“Azərbaycanda
dayanıqlı inkişaf
məqsədlərinə nail
olunmasında vətəndaş
cəmiyyətinin rolu”
mövzusunda konfrans keçirilib .
Mayın 1-də Bakıda “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail
olunmasında vətəndaş
cəmiyyətinin rolu”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə çıxış
edən Baş nazirin müavini, Azərbaycan Respublikasının
Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının
sədri Əli Əhmədov Azərbaycanda
dayanıqlı inkişaf
məqsədlərinə nail
olunması istiqamətində
görülən işlərdən
danışıb. Bildirib
ki, bəşəriyyətin
yüksək inkişaf
mərhələsinə çatmasına
baxmayaraq, çox ciddi problemlər mövcuddur. Dünyada bir milyarda qədər
insan aclıqdan əziyyət çəkir.
Eyni zamanda, dünya əhalisinin xeyli hissəsi işsizlik problemini yaşayır ki, bu da onların
həyat şəraitinə
təsir edir. Xəstəliklərin olması
da ciddi problemdir. Elə ölkələr var ki, insanların ömrü 50-55 ildir. Bütün bunlar BMT-ni ciddi şəkildə
narahat edir. Bu problemlər 2030-cu ilə qədər həll edilməlidir. Ən ciddi problemlərdən
biri də qeyri-bərabərlikdir. ABŞ-ın
hərbi xərcləri
600 milyard dollara yaxınlaşır. Elə
insanlar var ki, gün ərzində
1 dollar xərcləyir.
Bu da il
ərzində 1 milyard
insanın xərclədiyi
puldan qat-qat çoxdur. Bu təbii sərvətlərdən
deyil, insani fəaliyyətdən yaranan
fərqlərdir.
Baş nazirin
müavini Azərbaycanın
BMT-nin Dayanıqlı
İnkişaf məqsədləri
Proqramına qoşulmasının
məqsədlərindən danışıb. O qeyd edib ki, Azərbaycan
bu proqrama qoşulmaqla ölkə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmaq
niyyətindədir. Vurğulanıb
ki, Azərbaycan iqtisadiyyatı son 10-12 ildə 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə müəssisələri ilə
bağlı layihələr
həyata keçirilib.
Bir çox sahələrdə inkişaf
olub. Bu da insanların həyat şəraitini yaxşılaşdırıb. Biz
qarşımıza ciddi
hədəflər qoymuşuq.
Hökumət bu istiqamətdə işlər
aparır.
Əli Əhmədov
deyib ki, QHT-lər Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsində
əhalinin təmsilçiliyi
funksiyasını reallaşdırmaq
istiqamətində mühüm
rol oynaya bilər. Buna görə də Azərbaycan Respublikasının
Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının
işçi qruplarına
QHT nümayəndələri də daxil edilə
bilər. Baş nazirin müavini əlavə edib ki, bəzi beynəlxalq
donor təşkilatları
Azərbaycanın şəffaflıq
tələbini hökumətin
yaratdığı əngəl
kimi qiymətləndirir.
Azərbaycan hökuməti
şəffaf şəkildə
fəaliyyət göstərən
beynəlxalq donor təşkilatları ilə
əməkdaşlıq etməyə
hazırdır. Hər
bir dövlətin təhlükəsizliyini qorumaq
üçün addımlar
atmaq hüququ var. Bizim torpaqlarımız
işğal olunub, 1 milyondan artıq vətəndaşımız qaçqın
və məcburi köçkün şəraitində
yaşayır. Bu baxımdan beynəlxalq donorlar, ilk növbədə,
Azərbaycanda qaçqın
və köçkün
problemlərinin köklü
həllinə, torpaqlarımızın
işğaldan azad edilməsinə yardımçı
olmalıdırlar”, – deyə
o əlavə edib.
Ölkəmizin sosial və
iqtisadi inkişaf sahəsində böyük
uğurlar əldə
etdiyini deyən Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(Ombudsman) Elmira Süleymanova Dayanıqlı
İnkişaf Məqsədlərinin
əhaliyə sadə
dildə çatdırılmasının
vacibliyini vurğulayıb.
O deyib ki,
bu sahədə görülən işlərlə
bağlı vahid elektron bazanın yaradılması daha məqsədəuyğun olardı.
QHT-lər insan potensialının səfərbər
edilməsi və bu potensialdan daha səmərəli istifadə olunması sahəsində mühüm
rol oynamalıdırlar.
Fəal lider qadınların, fəal gənclərin şəbəkələrinin
yaradılması da zəruridir.
E.Süleymanova bildirib ki, Azərbaycan
insan hüquqlarının
təmin olunması istiqamətində böyük
inkişaf mərhələsi
keçib. Bu istiqamətdə ardıcıl,
sistemli iş aparılıb. Bütün
bunların məqsədi
Azərbaycanda insanlar üçün daha rahat və yüksək
həyat şəraiti
təmin etmək olub. Azərbaycan çoxsaylı beynəlxalq
konvensiyalara qoşulub.
Ölkəmizdə insan
hüquqlarının səmərəliliyinin
artırılmasında müvafiq
işlər davam etdirilir. Azərbaycanın
BMT-nin bu proqramına qoşulması
insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına
xidmət edəcək.
Bu işdə vətəndaş cəmiyyətinin
rolu da xüsusi
qeyd edilməlidir. Biz vətəndaş cəmiyyəti təşkilatları
ilə sıx əməkdaşlıq edirik
və bundan sonra da bu
əməkdaşlıq davam
edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının sədri
Azay Quliyev deyib ki, belə
proqramların həyata
keçirilməsi vətəndaş
cəmiyyəti institutlarının
iştirakını zəruri
edir. Dayanıqlı
İnkişaf Məqsədləri
ilə bağlı Azərbaycan ciddi uğurlara nail olacaq. Dayanıqlı İnkişaf Məqsədləri
ilə bağlı proqramların hazırlanması,
icrası və monitorinqində QHT-lərin
iştirakı daha məqsədəuyğun olardı.
Bu gün Azərbaycanda dörd mindən çox qeyri-kommersiya təşkilatı
fəaliyyət göstərir.
Bu, çox böyük rəqəmdir.
Bu baxımdan QHT-lər də bu proqramın icrasına mühüm töhfə verə bilər. Azərbaycanda qeyri-hökumət təşkilatlarına
yaradılan şərait
QHT-lərin belə məsələlərdə tərəfdaş
kimi iştirakına imkan verəcək. Azərbaycanda vətəndaş
cəmiyyəti institutları
kifayət qədər
inkişaf edib. Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə
proqramların həyata
keçirilməsində də
geniş təcrübəyə
malikdirlər. Bu gün haqqında danışdığımız proqramın həyata keçirilməsi də mütləq şəkildə
vətəndaş cəmiyyəti
seqmetinin iştirakını
vacib edir. Bu baxımdan, çox sevindirici haldır ki, dayanıqlı inkişaf məqsədlərinə nail
olmaq üçün
cəmiyyətin bütün
komponentləri bu proqramın icrasına dəvət olunur.
BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi və
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail
olunmasında vətəndaş
cəmiyyəti institutlarının
üzərinə düşən
vəzifələrdən danışıb.
Daha sonra
bir sıra QHT-lər Dayanıqlı İnkişaf Məqsədləri
Proqramının həyata
keçirilməsində QHT-lərin rolu barədə təqdimatlar
keçiriblər.
Yeganə Əliyeva
Iki sahil.- 2017.-2 may.- S.6.