Müasir Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Ümummilli lider Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin yurdu olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təminatı üçün əlindən gələni əsirgəməyib. Ümummilli Liderin ən böyük arzusu doğma Naxçıvanı bugünkü kimi hərtərəfli inkişaf etmiş abad bir diyar kimi görmək idi.

Dahi şəxsiyyət düşmən hədəfində olan Naxçıvana bütün dövrlərdə böyük diqqət göstərib

Qədim diyarda dünyaya göz açan, boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda aldı, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirdi. Ulu Öndər təhsilinin bu mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.

Ulu Öndər yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmadı, qədim diyarı daim diqqət mərkəzində saxladı. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul etdi. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərarlaşırdı. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ümummilli Liderin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirildi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrü belə dəyərləndirib: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

 

Böyük tarixi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb.

 

Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.

 

SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə doğma Azərbaycanı, Naxçıvanı unutmurdu. O, ölkəmizdə, o cümlədən muxtar respublikada görülən quruculuq işlərini həmişə yaxından izləyir, tövsiyə və tapşırıqlarını əsirgəmir, ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə aparırdı. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başladı, meydanı boş görən ermənilər çirkin iddialarını daha yüksək tribunalardan səsləndirməyə başladılar.

 

Naxçıvan həmişə olduğu kimi, bu dəfə də dahi rəhbəri səbirsizliklə gözləyirdi

 

Dahi şəxsiyyət Moskvada rahat yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də Ulu Öndər Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər.

 

Ulu öndər Heydər Əliyev doğma torpağa gəlişi ilə naxçıvanlıların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.

 

Ümummilli Liderin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə ifadə etsək, “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.

 

Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ancaq görkəmli dövlət xadimi Heydər Əliyev canı qədər sevdiyi doğma Naxçıvandan ayrılmaq istəmirdi. Digər tərəfdən xalqının görkəmli oğlu ölkəmizdə baş verən hadisələrə laqeyd də qala bilməzdi. Necə ki, qalmadı.

 

1993-2003-cü illər: inkişafın yeni mərhələsi

 

Respublikamıza ikinci dəfə rəhbərliyi illərində Ümummilli Lider Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanıldı. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir.

 

“Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə, müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz”, – deyən Ulu Öndər Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəklədi. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə muxtar respublikaya səfər etdi.

 

Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi

 

Ulu Öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

 

Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1999-cu il 4 fevral tarixli Fərmanında Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.

 

Dahi şəxsiyyətin arzularındakı Naxçıvan

 

Ulu Öndər həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

 

Bu gün dahi rəhbərin yolunu uğurla davam etdirənlər görkəmli şəxsiyyətin arzularını inamla həyata keçirirlər. Ötən illər ərzində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan dövlət proqramları və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Bu gün muxtar respublikada avtomobil və tikinti materialları, ərzaq və məişət əşyaları istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr fəaliyyət göstərir. 1996-cı ildə Naxçıvanda, ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 11 dəfə artırılaraq 442-yə çatdırılıb. Yeni fəaliyyətə başlayan müəssisələr öz fəaliyyətlərini, əsasən, yerli xammaldan istifadə əsasında qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hazırda muxtar respublikada mövcud olan 442 istehsal müəssisəsindən 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir. Bu hesaba bir tərəfdən digər sahələr də inkişaf edir, ikinci tərəfdən isə daxili bazar etibarlı şəkildə qorunur.

 

Tarixin heç bir dövründə muxtar respublikada bu miqyasda abadlıq-quruculuq işləri görülməyib, bugünkü qədər məhsul istehsal edilməyib. Təsəvvür edin ki, 1996-cı ildə muxtar respublikada cəmi 10 adda məhsul istehsal edilirdisə, bu gün 366 adda məhsul istehsal olunur. Bunların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. Qürurverici haldır ki, 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi də 1995-ci illə müqayisədə 59,1 dəfə artıb. İqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatının və sənayenin inkişafında əldə edilən nailiyyətlər daha böyük uğurlara zəmin yaradır. Belə ki, ötən dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb. Yerli istehsalın artması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını gücləndirib, idxalın həcminin isə azalmasına səbəb olub.

 

Xarici ticarət dövriyyəsi ümumi inkişafı əks etdirən mühüm makroiqtisadi göstəricilərdən biri olmaqla yanaşı, eyni zamanda, ixracın və idxalın cəmidir. 2009-cu ildən muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb, ixracın həcmi idxalı üstələyib. Həmin dövrdə xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil edib.

 

Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülüb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib. Təkcə ötən il 13 kənd və 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

 

Cari ildə də bu işlər davam etdirilib. Belə ki, quruculuq tədbirləri çərçivəsində 2017-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 192 milyon 60 min 900 manat həcmində investisiya yönəldilib. İnvestisiya qoyuluşlarının 178 milyon 160 min manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.

 

Dövlət başçısı İlham Əliyev bu il yanvarın 11-də Naxçıvana sayca 13-cü səfərində muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti deyib: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

 

Bəli, bu gün Naxçıvan Muxtar Respublikası çiçəklənmə dövrünü yaşayır. Qazanılan nəticələr bir daha deməyə əsas verir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin siyasi xətti uğurla, sədaqətlə, inamla davam etdirilir. Bugünkü Naxçıvan məhz dahi şəxsiyyətin arzularındakı Naxçıvandır. Gündən-günə çiçəklənən, inkişaf edən, abadlaşan, dosta qürur, fəxarət bəxş edən, düşmənə gözdağı olan Naxçıvan. Bunu reallaşdıranlar isə ümummilli lider Heydər Əliyevin nurlu yoluna, dövlətçilik ideyalarına sədaqətli olan, xalqa, doğma Vətənə xidməti həyat idealına çevirən vətənpərvər, fədakar naxçıvanlılardır.

 

Rauf Kəgərli

Səs.- 2017.- 13 may.- S.7