyirəm. O zaman oturub ifama qulaq asıram, özümə tənqidi yanaşıram. Ümumiyyətlə, mənim dünya musiqisinə çox bağlılığım var. Nə qədər ki, milli musiqimizi, muğamı sevirəm bir o qədər də klassik musiqilərə sevgim var. Çünki musiqinin dili yoxdur. Musiqi sərhəd tanımır. Yaxşı musiqi hər yerdə sevilir. İtaliya vokal sənətini, Avropa musiqisini çox sevirəm. Türk dünyasının musiqilərini dinləyirəm. Azərbaycan klassiklərindən çox şey öyrənmişəm və öyrənirəm, həmişə də dinləmək ehtiyacı duyuram. İncəsənət bəşəriyyətin gözəlliyidir, onun ən gözəl naxışıdır.
- Bilirik ki, gözəl ailəniz var və artıq nənəsiniz. Ailə kiçik dövlətdir, deyirlər. Yaşadığınız bu illərə nəzər salanda necə düşünürsüz bu kiçik dövləti neçə idarə etmisiniz?
-Ailə kiçik müəssisə də olsa, onu idarə etmək çox çətindir. Övladlarım da hərdən mənə deyirlər ki, ana, biz çox pozitiv ailəyik. Hətta ailədə problem də yaşasaq, bunu küçədə, yolda, qohum-əqraba içində biruzə verməmişik. Hamı bizə həsəd aparıb. Həyat yoldaşım, mən, oğlum və qızım həmişə çalışmışıq ki, ailəmizdə yaşanan qayğılar, problemlər kənara çıxmasın. Hər yaşadığımız günə şükür etmişik. Mən ailəmə çox bağlı insanam. Övladların vətənpərvər, tərbiyəli, əxlaqlı böyüməsi ilə bilavasitə ana məşğul olmalıdır. Yoldaşım da çox qayğıkeş, namuslu, dürüst, vətənsevər insandır və o mənə ailənin bütövlüyünün qorunmasında çox kömək edib. Övladlarımın tərbiyəsinə çox önəm vermişəm. Şükürlər olsun övladlarımdan çox raziyam. Qızım Azərbaycan Milli Konservatoriyasını bitirdi, bəstəkardır. Onun gözəl musiqiləri var. Həm də nəzəriyyəçidir, pionoçudur. Oğlum isə ortopedik cərrahdır. Hərbi həkimdir. Hər iki övladım vətənpərvərdir.
Günel Eyyubova.
İki
sahil.- 2017.- 18 mart.- S.22.