Heydər Əliyev və milli iqtisadiyyat

 Ulu Tanrı tərəfindən xalqımıza nicat yolu kimi bəxş edilən ümummilli lider Heydər Əliyev canı qədər sevdiyi doğma Azərbaycanımızı son yarım əsrə yaxın bir dövrdə hərtərəfli inkişaf etdirdi, dayanıqlı, müqavimətli, perspektivli bir dövlət kimi formalaşdırdı. Onun rəhbərliyi altında davamlı inkişaf yolu keçən ölkəmiz iqtisadi firavanlığın, sosial dayanıqlığın, ictimai-siyasi sabitliyin mərkəzinə çevrildi və bu, hər bir azərbaycanlının gündəlik həyat tərzinin yaxşılaşmasında özünü göstərdi.

Xalq təsərrüfatının bütün sahələrində davamlı yüksəlişin əldə olunması, bütün cəhətlərlə yanaşı sanki, ölkəmizin hazırkı müstəqillik dövrü üçün də tam hazırlanmasına hesablanmışdır. Elə təsadüfi deyil ki, bu gün dillər əzbərinə çevrilən “Ulu Öndər ölkəmizin müstəqil dövlətə çevrilməsini elə keçmiş İttifaq dövründən təmin etmişdir” deyimi özünün gerçək təsdiqini tapmaqdadır. Buna çoxlu əsaslarımız da var. Belə ki, dahi rəhbərin ölkəmizə başçılıq etdiyi 1969-1982-ci qızıl illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bununla da bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilin iqtisadi inkişafına bərabər idi.

Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi həmin dövrlərdə nəhəng iqtisadi layihələr gerçəkləşdirilərək inkişaf edən bütün sahələrdə özünə kök saldı. Bu, çox çətin və əhəmiyyətli bir məsələ idi. Çünki həmin dövrdə bunları təmin etmək üçün keçmiş SSRİ rəhbərliyi ilə münasibətlər yüksək səviyyədə olmalı idi. Məhz bu idarəetmə mexanizmi yalnız Heydər Əliyev böyüklüyündə var idi. On beş müttəfiq respublika içərisində təkcə Azərbaycanın yüksək intibah dövrünü yaşaması bunu təsdiq edir. Məsələn, 1969-1982-ci illərdən ibarət uğurlu zaman kəsiyində ölkə iqtisadiyyatının mühüm aparıcı və böyük potensiala malik sahəsi olan sənayedə də, digər sahələrdə olduğu kimi yüksək nailiyyətlər əldə edilmişdir. Bu dövrdə sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmışdır. Respublikanın sənayesi keçmiş İttifaqın bütün respublikaları arasında orta illik 7,9 faizlik artım göstəricisi ilə daha yüksək sürətlə inkişaf edirdi.

Hazırkı dövrdə də Prezident cənab İlham Əliyev tərəfindən çox zəruri və mühüm amil kimi önəm verilən insan amilinə qayğı da məhz 1969-1982-ci qızıl illərdən öz başlanğıcını götürmüşdür. Hər bir azərbaycanlının təhsil alması, sağlam olması, elmi səviyyəsinin, mədəni yüksəlişinin, intellektual qabiliyyətinin inkişafı, xalq, millət, dövlət üçün yararlılıq keyfiyyətlərinin daim diqqətdə saxlanılması, milli ruhun üstün tutularaq milli maraqlara xidmət olunması Heydər Əliyev siyasətinin ən vacib tərkib hissələrindəndir. Bu baxımdan da həmin illərdə tikilən 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri iqtisadi potensialın ən yüksək zirvəsini təmin edirdi. 1982-ci ildə istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969-cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdır. Bütün bunlar isə söz yox ki, Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin xalqla, dövlətlə qırılmaz tellərlə bağlılığını bir daha təsdiq edirdi.

Dahi rəhbərimizin uğurlu iqtisadi siyasətinin əsaslarından biri kimi istinad etdiyimiz insan potensialının inkişafı, təkmilləşdirilməsi və səmərəli istifadəsi meyarlarının hazırlanmasından ibarət olan siyasət hər addımda özünün uğurlu nəticələrini göstərməkdə idi. Kadr potensialının gücləndirilməsi ilə müşayiət olunan bu proses 1969-1982-ci illərdə də diqqət mərkəzində saxlanılan ən zəruri məsələ, amil idi. Həmin illərdə iqtisadiyyatın sürətli və hərtərəfli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili sistemi xeyli gücləndirilmişdir. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilirdi. Bu proses çox uğurlu istiqamətdə davam edərək, hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbənin yola salınması təmin edilirdi.

İqtisadiyyatın müxtəlif sahələrində sağlam mühitin kök salması, iqtisadi subyektlərin səmərəli fəaliyyətinin təmin olunması, etibarlı, dayanıqlı və müqavimətli proseslərə düzgün istiqamət verilərək milli iqtisadi inkişaf üçün yönləndirilməsi 1969-1982-ci illərdə on beş müttəfiq respublika içərisində Azərbaycanın etibarını daha da möhkəmlətmiş və təbii ki, bu da Heydər Əliyev siyasətinin müdrikliyinə böyük əsaslar gətirmişdir. Şübhəsiz ki, inkişaf yolu ilə gedən heç bir ölkənin iqtisadiyyatı təksahəli ola bilməz. Bu baxımdan da iqtisadiyyatının tərəqqi, yüksəliş, intibah dövrünü yaşayan Azərbaycan dahi rəhbərin siyasi fəaliyyətinin birinci mərhələsində, yəni 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində əsrə bərabər uğurlar əldə etmişdir. Məlumdur ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 1969-1982-ci illərdə xalq təsərrüfatının bu aparıcı sahəsində sözün həqiqi mənasında misli görünməmiş yüksək nailiyyətlər əldə edilmişdir. Həmin illərin sosial-iqtisadi inkişaf xronikasına diqqət edərkən bunu açıq şəkildə görə bilərik. 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə artmışdır. 1982-ci ildə 1211,3 min ton taxıl, 558,9 min ton pambıq, 1815,6 min ton üzüm, 916,7 min ton tərəvəz, 57,0 min ton tütün, 345,0 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli yüksəlişinə bir neçə istiqamətdə təkan olmuşdur. Məhz 1969-1982-ci illərdən başlanan həmin dəstək sonralar müstəqillik illərini də əhatə etməklə, onun siyasi fəaliyyətinin Naxçıvan MR dövrünü və 1993-cü ildən ölkəmiz miqyasında davamından ibarətdir. Sanki Ulu Tanrı xalqımızı ən çətin anlardan xilas etmək üçün bu tarixi şəxsiyyəti xilaskar kimi göndərmişdi. Müstəqilliyimizin ilk illərində ölkəmizin yaşadığı ağrılı-acılı günlər yalnız Heydər Əliyev siyasətinin nəticəsində sona yetdi. Uçurumun bir addımlığından qayıdaraq davamlı yüksəliş yollarında inamlı addımlarla parlaq gələcəyə doğru irəlilədi.

Bu mənada da onun həyata keçirdiyi siyasətin xalqımıza və dövlətimizə bəxş etdiyi töhfələr illər üçün deyil, əsr üçün davam etməkdədir. Müasir dövrdə yeni iqtisadi siyasətin yüksələn dinamika ilə müəyyənləşdirilməsi 1994-cü ilin “Əsrin müqavilə”sindən başlanmaqla, 1995-ci ilin iqtisadi islahatları ilə davam etməklə, 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı əhatə edərək, 2013-cü ildən Sənaye parkları haqqında nümunəvi əsasnamənin təsdiq edilməsilə və bütün bu kimi uğurların müşayiəti ilə 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsinə qədər hər bir iqtisadi uğuru özündə birləşdirmişdir. Təbii ki, bura müstəqil Azərbaycanın hərətərfli inkişafının təməl daşları kimi çıxış edəcək istənilən addım, həyata keçirilən hər cür tədbir, sosial-iqtisadi və hüquqi bazanın mövcudluğu və təkmilləşdirilməsi aiddir.

Böyük Heydər Əliyev ölkəmizdə milli iqtisadiyyatın əsas istiqamətlərinin çox güclü dayaqlarını formalaşdırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın məruz qaldığı sosial-iqtisadi tənəzzül və ictimai-siyasi nizamsızlıq milli iqtisadiyyatın artım tempinin azalmasına səbəb olmuşdur. Yalnız dahi siyasətçinin dövlətimizin başçısı kimi fəaliyyətə başlamasından sonra ardıcıl olaraq bu sahədəki tənəzzül tamamilə aradan qaldırıldı və sağlam milli iqtisadiyyatın təməl prinsipləri müəyyən edildi. Böyük Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar və uzaq gələcəyə hesablanmış qətiyyətli tədbirlər öz pozitiv nəticələrini verməyə başlamışdır. Belə ki, 1996-cı ildən əsas makroiqtisadi göstərici olan ÜDM-nin həcmində ilbəil davamlı və dinamik artım mümkün olmuşdur. Faktlara müraciət edərkən aydın olur ki, 1996-cı ildə müvafiq göstəricinin orta illik artım tempi 1,5 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz artmışdır.

 

Böyük Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının sosiallaşma qabiliyyəti daha da  güclənmiş, əhalinin tədiyyə (alıcılıq) qabiliyyəti artmış, müəssisə və təşkilatların stimullaşdırıcı iqtisadi-istehsal fəaliyyəti təmin edilmişdir. Təbii ki, bunlar sağlam və müqavimətli büdcə-maliyyə siyasətinin nəticəsində baş vermişdir. Fikrimizi rəqəmlərin dili ilə ifadə etsək görərik ki, Ulu Öndərin gündəlik qayğısı və diqqəti ilə əhatə olunan yuxarıdakı amillərin təmin etdiyi dayanıqlı sosial-iqtisadi siyasət nəticəsində 1995-ci ildən büdcə kəsirinin ÜDM-dəki həcminin azaldılmasına nail olundu və həmin ildə 0,6 faiz həddində qərarlaşdı. Bu proseslərin pozitiv xətt üzrə davamlılığı mümkün olmuş, hətta böyük siyasətin formalaşdırdığı əlverişli mühit 1996 və 1997-ci illərdə deflyasiya (büdcə gəlirlərinin xərclərdən artıq olması) təmin edilməsinə səbəb olmuşdur. Büdcə kəsiri 1998-ci ildə 1,8 faiz, 1999-cu ildə 2,4 faiz, 2000-ci ildə 1,0 faiz, 2001 və 2002-ci illərdə isə 0,4 faiz olmuşdur.

Azərbaycan Respublikası keçmiş İttifaq, hazırda isə MDB məkanında hərtərəfli inkişaf modelini yaratmaqla, hətta müharibə şəraitində dayanıqlı iqtisadiyyat formalaşdırdı. Son on dörd illik inkişaf tarixi üçün güclü baza yaradılmış oldu. Davam edən islahatlar, təmin olunan hüquqi tənzimləmələr, bərpa edilən istehsal (iqtisadi) münasibətləri, sağlamlaşdırılan makroiqtisadi proseslər milli iqtisadi inkişafa birbaşa xidmət etdi. Qeyd edək ki, 1995-2003-cü illər ərzində ÜDM-də 95 faiz, sənaye məhsulunun həcmində 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmində 53,9 faiz, dövlət büdcəsinin gəlirlərində 3 dəfə, ölkənin valyuta ehtiyatlarında 85 dəfə, xarici ticarət dövriyyəsində 4 dəfə, orta aylıq real əmək haqqında 5,1 dəfə artım qeydə alındı.

Böyük Heydər Əliyevin əsaslarını qoyduğu milli iqtisadiyyyat və onun inkişaf istiqamətləri 2003-cü ildən bu günə qədər çox ciddi və etibarlı inkişaf yolundadır. Artıq on dörd ildir ki:

1. Azərbaycan iqtisadiyyatının şaxələndirilmə prosesi böyük uğurlarla davam etməkdədir. İqtisadiyyatın sahə strukturu tam təşkilatlanmış və makroiqtisadi siyasət yüksələn xətt üzrə istiqamət almışdır. Bunun da nəticəsində ölkə iqtisadiyyatının neft sektoru etibarlı baza olmaqla, qeyri-neft sektorunun inkişaf istiqamətləri müəyyənləşdirilmiş, o, cümlədən turizm infrastrukturu, aqrar inkişaf prosesi, sənayeləşmə siyasəti, milli iqtisadiyyatın əsas sektorlarının perspektivləri və bir çox uzaq gələcəyə nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir;

 2. Regionların sosial-iqtisadi inkişafında dair Dövlət proqramları uğurlu icrasının üçüncü mərhələsindədir. Təbii ki, bu, iqtisadi rayonların səmərəli ixtisaslaşmasında və məhsuldar qüvvələrdən istifadənin faydalılığının artırılmasında stimullaşdırıcı amilə çevriləcəkdir. Nəticədə isə əmək ehtiyatlarından istifadə ölkənin əsas prioritetləri içərisində yer alan məşğulluq potensialının artırılması və səviyyəsinin yüksəldilməsinə əlverişli zəmin yaradacaqdır;

3. Ölkəmiz dünyanın inkişaf etmiş ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıqda və beynəlxalq təşkilatlara inteqrasiya proseslərində ən sadiq və çevik tərəfdaşa çevrilmişdir. Bunun da nəticəsində respublikamızın ev sahibliyi etdiyi və edəcəyi dünya miqyaslı yarış və tədbirlərin yüksək səviyyədə baş tutduğunu qürurla qeyd etmək lazımdır;

Təbii ki, sadalanan amillərin hər biri Azərbaycan Respublikasının müasir dünya gerçəklikləri, çağırışları əsasında etibarlı iqtisadi siyasəti nəticəsində təmin edilmişdir. Düşünürük ki, bu mənzərə ölkəmiz və onun gələcək perspektivləri üçün çox uğurlu bir gələcək vəd etməkdədir. Çünki istər ölkəmizin mövcud inkişaf potensialı da, istər region ölkələri içərisindəki nizamlayıcı və tənzimləyici funksiya yerinə yetirməsi də, istərsə də beynəlxalq təşkilat və qurumların ölkəmiz haqqındakı pozitiv rəyləri də belə qərara gəlməyə əsas verir. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Respublikasının 65-ci yerdə təşəkkül tapması və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə isə, ölkə iqtisadiyyatının dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 37-ci pilləyə irəliləməsi qənaətimizi daha da ciddiləşdirir.

 

Cavadxan Qasımov

İki sahil.- 2017.- 6 may.- S.27