YAP-ın yaradılması Azərbaycanın
şanlı siyasi tarixinin parlaq səhifələrindən
biridir
YAP Qadınlar
Şurasının sədri, partiyanın İdarə Heyətinin
üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva
- Nurlana xanım, bugünlər
ölkəmizin bütün guşələrində Yeni Azərbaycan
Partiyasının yaradılmasının 25 illik yubileyi
böyük təntənə ilə qeyd olunur. Ötən 25
il ərzində partiyamızın fəaliyyəti və onun
Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri
necə dəyərləndirirsiniz?
- Müasir müstəqil Azərbaycanın
şanlı siyasi tarixinin mühüm səhifələrindən
birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil
edir. Bu mərhələni ona görə
qürur və iftixar hissi ilə şanlı tarix
adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının
yaradılması ilə xaos və hərc-mərclik içində
olan, vətəndaş müharibəsi və dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsi ilə
qarşı-qarşıya qalan Azərbaycanın
xilasının, tənəzzüldən azad olaraq tərəqqi
yoluna nail olmasının əsası qoyuldu. Milli
maraqların keşiyində duran və vətənpərvərlik
hissinin daşıyıcısı olan hər bir azərbaycanlının
etibarlı partiyasına çevrilən YAP-ın müstəqil
Azərbaycanın siyasi tarixindəki misilsiz roluna nəzər
salmaq üçün bir sıra məqamlara toxunmaq
lazımdır.
Məlum olduğu kimi, həmin
dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi,
ölkəni idarə edə bilməməsi səbəbindən
Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə
üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə
göz tikən bədxah qüvvələr Azərbaycanı
xaos meydanına çevirməyə və öz maraqları əsasında
idarə etməyə çalışırdılar.
İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni
xilas edəcəyinə inanmırdılar. Məhz
belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış
qüvvəyə ehtiyac olduğu üçün
insanların mənəvi gücünü səfərbər
etmək, ölkəmizi düşdüyü mürəkkəb
vəziyyətdən xilas etmək naminə Ulu öndər
Heydər Əliyev vətənpərvər
ziyalıların təkidli
çağırışlarını və müraciətlərini
nəzərə alaraq YAP-ı yaratdı. YAP-ın
yaranması həm də tarixi zərurətin nəticəsi,
sosial sifariş – çağırış idi. İlk günlərdən
partiyanın sıralarına ən nüfuzlu şəxslər,
ziyalı və vətənpərvər insanlar
toplaşdı. Əslində, YAP
xalqın partiyası kimi yarandı, onun çətinliklərini
dəf etmək üçün fəaliyyətə
başladı. İnsanlar
YAP-ın simasında sivil mübarizənin
yollarını müəyyən etdilər. Demokratik prinsiplərə
və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə
gəlişi ilə cəmiyyətdə dövlətçilik,
müstəqillik ideyaları, vətənpərvərlik
duyğuları, sanki, yenidən daha mütəşəkkil
şəkildə formalaşmağa və yaşamağa
başladı.
Tarix özü YAP-ın ümumxalq partiyası
olduğunu sübuta yetirdi. Ötən müddət ərzində
partiyamız dövlətimiz və cəmiyyətimizin
inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər,
ziyalı insanları öz ətrafında sıx birləşdirdi.
Bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər
Əliyevin ideyaları əsasında gündən günə
inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sədrlik etdiyi YAP ötən zaman kəsiyində
xalqın inam və etimadı əsasında bütün
seçkilərdə möhtəşəm qələbələr
qazandı, öz fəaliyyətini
uğurla davam etdirdi. Partiyamızın 25 illik yubileyi
respublikamızın hər bir bölgəsində bayram əhvalında,
təntənəli şəkildə qeyd edilir. Bu,
xalqımızın Yeni Azərbaycan Partiyasına dərin rəğbət
və hörmətinin bariz nümunəsidir.
- Partiyamızın dövlətimizin
inkişafı istiqamətində həyata keçirdiyi
işlərdə qadınlarımız da fəal iştirak
edir. YAP Qadınlar Şurası
partiyamızın fəaliyyətində xüsusi yer tutur.
Qadınlar Şurasının yaradılması və fəaliyyəti
ölkənin ictimai-siyasi həyatında aparıcı rol
oynayan Yeni Azərbaycan Partiyasında qadınların roluna və
təmsilçiliyinə verilən önəmdən
qaynaqlanır. Bu mənada YAP Qadınlar Şurasının sədri
kimi siz qadınların partiya həyatında iştirakı
barədə nə deyə bilərsiniz?
- Əvvəla qeyd etmək istəyirəm
ki, cəmiyyətin ən dinamik və aktiv təbəqələri
sırasında yer alan, milli müstəqillik və dövlətçilik
ideyaları ətrafında sıx birləşən Azərbaycan
qadınları bu gün də dövlət quruculuğunda,
ölkənin ictimai-siyasi həyatında daha fəal
iştirak edərək Vətənimizin sosial-iqtisadi,
elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin
inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan
qadını Vətən üçün milli-mənəvi dəyərlərimizin
qoruyucuları, adət-ənənələrimizin
yaşadıcıları olan, nəsillər arasında
varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə
edib yetişdirirlər.
Bir məqamı xüsusi olaraq diqqətə
çatdırmaq istəyirəm. Azərbaycan
qadınının bgünkü fəallığının,
cəmiyyət həyatının müxtəlif sahələrdə
uğurla və ləyaqətlə təmsil olunmasının
təmin olunmasında Ulu öndər Heydər Əliyevin xidmətləri
milsizdir. Zənnimcə, Azərbaycanın
dövlətçilik tarixində Ulu öndər Heydər
Əliyevə qədər Azərbaycan qadınını fikrən
və ruhən pərvazlandıran, onu böyük
cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə
layiq olduğu yeri təklif və təmin edən ikinci bir
dövlət rəhbəri olmamışdır. Sevindirici
haldır ki, həmin siyasət bu gün partiyamızın Sədri,
ölkə başçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
YAP Qadınlar Şurasının fəaliyyətinə
gəldikdə isə qeyd edə bilərəm ki, təşkilatımızın
fəaliyyətinin əsasında dövlətçiliyimizə
xidmət dayanır. YAP Qadınlar Şurası Ümummilli
lider Heydər Əliyevin ideyaları əsasında öz fəaliyyətini
davam etdirir. Bu gün YAP-ın sıralarında 700 mindən
çox yaxın insan birləşib və bu, böyük bir
ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50
faiz təşkil edir. YAP öz ideyalarını həyata
keçirərkən qadınlara və gənclərə də istinad edir. Ona görə ki, hər
iki qurumun sırası möhtəşəmdir. Onlar yüksək
ideoloji əsaslarla formalaşıb, tərkibi çox keyfiyyətlidir.
Qadınlar Şurasının İdarə Heyətinin üzvləri
sırasında elm xadimləri yer alır. Bundan başqa, təşkilatımızın
sıralarında həkimlər, müəllimlər, digər
peşə sahiblərindən olan ziyalılar təmsil
olunurlar. Buna paralel olaraq hər il çoxsaylı vətənpərvər
və ziyalı qadınlarımız mütəmadi olaraq YAP
Qadınlar Şurasının sıralarına daxil olurlar.
- Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın fəaliyyəti
qadınların cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə
və rolunun artmasında nə dərəcədə rol
oynayır?
- Ötən dövr ərzində
həyata keçirilən dövlət qadınlar siyasətinin
ən mühüm və uğurlu nəticələrindən
biri Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan
qadınının layiq olduğu ən yüksək ictimai məqama,
mənəvi zirvəyə yüksəlməsidir. Biz bu
yüksəlişi uzun illər müdrik və çoxsahəli
fəaliyyətin ədalətli nəticəsi kimi dəyərləndiririk.
Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın
Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyeva Azərbaycan qadınları üçün
müasir dünyamızda bəşəriyyətə
faydalı olmağın yeni meyarlarını müəyyən
edən parlaq örnəkdir. Onun təşəbbüsü
ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin,
sözümüzün bütün dünyada təbliği,
Azərbaycan dövlətinin dəstəyi ilə ölkə
daxilində və ölkədən xaricdə keçirilən
tədbirlər, reallaşdırılan unikal layihələr xüsusi əhəmiyyət
daşıyır. Bu gün adı cəmiyyətimizdə
xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq
məzmunu ilə assosiasiya olunan
Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli
fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin
ictimai-siyasi həyatında aktiv iştiraka marağının
artması, cəmiyyətimizdə qadın fəallığı
ənənələrinin güclənməsində rolu
böyükdür. Mehriban xanım Əliyevanın Azərbaycan
dövləti və xalqı, eləcə də qadın siyasətinin
inkişafında tarixi xidmətləri misilsizdir. O, öz ali məramlara söykənən
fəaliyyəti ilə Azərbaycan cəmiyyətində
novatordur.
Azərbaycan xalqının
yüksək milli-mənəvi dəyərləri ilə
qürur duyan və özünün şəxsi nümunəsində
bu dəyərləri dünyaya layiqincə təqdim edən
Mehriban xanım Əliyevanın timsalında biz həmçinin
qayğıkeş bir ana obrazını görürük.
Mehriban xanım Əliyeva həyatının əlamətdar
günlərini, milli bayramlarımızı bir qayda olaraq
valideyn himayəsindən məhrum qalmış və yaxud
fiziki qüsurlu uşaqlarla keçirir. Bununla
Mehriban xanım Əliyeva sanki belə bir mesaj verir ki,
uşaqları, ələlxüsus da valideyn himayəsindən
məhrum qalmış və yaxud fiziki qüsurlu
uşaqları taleyin ümidinə buraxmayın, qoy onlar sizlərin
mərhəməti sayəsində ana qəlbinin hərarətini,
istiliyini hiss etsinlər, özlərini tənha saymasınlar.
Bütövlükdə, Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyəti dünya səviyyəsində
Azərbaycan qadınının müsbət obrazının
formalaşmasında əvəzsiz rol oynayır.
- YAP Qadınlar Şurası partiyanın
yaradılmasının 25-ci ildönümü ilə
bağlı hansı tədbirlər keçirməkdədir?
- YAP Qadınlar Şurası
partiyanın yaranmasının 25-ci ildönümü
münasibətilə tədbirlər planı hazırlayıb
və müəyyən olunmuş plana əsasən müxtəlif
tədbirlər keçirməkdədir. Ümumxalq
partiyası olan YAP-ın sıralarında cəmləşən
qadınlar bu tədbirlərdə olduqca fəal
iştirak edirlər. Tədbirlərdə partiyamızın ötən 25
ildə keçdiyi zəngin və şərəfli
inkişaf yoluna nəzər salınır, YAP-ın
yaranmasını zəruri edən amillərə və
partiyanın fəaliyyətinin başlıca istiqamətlərinə
diqqət yetirilir. Bu tədbirlər həm də
partiyamıza olan rəğbət və hörməti, inam və
etimadı əyani şəkildə əks etdirir. Bütün tədbirlərdə YAP-ın Azərbaycanın
inkişafına layiqli töhfələr verməsi,
partiyamızın ölkəmizin müstəqillik tarixində
misilsiz rol oynaması, Azərbaycanın gələcək
siyasi taleyinin məhz Yeni Azərbaycan Partiyası ilə
bağlı olması əminliklə vurğulanır.
Bütün bunların ölkəmizin gənclərinə
örnək, nümunə olduğunu düşünürəm.
- Nurlana xanım, siz həmçinin, təcrübəli
pedaqoq kimi ömrünüzü gənclərin təlim-tərbiyəsinə,
təhsilinə həsr etmisiniz. Bu gün gənclərimiz cəmiyyət
həyatının müxtəlif sahələrində aktiv fəaliyyət
göstərir, ölkəmizi beynəlxalq miqyasda uğurla təmisl
edirlər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının
sıralarında cəmləşən gənclərin fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Bu gün hər bir cəmiyyətin ən
dinamik qüvvəsi qismində məhz gənclər
çıxış edirlər. Buna görə
də gənclərin doğru yönləndirilməsi,
onların fəaliyyətinə əlverişli şərait
yaradılması, gənclərdə milli-mənəvi dəyərlərin
və vətənpərvərlik hissinin
formalaşdırılması mühüm zərurət kimi
çıxış edir. Digər tərəfdən,
gəncliyin inkişafı, onların zərərli təsirlərdən
qorunması hər zaman diqqət mərkəzində olan məsələlərdəndir.
Əlbəttə, burada əsas amil gənclərin
düzgün istiqamətləndirilməsi, milli maraqlar və
xalqımızın ali dəyərləri əsasında
onların mütərəqqi qüvvəyə çevrilməsini
təmin etməkdir. Bununla yanaşı, məktəblər və
universitetlər yeniyetmə və gənclərin həm
düzgün tərbiyə olunmasında, həm də şəxsiyyət
kimi formalaşmasında mühüm rola malikdirlər.
Xüsusilə, universitetlər gənclərin peşəkar
kadr kimi yetişməsində əhəmiyyətli rol oynamaqla
yanaşı, həm də cəmiyyətə, dövlətə
faydalı kamil vətəndaş kimi formalaşmasında
böyük məsuliyyət daşıyırlar.
Təsadüfi deyil ki, mütərəqqi yola,
aydın inkişaf modelinə sahib olan dövlətlər gənclərin
potensialından cəmiyyətin və dövlətin tərəqqisi
naminə səmərəli şəkildə istifadə edirlər.
Azərbaycan da belə ölkələr sırasında yer
alır.
Azərbaycanda müasir
çağırışlara müvafiq şəkildə
mütərəqqi gənclər siyasəti həyata
keçirilir. Digər tərəfdən,
yeniyetmələrin və gənclərin zərərli təsirlərdən
qorunması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi
istiqamətində keçirilən tədbirlər müxtəlif
layihələr çərçivəsində davam etdirilir.
Bu gün ölkəmizin tarixinin, mədəniyyətinin,
adət-ənənələrinin, müstəqillik illərində
əldə edilmiş nailiyyətlərinin dərindən
öyrənilməsi məqsədilə mühüm layihələr
həyata keçirilir və səmərəli nəticələr
əldə olunur.
Təsadüfi deyil ki,
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu, Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü,
milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə,
xalqına bağlı, sədaqətli gənclər ordusunun
yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi
dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin
milli-mədəni dəyərlərə uyğun möhkəm
əqidəyə sahibdir. Biz bunun örnəyini bir çox
nümunələrin timsalında göstərə bilərik.
Heç uzağa getməyək, aprel döyüşləri
zamanı Azərbaycan gəncliyinin nümayəndələri
böyük cəsarət və rəşadət nümunəsi
ortaya qoydular. Azərbaycan gəncliyinin yüksək
vətənpərvərlik ruhu mənfur
qonşularımıza, həmçinin bütün dünyaya
bir daha bəlli oldu. Əlbəttə, bu nümunələrin
sayını istənilən qədər artırmaq olar, amma təkcə
bu örnək bütün deyilənləri sübuta
yetirir.
Azərbaycan cəmiyyətinin hər
bir təbəqəsindən olan insanları öz
sıralarında birləşdirən Yeni Azərbaycan
Partiyası da gəncliyin inkişafına xüsusi həssaslıqla
yanaşır, bu istiqamətdə həyata keçirilən
layihələr və tədbirlər dövlət gənclər
siyasətinə mühüm dəstək kimi
çıxış edir. YAP-ın
çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən
biri gənc nəslə diqqət və qayğının
artırılması, respublikamızın ictimai-siyasi həyatında
onların fəal iştirakının təmin olunması,
yeni nəslin gələcəyin layiqli vətəndaşları
kimi formalaşması məqsədilə mühüm tədbirlərin
həyata keçirilməsidir. Bütün bunların məntiqi
nəticəsidir ki, gənclərimiz Yeni Azərbaycan
Partiyasına inamla, məhəbbətlə üz tuturlar. Azərbaycanın
milli-mənəvi dəyərlərini mənimsəmiş,
mütərəqqi baxışlara və zəngin
dünyagörüşünə malik dəyərli gənclərimizin
əhəmiyyətli hissəsi Yeni Azərbaycan
Partiyasının sıralarında cəmləşib.
Iki sahil.- 2017.-14 noyabr.- S.6.