Azərbaycanın
incisi, Qarabağın mirvarisi Şuşa
Azərbaycanın
dilbər güşələrindən olan Şuşa
haqqında çox yazılıb, Xan Şuşinskinin səsini
qoynunda saxlayan başı qarlı,
vüqarlı dağlarının əzəmətindən
söz açılıb. Şərq ölkələrinin mədəniyyət
mərkəzlərindən olan, milli memarlıq uslubu ilə
seçilən, orta əsrlər şəhərsalma sənətinin
qiymətli abidəsi adlandırılan mədəniyyətimizə
, ədəbiyyatımıza , incənəsətimizə bəxş
etdiyi tarixi şəxsiyyətləri ilə seçilən,
muğamımızın beşiyi sayılan, Azərbaycan
tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir
Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,
Firudin bəy Köçərli, Əhməd bəy
Ağaoğlu kimi şəxsiyyətlər yetirən
Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus
arxitekturası ilə də fərqlənir. Azərbaycanın
alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim
şəhər özü boyda tarixi abidədir.
“Qarabağnamə”
müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif
dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə
saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək
heç kimə nəsib olmamışdır. “Əgər məni
qoruyan mənim tanıdığımdırsa, şüşəni
daş içərisində də salamat saxlar” deyən
Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ
o dövrdə Şuşanın alınmaz qala olduğunu
söyləmişdir
“Şuşasız Qarabağ, Qarabağsız isə
ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli
lider Heydər Əliyev Şuşanın ölkəmiz
üçün dəyərini bu sözlərlə ifadə
etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar
üçün yox, bütün azərbaycanlılar
üçün, vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir.
...Çar
Rusiyası dövründə də
bütün Qarabağın inzibati, iqtisadi mərkəzi
olmuş, inkişaf etmiş bu şəhərin mənəvi
pasportu olan Daşaltı dərəsi, Cıdır
düzü, memarlıq inciləri
Şuşanı qədim mədəniyyət mərkəzlərindən
biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət
nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa
qalası Xurşudbanı Natəvanın, artilleriya generalı
Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın
ev muzeyləri, İbrahim xanın və onun qızı Qara
Böyükxanımın qəsrləri, “Cəncə
darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət
mərkəzi olan “Rastabazar”, möhtəşəm qala
divarları, memarlıq uslubu ilə inşa olunan digər
tikililər şəhərə gələn qonaqları valeh
etmişdir. “Şərqin konservatoriyası” adlanan bu şəhər
Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov,
Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid
Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov
kimi incəsənət xadimlərinin vətəni olmuşdur.
Dəniz səviyyəsindən 1403 metr
hündürlükdə salınan bu səhər Turşsu mədən
suyu ilə də məşhur olmuş, kurort kimi qonaqların ən
çox dincəldiyi məkana çevrilmişdir.
Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə
fərqləndiyindən həmişə kimlərinsə
göz dikdiyi məkana çevrilib.
1992-ci il
mayın 8-də Ermənistanın silahlı ordusunun
hücumları nəticəsində Azərbaycanın dilbər
guşəsi, Qarabağın gözəllik simvolu, 24.900 əhalisi
olan Şuşa işğal olundu. Yerli əhalinin
193 nəfəri şəhid, 102 nəfəri isə əlil
oldu. İşğal nəticəsində
Şuşadakı bir sıra mədəniyyət abidələri
düşmən tərəfindən talan ,
tarixi abidələr məhv edildi.
Bu gün dəfələrlə səslənən
“Şuşa xəyanətin qurbanı oldu” sözləri təsadüfən
deyilməyib.
Yerli əhalinin dediklərindən aydın olur
ki, mayın əvvəllərində şəhər sakinlərinin
əhval-rühiyyəsi də yaxşı olub. Belə ki Şuşanı tərk etmək barədə
fikir belə yox idi.
Əsas problem silah çatışmazlığından
ibarət idi.
Yəni qeyri - bərabər döyüşdə
könüllü batalyonlar şəhəri mətanətlə
qoruyurdular. O günlərdə bütün Azərbaycan
xalqı Şuşanın taleyi üçün narahatlıq
keçirirdi. Hamı Şuşanın
müdafiəsinə qalxmışdı. Belə
ki, bəzi təxribat xarakterli “torpaqları qoyub
qaçdılar, döyüşmədilər” sözlərin
heç bir əsası yox idi. Ermənilərin,
havadarları rus ordusunun artilleriyasının
hucumlarının qarşısını alan
könüllülər, yerli əhali düşmənə
qarşı mərdliklə vuruşurdu.
O zaman
riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik
və təcrübəyə malik olmayan, bacarıqsız
müdafiə naziri Rəhim Qazıyevin səhvləri
üzündən pərakəndə aparılan
döyüşlər, yaranan hərc- mərclik
Şuşanın müdafiəsini çətinləşdirirdi.
Ermənilərin özləri də etiraf edirlər ki,
Şuşanın işğalında 100-ə qədər
zirehli maşın və tank, 11min canlı qüvvə ilə
birlikdə xarici dövlətlərdən gətirilmş
müzdlularıdan, havadarlarının yardımından istifadə
olunmuşdur.
Şuşanın işğalı ilə bağlı
şahidlər bildirirdilər ki, hələ mayın 3-4-də
ağır texnika və artilleriya, canlı qüvvə bilərəkdən
Şuşadan çıxarıldı. İşğal olunan Kərkicahan
istiqamətindən Şuşa ətrafındakı
Hacı talası və Daşaşıran adlanan ərazilərdən
ermənilərin güclü həmləsi başlandı.
Şuşa dörd tərəfdən “qrad”, “
kristal” tipli raketlər, top, tank, zirehli texnikalarla
güclü atəşə tutuldu. Azsaylı
könüllülərdən ibarət dəstələrin
qoruduğu şəhər faktiki olaraq müdafiəsiz
qaldı. Bütün çətinliklərə
baxmayaraq Şuşanın Azərbaycan üçün
strateji əhəmiyyətini nəzərə alan
döyüşçülər əsil qəhrəmanlıq
göstərərək alınmaz qala Şuşanı
qorumağa çalışırdılar. Amma vəziyyət
getdikcə ağırlaşırdı. Arxa
cəbhə ilə əlaqələr çətinləşirdi.
Şəhərdə kommunal sistemlər,
işıq, qazla təchizat iflic vəziyyətində idi.
Xocalı hadisəsindən sonra camaat hökumətə
inanmırdı. Məcburən qadınların,
uşaqların, yaralıların şəhərdən
çıxarılmasına başlanıldı. Beləcə
əsrlərdən bəri alınmaz qala kimi düşmən
hücumlarına mətanətlə sinə gərən Şuşa həmişə təbiətinə,
gur sulu bulaqlarına həsəd aparan ermənilərə əsir
oldu. Yuxarı Qarabağda azərbaycanlıların
yaşadığı sonuncu yaşayış məntəqəsi
də ermənilərin əlinə keçdi. Rəhim Qazıyevin başçılıq etdiyi
Müdafiə Nazirliyindən isə bildirirdilər ki,
Şuşaya hücum xəbəri yalandır.
Alınmaz qala olan Şuşanın işğalı ilə
bağlı müxtəlif fikirlər səslənsə də
bir məsələ aydındır ki, bu qədim şəhər
xəyanətin qurbanı oldu.
Geniş
auditoriya qarşısında çox əminliklə
“Şuşa işğal olunsa tapança ilə
özümü vuraram” deyən, o dövrdə layiq olmasa belə Azərbaycanın
müdafiə naziri vəzifəsini icra edən şəxs
zabit mətanətinə xilaf çıxaraq verdiyi vədini
yerinə yetirməyə cəsarəti çatmadı. Şəhərin
işğalı nəticəsində mədəni- maarif, kənd
təsərrüfatı texnikumları da daxil olmaqla 22 təhsil
müəssisəsi, 7 məktəbəqədər uşaq-tərbiyə
ocağı, onlarla xəstəxana, 8 mədəniyyət evi,
14 klub, 20 kitabxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb
saxlayan 3 müzey, Şərq musiqi alətləri fabriki və
digər obyektlər dağıdıldı, minlərlə
yaşayış evi viran qoyuldu, talandı.
Artıq 25 ildir ki, dağlarının
başı qara buludlu, meşələri dumanlı olan
Şuşada qürbətdə
qalan, səsi kəsilən sarı bülbül kimi
sirdaşı xarı bülbülün də böynu
bükükdür. Susa şuşalılarsız qalıb.
Cıdır düzü namərdlərin tapdağı
altındadır. Erməni vandalizminin qurbanı olan,
düşmən gülləsindən “yaralanan”, paytaxtda
saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın
heykəlləri doğma vətəninə qaydacağı
günü gözləyir.
Aprel döyüşləri, qüdrətlənən
ordusunun şücaəti göstərir ki, Lələtəpədə
düşmən gözünə ox olan
bayrağımızın Şuşada da
dalğalanacağı gün gələcək. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi Azərbaycanın işğal altında qalan
torpaqlarını nə yolla olursa olsun azad etmək
imkanları böyükdür.
“Mən tam əminəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək.
Bütün amillər - güclərin nisbəti, beynəlxalq,
iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq,
vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə
olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə
olmalıdır. Azərbaycanın ərazi
bütövlüyü tam şəkildə bərpa edilməlidir,
Şuşada, Xankəndidə Azərbaycanın dövlət
bayrağı qaldırılmalıdır və gələcəkdə
azərbaycanlılar bütün tarixi torpaqlarında
yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Göyçə, Zəngəzur
mahallarıdır. Vaxt gələcək biz orada da
yaşayacağıq. Mən buna inanıram, buna əminəm.
Buna nail olmaq üçün hər birimiz öz səylərimizi
qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs
günü yaxınlaşdırmalıyıq” söyləməklə
Azərbaycanın birmənalı mövqeyinin dəyişilməz
olduğunu diqqətə çatdıran dövlət
başçımızın vurğuladığı kimi
torpaqlarımız hansı yolla olursa olsun işğaldan azad
ediləcək.
...O gün gələcək. Bütün ərazilərimiz
kimi Şuşa da düşmən əsarətindən
qurtulacaq. Yenə qonaqlı- qaralı Cıdır düzü
igidlərin məskəninə çevriləcək.
Doğmalarının nəfəsinə həsrət qalan
xarı bülbül əsrarəngiz gözəlliyi ilə
hamını valeh edəcək. Bu, əlli milyonluq
bütün dünya azərbaycanlılarının arzusudur.
Xuraman
İsmayılqızı,
Iki
sahil.- 2017.- 6 may.- S.27