Aqrar sektora dövlət
dəstəyi gücləndirilir
Prezident İlham Əliyevin
düşünülmüş və ardıcıl siyasəti sayəsində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artımı təmin olunub, makroiqtisadi sabitlik qorunub saxlanıb, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft
sektorunun və regionların inkişafı
sürətlənib. İnvestisiya
mühitinin daha da yaxşılaşdırılması,
yerli məhsulların
rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi istiqamətində
görülən tədbirlər
ölkə iqtisadiyyatının
yüksələn xətlə
inkişafını təmin
edib. Respublikamızın
iqtisadiyyatının neft
amilindən asılılığının
azaldılmasına xidmət
edən qeyri-neft sektorunun inkişafı hazırda digər sahələrin tərəqqisi
ilə müşayiət
olunur. Sahibkarlığın
inkişafı ilə
bağlı ölkə
başçısı tərəfindən
imzalanan sərəncam
və fərmanlar, görülən
tədbirlər özəl
sektorun, kiçik və orta sahibkarlığın
inkişafına güclü
təkan verib. Xüsusilə qeyd etmək
lazımdır ki, son 11 ildə Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 2 milyard ABŞ dolları məbləğində verilmiş
güzəştli kreditlərin
böyük əksəriyyəti
kənd təsərrüfatına
və sənaye müəssisələrinin yaradılmasına,
kiçik və
orta biznesin inkişaf etdirilməsinə
yönəldilib.
Ölkə başçısının
2014-cü ildə “Sahibkarlığın
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında”
imzaladığı Fərman
sahibkarlar üçün
əlverişli biznes mühitinin yaradılması,
lüzumsuz tələblərin, maneələrin
aradan qaldırılması
baxımından mütərəqqi
əhəmiyyətə malikdir.
Həmin
Fərmanda biznesin qeydiyyatından başlamış,
tikintiyə icazələrin
alınması, elektrik
şəbəkəsinə qoşulma, əmlak hüququnun qeydiyyatı, idxal-ixrac əməliyyatı,
kredit resurslarına çıxış imkanları,
müqavilələrin bağlanması
və onların icrası istiqamətində
müvafiq işlər
görülməsi öz
əksini tapır.
Dövlətimizin başçısının 19
oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi
razılıq (lisenziya)
tələb olunan növlərinin sayının
azaldılması, xüsusi
razılıq (lisenziya)
verilməsi prosedurlarının
sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında” Fərmanına
uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət”
mərkəzləri vasitəsilə
lisenziyaların verilməsi
uğurla davam etdirilir.
Hazırda dövlət
tərəfindən fermerlərə,
kənd təsərrüfatı
məhsulları istehsalçılarına
geniş texniki və maliyyə dəstəyi davam edir. Beynəlxalq maliyyə təşkilatları
ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət
büdcəsindən kənd
təsərrüfatına birbaşa
yardımların və
kəndlərdə infrastrukturun
yaradılmasına yönəldilən
investisiyaların həcmi
ildən-ilə artırılır.
Prezident İlham Əliyevin
sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci
respublika müşavirəsində
dövlət başçısı
bildirib ki, biz yeni iqtisadi
modelə keçməklə
bundan sonra iqtisadiyyatımızı ancaq
islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman
və sərəncamlar
iqtisadiyyatımızı daha
da şaxələndirmək
üçün yaxşı
imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış
addımlar artıq öz gözəl nəticələrini verməkdədir.
Biz təşviq sistemini tətbiq etməyə başladıq.
Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq
sistemi özünü
doğrultmuş və
ixracın sürətli
artımına gətirib
çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik
və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq”.
Zahid Rza
Iki sahil.- 2017.- 12 may.- S.12