Heydər Əliyevin islahatlar
strategiyası: dərin tənəzzüldən heyrətamiz
yüksəlişə aparan yol
Tarix ulu öndər Heydər
Əliyevin üzərinə taleyüklü iki missiya
qoymuşdu: xilaskarlıq və quruculuq missiyası. O,
müdrik, qətiyyətli siyasi lider və bənzərsiz
dövlət xadimi olaraq, hər iki missiyanın öhdəsindən
heyrətamiz məharətlə gəldi. Azərbaycanı
dərin böhrandan, xaos və anarxiyadan, vətəndaş
müharibəsi, separatizm və müstəqilliyi itirmək
kimi dəhşətli təhlükələrdən xilas etdi.
Həmin dövrü görənlər, yaşayanlar bunun nəyin
bahasına başa gəldiyini yaxşı xatırlayırlar.
Ulu Öndər eyni vaxtda iki cəbhədə
mübarizə aparırdı. Bir tərəfdən
keçmişin ağır mirası ilə
çarpışır, digər tərəfdən
keçilməmiş yolla gedərək milli dövlətçiliyin,
milli iqtisadiyyatın əsaslarını yaradırdı. Azərbaycan
yolayrıcında idi, hər şeyi yenidən
başlamaq lazım gəlirdi. Heydər
Əliyev dühası yollardan ən düzünü
seçməyə, dağılmış binanı səbirlə,
kərpic-kərpic yenidən ucaltmağa imkan verdi. Ölkə
həyatının bütün sahələrini əhatə
edən köklü islahatlar strategiyası işlənib
hazırlandı və bunun sayəsində Azərbaycan dərin
tənəzzüldən rəvan inkişaf yoluna
çıxdı.
İslahatçı Heydər Əliyev
Ulu öndər Heydər Əliyevin islahatlar
strategiyasının həyatiliyi, davamlı xarakteri, uğurlu
nəticələri onu böyük islahatçı və
strateq adlandırmağa əsas verir. Yəni, əsas olan
heç də təşəbbüslər, qanunlar və
qanunvericilik aktları deyil, hər bir islahatın nəticəsini
öncədən görmək, hesablamaq
bacarığıdır. Fenomen şəxsiyyət olan Heydər
Əliyev islahatların ilkin mərhələsində tələsməməyi
tövsiyə edərək deyirdi: “Biz islahatları bir gündə
yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən
həyata keçiririk”.
Təbii ki, əvvəl yolu, hədəfi
müəyyənləşdirmək və yalnız bundan sonra
islahatlar barədə düşünmək olar. Heydər
Əliyevin hədəfi xalqı firavan həyata qovuşdurmaq,
demokratik və hüquqi milli dövlət qurmaq, müstəqilliyi
əbədi etmək, Azərbaycanı dünyada söz və
nüfuz sahibinə çevirmək idi. Azərbaycan bir-birinin
ardınca mötəbər beynəlxalq qurumlara üzv olur,
dünya birliyinə inamla inteqrasiya edirdi. “Avropa
Şurasına üzv olmaq bal yemək deyil, bəlkə də
istiot yeməkdir”, – deyən Ulu Öndərin bu fikirlərinin
arxasında gizlənən həqiqəti anlamaq vaxt tələb
edirdi. İstiotun ağız yandırmasına baxmayaraq, Azərbaycan
inteqrasiya yolundan dönmədi. Hərçənd,
dünyada, o cümlədən Avropada ikili standartlar siyasəti
bu gün də davam edir, bizi incidir. Lakin biz çətinliklərdən
keçərək, xarici təzyiqləri dəf edərək
Ulu Öndərin 20-25 il əvvəl müəyyənləşdirdiyi
hədəflərə doğru inamla irəliləyirik.
Heydər Əliyevin
başladığı və bu gün də davam etdirilən,
inkişafın müasir mərhələsinə
uyğunlaşdırılan, daim təkmilləşdirilən
islahatların uğurunu təmin edən əsas amil onların
dünya təcrübəsinə əsaslanması ilə yanaşı,
milli mentaliteti, milli düşüncə tərzini nəzərə
almasıdır. Bu islahatlar öz
başlanğıcını birmənalı olaraq 1995-ci ildə
qəbul edilmiş ilk milli Konstitusiyamızdan
götürür. Konstitusiyamızın qəbulu
bütün sahələrdə islahatlar üçün
hüquqi baza yaratdı. Həyatımızın necə dəyişdiyini,
yeni dəyərlərlə zənginləşdiyini,
haradan-haraya gəlib çıxdığımızı indi
- aradan uzun illər keçdikdən sonra daha aydın görə
bilirik.
Heydər Əliyev ideyalarından qaynaqlanan
islahatlar olduqca çoxspektrli və çoxşaxəlidir, zəngin
irs və məktəbdir. Bu irs yəqin ki, hələ
zaman-zaman araşdırılacaq, tədqiq və təhlil
olunacaq, ondan gələcək üçün nəticələr
çıxarılacaq. Mən isə xüsusi diqqət
çəkən bir neçə məqama toxunmaq, şəxsi
müşahidələrimi, fikir və mülahizələrimi
bölüşmək istərdim.
Heydər Əliyevin torpaq islahatı və aqrar
sektorun inkişafının Azərbaycan modeli
Hər hansı yenilik, xüsusən
transformasiya xarakterli islahatlar adətən birmənalı
qarşılanmır, polemika doğurur. Ulu Öndərin torpaq
islahatı bu qəbildən olan radikal addım idi. Heydər
Əliyevin torpağı kəndliyə vermək təşəbbüsünü
alqışlayanlarla yanaşı, şəkkaklar da
tapıldı. Bəziləri vay-şivən
qoparırdılar ki, kənd təsərrüfatı
dağılıb gedəcək, ölkədə ərzaq
qıtlığı yaranacaq. Heydər
Əliyev hesab edirdi ki, bu taleyüklü məsələdə
son sözü xalq deməlidir. Ona görə
də layihə ümumxalq müzakirəsinə
çıxarıldı və bəyənildi. Sonra müvafiq proqram hazırlandı və hüquqi
baza yaradıldı. İslahatların birinci mərhələsinin
yekunları barədə danışan Ulu Öndər deyirdi:
“Biz torpaq islahatlarının aparılmasında radikal tədbirlərə
əl atmışıq. Deməliyəm ki, nəticə
idealdır. Özü də bu, hələlik
başlanğıcdır”.
Təbii ki, proses çətin gedirdi. Torpaqların
bölünməsi həssas məsələ olduğundan
mübahisələr yaranır, bəzi vəzifəli şəxslər
sui-istifadə hallarına yol verirdilər. Bütün
çətinliklərə baxmayaraq, kəndli torpaq sahibi oldu.
Keçmiş SSRİ məkanında torpaq
islahatı ilk dəfə məhz Azərbaycanda həyata
keçirildi.
Bir neçə xarakterik fakta diqqət yetirək. Torpaq
islahatı nəticəsində 2 mindən çox kolxoz və
sovxoz ləğv edildi. Kollektiv təsərrüfatlara məxsus
münbit torpaqların bir hissəsi 870 min ailəyə - təxminən
3,5 milyon subyektə paylandı. Ölkədə torpaq mülkiyyətinin üç
forması – dövlət, bələdiyyə və xüsusi
mülkiyyət formaları tətbiq olundu. Ulu Öndər böyük uzaqgörənliklə
deyirdi ki, Azərbaycanda aqrar sahənin inkişafı torpaq
islahatlarının nəticələrindən asılı
olacaq. Həyat onun bu qənaətini təsdiqlədi.
Aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Yəni, torpağı kəndliyə
verməklə, yaxud dövlət və bələdiyyə
mülkiyyətinə ayırmaqla iş bitmirdi. İlk vaxtlar
insanlar pay torpaqlarından necə istifadə etmək barədə
konkret təsəvvürə malik deyildilər. Digər
tərəfdən, torpağı əkib-becərmək
üçün texnika və maliyyə vəsaiti lazım gəlirdi.
Axı, heç də hamı bu imkana malik
deyildi.
İllər
keçdi, Azərbaycan gücləndi və dövlət kəndlinin
köməyinə yetişdi: Aqrolizinq yaradıldı, istehsalçılara
güzəştli şərtlərlə texnika, gübrə,
cins mal-qara təklif olundu. Bir müddətdir ki,
onlara subsidiyalar və güzəştli kreditlər
ayrılır, yanacaqda, sürtkü yağlarında, vergilərdə
güzəştlər edilir. Bütün
bunlar Heydər Əliyevin ötən əsrin 90-cı illərində
başladığı aqrar-torpaq islahatlarının Prezident
İlham Əliyev tərəfindən müasir inkişaf mərhələsinə
uyğun davam etdirilməsindən xəbər verir.
Hazırda postneft dövrünü yaşayan Azərbaycanda
aqrar sahə qeyri-neft sektorunda aparıcı mövqeyə
çıxıb və onun ümumi daxili məhsulda payı
ildən-ilə artır. İndi qarşıya sahənin ixrac
potensialını artırmaq kimi vacib vəzifə qoyulub.
Neft gəlirlərinin azalması bu məsələni
xüsusilə aktuallaşdırıb. Prezident
İlham Əliyev aqrar sektorun ixractutumlu sahələrinin –
pambıqçılıq, tütünçülük,
baramaçılıq və
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı müvafiq dövlət strukturlarına
ciddi tapşırıqlar verib və onların icrasını
şəxsən nəzarətdə saxlayır.
Azərbaycan neftin qiymətinin aşağı
düşməsi nəticəsində itirdiyi valyutanın yerini
qeyri-neft sektorunun, xüsusən aqrar sahənin hesabına
doldura bilər və bu, artıq günün
reallığıdır. “Made in Azerbaijan” brendi ekoloji təhlükəsiz
məhsul kimi dünyanın diqqətini cəlb etməyə
başlayıb. Prezident İlham Əliyevin qeyri-neft
ixracatçılarının bu yaxınlarda
keçirilmiş respublika müşavirəsindəki nitqi
aqrar sektorun ixrac potensialının aydın mənzərəsini
yaradır: Azərbaycan fındıq istehsalı və
ixracına görə dünyada dördüncü yerdədir.
Fındıq ixracı ölkəyə 105 milyon
dollar valyuta gətirib. Prezident bu sahənin
perspektivlərini təhlil edərək deyib ki, “biz o 105 milyonu
200 milyona rahatlıqla çatdıra bilərik”. Digər
ixrac göstəriciləri belədir: pomidor 94 milyon dollar,
xurma 68 milyon dollar, şəkər 62 milyon dollar, pambıq 24
milyon dollar. Daha bir neçə maraqlı fakt: bu ilin
üç ayında pambıq lifi ixracı 700 faizdən
çox, süd məhsulları ixracı 260 faiz, alma və
nar ixracı müvafiq olaraq 144 və 125 faiz artıb.
Heydər
Əliyev 20 il əvvəl aqrar islahatlara
başlayarkən, torpağı kəndliyə verərkən
yəqin ki, illərin arxasından bu günü görür,
postneft dövrünü, ölkənin ərzaq təhlükəsizliyini
düşünürdü.
Digər mühüm hədəf ölkənin
özünü kənd təsərrüfatı məhsulları
ilə tam təmin etməsidir. Özünütəminat
üzrə əsas göstəricilərə nəzər
salsaq, mənzərə yetərincə aydınlaşar.
Məsələn, Azərbaycan bu gün özünü mal əti
ilə 92 faiz, qoyun əti ilə 99 faiz, quş əti ilə
98,6 faiz, yumurta ilə 99,6 faiz, süd və süd məhsulları
ilə 80 faiz təmin edir. Bu göstəricilər
fonunda 1990-cı illərin əvvəllərində
dondurulmuş əti talonla, uzun növbələrə dayanaraq
aldığımız günlər yada düşür.
Taxılçılıq, meyvəçilik, tərəvəzçilik
sahələrində də özünütəminat səviyyəsi
yüksəlir, idxaldan asılılıq azalır. Bu, ərzaq təhlükəsizliyi ilə
yanaşı, valyuta ehtiyatlarına qənaət deməkdir.
Aqrar sektorun inkişafının keyfiyyətcə yeni mərhələsinə
bizi Ulu Öndərin 1996-cı ildə
başladığı, müasir dövrdə Prezident
İlham Əliyevin zamanın
çağırışlarına uyğun davam etdirdiyi
islahatlar silsiləsi gətirib çıxarıb. Bu, eyni zamanda,
qlobal iqtisadi-maliyyə böhranının ölkəmizə
mənfi təsirini maksimum azaltmağa imkan verib. Beləliklə, aqrar sektorun inkişafının
dünyanın marağına səbəb olan Azərbaycan
modeli yaranıb.
Senzuranı
aradan qaldıran Heydər Əliyev mətbuata yaşıl
işıq yandırdı
Demokratiyanın inkişafı, demokratik cəmiyyət
quruculuğunun yolu söz, fikir və mətbuat
azadlığından keçir. Təsadüfi deyil ki,
ötən əsrin 90-cı illərində Azərbaycan mətbuatının
qarşılaşdığı problemlər Heydər
Əliyevi dərindən düşündürür,
mümkün həll yolları axtarışına sövq
edirdi. Xüsusən senzura media
üçün ağır buxova çevrilmişdi. Ulu Öndər mətbuat sahəsində islahatlara
başlamaq üçün münasib vaxt və şərait
yaranmasını gözləyirdi. Bu, 1998-ci ildə
baş verdi.
O
dövrün ictimai-siyasi, hərbi mənzərəsinə nəzər
salsaq, Heydər Əliyevin senzuranı niyə hakimiyyətə
gəldikdən beş il sonra ləğv
etdiyi aydın olar. Ermənilər bütün cəbhəboyu
hücuma keçmişdilər, cənub bölgəsində
separatçılıq hərəkatı baş
qaldırmışdı, müəyyən xarici qüvvələr
ölkəmizə qarşı açıq təxribatlar
törədirdilər. Media işçilərinin özlərinə
gəldikdə isə, onların arasında səriştəsiz,
bəzi hallarda isə hətta separatçıların və
təxribatçıların əlində alətə
çevrilmiş insanlar az deyildi. Belə bir şəraitdə mətbuata hüdudsuz
azadlıq verilməsi hələ çox kövrək olan
müstəqilliyin əleyhinə işləyə bilərdi.
Heydər Əliyev təhlükələri bir-bir aradan
qaldırdı, ölkə üçün həyati əhəmiyyət
daşıyan ictimai-siyasi sabitliyi bərqərar etdi. Artıq mətbuat
sahəsində də köklü islahatlara başlamaq
olardı. Ulu Öndərin “Azərbaycan Respublikasında
söz, fikir və mətbuat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər
haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanının
cəmiyyətdə necə güclü reaksiya
doğurduğu yaxşı xatirimdədir. Əgər
torpaq islahatı iqtisadi sahədə inqilabi addım
sayılırdısa, bu Fərmanla senzuranın ləğv
olunması eyni dərəcədə radikal qərar kimi
qarşılanmışdı.
Sonra nə
baş verdi? Həmkarlarım “Qlavlit”in ləğvini
bayram edirdilər. Bununla eyni vaxtda müxalifətin
nəzarətində olan qəzetlər məmurlara hücuma
keçdilər. Bəzi hallarda tənqid təhqir
və böhtanla qarışdırılır, mətbuat-məmur
münasibətlərinin gərginləşməsinə gətirib
çıxarırdı. KİV-lə
bağlı məhkəmə çəkişmələri
adi hal almışdı. Heydər
Əliyev keçid dövrünün doğura biləcəyi
problemləri əvvəlcədən görür və bunun
labüd olduğunu bilirdi. Müşavirələrin
birində məmurlara müraciətlə deyirdi:
“Görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm”.
Ajiotaj tədricən ötüb keçir, hər
şey zamanın axarında yoluna düşürdü.
Çox keçmədən institusional islahatlar
başladı.
Haqqında danışdığımız Fərmandan iki il sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv
edildi. 2002-ci ildə “Kütləvi informasiya
vasitələri haqqında” Qanuna bir sıra dəyişikliklər
və əlavələr olundu. Bununla da mətbu
nəşrlərin dövlət qeydiyyatı ilə
bağlı icazə aradan qaldırıldı. Artıq qəzet buraxmaq üçün bir ərizə
kifayət edirdi.
Bir qədər sonra, 2003-cü ildə Azərbaycan
Jurnalistlərinin birinci qurultayında Mətbuat
Şurasının yaradılması ilə mətbuatın
özünütənzimləmə metoduna
başlanıldı və beləliklə, cəmiyyət-media
münasibətləri tədricən normallaşmağa
başladı.
Bu, Heydər Əliyevin islahatlar strategiyasının həyatiliyinə
və uzaqgörənliyinə daha bir nümunədir. Həyat bir
yerdə dayanıb durmadığı kimi, hər hansı
islahat da özünə zamanın
çağırışına uyğun yanaşma tələb
edir. Biz indi 20 il əvvələ nisbətən
tam fərqli bir dövrdə yaşayırıq. 2003-cü ildən başlayaraq Azərbaycanı
dinamik inkişaf mərhələsinə çıxaran
Prezident İlham Əliyev söz və mətbuat
azadlığının genişləndirilməsi istiqamətində
analoqu olmayan addımlar atır. Dünyanın
heç bir yerində dövlət mətbuata birbaşa
yardım etmir, yaxud hansısa qəzetin nəşriyyata borcunu
ödəmir. Bunu bəlkə də ilk dəfə
Azərbaycan dövləti etdi. Prezidentin
2006-cı ilin fevralında imzaladığı Sərəncama
əsasən, qəzetlərin nəşriyyata yaranmış
borclarının ödənməsini dövlət öz
üzərinə götürdü.
Sonrakı
illərdə Prezident İlham Əliyev KİV-ə birdəfəlik
maddi yardım göstərilməsinə qərar verdi, medianın inkişafında dövlət
dəstəyi konsepsiyası müəyyənləşdirildi.
2009-cu ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu yaradıldı.
Yaxud jurnalistlərə dövlət vəsaiti
hesabına mənzil tikilib verilməsi də dünya
praktikasında rast gəlinməyən hadisədir. Bu dəstək,
diqqət və qayğı KİV-in iqtisadi müstəqilliyinin
və jurnalistlərin peşəkarlığının
artırılmasında, vətəndaş cəmiyyəti
quruculuğunda medianın rolunun gücləndirilməsində
müstəsna əhəmiyyət daşıyır. Üstəlik, Azərbaycanda internet hamı
üçün əlçatandır, sosial şəbəkələrdə
hər kəs öz fikrini sərbəst şəkildə ifadə
etmək imkanına malikdir.
Söz və mətbuat azadlığının bundan
yaxşı modeli dünyanın harasında var?
Ölüm
hökmünün ləğvi və cəza siyasətinin
humanistləşdirilməsi
Bu ilin əvvəllərində Prezident İlham Əliyev
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və
prosessual məcburiyyət tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə” Sərəncam
imzaladı. Bununla da ulu öndər Heydər Əliyevin hələ
1990-cı illərin ortalarında start verdiyi məhkəmə-hüquq
islahatları keyfiyyətcə yeni mərhələyə qədəm
qoydu.
1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası
ləğv olundu. Bu, humanizm, insanpərvərlik,
insan hüquqlarına hörmət prinsiplərinə əsaslanan
çox cəsarətli addım idi. Ölüm
cəzasının ləğvi Heydər Əliyevin fəlsəfi-hüquqi
düşüncələrindən, dərin elmi təhlilə,
dünya təcrübəsinə və reallığa söykənən
mövqeyindən irəli gəlirdi. “Mən cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək, ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
ideyalara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı
vermişəm”, - deyə Ulu Öndər
vurğulayırdı.
Bundan
düz 19 il sonra - 2017-ci il fevralın 10-da
Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz tarixi Sərəncamı
imzaladı. Bəlkə də ay və günlərin
üst-üstə düşməsi sırf təsadüfdür.
Mahiyyət baxımından isə, ilk növbədə,
islahatlarda varislik, Ulu Öndərin müəyyənləşdirdiyi
strateji xəttin məntiqi davamı diqqət çəkir.
Ölüm cəzası indinin özündə də
dünya miqyasında tez-tez gündəmə gətirilir. Azərbaycanda
da sərt cəza siyasəti yeridilməsinin tərəfdarları
yox deyil. Bəs, ölüm cəzası və
digər sərt cəzalar cinayətin qarşısını
almaqda nə dərəcədə effektlidir?
Bu barədə söhbət düşəndə sovet
dövründə Azərbaycanın ucqarlarında məhkəmənin
çıxardığı bir hökmü
xatırlayıram. Rayonlardan birində meşə təsərrüfatı
idarəsinin rəisinə 10 rubl rüşvət
üstündə 10 il həbs cəzası
verilmişdi: bir rubla görə bir il həbsxana! Yaxud külli miqdarda dövlət əmlakını
mənimsəyənlər, rüşvət alanlar ölüm
cəzasına məhkum edilir, hökmlər
soyuqqanlılıqla icra olunurdu.
Sərt cəza siyasəti yeridilməsinə baxmayaraq, nə
cinayətkarlığın səviyyəsi, nə də
miqyası azalırdı. Bu gün bəzi
ölkələrdə, o cümlədən ABŞ-ın bir
sıra ştatlarında ölüm cəzası qüvvədədir.
Lakin bu, zorakılığı, qətl və
qarətləri dayandırmağa kömək etmir. Kaliforniya ştatında cinayətkarlıq elə bir
səviyyəyə çatıb ki, federal hökumət hadisələrin
qorxulu gedişinə müdaxilə etmək barədə
düşünür. Yaxud qonşumuz
İranda dar ağacı narkotik
qaçaqmalçılığı ilə məşğul
olanları bu yoldan çəkindirə bilmir. Ölüm cəzasının ləğv
olunduğu, cəza siyasətini humanistləşdirmək yolu
tutan Azərbaycanda isə cinayətkarlığın səviyyəsi,
xüsusən ağır cinayətlərin sayı ildən-ilə
azalır. Bu, ölkəmizdə həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının müsbət nəticələrə gətirib
çıxardığını təsdiqləyən real
faktdır.
Korrupsiya ilə mübarizəyə gəlincə, Azərbaycan
“ASAN xidmət” kimi nadir model yaradıb. Prezident İlham
Əliyevin təşəbbüsü olan bu model məmur-vətəndaş
təmaslarını minimuma endirərək, korrupsiya və
rüşvətxorluqla mübarizədə uğurlu alət
kimi özünü tam doğruldur. Təsadüfi
deyil ki, “ASAN xidmət” brendi bu gün dünyanın hətta
inkişaf etmiş ölkələrini maraqlandırmağa
başlayıb. Bu model yüksək xidmət
mədəniyyəti ilə fərqlənir,
süründürməçiliyin, bürokratiyanın,
rüşvətxorluğun aradan qaldırılmasına
misilsiz töhfələr verir. Bütün bunlara sərt
cəza tədbirləri ilə nail olmaq mümkün idimi?
Budur, Prezident daha bir tarixi addım atdı. Cəza siyasətinin
humanistləşdirilməsinə dair Sərəncamı təqdir
edən mütəxəssislər yekdil fikirdədirlər ki,
bu sənəd cinayət təqibi və cəzaların
icrası sahələrində hüquqi islahatların keyfiyyətcə
yeni mərhələsinə keçidin
başlanğıcını qoyub. Prezident
Administrasiyasının hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov
AZƏRTAC-a müsahibəsində sənədin əhəmiyyətini
belə xarakterizə edir: “Sərəncam cinayət-hüquq
siyasətinin liberallaşdırılması, böyük ictimai
təhlükə törətməyən və az ağır
cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə
tədbirlərinin tətbiqinin məhdudlaşdırılması,
cinayətlərin dekriminallaşdırılması, cinayət
təqibi və cəzaların icrası sahəsində
korrupsiyaya şərait yaradan halların aradan qaldırılması
və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin
görülməsini təmin edəcək. Qeyd
edilən hər bir istiqamətdə növbəti islahatlar
dalğasının həyata keçirilməsinə təkan
verəcək”.
Məhkəmə-hüquq islahatlarının davamı
olan bu tədbirlər istər əhatə dairəsinə və
miqyasına, istərsə də humanistliyinə və hədəflərinə
görə diqqəti cəlb edir. Prezident İlham
Əliyevin cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə,
şəxsin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə,
cinayətə şərait yaradan amillərin aradan
qaldırılmasına xüsusi önəm verdiyini göstərir.
Uğur
formulu: islahatlarda varislik və ardıcıllıq
Azərbaycanın islahatlar təcrübəsində diqqəti,
ilk növbədə, varislik və ardıcıllıq cəlb
edir. Yuxarıda qeyd etdiyimiz nümunələrdə bunun
uğur formulu olduğunu yəqinləşdirmək
mümkündür. İslahat, eyni zamanda,
konkret dövr və şərait daxilində, mərhələlərlə
aparıldıqda real nəticələr verir.
Bu qənaətin doğruluğunu təsdiq edən bir
neçə xarakterik misal çəkmək yerinə
düşər. Ulu Öndər 20 il əvvəl
torpağı kəndlilərə verməklə aqrar
islahatların əsasını qoydu. Bilirdi ki,
iş bununla bitmir. Torpağı əkib-becərmək,
yüksək məhsul götürmək üçün kəndliyə
texnika, gübrə, toxum və maliyyə vəsaiti
lazımdır. Amma o vaxt büdcə kasad
olduğundan dövlətin kəndliyə kömək etmək
imkanı yox idi. İllər keçdi, Azərbaycan
gücləndi, büdcə vəsaitləri artdı. Bax, onda islahatlarda varislik və davamlılıq
prinsipini rəhbər tutan Prezident İlham Əliyev aqrar
sektorun inkişafını təmin edən tədbirlər
görməyə başladı. Bir qədər əvvəl
qeyd etdiyimiz kimi, dövlət indi fermerə hərtərəfli
dəstək verir: texnika, toxum, gübrə ilə təminatda,
yanacaq və vergidə güzəştlər edilir. Prioritet layihələrə və istehsal sahələrinə
kreditlər ayrılır.
Azərbaycanın
son 14 ildə keçdiyi inkişaf yolu, qazandığı
heyrətamiz uğurlar Ulu Öndərin ideyalarının,
müəyyənləşdirdiyi yolun və strategiyanın
Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə,
zamanın çağırışlarına adekvat olaraq
yaradıcılıqla davam etdirilməsi ilə üzvi surətdə
bağlıdır. Prezidentin demokratiya ilə bağlı
baxışları orijinallığı və məntiqliliyi
ilə diqqəti cəlb edir: əsl demokratik cəmiyyət
formalaşdırmaq üçün, ilk növbədə,
maddi baza yaratmaq lazımdır. İqtisadiyyatı
zəif olan ölkələrdə demokratiya da zəifdir.
İqtisadi islahatlar siyasi islahatlarla paralel getməli,
bir-birini tamamlamalıdır. Əks təqdirdə
hər hansı uğur müvəqqəti olacaq.
Bu baxışların, fikirlərin doğruluğunu həyat
özü təsdiqləyir. Hazırda Azərbaycan
iqtisadi inkişaf səviyyəsinə görə
dünyanın qabaqcıl ölkələrindən biridir.
Bu da, öz növbəsində, vətəndaş
cəmiyyəti quruculuğunun daha ardıcıl xarakter
almasına, milli həmrəylik əldə olunmasına yol
açır. Ümummilli maraqlarla
bağlı məsələlərdə siyasi qüvvələr
arasında normal dialoqun formalaşması, siyasətdə
radikalizm təzahürlərinin öz yerini liberalizmə verməsi
meyli bu baxımdan xüsusilə xarakterikdir. Prezidentin son dövrlərdə vətəndaş cəmiyyəti
quruculuğu, söz və mətbuat azadlığının
genişləndirilməsi, fikir müxtəlifliyinin təmin
edilməsi istiqamətində atdığı qətiyyətli
addımlar məhz yaranmış münbit mühitdən
qaynaqlanır.
Yəqin xatırlayırsınız, Heydər Əliyev
özəl sektoru, sahibkarları inzibati orqanların müdaxiləsindən,
əsassız yoxlamalardan qorumağa necə böyük səy
göstərirdi. Hətta keçirdiyi müşavirələrdən
birində dəhlizə qutu qoydurmuşdu ki,
iş adamları şikayətlərini,
narazılıqlarını elə oradaca yazıb qutuya
atsınlar. İqtisadi islahatların davamı olaraq sonrakı
mərhələdə Prezident İlham Əliyev daha radikal qərarlar
qəbul etdi: özəl sektorda bütün yoxlamalar iki il müddətində dayandırıldı,
sahibkarlıq subyektlərinin dövlət qeydiyyatında “bir pəncərə”
sistemi tətbiq olundu. Daha sonra sahibkarların
vergi yükü azaldıldı, onlara zəruri
hüquqi-texniki yardım, informasiya, logistika və digər xidmətlər
göstərən strukturlar, apellyasiya şuraları
yaradıldı.
Beləliklə,
1993-2017-ci illərin siyasi-iqtisadi yekunları belə bir nəticəyə
gəlməyə tam əsas verir: ulu öndər Heydər
Əliyevin ideyaları, başladığı islahatlar
Prezident İlham Əliyev tərəfindən uğurla,
yaradıcılıqla davam etdirilərək Azərbaycanı
tənəzzüldən böyük və heyrətamiz
inkişaf yoluna gətirib çıxardı.
X X X
Fransız
politoloqu Jan Blondel siyasi liderliyi belə xarakterizə edir:
“Siyasi liderlik bir və ya bir neçə fərdin həyata keçirdiyi
elə bir hakimiyyətdir ki, bununla millətin nümayəndələri
hərəkətə gətirilir”. Xarizmatik,
müdrik, qətiyyətli lider olan Heydər Əliyev
bütün xalqı hərəkətə gətirməyə,
səfərbər etməyə nail oldu. Ağır
və ziddiyyətli şəraitdə, ölkənin dərin
siyasi-iqtisadi sarsıntılardan keçdiyi vaxtda, çox
qısa zaman çərçivəsində həyatın,
demək olar, bütün sahələrində uğurlar
qazanıldı, Azərbaycan dünya iqtisadi sisteminə inamla
inteqrasiya olunmağa başladı. Müstəqil
dövlət quruculuğu ilə eyni vaxtda islahatların mahiyyət
etibarilə tam yeni modeli – Azərbaycan modeli yarandı. 2003-cü ildən etibarən yeni liderin – Prezident
İlham Əliyevin rəhbərliyi ilə islahatların ikinci
mərhələsinə start verildi. İslahatlarda
varislik və ardıcıllıq prinsipinə əsaslanan bu mərhələ
Azərbaycana yeni-yeni uğurlar gətirməkdə,
qarşıda daha geniş üfüqlər
açmaqdadır.
Aslan Aslanov
İki
Sahil.- 2017.- 3 may.- S.6