Naxçıvan
qazandığı uğurlarla iqtisadi inkişafa böyük
töhfələr verir
Dövlət
inkişaf etdikcə, problemlərin öhdəsindən layiqincə
gəldikcə, təmsil etdiyi,
iqtisadi qüdrətinin də artması kimi zəruri
göstəriciləri özündə yaşadır, sabaha və
gələcəyə möhtəşəm nailiyyətlərlə
təqdim edir.
Bu zaman onun milli iqtisadi potensialı
ayrılıqda hər bir fərdi, ümumilikdə isə
bütöv bir cəmiyyəti əhatə etməklə,
yüksək tərəqqi səviyyəsində bərqərar
olur. Təbii ki, əldə olunan nailiyyətlər müasir
dövrün ən mötəbər göstəriciləri
kimi özünü təsdiq etməklə, yeni bir model,
strategiya kimi adını ucalara yüksəldir.
Müasir mütəqillik illərində
özünün iyirmi altı illik inkişaf tarixi ilə
böyük qürur mənbəyinə çevrilən Azərbaycan
çoxşaxəli iqtisadiyyatı ilə istər regionda, istərsə
də dünya miqyasında nümunəyə
çevrilmişdir. İqtisadi gücün çox olması
bütünlükdə ölkənin hərtərəfli
inkişafını təmin edəcək bütün sahələrin
müqavimətlilik, dayanıqlılıq və perspektivlilik səviyyəsini
də əhəmiyyətli dərəcədə yüksəltmişdir.
Dünyanın bir çox ölkələrində
baş alıb gedən, hətta qitə və materikləri də
öz təsirinə salan sosial böhranlar, iqtisadi və siyasi
sıxıntılar, maddi və mənəvi
çöküntülər qarşısında
dayanıqlıq gücünün mövcudluğu ölkəmizi
nəinki, həmin xoşagəlməz hallardan və
acı gerçəkliklərdən qoruya bilir, hətta öz
uğurlarını daha da artırır. Buna ən
parlaq misal olaraq, ölkəmizin bu ilin sentyabr ayında
"Yeni əsrin müqaviləsi"nin imzalanmasını, 30
oktyabr tarixdə Bakı-Tbilisi-Qars Dəmir Yolunun
açılışının keçirilməsini, 1
noyabrda isə ölkə başçısının
İran İslam Respublikasına işgüzar səfərə
getməsi və orada Azərbaycan İran və
Rusiya arasında neft-qaz yataqlarının işlənməsi,
elektroenergetika sahəsində əməkdaşlığın
inkişafı istiqamətində yeni perspektivlərin müəyyən
edilməsi sahəsində danışıqların
aparılması, bununla da, ölkəmizin nəinki, regionda, hətta
dünya səviyyəsində
inkişaf yolunda olduğunu isbatlamasını göstərə
bilərik.
Qeyd etmək lazımdır ki, bütün
bunlar ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi müdrik siyasi xəttin ölkəmizə
qazandırdığı uzunmüddətli, uzaq gələcəyə
istiqamətlənən uğurların tərkib hissəsidir.
Ölkəmizin son on iki ildə keçdiyi
tarixi-iqtisadi inkişaf yolu onun regional iqtisadi siyasət
baxımından mahiyyətini də yüksəltmiş,
innovativ əhəmiyyət qazandırmışdır. Bu gün ölkənin bütün
regionlarının davamlı, tarazlı və dayanıqlı
inkişafına bir-birinin ardınca xidmət edən
üç mərhələdə regional inkişaf dövlət
proqramları fəaliyyət göstərməkdədir və
artıq bu proses üçüncü beşilliyi əhatə
etməkdədir. Aydın məsələdir ki, bununla
ölkənin regional siyasətinin də uğurları daha
qabarıq şəkildə görünür. Qeyd edə bilərik
ki, artıq istənilən rayon, şəhər, qəsəbə
və digər ərazilərin inkişafındakı fərq
aradan qaldırılmış və sistemli inkişaf təmin
edilmişdir.
Bu bir həqiqətdir ki, ölkəmizin regional
siyasətinin uğurlu istiqamətdə müəyyənləşdirilməsinin
ən gerçək təsdiqi regionların sosial-iqtisadi
inkişaf səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Fikrimizi əsaslandırmaq üçün hər
zaman milli iqtisadi potensialın inkişafı və
artmasında söz sahibi olan, strateji əhəmiyyət
daşıyan, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni
və maddi həyatında daima güclü mövqeyi ilə
seçilən, ərazi baxımından ölkəmizin təhlükəsizlik
simvoluna çevrilən Naxçıvan muxtar
respublikasının makroiqtisadi göstəricilərindən
söz açmaq yerinə düşər. Burada təməli
qoyulan sağlam iqtisadi mühit özünü bütün sahələrdə
göstərməklə ümumilikdə, ölkə
iqtisadiyyatının potensial dayağına çevrilməkdədir.
Rəqəmlərə müraciət edərkən
görürük ki, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar
respublikada əsas makroiqtisadi göstərici olan ümum daxili
məhsul istehsalı 1 milyard 949 milyon manatdan artıq təşkil
etmişdir. Dövlətin öz əhalisinə bitməz və
tükənməz qayğısının nəticəsi
onların iqtisadi nailiyyətlərdən yetərincə bəhrələnməsi
ilə də ifadə olunur. Bu mənada istehsal edilmiş
ÜDM-nin hər bir nəfərə düşən həcmi
müvafiq dövrdə 4327,4 manata
çatdığını göstərə bilərik.
İnkişaf yollarında qətiyyətlə
irəliləyən istənilən ölkənin konkret hədəfləri
vardır. Həmin hədəflərə çatmaq
müvafiq ölkənin iqtisadi güc və
potensialının az və ya çoxluğundan yetərincə
asılıdır. Bunun üçün iqtisadi siyasətin məqsədyönlülüyü,
çevikliyi, düzgünlüyü, əhatəsində
olduğu hadisələrə uyğunluq səviyyəsi,
lazım gəldikdə ondan qorunmaq qabiliyyəti, lazım gəldikdə
isə yararlanmaq bacarığı əsas şərtdir. Təbii ki, bütün bunlar həm də
güclü idarəçilik mexanizmi əsasında
mümkün ola bilər. Şübhəsiz ki, muxtar
respublikanın hazırkı inkişaf səviyyəsinə
diqqət edərkən görürük ki, ölkəmizdə
Ümummilli Liderimizin müəyyən etdiyi uğurlu siyasət
bütün sahələrin müvəffəqiyyət
göstəricisinə çevrilmiş və bu, regionların
sosial-iqtisadi inkişafındakı dərin izləri ilə
müşayiət olunmaqdadır. Belə ki, iqtisadiyyat bir sahə
və ya istiqamət üzrə deyil, çoxşaxəli,
çoxsahəli və dinamik olaraq irəliyə doğru
addımlamaqdadır. Bunu muxtar respublikada cari ilin beş
ayının makroiqtisadi nəticələrini özündə
əks etdirən ÜDM-nin strukturunda da görə bilərik.
Belə ki, burada yaradılmış əlverişli
iqtisadi mühit və şərait nəticəsində
iqtisadiyyatın bir çox sahələrinin nəticələri
sanki, məhsuldarlıq uğrunda yarışırlar.
Ərazidə əhalinin əksər hissəsinin kənd yerlərində
yaşamasına baxmayaraq burada iqtisadiyyatın sənaye əhəmiyyəti
də daim diqqət mərkəzində
saxlanılmış və sözügedən sahə məhsullarının
artım dinamikası yüksələn xətt üzrə
davam etməkdədir. Təkcə cari ilin yanvar-sentyabr
aylarında istehsal olunan sənaye məhsulları 781 milyon 430
min 500 manatlıq həcmlə ÜDM-nin tərkibində ilk
yeri tutmaqdadır.
Yüksək doğmalıqla,
böyük sevgi ilə tikmək, qurmaq və yaratmaq
Naxçıvan Muxtar Respublikasında müasir standartların
özünə kök salmasına, onun qədimliyi ilə
müasirliyinin səsləşməsinə və gələcəyə
çox güclü ərmağan buraxmasına səbəb
olmuşdur. Dünyanın bu
qarmaqarışıq vaxtlarında belə möhtəşəm
infrastruktur layihələrinin, ən mühüm strateji tədbirlərin
gerçəkləşdirilməsinə nail olan ölkəmizin
ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar
Respublikası özünün mütərəqqi
uğurları ilə milli iqtisadi inkişafa əvəzsiz töhfələrini
verməkdədir. Müəyyən edilən hədəflərə
uyğun olaraq muxtar respublikada sənaye məhsullarının
daxili tələbata uyğunlaşdırılması məsələləri
əsas götürülmüşdür. Buna görə də
sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi
isə xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 35 milyon 488 min 800 manatlıq,
qeyri-dövlət sektorunda isə 745 milyon 941 min 700 manatlıq
məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun
95,5 faizi özəl sektorun payına
düşmüşdür.
Bununla yanaşı, ixracın
stimullaşdırılması məqsədlərinin
makroiqtisadi səmərəliliyə təsiri imkanları daha
da aktuallaşmış və bu, cari dövrdə sənayedə
istehsalın genişlənməsi əsasında ixracın da
həcminə müsbət təsir göstərmiş, cari
ilin yanvar-sentyabr aylarında 220 milyon 544 min 900 ABŞ
dolları dəyərində məhsul ixrac olunmuşdur.
Gözəllik ürəkdən qaynaqlanır.
Ürək isə yaşatdığı hədsiz sevgi ilə
daha da gözəl olur. Naxçıvan Muxtar
Respublikasında hər addımda ustalıqla, incəliklə
yaradılan bütün gözəlliklər bu gözəllikləri
quranın geniş ürəyini, o ürəyə İlahi
sevgi verən uca Yaradanın böyüklüyünü bir
daha göstərir. Ən ucqar dağ kəndlərində belə
bərqərar edilən sağlam və münbit iqtisadi
şərait ərazinin sosial-iqtisadi və mədəni əhəmiyyətini
daha da artırmaqdadır. Təbii ki, bütün bunlar
gündəlik dövlət qayğısının nəticəsində
mümkün olmuşdur. Burada həyata keçirilən tədbirlərin
əhatə dairəsində yeni istehsal və xidmət
potensialının intensiv inkişafı, ən müasir və
yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsini
görmək mümkündür. Qeyd edək ki,
sadalanan nailiyyətlərin əldə olunması
üçün görülən tədbirlər
özünün məqsədyönlülüyü ilə
seçilmiş və bunun üçün cari ilin
yanvar-sentyabr ayları ərzində muxtar respublikada əsas
kapitala 768 milyon 502 min 300 manat həcmində investisiya yönəldilmişdir.
Bütün bunlar muxtar respublikada tikinti sahəsində də ən
müasir tələblərə cavab verən infrastruktur
potensialının formalaşmasına xidmət etmişdir. Göstərilən yüksək dövlət
qayğısının nəticəsidir ki, cari ilin təkcə
yanvar-may aylarında əsas kapitala yönəldilmiş
investisiyaların 711 milyon 140 min 500 manatı və ya 92,5 faizi
tikintiquraşdırma işlərinin payına
düşmüşdür.
Məlumdur ki, ölkəmizdə
və ona bağlı Naxçıvan Muxtar Respublikasında kənd
təsərrüfatı öz aktuallığı ilə
seçilməkdədir. İqtisadiyyatın çoxşaxəli
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindən
ibarət əsas götürülmüş hədəflərin
gerçəkləşdirilməsinə nail olmaq
üçün bu sahədə sistemli tədbirlər həyata
keçirilməkdədir. Burada atılan hər bir addım əldə
olunan yüksək səmərə, məhsuldarlıq deməkdir.
Artıq yaradılmış sağlam iqtisadi mühit kəndliyə
öz mülkiyyətində olan torpaqlarda işləməyə,
məhsul istehsal etməyə böyük stimul vermişdir. Nəticədə
isə kəndli əmindir ki, onu daim diqqət və
qayğı ilə əhatə edən qüdrətli dövlət
vardır. Təbii ki, bütün bunlar istifadəçiləri,
kəndliləri daha əzmkarlıqla işləməyə,
daha məhsuldar fəaliyyət göstərməyə
sövq etməkdədir. Məqsədyönlü və
faydalı tədbirlər nəticəsində 2017-ci ilin
yanvar-sentyabr aylarında muxtar respublikada 334 milyon 397 min 900 manat
həcmində kənd təsərrüfatı məhsulu
istehsal olunmuşdur.
Müasir dövr hərtərəfli,
o cümlədən innovativ inkişafdan, yüksək
sosiallaşmadan, mütərəqqi humanizmlərdən ibarət
əlverişli mexanizmlərə söykənən və
bununla da xalqın, bütün təbəqələrdən
olan insanların maraqlarını, mənafelərini ifadə
edə bilən iqtisadiyyatın qurulması və
inkişafını tələb etməkdədir. Təbii ki, ölkələr inkişaf etdikcə
öz əhalisinin gündəlik həyat səviyyəsi də
yüksəlir, yaxşılaşır və daha da firəvanlaşır.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlik siyasəti
müasir müstəqillik dövrünün son iyirmi iki
ilində ən möhtəşəm nailiyyətləri ilə
müşayiət olunmaqdadır. Keçən müddətdə
ölkəmizin sosial siyasətinin daha geniş əhatədə
formalaşması şübhəsiz ki, özünü
bütün regionlarda və hər bir insanın gündəlik
həyatında göstərməkdədir. Bu mənada da
Naxçıvan muxtar respublikası milli liderin siyasi
ideyalarına sadiq qalaraq öz sözünü deməkdədir.
Və təbii ki, öz sakininin yaşayışını,
alıcılıq qabiliyyətini, gündəlik yaşam tərzini
və uzunmüddətli firəvanlığını əsas
tutmaqdadır. Bu isə özünü əhalinin gəlirlərində
büruzə verir. Qeyd edək ki, istinad edilən dövrdə
Muxtar Respublikada əhalinin gəlirləri 1 milyard 331 milyon 97
min 400 manat təşkil etmiş və onun hər bir nəfərə
düşən həcmi isə 2954,7 manat olmuşdur.
Daimi xarakter alan uğurlu tədbirlərlə
dolu səmərəli nəticələr insanların bu
günə olan marağını, sabaha olan həvəsini və
gələcəyə olan ümidini daha da artırmış
və bu, özünü onun maddi rifah halının yüksəlməsində
göstərmişdir. Yüksək siyasi və
iqtisadi çeviklik ölkəmizin strateji əhəmiyyətli
bölgəsi kimi Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini
daha da gücləndirmiş və burada yaşayan
insanların öz xalqına,
öz dövlətinə sadiqliyini daha da
artırmışdır. Yeridilən siyasətin
yalnız insan amili üçün mahiyyət verildiyi muxtar
respublikada 2015-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatda bir
işçiyə hesablanmış orta aylıq əməkhaqqının
məbləğinin 414,5 manat həcmində təşəkkül
tapmasına səbəb olmuşdur. Cari ilin yanvar-sentyabr
aylarında muxtar respublikada 1919 yeni iş yeri
yaradılmışdır ki, bunun da 1876-sı və ya 97,8
faizi daimi iş yerləridir.
Ölkəmiz daxili siyasətdə olduğu
kimi, xarici siyasətdə də məqsədyönlülük
prinsiplərini əsas tutaraq keyfiyyətli, uğurlu, səmərəli
tədbirlərin altına imza atmaqdadır. Təbii ki, bu isə
öz növbəsində ölkəmizin beynəlxalq aləmdəki
mövqeyinin güclənməsinə və xarici iqtisadi əlaqələrin
daha da təkmilləşməsinə təkan verməkdədir.
Dövlət başçısı cənab
İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müdrik siyasət ölkəmizin
səsinə səs verən, bizimlə müttəfiq olan,
etibarlı tərəfdaş olan ölkələrin də
sayının artmasına səbəb olmuşdur. Şübhəsiz
ki, bu isə siyasi sahədə olduğu kimi iqtisadi sahədə
də böyük güvən, etibar və inam gətirməkdədir.
Təbii ki, bu isə özünü ölkənin xarici ticarət
dövriyyəsinin artmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası da bu baxımdan nailiyyətlərlə
zəngin bir statistika ortaya qoymaqdadır. Burada əldə
olunan iqtisadi inkişaf xarici ticarət əlaqələrinin
daha da genişlənməsində özünü göstərməkdədir.
Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada
xarici ticarət dövriyyəsinin həcmi 329 milyon 821 min 400
ABŞ dolları təşkil etmişdir. Güclü iqtisadi
təşkilatlanma, artan istehsal potensialı və sistemli
iqtisadi idarəetmə Naxçıvan MR-in ixrac
potensialının da inkişafına təkan vermişdir. Nəticədə isə ixracın həcmi 306 milyon
27 min 300 ABŞ dollarından artıq olmuş, idxalın həcmi
isə 23 milyon 794 min 100 ABŞ dolları təşkil
etmişdir. Şübhəsiz ki, bütün bunlar təcrübəli
idarəçilik zəminində mümkün olmuşdur.
Xalq üçün, insan üçün, vətəndaş
üçün atılan addımlar son nəticə olaraq
yalnız mənfəət, gəlir əldə edilməsindən
ibarətdir. Qeyd edək ki, bu mənada da xarici
ticarət əməliyyatları istiqamətində əldə
olunan uğurlar bu istiqamətdə 282 milyon 233 min 200 ABŞ
dollarından artıq həcmdə müsbət saldonun
yaranması ilə müşayiət olunmuşdur.2017-ci ilin
yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin
digər bölgələrindən və xarici ölkələrdən
ümumilikdə 332 min 753 nəfər turist gəlmişdir ki,
bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən
3,9 faiz və ya 12 min 490 nəfər çoxdur.
Beləliklə, muxtar respublikada keçdiyimiz
sosial iqtisadi inkişaf yolunda olduğu kimi, cari ilin 9 ayında
da yüksək perspektivə malik nailiyyətlər
qazanılmaqdadır. Təbii ki, bunlar milli iqtisadi
inkişafın ən dolğun təminatı
üçün olduqca əhəmiyyətlidir. Heç
şübhəsiz ki, müəyyən edilən prioritetlər
baxımından belə bir inkişaf mənzərəsi
yaxın gələcəkdə muxtar respublikanın yeni,
növbəti inkişaf səhifələrindən də xəbər
verməkdədir.
Cavadxan
QASIMOV
İki
sahil.- 2017.- 9 noyabr.-S.30.