Azərbaycanda neft sənayesinin  tərəqqisi olu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

 

    

İyirmi birinci əsrin Azərbaycanı dünyanın ən uğurlu ölkələri sırasındadır. Respublikanın iqtisadiyyatı sürətlə inkişaf edir, sosial həyat dövrün tələblərini nəzərə almaqla qurulur. Paytaxtımız Bakının və regionların müasir mənzərələri ölkəmizin böyük maliyyə imkanlarını əyani şəkildə nümayiş etdirir. İnsanların rifahı, güzəranı ilə bağlı məsələlər ardıcıl həll olunur, ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən yeni möhtəşəm quruculuq proqramları həyata keçirilir. Azərbaycan geniş tərəqqi və müasirləşmə yolunda inamla irəliləyir.

Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və böyük uzaqgörənliklə işləyib hazırladığı Yeni Neft Strategiyası ilə başlanmış bir yoldur.

Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən böyük Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.

Ölkəmizin şanlı neft epopeyasının əsl qəhrəmanlıq və fədakarlıq nümunələri ilə, cəsarətli təkliflər, təşəbbüs və ideyalarla zəngin olan təxminən otuz dörd illik Heydər Əliyev dövrü yaddaşıma bütün təfərrüatı, ən xırda detalları ilə həkk edilmişdir...

Ümummilli liderimizlə mənim ilk görüşüm, onun respublika rəhbərliyinə gəlməsindən bir il qabaq olmuşdur. 1968-ci ildə Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl Moskvada sovet rəhbərliyi ilə danışıqlardan sonra vətəninə yolunu Bakıdan salmışdı. Azərbaycan paytaxtına səfəri çərçivəsində o, Xəzər neftçilərinin işləri ilə tanış olmaq istəmiş və buna görə də hörmətli qonağı Qum adasına gətirmişdilər. Süleyman Dəmirəli Qum adasına müşayiət edən rəsmi şəxslərdən biri respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev idi. Elə ilk tanışlığımızdan bizə o, çox mehriban, səmimi və istiqanlı bir insan təsiri bağışladı. Onun qətiyyətli və nüfuzedici baxışları indi də gözlərimin önündədir.

Ötən əsrin altmışıncı illərində Azərbaycana gələn xarici qonaqların əksəriyyəti dənizdəki neft mədənlərini görmək, neftçilərimizlə görüşüb söhbət etmək istəyirdilər. Bu, təbii bir istək idi, çünki Azərbaycan dənizdə neftçıxarmanın pioneri kimi böyük şöhrət qazanmışdı. Amma bununla belə, həmin illərdə respublikamızın neft sənayesində vəziyyət ürəkaçan deyildi. Respublika iqtisadiyyatının digər sahələri kimi neft və qaz sənayesi də tənəzzülə uğramışdı. Belə bir vaxtda - 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin geriliyə dözməyəcəyi elə ilk günlərdən məlum oldu. Bu, bizi çox sevindirdi, çünki qədim Odlar diyarı kimi tanınmış respublikamızın bu sahədə geriləməsi neftçilərə həqiqətən də ağır gəlirdi.

1970-ci ildə Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyevin məruzəsi də göstərdi ki, respublikanın rəhbərliyi neftimizin itirilmiş şöhrətini bərpa etmək, iqtisadiyyatı sürətlə inkişaf etdirmək xəttini götürmüşdür. Həmin plenumu mən yaxşı xatırlayıram və yadımdadır ki, plenumdakı məruzəsində Heydər Əliyev neft sənayesinin işini ətraflı təhlil etdi, uzunmüddətli geriliyin səbəblərini göstərdi, görüləcək işlərin proqramını verdi. Beləliklə də hərtərəfli düşünülmüş, qlobal tədbirlərin həyata keçirilməsinə start verildi. Ötən əsrin 70-80 illərində neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. Bunların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə "Azərbaycan" kran gəmisi, borudüzən və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi. O vaxt dünyada analoqu olmayan dərin dəniz özülləri zavodu inşa edildi. Geoloji-kəşfiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə "Xəzər" tipli özüqalxan qazma qurğuları, sonra isə "Şelf" tipli yarımdalma üzən qazma qurğusu verildi...

Bütün bunlar 1970-ci ildən bilavasitə dənizin içərilərinə istiqamətləndirilmiş mühüm təşkilati tədbirlərin məntiqi davamı idi. Həmin il Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində "Xəzərdənizneft" istehsalat Birliyi yaradıldı. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitindəki iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında - İranla sərhəddən Şimali Xəzərədək uzanan çox geniş bir ərazidə geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərini və s. bizə həvalə etdi.Yeri gəlmişkən deyim ki, o vaxt həmin İstehsalat Birliyinə baş direktorun müavini-baş geoloq vəzifəsinə məni ümummilli liderimiz təyin etdi və beləliklə də tale mənə uzun illər onun rəhbərliyi altında işləmək, vaxtaşırı onunla ünsiyyətdə olmaq xoşbəxtliyini nəsib etdi.

 

Neft sənayesində baş verən dəyişikliklər ölkəmizə nə verdi? Bu sualın cavabı çox genişdir. Mən isə o vaxt əldə edilmiş nailiyyətləri xatırlatmaq üçün ən mühüm fakt və rəqəmlərlə kifayətlənəcəyəm.

 

Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin Türkmənistan sektorunda Şərqi Livanov, İ.M.Qubkin adına, Barinov adına, LAM və Çələkənyanı günbəz, Rusiya sektorunda İnçixe-dəniz 1 və İnçixe-dəniz 2 neft yataqlarını və Qazaxıstan sektorunda bir neft yatağını kəşf etdilər.

 

Heydər Əliyevin respublikamıza rəhbərliyinin sovet dövrü təkcə istehsalat nailiyyətləri ilə deyil, həm də ümummilli liderimizin neftçilərə böyük qayğısı ilə xarakterizə edilir. Yalnız bir fakt: ulu öndərin respublikaya rəhbərliyi illərində neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. 70-ci illərin sonlarında neftçilərin mənzilə ehtiyacı 95 faizdən də çox ödənilmişdi.

 

İllər keçdi. Respublika üçün yeni sınaqlar dövrü başlandı. 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycanda təzə bir qurum - Dövlət Neft Konserni yaradıldı. O vaxt respublikada vəziyyət çox gərgin idi, hər yerdə, o cümlədən neft sənayesində hərc-mərclik hökm sürürdü. Sonra Konsern ləğv edildi, əvəzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) yaradıldı. Amma mütəxəssislərin səylərinə baxmayaraq, neft sənayesində vəziyyər ağır olaraq qalırdı.

 

Nahayət, 1993-cü ildə xalqın tələbi ilə cənab Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı.

 

O vaxt iqtisadi əlaqələr pozulmuş, təchizatla bağlı problemlər kəskinləşmiş, neft sənayesi, sözün əsl mənasında iflic olmuşdu. Neft və qaz hasilatının səviyyəsi getdikcə aşağı düşürdü. Buna son qoymaq və iqtisadi dirçəlişə nail olmaq üçün "Günəşli" yatağının dərinsulu hissəsinin, "Çıraq" və Azəri" yataqlarının işlənilməsini təmin etmək lazım idi. Lakin zəruri maliyyə vəsaiti və müvafiq texniki vasitələri olmayan Azərbaycan bu işi təkbaşına, yalnız öz qüvvəsi ilə görmək iqtidarında deyildi. İki yol vardı: ya 30-40 il gözləməliydik, ya da xarici neft şirkətlərini dəvət edib, yataqları birgə işlətməliydik. Prezidentimiz Heydər Əliyevin rəhbərliyi altında Dövlət Neft Şirkəti Azərbaycanın milli marağına tamamilə uyğun gələn ikinci yolu seçdi. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu yolun əleyhdarları da var idi və onlar belə hesab edirdilər ki, nəzərdə tutulan işlər Azərbaycanın daxili imkanları sayəsində həyata keçirilə bilər. Lakin tamamilə yoxsullaşmış respublika böyük işlərin öhdəsindən gəlmək iqtidarında deyildi. Digər tərəfdən, məlumdur ki, dənizin dərinsulu sahələrində neft-qaz yataqlarının işlənilməsi çox mürəkkəb məsələdir və belə yataqlardan neft-qaz hasil etmək üçün xarici şirkətlərlə işbirliyinin qurulması dünya təcrübəsində geniş yayılmış bir üsuldur. Riskləri azaltmaq üçün dünyanın ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri, inkişaf etmiş digər ölkələr və iri neft şirkətləri də dərinsulu akvatoriyalarda səylərini, imkanlarını birləşdirməyə üstünlük verirlər. Qeyd etməliyəm ki, xarici şirkətlərlə "Azəri" yatağı üzrə danışıqlar hələ sovet dövründə başlanmışdı. Lakin bu danışıqların öz məntiqi nəticəsinə çatdırılması yalnız Heydər Əliyevin respublika rəhbərliyinə ikinci qayıdışından sonra mümkün oldu. Danışıqlar prosesi onun sayəsində sürətləndi, bütün mürəkkəb məsələlər barəsində dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə birgə razılıq əldə edildi və 1994-cü il sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi düşmüş "Azəri" , "Çıraq" və "Günəşli" (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" məşhur Saziş imzalandı.

 

"Əsrin Müqaviləsi"nin Azərbaycan üçün əhəmiyyətindən çox danışmaq olar. Bununla belə, oxucuların diqqətini mən bizim üçün olduqca önəmli sayılan iki əsas məsələyə cəlb etmək istəyirəm.

 

Əvvəla, Saziş dünyanın aparıcı ölkələri və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu Saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 33 müqavilə bağlandı və bu, onun böyük siyasi əhəmiyyətidir.

 

"Əsrin Müqaviləsi"nin çox böyük iqtisadi faydası isə respublikada neft-qaz hasilatının səviyyəsinin yüksəldilməsində onun rolu ilə izah olunur. Neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona, qaz hasilatı isə 2004-cü ildəki 5 milyard kubmetrdən 2010-cu ildə 26,0 milyard kubmetrə çatdırıldı.

 

Hazırda bu Saziş üzrə "Çıraq", "Azəri" və "Günəşli" (dərinsulu hissə) sahələrində quraşdırılmış dəniz özüllərindən 60-dan artıq istismar quyusu qazılmışdır. Bu quyulardan gündə orta hesabla 91 min tondan çox neft və 35 milyon kubmetr qaz çıxarılır. Həmin yataqlardan işlənilmənin əvvəlindən, yəni 1997-ci ilin noyabrından bəri 298,4 milyon tondan artıq neft və 81,4 milyard kubmetrdən çox qaz hasil edilmişdir.

 

Artıq 14-cü ildir ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan "mənfəət nefti"ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın "mənfəət nefti" ilə dolu tankerlər xarici bazarlara yol alır. 2013-cü ilin aprel ayının 1-dək dünya bazarlarında 152 milyon ton "mənfəət nefti" satılmışdır. Mənfəət neftindən əldə edilən gəlirin xalqın xidmətinə verilməsi, onun rifahının yüksəldilməsinə yönəldilməsi üçün ümummilli liderimiz Heydər Əliyev yenə də müdriklik və uzaqgörənlik nümayiş etdirərək, "Neft fondu" yaratdı. "Mənfəət nefti"nin satışından əldə edilən gəlir "Neft Fondu"nda toplanır, respublikanın qeyri-neft sektorunun, regionların və ümumiyyətlə, Azərbaycanın tərəqqisinə sərf edilir.

 

Əgər "Azəri-Çıraq-Günəşli" layihəsi ümummilli liderimiz Heydər Əliyevin birinci böyük əsəri idisə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri onun ikinci əsəri oldu. Bu kəmər çəkiləndə Azərbaycan nefti dünya bazarlarına 2 ixrac boru kəməri vasitəsilə çıxarılırdı: Bakı-Novorossiysk və Bakı-Supsa. Bakı-Tbilisi-Ceyhan kəməri çəkiləndə bunun da əleyhdarları tapıldı. Lakin həyat göstərdi ki, uzunluğu 1730 kilometr, illik buraxıcılıq qabiliyyəti 50 milyon ton olan BTC-nin Azərbaycan və region üçün son dərəcə böyük əhəmiyyəti vardır.

 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2005-ci il may ayının 28-də istismara verildi. Kəmərin təntənəli açılışı isə 2006-cı il iyul ayının 13-də oldu. Açılış mərasiminin iştirakçısı kimi deməliyəm ki, bu əsas ixrac neft kəməri bütün dünyaya səs saldı. Azərbaycan Prezidenti İlham Əliyev təntənəli mərasimdəki nitqində əmin olduğunu bildirdi ki, neft kəməri Avropa və dünya dövlətləri arasında iqtisadi əlaqələrin və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

 

"Əsrin Müqaviləsi"nin övladı kimi bu layihənin bir çox üstün cəhətləri vardır. Bu ixrac neft kəməri Qara dənizdən yan keçərək, böyük tutumlu tankerlərin hərəkət etmək imkanı olmayan Bosfor və Dardanel bogazlarından keçmədən birbaşa Aralıq dənizinə çıxır. Aralıq dənizində böyük tutumlu tankerlərin hərəkət etmək imkanları çox olduğundan neftin ən müxtəlif istiqamətlərdə daşınmasının iqtisadi cəhətdən sərfəli olacağı barədə fikirlər təsdiq edildi. Beləliklə, Aralıq dənizini əhatə edən dövlətlərin neftə böyük həcmdə ehtiyaclarını ödəməyə və dünyanın digər ölkələrinə Azərbaycan neftinin nəql edilməsinə imkan yarandı. Nəhayət onu da deyim ki, bu il mart ayının sonunadək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 213 milyon tondan çox neft ixrac edilmişdir.

 

Əgər "Əsrin Müqaviləsi" Azərbaycanı neft ölkəsi kimi təsdiq etdisə, "Şahdəniz" yatağının kəşfi respublikamızı dünyaya qaz ölkəsi kimi tanıtdırdı.

 

"Şahdəniz" strukturu birinci dəfə 1954-cü ildə Azərbaycan geofizikləri tərəfindən aşkar edilmiş və 1983-cü ildə dərin axtarış qazmasına hazırlanmışdı. Lakin həmin sahədə dənizin dərinliyinin çox olması və perspektiv neftli-qazlı layların böyük dərinliklərdə yatması ilə, həmçinin iqtisadi çətinliklərlə əlaqədar burada aparılan işlər nəticə verməmişdi. "Şahdəniz" strukturunun yenidən dərin kəşfiyyat qazmasına daxil edilməsi 1996-cı il iyunun 4-də xarici şirkətlərlə "Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" perspektivli sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin imzalanması hesabına mümkün oldu. Saziş üzrə aparılan axtarış-kəşfiyyat işləri nəticəsində "Şahdəniz" yatağı 1999-cu ilin iyul ayında aşkar edildi.

 

Həmin il iyulun 12-də yataqda əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxış etmək üçün ulu öndərimiz mənə də söz verdi. Mən Xəzərdə zəngin neft və qaz yataqlarının kəşf edilməsində və işlədilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdım və "Şahdəniz" yatağı barədə məlumat verərkən dedim ki, bu yatağın da taleyi Heydər Əliyevlə bağlıdır. Qeyd etdim ki, "...baxmayaraq, Azərbaycan geoloqları, geofizikləri iyirmi ildir bu yatağın perspektivinə inanırdılar, orada iş görürdülər, amma ortada bir şey yox idi. Yadımdadır, 1996-cı ilin may ayı idi. Hörmətli Prezidentimiz hamımızı yığdı, bizi dinlədi. Sonra da öz qətiyyəti ilə qərara gəldi ki, biz Azərbaycanı qazla mütləq təmin etməkdən ötrü "Şahdəniz" yatağında hökmən xaricilərlə birlikdə işləməliyik". Daha sonra "Şahdəniz" yatağının ehtiyatları məsələsinə toxunaraq dedim ki, biz inanırıq, yataqda ikinci-üçüncü quyular qazılandan sonra onun ehtiyatı bundan da artıq olacaqdır. Buna heç bir şübhəmiz yoxdur. Bu vaxt Heydər Əliyevlə mənim aramda belə bir dialoq oldu:

 

Heydər Əliyev: Demək, indi 700 milyard kubmetrdir. Bunu deyirsiniz.

 

Cavab verdim: Bəli, amma mənə qalsa deyə bilərəm ki, orada ehtiyat bir trilyon kubmetrdən az olmaz. Bəlkə, artıq olacaq, amma əskik olmaz.

 

Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, "Şahdəniz" yatağının karbohidrogen ehtiyatları bir trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu, dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir.

 

"Şahdəniz" yatağının mənimsənilməsinə 2006-cı ilin dekabrında başlandı və hazırda da yataqda işlərimiz uğurla gedir. İndiyədək burada 6 istismar quyusu qazılıb. Bu quyuların gündəlik hasilat imkanı 25 milyon kubmetr qaz və 6000 ton kondensatdır. İşlənmənin əvvəlindən "Şahdəniz" yatağından 40,6 milyard kubmetr qaz, 10,7 milyon ton kondensat hasil edilmişdir. Bu yataqda "Faza-2" layihəsinin həyata keçirilməsi ilə illik qaz hasilatı 25 milyard kubmetrə çatdırıla bilər.

 

"Şahdəniz" yatağının kəşfi ilə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildi.

 

Azərbaycan qazının dünya bazarlarına çıxarılması məqsədilə 2007-ci ildə Cənubi Qafqaz ixrac boru kəməri istifadəyə verildi. Uzunluğu 971 kilometr olan bu ixrac boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlanır. Onun 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan, 280 kilometri Türkiyə ərazisindən keçir və burada o, Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qovuşur. Qaz kəmərinin diametri 1066 mm (42 düymə), keçiricilik qabiliyyəti ildə 20 milyard kubmetrə qədərdir.

Müstəqilliyimizin 22 ili ərzində ölkədə 252 milyard kubmetr qaz hasil edilmişdir. Bu ilin mart ayınadək Türkiyəyə 24,2 Gürcüstana 5,9, Rusiyaya isə 2,8 milyard kubmetr qaz ixrac olunmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin yeni neft strategiyasının, onun müəyyən etdiyi möhtəşəm vəzifələrin həyata keçirilməsi uğrunda genişmiqyaslı iş ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməkdədir. Məhz onun rəhbərliyi ilə son illərdə Azərbaycan neftçiləri şanlı neft salnaməsinə yeni parlaq səhifələr yazmış, ulu öndərimizin arzularının həqiqətə çevrilməsi üçün böyük işlər görmüşlər. Bu səhifələrdən biri "Ümid" yatağının kəşf olunması ilə bağlıdır. Bu barədə danışarkən mən bir məsələni də qeyd etmək istəyirəm: əgər 2010-cu ilədək Xəzərdə axtarış-kəşfiyyat işlərini xarici şirkətlərlə birgə aparırdıqsa, həmin ildən ARDNŞ bu işlərin bir qismini özü görməyə başladı. Belə ki, uzun fasilədən sonra Xəzərin Azərbaycan sektorundakı "Ümid" strukturunda yenidən axtarış-kəşfiyyat işlərinə başlanması 2010-cu ilin noyabrında burada nəhəng qaz-kondensat yatağının kəşf edilməsi ilə nəticələndi.

Həmin ilin noyabr ayının 24-də Prezident İlham Əliyev ölkəmizin neft-qaz tarixində bu böyük hadisə münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşdü.

Dövlət başçısı görüşdəki nitqində dedi: "Ümid" yatağı açıldı. Bu, çox gözəl hadisədir, böyük tarixi hadisədir. Bu hadisə münasibətilə sizi, Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaqdır.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. "Əsrin kontraktı"nın, "Şahdəniz" yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan bu gün dünya enerji xəritəsində özünəməxsus rola malikdir. Mövqelərimiz möhkəmlənir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

"Ümid" yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır... Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir".

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək, neftçilərin əməyinə verdiyi qiymətə görə cənab Prezidentə təşəkkürünü bildirdi.

Mən isə dövlətimizin başçısına Xəzərin Azərbaycan sektorundakı bir sıra təbii qaz yataqlarının texniki-iqtisadi göstəriciləri haqqında məlumat verdim.

İlkin hesablamalara görə, "Ümid" strukturunun 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat ehtiyatı vardır.

2011-ci ilin iyul ayında Ümid-1 özülündən layihə dərinliyi 6500 metr olan 10 nömrəli kəşfiyyat quyusunun qazılmasına başlandı və 2012-ci il iyun ayının 8-də quyu perforasiya edilərək mənimsənilmişdir. Quyudan quyuağzı təzyiq 600 atm, 10 mm-lik ştuserlə gün ərzində 700 milyon kubmetr qaz və 100 kubmetr kondensat alınmışdır.

Hazırda özüldən layihə dərinliyi 6550 metr olan 12 nömrəli quyu qazılır. Artıq quyunun dərinliyi 6000 metrə çatdırılıb, qazma işi davam etdirilir.

"Ümid" yatağının kəşfindən sonra daha bir mühüm hadisə baş verdi. 2011-ci ilin sentyabrında Xəzərin "Abşeron" blokunda iri qaz-kondensat yatağı kəşf edildi. Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, dənizin dərinliyi 473,5 metr olan sahədə bu yatağın kəşf olunması Fransanın "Total" və "Gas de France" şirkətləri ilə ARDNŞ arasında hasilatın pay bölgüsü sazişi çərçivəsində görülmüş birgə işin nəticəsidir.

 

2011-ci il sentyabr ayının 9-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə görüş zamanı ARDNŞ-nin və "Total" şirkətinin rəhbərliyi Xəzərin Azərbaycan sektorunda iri qaz-kondensat yatağı olan Abşeron yatağının kəşf edildiyini bildirdilər.

Görüşdə Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron blokunda iri qaz-kondensat yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə yeni qaz-kondensat yatağının kəşf olunmasının dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcəyini vurğuladı.

O dedi: "Abşeron qaz-kondensat yatağının kəşfi bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək".

"Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrell Azərbaycanla bundan sonra da uzunmüddətli əməkdaşlıq etmək ümidində olduğunu bildirdi.

Mən Abşeron strukturunun aşkar edilməsinin tarixi, yatağın kəşfinə qədər görülmüş işlər və yeni qaz-kondensat yatağının texniki-iqtisadi göstariciləri barədə cənab Prezidentə məlumat verdim, yatağın geoloji-geofiziki xüsusiyyətlərini və perspektivliyini şərh etdim.

ARDNŞ-nin ilkin hesablamalarına görə "Abşeron" yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmindədir.

Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağında məhsuldar qatın alt çöküntülərinin qaz ehtiyatının 250 milyard kubmetr həcmində qiymətləndirilməsini nəzərə almaqla, bu günə respublikamızda təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon 550 milyard kubmetrdir.

Gələcəkdə "Babək", "Naxçıvan", "Zəfər", "Məşəl", "Şəfəq", "Asiman" strukturlarında aparılan kəşfiyyat işləri bu ehtiyatları daha da artıracaq.

Respublikada neft və qaz hasilatının artırılması məqsədilə mövcud infrastrukturun modernləşdirilməsinə xüsusi fikir verilir. Çünki mövcud qazma qurğuları Xəzər dənizi akvatoriyasının çox dərin yerlərində quyular qazmağa imkan vermir. Buna görə də qarşıda duran məsələlərin gerçəkləşdirilməsi üçün dənizin 1000 metrədək dərinliklərində 8-10 min metr qazma gücünə malik 4 ədəd son nəsil yeni üzən qazma qurğusunun inşa edilməsi qərara alınmışdır. Bu, böyük investisiya tutumlu layihədir və ölkə iqtisadiyyatının inkişafı nöqteyi-nəzərindən mühüm önəm daşıyır. "Ümid" və "Abşeron" yataqlarında qazmanın intensivliyinin artırılması, yaxın illərdə "Babək", "Naxçıvan", "Zəfər-Məşəl" perspektiv strukturlarında kəşfiyyat işlərinə başlanması bu layihənin həyata keçirilməsi ilə bağlıdır.

Ötən il Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin inşasına dair sənədlər imzalandı. Türkiyə və Avropa istehlakçılarının Azərbaycan qazı ilə təchiz olunması məqsədi ilə reallaşdırılacaq TANAP layihəsi Avropa Birliyi ölkələrinin çoxdan gözlədiyi "Cənub enerji dəhlizi"nin əsasını təşkil edəcək. Artıq müvafiq sazişlər Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya olunmuş və hər iki ölkədə Qanun statusu almışdır. Beynəlxalq birlik TANAP layihəsinə ciddi maraq göstərir və onu dəstəkləyir. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr həcmində planlaşdırılır, gələcəkdə bu göstəricinin artırılması da nəzərdə tutulur.

Daha bir məsələ: məlumdur ki, ölkəmizdə neft, qaz emalı və neft kimyası kompleksi fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Bunu nəzərə alaraq, müasir standartlara cavab verən Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa edilməsinə hazırlıq görülür. Bu, Azərbaycanın tarixində ən nəhəng sənaye layihəsidir və ölkənin gələcək inkişafına etibarlı təminat verəcəkdir.

ARDNŞ Türkiyədə də neft emalı və neft-kimya sahəsində inkişafı baxımından mühüm layihələr həyata keçirir. Türkiyədə səhmlərinin 61,32 faizi şirkətimizə məxsus olan "Petkim"in xammalla təchizatını təmin etmək məqsədilə yeni neft emalı zavodunun tikintisinə başlanmışdır. Oradakı liman da genişləndirilir və tezliklə o, Türkiyənin ən böyük limanı olacaqdır. "Petkim"in enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni elektrik stansiyasının tikintisinə hazırlıq gedir.

Bu yaxınlarda Sumqayıtda karbamid zavodunun tikintisinə başlanılacaqdır. Bu zavod ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına neftçilərin mühüm töhfəsi olacaqdır. Regionda azot gübrəsinə ehtiyacı nəzərə alaraq, belə bir zavodun Gürcüstanda da inşa edilməsi nəzərdə tutulur.

Bakıda gəmiqayırma zavodunun tikintisi uğurla davam etdirilir. Bu, Xəzər dənizində analoqu olmayan bir zavoddur və Xəzər Dəniz Neft Donanmasının gəmi parkının təzələnməsi, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin, Xəzər Gəmiçiliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xəzər hövzəsindəki ölkələrin müasir gəmilərlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Şirkətimiz İsveçrədə, Türkiyədə, Rumıniyada, Birləşmiş Ərəb Əmir-liklərində, Ukraynada, Gürcüstanda uğurlu biznes fəaliyyətini də davam etdirir.

Bütün bunlar - böyük Azərbaycan nefti uğrunda gərgin mübarizənin gedişində əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş beynəlxalq və regional layihələr və onların nəticələri ümummilli liderimiz Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi, onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən müvəffəqyyətlə həyata keçirilən yeni neft strategiyasının həyatiliyini, xalqımız və dövlətimiz üçün misilsiz əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir.

Bir daha qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin ümumiyyətlə respublikamızın, o cümlədən, neft sənayesinin inkişafı üçün gördüyü işlər, müəyyən etdiyi yeni neft strategiyası bundan sonra da Azərbaycanın möhkəm təməl üzərində inkişaf təmin edəcək və biz neftçilər bu vəzifənin həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

İki sahil.- 2017.- 8 noyabr.- S.25.