2025-ci
ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi
istəyimizdir
Parisdə
Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər
olması münasibətilə qəbul təşkil edilib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva tədbirdə iştirak edib YENİLƏNİB
Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın
paytaxtı Bakının Beynəlxalq Sərgilər
Bürosunun 2025-ci ildə keçiriləcək
Ümumdünya Sərgisinə namizəd şəhər
olması münasibətilə qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə
iştirak edib.
Azərbaycanı “Qafqazın mirvarisi”
adlandıran tədbirin aparıcısı ölkəmizin qədim
tarixə, zəngin mədəniyyətə malik olduğunu
dedi. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın bu tədbirdə iştirak etməsindən
şərəf hissi duyduğunu bildirdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva tədbirdə çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın
çıxışı
-Cənab
baş katibin müavini.
Cənab Baş Assambleyanın prezidenti.
Zati-aliləri.
Hörmətli Beynəlxalq Sərgilər Bürosunun
üzvləri.
Xanımlar və cənablar.
Əziz dostlar.
İlk növbədə hamınızı salamlamaq, dəvətimizi
qəbul etdiyiniz və bu axşam bizimlə bir yerdə
olduğunuz üçün sizə təşəkkürümü
bildirmək istəyirəm.
Azərbaycan
hökuməti adından Bakının 2025-ci ildə
keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini
təqdim etmək mənim üçün böyük şərəfdir.
Bu axşam aramızda olduğu üçün Beynəlxalq
Sərgilər Bürosunun baş katibinin müavini Dimitri
Kerkentzesə təşəkkürümü bildirmək istəyirəm. Bu fürsətdən
istifadə edib Beynəlxalq Sərgilər Bürosunun rəhbərliyinə
və onların fədakar komandasına Azərbaycan hökuməti
ilə yüksək səviyyəli əməkdaşlığa
görə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının
fəal üzvüdür. Bizim
pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə
pavilyonumuzu üç milyondan çox insanın ziyarət
etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə
Astanada mükafatlar qazanıb. Beynəlxalq
Sərgilər Bürosunun işinə sadə töhfəmizin
bu cür qiymətləndirilməsindən qürur duyuruq.
Ümumdünya sərgisi bütün mədəniyyətlərə
bərabərlik və hörmət prinsipinə əsaslanan
müxtəlifliyi sərgiləmək üçün bir
platformadır.
Bu sərgilər qlobal müzakirələr və
əməkdaşlıq üçün bütün beynəlxalq
ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna
görə də əminəm ki, Azərbaycan bu universal
platformaya ev sahibliyi etmək
üçün ən yaxşı məkanlardan biridir.
Əsrlər boyu ölkəmiz qitələrin və
sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və
Asiyanın qovuşuğunda yerləşən Azərbaycan
Şərq ilə Qərb, Şimal ilə Cənub arasında
ticari, siyasi və mədəni körpü rolunu oynayır.
İki
min il ərzində qədim İpək
Yolu bugünkü Azərbaycandan keçib. Ümumdünya
Sərgisi kimi bu yol bilik və bacarıqların
paylaşılması üçün əhəmiyyətli
bir dəhliz olub. Bu, ölkəmizin
tarixini, mədəniyyətini və tolerant imicini
formalaşdırıb.
Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar
və dinlər sülh, harmoniya və qarşılıqlı
hörmət şəraitində birgə yaşayıblar. Etnik və
dini müxtəliflik və multikulturalizm sadəcə dövlət
siyasətimiz deyil, eyni zamanda, bizim həyat tərzimizdir.
Bu, bizim tariximizdir və günümüzün
reallığıdır. Biz dünyəvi,
multikultural və çoxkonfessiyalı cəmiyyətik və
bundan qürur duyuruq.
Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası
və dinlərarası dialoq mərkəzlərindən biri
hesab olunur. Biz hazırda dünyanın üzləşdiyi bir
çox ciddi problemlərin daha səmərəli həll
olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə
və dinlərə mənsub olan insanlar arasında daha
yaxşı anlaşmanı təşviq etmək
üçün beynəlxalq platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun
mümkünlüyünü sübut edir. Mən Azərbaycanın
təşəbbüsü ilə başlanan və BMT, YUNESKO,
Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı,
Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi
beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən
Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal
göstərə bilərəm. Bu siyasətə uyğun
olaraq, biz 2016-cı ili Azərbaycanda
“Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi
İli” elan etdik. 2015-ci ildə keçirilən
birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil
olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın
mədəniyyətlərarası dialoqa verdiyi digər
töhfədir.
Xanımlar
və cənablar, gələn il biz müsəlman
dünyasında ilk parlamentar və dünyəvi respublika olan
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100
illiyini qeyd edəcəyik. Cəmi 23 ay mövcud
olmasına baxmayaraq, bu respublika irqindən, etnik mənsubiyyətindən,
dinindən, cinsindən və sosial statusundan asılı
olmayaraq bütün vətəndaşlarının
hüquqlarının bərabərliyinə hörmət
prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin
demokratik ənənəsinin təməlini qoymuşdur. Hələ 1918-ci ildə Azərbaycan dünyada
kişilərlə bərabər qadınlara siyasi hüquqlar
verən, o cümlədən səsvermə hüququ verən
ilk ölkələrdən biri olmuşdur.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa
etdikdən sonra biz dərhal müstəqil dövlət kimi
mövcudluğumuza real təhlükə yaradan böyük
siyasi, iqtisadi və humanitar çağırışlarla
üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü idi və bunun nəticəsində
ölkəmizin ərazisinin 20 faizi, o cümlədən
Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon
işğal olunmuşdur və işğal hələ də
davam edir. Ermənistan tərəfindən həyata
keçirilən etnik təmizləmə nəticəsində
bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb.
Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası erməni
qoşunlarının Azərbaycanın ərazisindən dərhal,
tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Bu qətnamələr yerinə
yetirilməlidir və Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır.
Münaqişəyə, yeni siyasi sistemə və bazar
iqtisadiyyatına keçidin yaratdığı əlavə
çağırışlara baxmayaraq, Azərbaycan uğurlu
inkişaf strategiyasını tətbiq edərək, zəruri
siyasi və iqtisadi islahatları həyata keçirə
bilmişdir. Bu, bizə müstəqilliyimizi möhkəmləndirməyə,
vətəndaşlarımızın həyatsəviyyəsiniyaxşılaşdırmağa
və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini
təmin etməyə imkan vermişdir. Siyasi,
iqtisadi və sosial sabitlik uğurlu inkişafımızın
möhkəm təməlini təşkil edir.
Nəticədə, 2004-cü ildən 2014-cü ilədək
ümumi daxili məhsulumuzun həcmi üç dəfə
artdı və Azərbaycan dünyanın ən sürətlə
inkişaf edən iqtisadiyyatlarından birinə çevrildi. Bu müddətdə 1 milyon
600 mindən çox iş yeri
yaradıldı. İşsizliyin səviyyəsi
5 faizdir – bu, dünyada ən aşağı göstəricilərdən
biridir. Həmin dövr ərzində biz yoxsulluğun səviyyəsini
40 faizdən 5 faizədək azaltmağa nail olduq. Ölkə üzrə 3 mindən çox məktəb,
600-dən çox xəstəxana və 50-dən artıq
idman kompleksi inşa edildi.
2009-cu ildə Azərbaycan Dünya Bankı tərəfindən
“Dünyanın aparıcı islahatçı ölkəsi”
kimi qiymətləndirildi. Dünya İqtisadi
Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanı
137 ölkə arasında 35-ci yerə layiq gördü.
Azərbaycan öz nadir geostrateji mövqeyindən
faydalanaraq Avropa ilə Asiya arasında qarşılıqlı
əlaqəni yaradan əsas tərəfə çevrildi və
Avropanın enerji təhlükəsizliyinə mühüm
töhfə verən ölkələrdən biri oldu.
Azərbaycan
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri,
2017-ci il oktyabrın 30-da
açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir
yolu xətti kimi bir sıra nəhəng beynəlxalq
infrastruktur layihələrinin təşəbbüskarı
olub və onları həyata keçirib. Uzunluğu
850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə
Asiyanı birləşdirən ən qısa yoldur.
Bu gün
biz, həmçinin beynəlxalq bazarlar üçün yeni təbii
qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini
gücləndirən, dəyəri 40 milyard ABŞ dolları
olan Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı
rol oynayırıq. Bu nümunələrin hər
zaman ən böyük dəyəri - müxtəlif qitələr,
ölkələr, mədəniyyətlər və
sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin
mübadiləsini təşviq edən qədim İpək
Yolunun bərpasına Azərbaycanın verdiyi əməli
töhfəni sübuta yetirir.
Hörmətli
qonaqlar, Azərbaycan yüksələn xətlə inkişaf
edən dövlətdir və indi ölkəmizin iddiası
2025-ci ildə Ümumdünya Sərgisinə ev
sahibliyi etmək və bütün dünyanı qəbul etmək
hüququnu qazanmaqdır.
Bizim “İnsan kapitalının inkişaf etdirilməsi,
daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən
hamını narahat edən bir məsələdir. Bu mövzu
dövrümüzün əsas
çağırışını – texnologiyanın və
artan bağlılığın bəşəriyyətə
təsirini əhatə edir. “Bakı Expo
2025” sərgisində düşünürük ki,
texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən
sıravi vətəndaşlara yönəldərək
iqtisadiyyatların, cəmiyyətlərin və
yaradıcılığın aparıcı qüvvəsi olan
insanlar üzərində cəmləşdirmək
mühüm əhəmiyyət kəsb edəcək.
Biz insanları – dünyada ən güclü resurs olan
insan kapitalını universal müzakirəyə
çıxaracağıq.
Bakıda keçiriləcək Ümumdünya Sərgisi
Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya
ilə təmasa girmək imkanı verəcək. Bu sərgi
yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq
imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan
xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun
mümkün olan ən yaxşı tərəfdaşlarından
biri ola biləcəyini nümayiş etdirmək
fürsətini verəcək.
Təklifimiz
uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və
Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə
ev sahibliyi edəcək ilk şəhər
olacaq.
Biz sərgi məkanının yaradılmasına və
istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin
inkişaf etməkdə olan ölkələrin sərgidə
iştirakını dəstəkləməyə
hazırıq.
Sonda, əziz
dostlar, mən Ümumdünya Sərgisinə ev
sahibliyi etmək üçün bizim təklifimizi dəstəkləmək
məqsədilə əsas məqamları bir daha diqqətinizə
çatdırmaq istəyirəm:
1. Bizim
müxtəlif dinlərə və etnik mənşəyə
mənsub olan insanlar arasında multikulturalizm və
qarşılıqlı hörmət ənənələri
ilə zəngin olan qədim tariximiz var.
2. Avropa
ilə Asiyanın kəsişməsində yerləşən,
asanlıqla çıxış əldə oluna bilən
coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin
keçirilməsi üçün yeni bir məkandır.
3. Biz
siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına,
yüksək səviyyəli təhlükəsizliyə malik gənc
müstəqil ölkəyik.
4. Sürətlə
inkişaf edən infrastruktura malik Bakı şəhəri
özündə tarixin və müasirliyin nadir
qarışığını təcəssüm etdirir.
5. Azərbaycan
turist axınının sürətlə artdığı və
90-dan artıq ölkənin vətəndaşlarına asan
girişi və onlara elektron vizaların verilməsini təmin
edən ölkədir.
6. Zəngin
mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz
əlbəttə ki, bizim üstünlüyümüzdür.
Bakı sərgisi 26 illik müstəqillik dövründə
Azərbaycanın əldə etdiyi nailiyyətlərin
tanıdılması üçün daha bir imkan olacaqdır.
Bu, həmçinin bütün gənc, müstəqil
ölkələr üçün çox güclü bir
stimul olacaqdır.
2025-ci ildə Ümumdünya Sərgisini təşkil
etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə
layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda
və gözəl şəhərimiz olan Bakıda qürurla
qarşılayacağıq.
Mən hamınıza gözəl axşam arzu edirəm
və diqqətinizə görə sağ olun.
X X X
Sonra Azərbaycan haqqında videoçarx nümayiş
olundu.
Qədim tarixə, zəngin mədəniyyətə və
adət-ənənələrə malik Azərbaycan bu gün
sürətlə inkişaf edən ölkə kimi
bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın
paytaxtı Bakının “Expo 2025” Ümumdünya Sərgisinə
namizəd şəhər olması da təsadüfi deyil.
Bu gün Azərbaycan dünyada həm də müxtəlif
sahələrə aid mötəbər beynəlxalq tədbirlərin,
idman yarışlarının yüksək səviyyədə
keçirildiyi ölkə kimi tanınır. Bununla
yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi
bütün beynəlxalq sərgilərdəki pavilyonları və
stendləri həm təşkilatçılar, həm də
iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Bu tədbirlərdə Azərbaycan layiqincə
təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti,
adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan
həqiqətləri dünya ictimaiyyətinin diqqətinə
çatdırılıb.
Bakının “Expo 2025” Ümumdünya Sərgisinə
namizəd şəhər olması şərəfinə
keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının
əsərləri, həmçinin xalq mahnıları səsləndirildi.
Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə
“Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin
“Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3
milyondan çox insan ziyarət edib. Türkiyədə
təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində
də Azərbaycan milli pavilyonu iştirakçılarda
böyük maraq doğurub. Astanada
keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə
ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə
daşınan enerji” konsepsiyası əsasında hazırlanan
pavilyonla təmsil olunub.
Azərbaycan “Expo 2025 Bakı” Sərgisini mayın 10-dan
noyabrın 10-dək təşkil etmək təklifini irəli
sürüb.
Sərginin mövzusu isə “İnsan
kapitalını inkişaf etdirək, daha yaxşı gələcək
quraq” olacaq.
Bakı
ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka
və Fransanın Paris şəhərlərinin də “Expo
2025” Ümumdünya Sərgisinin keçirilməsi
üçün namizədliyi irəli sürülüb.
Bakının “Expo 2025” Ümumdünya Sərgisinə
namizəd şəhər olması şərəfinə təşkil
edilən qəbulda Azərbaycanın və Fransanın
tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun
nümayəndələri və digər nüfuzlu şəxslər
iştirak etdilər.
Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan
haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz
barədə nəşrlər böyük maraqla
qarşılandı.
Sonda tədbir iştirakçılarına Azərbaycanla
bağlı suvenirlər, paytaxtımızın “Expo 2025”ə
namizədliyinə həsr olunmuş kataloqlar və digər
xatirə hədiyyələri təqdim edildi.
Şəhla Ağalarova
İki
sahil.- 2017.- 16 noyabr.- S.3-4.