IV İslam Həmrəyliyi
Oyunlarının bağlanış
mərasimi.
Azərbaycan daha bir
mötəbər beynəlxalq idman tədbirinə - IV
İslam Həmrəyliyi Oyunlarına yüksək
səviyyədə ev sahibliyi edərək tarix yazdı. On
gün davam edən yarışlar əsl idman və
həmrəylik bayramına çevrildi, bir çox maraqlı
məqamlar və parlaq qələbələrlə yadda
qaldı. Bu axşam isə Bakı Olimpiya Stadionunda idman
həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar
bəxş edən Oyunların təntənəli
bağlanış mərasimin şahidi olacağıq.
Bu gün
“Bakı-2017”nin uğurunu şərtləndirən iki
amili xatırlatmaq yerinə düşər.
Yarışların gedişi bir daha təsdiqlədi ki,
Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə
Oyunlara yüksək səviyyədə hazırlıq
görülüb, ən incə detallar belə
nəzərə alınıb. Bakının 16 idman
arenası bu on gün ərzində tam qüsursuz
fəaliyyət göstərdi və yaradılan şərait
həm idmançıların, həm də
tamaşaçıların ürəyincə oldu. Əminliklə
demək olar ki, Bakıda keçirilən Oyunlar
İslamiadanın tarixinə möhtəşəm idman
bayramı kimi yazıldı.
İslam
Həmrəyliyi İdman Federasiyasının prezidenti
Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz
Oyunların təşkilini yüksək
qiymətləndirərək deyir: “Azərbaycan paytaxtında
möhtəşəm idman və dostluq bayramı başa
çatır. Bakı İslam ölkələrinin
atletlərinə bacarıqlarını nümayiş
etdirmək, dörd qitədən gəlmiş insanlara birlik
və anlaşma ruhunda qarşılıqlı əlaqələri
qeyd etmək məqsədilə gözəl şəraiti
təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi
Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və
“Bakı-2017”nin Təşkilat Komitəsinin sədri
xanım Mehriban Əliyevanın və onun Azərbaycan
İslam Həmrəyliyi Oyunları Təşkilat
Komitəsində çalışan heyətinin
fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin
səyləri ilə mümkün oldu. İslam
Həmrəyliyi İdman Federasiyası adından Bakı
sakinlərinə və Azərbaycan xalqına
göstərdikləri fədakarlığa və çox
böyük qonaqpərvərliyə görə
təşəkkürümü bildirmək istəyirəm. Biz
sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda
yenidən görməyi səmimiyyətlə
arzulayırıq”.
Azərbaycan
Respublikasının gənclər və idman naziri, İslam
Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin
baş icraçı direktoru Azad Rəhimov vurğulayır
ki, Oyunlar İslam ölkələrinin dostluğunu
təcəssüm etdirdi: “IV İslam Həmrəyliyi
Oyunlarının həyəcan dolu 10 günü idman, bayram
və dostluğun təntənəsindən xəbər verir.
“Bakı-2017” Əməliyyat Komitəsinin işinin başa
çatmasına baxmayaraq, paytaxt şəhərimizin
dünyada beynəlxalq idman və mədəniyyət
mərkəzi kimi fəaliyyəti davam edir. Biz Bakıda bu
yay keçiriləcək Formula-1 Azərbaycan Qran-Pri
turnirində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol
çempionatında və 2020-ci ildə UEFA-nın Avropa
çempionatının dörddəbir final oyunlarında
və üç qrup qarşılaşmasında bütün
dünyanı yenidən salamlamağı arzulayırıq”.
Oyunların uğurunu
təmin edən digər mühüm amil son illər
Azərbaycanın beynəlxalq idman tədbirlərinin
keçirilməsində qazandığı zəngin
təcrübədir. Belə ki, Bakı ilk Avropa Oyunları,
42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək
futbolçular arasında Avropa çempionatı, bədii
gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi
mötəbər yarışlara uğurla ev sahibliyi edib,
özünü dünyada idman ölkəsi olaraq tanıda
bilib. IV İslam Həmrəyliyi Oyunlarının
uğuru, idmançılarımızın inanılmaz
qələbələri bunun daha bir parlaq nümayişi oldu.
Statistikaya
nəzər salaq. Bakıya rekord sayda - 54 ölkəni
təmsil edən 3 mindən çox idmançı,
2000-dək komanda rəsmisi və texniki nümayəndə
gəlib. İndiyədək İslam Həmrəyliyi
Oyunlarına bu qədər ölkənin və
idmançının qatılması heç vaxt
müşahidə olunmayıb.
“Bakı-2017”ni 50-dən
artıq ölkədə 1 milyarddan çox
tamaşaçı izləyib. Yarışları
1000-dən çox media nümayəndəsi, o
cümlədən Oyunların rəsmi media
tərəfdaşı olan AZƏRTAC-ın 70-dək
əməkdaşı işıqlandırıb.
İdmanın 24
növü üzrə keçirilən yarışlarda
atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan
idmançıları xalqımızı parlaq
qələbələri ilə sevindirərək,
yarışları birinci pillədə başa vurub. Atletlərimiz
hamıdan çox - 162 medal (75 qızıl, 50
gümüş və 37 bürünc) qazanıblar. Millimizin
aktivinə ən çox medal cüdoçularımız
tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal -
11 qızıl, 12 gümüş və 3 bürünc
əldə ediblər. Qazanılan uğurda
güləşçilərimizin (23 medal) və gimnastlarımızın
(20 medal) da böyük payı var.
Türkiyə ikinci
(194 medal), İran üçüncü (97 medal),
Özbəkistan dördüncü (63 medal), Bəhreyn
beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə
yarışlarda 40 ölkənin idmançıları 1600
medal qazanıblar.
Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir
sıra yarışları arenalarda izləməsi və
qaliblərə medalları şəxsən təqdim
etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni
məzmunla zənginləşdirib.
AZƏRTAC IV İslam
Həmrəyliyi Oyunlarının dünya şöhrətli
“Betty Productions Ltd” tərəfindən hazırlanan və
beynəlxalq bədii, səhnə quruluşu və texniki
heyətlərin iştirakı ilə reallaşdırılan
bağlanış mərasimindən onlayn reportaja
başlayır.
Tamaşaçılar
gözəl və mükəmməl idman qurğusu olan
Bakı Olimpiya Stadionunun tribunalarında öz yerlərini
tutublar: 68 min yerlik stadion tamaşaçılarla dolub. Meydança
müasir səs sistemi ilə təchiz olunmuş 360
dərəcəli nəhəng səhnəyə
çevrilib.Səhnə tərtibatı İslam
incəsənətinin bənzərsiz həndəsi
naxışlarına və ənənəvi Azərbaycan
xalçalarının elementlərinə əsaslanır. Səhnənin
mərkəzində döymə üsulu ilə
hazırlanmış və hamarlanmış, diametri 8 metr olan
böyük su sinisi və hündürlüyü 25 metrə
çatan “Həyat ağacı” yerləşdirilib.
Mayın 20-də
atletika yarışları başa çatdıqdan sonra
səhnə cəmi 36 saat ərzində qurulub. “Bakı-2017”nin açılış
və bağlanış mərasimlərinin
hazırlanmasına 31 ölkədən 5000-dən çox
səhnə mütəxəssisi, texniki heyət və
aktyorlar qrupu cəlb olunub. Bağlanış mərasimi
1500 könüllü tərəfindən
canlandırılacaq.
Qarşıdakı
mərasimin möhtəşəmliyini bu faktlardan aydın
görmək olar: Oyunların açılış
şousunda istifadə olunmuş 270 dönmə
dərəcəli işıq dirəyini 360 dönmə
dərəcəsinə çevirmək üçün 12
nəfər 36 saat çalışıb. Mərasim
üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq
generator gətirilib. Stadionda 300-dən çox
səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda
kabel çəkilib. Mindən çox işıq
avadanlığı 60 kilometrlik kabellərlə
birləşdirilib. “Bakı-2017”nin açılış
və bağlanış mərasimlərinin
kostyumlarının tikilməsi üçün 15 min metr
parçadan istifadə olunub.Monitorda təsvir:
İçərişəhərdə gənc qadın havaya
qızılı toz üfürür. Gilavar
qonaqpərvərliyi və xeyirxahlığı ilə
məşhur olan ölkəmizdə hər qapını
açaraq onu bütün Azərbaycana
yayır.Xəzərdən əsən, özü ilə
hərarət gətirən külək - gilavar
qışı yumşaldır, havanı
mülayimləşdirir və nəhayət, baharın
müjdəsini çatdırır, insanları
dənizkənarı bulvara, əylənib
şənlənməyə səsləyir.Hamını qoynuna alan gilavar
küləklər şəhəri Bakıya qonaq gələn
hər kəsi salamlayır. Məhz onun müsbət,
güclü enerjisi bağlanış mərasiminin əsas
qayəsini təşkil edir.
Tamaşaçı
Azərbaycanın bir çox təbii və memarlıq
abidələrini - Şəki Xan Sarayı, Qobustan Milli
Qoruğu, Şirvanşahlar Sarayı, Qız qalası və
Heydər Əliyev Mərkəzini seyr edərək, Bakı
Olimpiya Stadionuna gəlib çıxır.Sonra 10-dan 1-ə
geriyə sayım başlayır və bununla da IV İslam
Həmrəyliyi Oyunlarının bağlanış
mərasiminə start verilir.
Bu axşamkı
mərasimdə 1500 könüllü çıxış
edir.
Stadionda Yaşar
Baxışın “Əbədi birlik” əsəri
səslənir.
Tamaşaçılar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi,
birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman
Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri
hərarətlə salamlayırlar.
Azərbaycan
bayrağı Xüsusi Dövlət Mühafizə
Xidmətinin Milli Qvardiyasının hərbçiləri
tərəfindən stadiona gətirilərək, Kral Filarmonik
Orkestrinin ifasında səsləndirilən dövlət
himnimizin sədaları altında dirəyə
qaldırılır. Stadion üzərində Azərbaycan
bayrağının rənglərini təcəssüm
etdirən atəşfəşanlıq başlayır.
İdmançıların
paradı başlayır. İslam Həmrəyliyi
Oyunlarında iştirak edən atletlər öz
ölkələrinin milli bayraqları ilə stadiona daxil
olurlar.Paradı ev sahibi olan Azərbaycan atletləri
tamamlayır. Tamaşaçılar Oyunlarda möhtəşəm
qələbə qazanmış
idmançılarımızı ayaq üstə,
sürəkli alqışlarla salamlayırlar. Bu mərasim
“Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə
müşayiət olunur.
Xatırladaq ki,
yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair,
Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad,
Komor Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya,
Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya,
Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv,
Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman,
Pakistan, Fələstin, Qətər, Səudiyyə
Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya,
Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş
Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən
və Azərbaycan idmançıları iştirak ediblər.
İdmançıların
paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi,
Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün
Kazımova, Rilaya, Diana Miro populyar Azərbaycan mahnılarını
səsləndirirlər.
Səhnədə
quraşdırılmış “Həyat ağacı”na su
verilir və o, rişə atmağa başlayır. Ağacın
ümumi uzunluğu 80 metr olan kökləri səhnənin
kənarından çıxır.
Aktyorlar qrupu
üç rəngdə - yaşıl, qəhvəyi və
göy rəngdə 60 ipək zolaqla səhnəyə
çıxırlar. Quşlar onların başları
üzərində uçur və bu zaman ipək zolaqlar
birləşərək gözəl mənzərə
yaradır. Yaşıl rəng - meşələri,
qəhvəyi - dağları, göy isə çayları
təcəssüm etdirir.
İpək zolaqlar
sonda Azərbaycan bayrağının formasını alır.
Mindən çox ağ hava
şarı buludlara çevrilir və aktyorlar onları ip
vasitəsilə hərəkətə gətirirlər. İpək
zolaqlar Azərbaycanın yerdən çıxan əbədi
odlarını əks etdirir.
Səhnə
üzərində qanadlarının uzunluğu 3,4 metr olan
50 süni quş uçur.
“Şərəfli
ölkə” adlanan bu səhnənin nümayişi zamanı
Azərbaycan musiqi qrupu “Amarok” “İncilər”
mahnısını səsləndirir.Stadiondakı ekranlarda 10
günün unudulmaz anları, idman yarışlarından
epizodlar nümayiş etdirilir. Biz inanılmaz bacarıq,
mübarizlik və sevinc anlarını seyr edirik. Yarışların
sevincli və kədərli anları da oldu.Bununla belə, son
nəticədə dostluq qalib gəldi.
Yarış
epizodlarının nümayişi zamanı Azərbaycanın
“Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinə
təqdim etdiyi “Hour of the Wolf” mahnısı
səsləndirilir.
Günəş
qalxır və səhnə üzərində
hərəkət edir. Onun fırlanan 60 paneli
qızılı şüanı göstərmək
üçün hava hərəkəti ustaları
tərəfindən hərəkətə gətirilir. Diametri
6 metr olan günəşin şüası səhnədə
tamaşaya start verir.
“Xəzərin
üzərində nur” adlanan bu səhnəciyi 454 aktyor
canlandırır. Stadionda “Qarabağ şikəstəsi”nin əzəmətli
sədaları səslənir.
Kitab formasında
bir-biri ilə birləşdirilmiş 1000-dən çox
əlvan üçbucaq iki böyük altıbucaq
formalaşdırır. Kitabın səhifələri
“şəbəkə” sənətindən ilhamlanaraq,
maraqlı naxışları yaratmaq üçün 110
səhnə iştirakçısı tərəfindən
vərəqlənir. Günəş öz yerini
tutduğu zaman həmin kitablar açılaraq göy
işıq saçır və havaya qaldırılaraq
Xəzərin gözəl 3D görüntüsünü
yaradır.Stadionda “Gilavar” səhnəsinin nümayişi
başlayır. Bakı bulvarının gündəlik
əyləncəli həyatından səhnələr əks
olunur. Kimi çərpələng və hava
şarları ilə oynayır, kimi şahmat taxtası
arxasında əyləşib, kimi də küləyin
əllərdən qopardığı qəzetlərin arxasınca
qaçır. Bütün rekvizit və kostyumlar
gilavarı əks etdirən dalğavari naxışlarla
bəzədilib.
Səhnə
iştirakçıları “Yallı” getdiyi zaman buludlar
qalxır.
Mindən artıq hava
şarı və gilavar “Həyat ağacı”nın yarpaqlarını
gecə səmasına qaldırır.
Stadionda Gülarə
Əliyevanın “Şur fantaziyası” səsləndirilir.
Səmada işıq
saçan aypara görünür və səhnə
üzərində hərəkət edir. Aktyorlar qlobusu
saxlayan əlləri və sülh rəmzi olan
göyərçini formalaşdırır.
“Həmrəylik
ruhu” adlı bu səhnədə aktyorlar Azərbaycanın
dekorativ incəsənətində və memarlığında
işlədilən, alov mənasını daşıyan buta
fiqurlarını yaradırlar.
Aypara
səhnənin mərkəzinə doğru hərəkət
edir. Səhnə iştirakçıları aypara
formalaşdırmaq üçün 750-dən artıq alovu
yandırır. Onlar fəvvarəyə çevrilən su
sinisini dövrəyə alırlar. Əllidən çox
İslam ölkəsinin qovuşan suları gözəl
fəvvarəyə çevrilir və ayparaya doğru
yüksəlir.
Su
yüksəldikcə Aydan parıltılı konfetti
düşür.
Bu axşam Bakı
İslamiadanın birlik və həmrəylik ruhunu dünya
ilə bölüşür.
Natiq ritm qrupunun
ifasında “Qarabağ” mahnısının sədaları
stadiona yayılır.
Diqqət yenidən
monitorlara yönəlir. Stadionda Azad Vəliyevin “Yeni
Gün” mahnısı səslənir. Ekranlarda
təxminən 8000 könüllünün Oyunların
uğurla keçirilməsinə verdiyi böyük
töhfəni təsvir edən videoçarx nümayiş
olunur.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
“Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva çıxış üçün
səhnəyə dəvət olunur.
Müstəqil
Azərbaycanın növbəti beynəlxalq
qələbəsi – IV İslam Həmrəyliyi
Oyunlarının başa çatması münasibətilə
hamını təbrik edən və
təşəkkürünü bildirən Mehriban Əliyeva
deyir: Son 10 gün ərzində İslam aləminin
idmançıları idman, dostluq və birliyin
möhtəşəm təntənəsi
çərçivəsində bir araya gəldilər. Onların
mübarizliyi və fədakarlığı
həqiqətən valehedici oldu. Onların
çıxışlarını seyr etmək böyük
hisslər yaratdı.
İdmançıları
nailiyyətləri münasibətilə təbrik edən
və İslam aləminin tamaşaçılarına verdiyi
sevincə görə onlara təşəkkürünü
çatdıran Təşkilat Komitəsinin sədri
ümidvar olduğunu bildirir ki, atletlər Bakıdan
bütün həyatları boyu unutmayacaqları ən xoş
xatirələrlə ayrılacaqlar.
Azərbaycan
komandasının ümumilikdə 162, o cümlədən 75
qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer
tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini
vurğulayan Mehriban Əliyeva idmançılarımıza
müraciətlə deyir ki, onların
fədakarlığı və ustalığı
həmvətənlərimizi ilhamlandırır və
gələcək nəslə ən parlaq nümunə kimi
xidmət edəcək.
“Lakin son 10 gün
ərzində burada, Bakıda bizim üçün və
hamı üçün əsl qələbə bu Oyunlarda
gördüyümüz İslam aləminin həmrəyliyi
oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar
arasında dostluq ruhuna dəstək verdi. Biz
hamımız gələcəkdə bu ülvi missiyanın
davam etdirilməsi üçün yorulmadan
çalışmalıyıq”, - deyə Birinci vitse-prezident
bildirir.
Oyunların uğurlu
olmasında könüllülərin böyük rolunu qeyd
edən Mehriban Əliyeva onları İslamiadanın geniş
qəlbi adlandırır və gördükləri işlərə
görə hər birinə minnətdarlığını
ifadə edir.
“Mən
məmnuniyyətlə elan edirəm ki, növbəti İslam
Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda
keçiriləcək. Biz türk qardaş və
bacılarımıza böyük
müvəffəqiyyətlər arzulayırıq”, - deyən
Təşkilat Komitəsinin sədri IV Bakı İslam
Həmrəyliyi Oyunlarını bağlı elan edir.
Mikrofon
önünə İslam Həmrəyliyi İdman
Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser
keçir. O vurğulayır ki, bu əlamətdar İslam
Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və
“Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım
Mehriban Əliyevanın və onun Azərbaycan İslam
Həmrəyliyi Oyunları Təşkilat Komitəsində
çalışan heyətinin fəaliyyəti
sayəsində qonaqpərvər ev sahibinin səyləri
ilə mümkün oldu.
Faisal
Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman
Federasiyası adından idmançılara Oyunlarda iştirak
etdiklərinə, könüllülərə
“Bakı-2017”yə verdikləri töhfəyə və
Azərbaycan xalqına göstərdiyi fədakarlığa,
çox böyük qonaqpərvərliyə görə
təşəkkürünü bildirir.
İslam
Həmrəyliyi İdman Federasiyasının baş katibi
çıxışını bu sözlərlə
tamamlayır: “Dörd ildən sonra “İstanbul 2021”
Oyunlarını qeyd etmək üçün bir daha bizə
qoşulmağınızı səmimiyyətlə
arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”
Monitorlarda 2021-ci ildə
V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi
edəcək İstanbul şəhərindən
görüntülərin, idman qurğularının əks
olunduğu videoçarx nümayiş etdirilir.
Xüsusi
Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyasının hərbçiləri İslam
Həmrəyliyi İdman Federasiyasının bayrağını
endirirlər.
İslam
Həmrəyliyi İdman Federasiyasının baş katibi
Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə
Respublikasının gənclər və idman nazirinin
müavini, “İstanbul-2021” İslam Həmrəyliyi
Oyunlarının nümayəndəsi Kamuran Özdənə
təqdim edir.
Bu səhnələr
Benjamin Brittenin “The Young Person’s Guide to the
Orchestra” musiqisi, Rövşən
Əsgərzadənin “Qəhrəmanlıq
uvertürası” ilə
müşayiət olunur.
Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilir və Azərbaycan bayrağının
yanında qardaş ölkənin bayrağı
qaldırılır.
Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam edir.
Tamaşaçılar Səmra Rəhimlinin “O sevir”, “Miracle”, Nigar Camalın “Çağıran da ürəkdir” və “Sus” mahnılarını coşqu ilə qarşılayırlar.
Konsert proqramında tanınmış ifaçılar Miri Yusif “Ağ təyyarə” və “Səndən bir dənədir”, Səbinə Babayeva “When the Music Dies” və “Can”, Eldar isə “Tell Me About Love” və “The One” mahnılarını təqdim edirlər. Bu axşam səsləndirilən dörd
mahnı Azərbaycanı
“Eurovision” mahnı müsabiqəsində
təmsil edib.
Rəngli döşəmədəki proyeksiyalar
səhnəyə canlılıq
gətirir.
Tünzalə Ağayevanın ifasında
“Sürət – 2017 Azərbaycan
Qran-Prisi” mahnısı
səslənir. İfa zamanı
30 səhnə iştirakçısı
Bakı şəhər
halqasını təsvir
edən əsas səhnədə işıq
saçan çubuqlarla
rəqs edir.
Müğənni “Birlik” konsertini
“Bakı-2017” könüllülərinə
həsr olunmuş
“Salam Bakı” himni və “Mən Azərbaycanlıyam” mahnısı
ilə yekunlaşdırır.
Yaddaşlarda dərin iz qoyan,
tarixə çevrilən
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış
mərasimi möhtəşəm
atəşfəşanlıqla başa çatır.
Iki sahil.- 23.may.- S.8.