Mirbağır Mirheydərzadə Naxçıvanda ilk
dövlət muzeyinin qurucularından olub
XIX əsrin
sonu, XX əsrin əvvəlləri tarixə Azərbaycanda
maarifçiliyin intibah dövrü kimi daxil olmuşdur. Həmin dövrdə qədim Naxçıvan diyarı da Azərbaycana çoxlu görkəmli şəxsiyyətlər,
vətənpərvər övladlar
bəxş etmişdir.
Vətənini sevən,
yaşadığı torpağa
bağlı olan vətənpərvər övladlardan
biri də Mirbağır Mirheydər
oğlu Mirheydərzadə
olmuşdur. Anadan olmasının 140 illiyi tamam olan bu
maarifpərvər ziyalı
mənalı həyatının 15 ilə yaxın bir dövrünü Naxçıvanda
muzey quruculuğu işinə həsr etmişdir.
Mirbağır Mirheydərzadə 1877-ci ildə
Ordubad rayonunun Nürgüt kəndində
yoxsul kəndli ailəsində anadan olmuşdur. Bir neçə il sonra onun ailəsi
köçüb Naxçıvan
şəhərinə gəlir.
1887-1896-cı illərdə Naxçıvan şəhər
mədrəsəsində təhsil
alan bu gənc
1899-cu ildə Təbriz
ruhani məktəbində
təhsilini başa vurur. Naxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla
tanış olur və onlarla tez-tez görüşür.
XX əsrin ilk illərində Rusiyanın, Ukraynanın mərkəzi şəhərlərində,
Bakıda, Tiflisdə və digər yerlərdə cərəyan
edən ictimai-siyasi prosesləri diqqətlə
izləyən Mirbağır
Mirheydərzadə yavaş-yavaş
ruhanilikdən uzaqlaşaraq
siyasətlə məşğul
olur, bu fəaliyyətinə görə
dəfələrlə
təqiblərə məruz
qalır, həbsxanaya
salınır.
Mütərəqqi fikirli Mirbağır
Mirheydərzadə siyasi
fəaliyyəti ilə
şah və çar üsul-idarəçiliyinə
qarşı mübarizə
aparmaqla bərabər,
1918-1919-cu illərdə erməni
daşnaklarına və
ingilis-amerikan müdaxiləsinə
qarşı da geniş fəaliyyət göstərmişdir. 1918-ci ilin
iyul ayında erməni daşnakları Nehrəmə hücum etdiyi vaxtlarda Mirbağır Mirheydərzadə nehrəmlilərə
silah və hərbi sursat göndərməklə kəndin
müdafiəçilərinə dəstək vermişdir.
O, eyni zamanda tarix, dil-ədəbiyyat, coğrafiya və astronomiya elmləri ilə də dərindən maraqlanır,
rus, ərəb və fars dillərini
mükəmməl bilirdi.
1920-ci ildə
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarında sovet hakimiyyəti bərqərar
olduqdan sonra M.Mirheydərzadənin fəaliyyəti,
əsasən, Naxçıvanın
tarixi, bu ərazidəki qədim abidələrin və yer adlarının öyrənilməsi, arxeoloji
materialların, folklor
nümunələrinin
toplanması və tədqiqi ilə bağlı olmuşdur.
Həmin dövrdə
Naxçıvanda heç
bir elmi müəssisə, idarə
və təşkilat olmadığından o, müstəqil
surətdə tədqiqat
işləri ilə məşğul olur, Naxçıvanın tarixini
və coğrafiyasını
öyrənirdi.
1923-cü ildə
Bakıda Azərbaycanı
Öyrənən Tədqiq
və Tətəbbö
Cəmiyyətinin, 1924-cü ilin oktyabrında Naxçıvanda Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya
Muzeyi, 1925-ci ilin may ayında isə Azərbaycanı Öyrənən Tədqiq
və Tətəbbö
Cəmiyyətinin Naxçıvan
təşkilatı yaradılır. Təsis yığıncağında M.Mirheydərzadə
cəmiyyətin elmi katibi vəzifəsinə seçilmiş və
1928-ci ilin ortalarınadək
bu vəzifədə çalışmışdır. Cəmiyyətin 1925-1928-ci illərdəki fəaliyyəti dövründə
keçirilmiş iclas
protokollarının təhlilindən
aydın olmuşdur ki, cəmiyyətin üzvləri, xüsusilə
onun elmi katibi M.Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak etmişlər.
Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin
fəaliyyətini müəyyən
mənada əks etdirən iclas protokollarının təhlilindən
aydın olur ki, cəmiyyət Naxçıvan Tarix-Etnoqrafiya
Muzeyinin fəaliyyəti
ilə daim maraqlı olmuşdur.
Protokollardan o da məlum olur ki, həmin iclaslarda Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi ilə bağlı məsələlər müzakirə
edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Müzakirədə qəbul olunan
qərarlarda Naxçıvan
Tarix-Etnoqrafiya Muzeyinin
zənginləşdirilməsi, həmin dövrlərdə
Naxçıvana gəlmiş
arxeoloq və etnoqrafların Xaraba Gilandan, Qızılburundan
və Şahtaxtı Govur qalasından əldə etdikləri maddi-mədəniyyət nümunələrinin,
onların fotoşəkillərinin,
həmçinin həmin
arxeoloq və etnoqrafların tərtib etdikləri hesabatların nüsxələrinin muzeyə
verilməsi nəzərdə
tutulurdu.
Faktlardan göründüyü kimi, ötən əsrin 20-ci illərinin ortalarından etibarən Naxçıvan tarixinin öyrənilməsində və
bu tarixi özündə yaşatmağa
başlayan Naxçıvan
Tarix-Etnoqrafiya Muzeyinin
(indiki Naxçıvan
Dövlət Tarix Muzeyinin) təşəkkülündə
və inkişafında
Tədqiq və Tətəbbö Cəmiyyətinin, xüsusilə onun elmi katibi
olmuş M.Mirheydərzadənin
əvəzsiz rolu olmuşdur.
O dövrdə
qazanılan əsas uğurlu nəticə ondan ibarət olmuşdur ki, həmin dövrlərdə
bir çox yerlərdən və xüsusilə Rusiyadan gəlmiş arxeoloqların
Naxçıvanda apardıqları
qazıntı işləri
zamanı əldə olunan maddi-mədəniyyət
nümunələrinin hamısının
olmasa da, bir qismi muzeyə
verilərək onların
Azərbaycandan çıxarılmasının
qarşısı alınmışdır.
Mirbağır Mirheydərzadə Naxçıvan partiya-sovet
məktəbində ölkəşünaslığa
dair fənni tədris etmiş, eyni zamanda elmi-tədqiqat
sahəsində də
geniş fəaliyyət
göstərmiş, Rusiyanın
Moskva, Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərindən və
Bakıdan Naxçıvana
gələn tədqiqatçılara
bələdçilik etmişdir.
Mirbağır Mirheydərzadə Naxçıvan
MSSR Xalq Maarif Komissarlığının 1930-cu il 27 avqust tarixli
362 saylı əmri ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə direktor təyin olunmuş və 1944-cü
ilin yazınadək bu vəzifədə çalışmışdır. Onun muzey direktorluğunun
ilk illərində bu mədəniyyət müəssisənin adı
dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq
Muzeyinə çevrilmişdir.
Naxçıvan Mərkəzi İcraiyyə
Komitəsi və Rəyasət Heyətinin
1932-ci il 26 avqust tarixli iclasında “Naxçıvan Ölkəşünaslıq
Muzeyi” haqqında məsələ müzakirə
olunmuşdur. İclasda
Azərbaycan Dövlət
Tarix Muzeyinin hazırladığı plan
əsasında Naxçıvan
Ölkəşünaslıq Muzeyinin tamamilə yenidən təşkil
edilib başa çatdırılması, bununla
əlaqədar Azərbaycan
SSR Xalq Maarif Komissarlığı tərəfindən
iki nəfər muzey işçisinin kömək üçün
Naxçıvana ezam edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Dövlət
və təsərrüfat
təşkilatlarının sərəncamında olan bütün muzey eksponatlarının Naxçıvan
Dövlət Tarix-Ölkəşünaslıq
Muzeyinə verilməsi
də həmin qərarda öz əksini tapmışdır.
1932-ci ilin oktyabrında
qısa zamanda yenidən təşkil olunan Naxçıvan
Dövlət Tarix-Ölkəşünaslıq
Muzeyi yeni eksponatlarla muxtar respublika sakinlərinin istifadəsinə vermişdir.
Yarandığı ilk
illərdə muzeyin
250-yə qədər eksponatı
olduğu halda onların sayı artırılaraq 1932-ci ildə
2520-yə, 1940-cı ildə isə 4880-ə çatdırılmışdır.
Təkcə 1940-cı ildə
muzeyə gələn
tamaşaçıların sayı 6 min nəfərdən çox
olmuşdur. Bütün
bu faktlar və rəqəmlər M.Mirheydərzadənin muzeydəki
səmərəli fəaliyyətindən
xəbər verir.
Araşdırmalardan aydın olur ki, 30-cu illərin repressiya dalğaları M.Mirheydərzadədən də
yan keçməyib.
XX əsrin əvvəllərindəki
siyasi fəaliyyətinə
görə o da başqaları kimi xüsusi xidmət orqanlarının təqiblərinə
məruz qalmışdır.
1941-1945-ci illər müharibəsi bütün
sahələrdə olduğu
kimi, Naxçıvanda
muzey quruculuğu sahəsində nəzərdə
tutulan tədbirləri
də yarımçıq
qoymuş, muzeydə işlərin səngiməsinə
səbəb olmuşdur.
Tanınmış muzey qurucusu 1956-cı il yanvar ayının
10-da vəfat etmiş
və Naxçıvan
şəhər qəbiristanlığında
dəfn edilmişdir.
Nizami Rəhimov
Naxçıvan Dövlət Tarix
Muzeyinin direktpru
İki
sahil.- 2017.-2 noyabr.- S.15.