Reket jurnalistikası cəmiyyətə qarşı ciddi təxribatdır

  Bu gün nəhəng regional və qlobal layihələri uğurla reallaşdıran, sosial-iqtisadi tərəqqi, hüquqi, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat, söz azadlığı sahəsində də irəliyə doğru ciddi addımlar atılıb. Demokratikləşmə proseslərinin əsas atributlarından biri kimi mühüm əhəmiyyət kəsb edən azad mətbuat ölkəmizdə demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri kimi çıxış edir. Bu gün ölkəmizdə sıralarında kifayət qədər yüksək intellektə, peşəkar keyfiyyətlərə malik peşəkar jurnalist ordusu formalaşıb.

Müdriklərimiz “meşə çaqqalsız olmaz deyiblər”. Çox təəssüf ki, bu gün jurnalistikaya qazanc mənbəyi kimi baxan, qeyri-peşəkar, başqalarının əlində oyuncağa çevrilən, hətta erməni lobbisinin və Azərbaycan əleyhdarlarının sifarişi və maliyyəsi ilə fəaliyyət göstərən üzdəniraq “media nümayəndələri” ölkəmizdəki  demokratik şəraitdən sui-istifadə edərək hələ də media məkanında meydan sulayırlar. Belələri müstəqil Azərbaycanımızın dövlət mənafeyini, milli maraqlarını müdafiə etmək, görülən işlərdən söz açmaq, postneft dövrünü əhatə edən genişmiqyaslı islahatların  ruhuna uyğun analitik yazılar vermək, verilişlər hazırlamaq, maarifləndirici proqramlara üstünlük vermək, mövcud materiallara obyektiv yanaşmaq əvəzinə, ölkəmizdəki demokratik şəraitdən, söz, mətbuat azadlığından sui-istifadə edərək nəinki müxtəlif dövlət orqanlarının, ayrı-ayrı vətəndaşların, cəmiyyətin nüfuzlu üzvlərinin şərəf və ləyaqətini alçaldan, əsassız iddialarla dolu, həqiqətləri əks etdirməyən, böhtan xarakterli “məqalələr” dərc edərək onları “mənəvi terror”a məruz qoyurlar. Belə əməllərlə məşğul olanlar bilməlidirlər ki, mənəvi ziyan heç də hüquqi ziyandan az əhəmiyyət kəsb etmir. Bir də ki mənəvi ziyan elə  hüquq pozuntusu nəticəsində vurulan ziyanın bir növüdür. Bütün bunlara görə artıq aidiyyəti qurumlar, hüquq mühafizə orqanları, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı ciddi tədbirlər görməlidirlər.

Jurnalist hər şeydən öncə bir insan və vətəndaşdır. Hər bir insan üçün isə yüksək mənəviyyat ən ali dəyər, başlıca amildir. Cəmiyyətdəki demokratik azadlıqlardan sui-istifadə edərək üzdəniraq, saytların rəhbərcikləri bütün mənəvi-əxlaqi dəyərlərə zidd olaraq heç bir araşdırma aparmadan, məsələyə qeyri-obyektiv, qərəzli və əxlaqsızcasına yanaşaraq ayrı-ayrı vətəndaşlar, çox yüksək ictimai nüfuza malik ziyalılar, tanınmış şəxslər, idarə və müəssisələrin rəhbərliyi barədə hətta anonim məqalələr dərc edərək onların ictimai-işgüzar fəaliyyətinə xələl gətirir, ictimai fikri yayındırmağa çalışırlar.  Onların bu əməlləri mənəviyyatsızlığın pik nöqtəsi olmaqla yanaşı, ciddi hüquq pozuntusu kimi dəyərləndirilməlidir.

 

 Təqdirəlayiq haldır ki, media orqanlarının belə üzdəniraq fəaliyyətləri Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirə olunur, qurumun Nizamnaməsi çərçivəsində tədbirlər görülür.

 

Qeyri-peşəkar fəaliyyətə görə cəzalandırılan media orqanlarının rəhbərləri məhz bundan sonra özlərinə əl qataraq, vay-şüvən salır, MŞ-nin təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlayır, müxtəlif sosial şəbəkələrdə, real və saxta profillər vasitəsilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə əl atırlar. Ancaq hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxayındır.

 

Bu günlərdə Mətbuat Şurasının (MŞ) məsələ ilə bağlı yaydığı məlumatda bütün bunlar öz əksini tapıb.  Orada göstərilirdi ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 2017-ci il 8 noyabr tarixli iclasından sonra adlarının “qara siyahı”ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları “qara siyahı”da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkməkdədir. Həmçinin bildirilir ki, “qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-ə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır. Buna görə də “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır.

 

Təbii ki, ictimaiyyətimiz çox haqlı olaraq özünü cəmiyyətə söz, mətbuat nümayəndəsi kimi sırımağa çalışan belələrini nəinki jurnalist, hətta bir şəxsiyyət kimi qəbul etmir. Çünki hər bir fərdin cəmiyyətdə şəxsiyyət kimi tanınmasını xarakterizə edən əsas keyfiyyətlər onun şərəf, ləyaqət və işgüzar nüfuzudur. Bu cür mənəviyyatsız işlərlə məşğul olanlar isə şərəf və ləyaqət kimi anlayışlardan çox uzaqdırlar. Şərəf, ləyaqət bir mənəvi kateqoriya kimi insanın (hər hansı bir peşə sahibinin) öz-özünə hörmətidir. Özünə hörmət etməyənə, mənliyini, sənətini, peşəsinin ali dəyərlərini şəxsi maraqlarına, üç-beş qəpiyə satanlar isə tarixən ləyaqətsizlik ünvanı kimi tanınıblar.

 

Qətiyyətlə demək olar ki, belə elektron media orqanları - saytlar, xəbər portalları xaricdəki mənfur düşmənlərimiz tərəfindən təşkilatlandırılaraq bir şəbəkə halına gətiriliblər. Bəzi məqamlara diqqət etdikdə hər şey açıq-aydın, tam çılpaqlığı ilə görünür. Belə ki, hər hansı məsələ ilə bağlı  bir saytın dərc etdiyi məlumatı həmin şəbəkəyə daxil olan digər saytlar təxminən bir neçə dəqiqə ərzində yayımlayırlar. Ən əsası isə  öz ağalarının göstərişi ilə informasiya məkanında necə deyərlər “peşəkarcasına” xaotik, pərakəndə bir vəziyyət yaradırlar. Qeyri-dəqiq, həqiqətdən uzaq, yalan, təhrif olunmuş, ictimaiyyəti çaşdıran, hətta sağlam medianı belə tərəddüd vəziyyətinə salan, insanları narahat edən, yalan-yanlış məlumatları ilə ölkəmizin həqiqi informasiya məkanına ciddi təhlükə törədirlər. Ən təhlükəlisi isə odur ki, belə məlumatlar əksər hallarda ya imzasız olur,  ya da məqalənin müəllifi yalan ad və soyadlarla çıxış edərək, ünvan və əlaqə vasitələrini göstərmir. Şübhəsiz, cəmiyyətin və dövlətimizin mənafeyinə, milli maraqlara zidd, ölkəmizin təhlükəsizliyinə xələl gətirən, qərəzli, əsassız böhtan xarakterli məlumatların yayımlanması cəmiyyətimizdə çox ciddi təxribat kimi dəyərləndirilir. Ona görə də ictimaiyyət belə məsələlərlə bağlı Mətbuat Şurasının qərarlarını birmənalı olaraq dəstəkləyir.

 

“Azərbaycan Mətbuat Şurası mediamızın cilalanmasında, təşkilatlanmasında, inkişaf etməsində və dövlət qurumları ilə əlaqələrin qurulmasında çox mühüm rol oynamış bir ictimai institutdur”. Bu fikri qəzetimizə açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu son vaxtlar bəzi saytlarda Azərbaycan Mətbuat Şurası ilə bağlı aparılan qarayaxma kampaniyası haqqında danışarkən söylədi.

 

H.Babaoğlu vurğuladı ki, ən əsası budur ki, Azərbaycan Mətbuat Şurası yarandığı gündən indiyə qədər milli mətbuatımızın maraqlarını daim qorumaqla yanaşı, eyni zamanda, həm də Azərbaycan dövlətinin maraqlarını qorumağa çalışıb: “Eyni zamanda, qlobal informasiya məkanında milli mənafelərimizə qarşı olan informasiyaların Azərbaycanın informasiya məkanına transformasiya olunması prosesində də doğru-dürüst və milli maraqlardan çıxış edən mövqe sərgiləyib. Görünür ona görə də bu, bəzi fərdləri və yaxud Azərbaycanı sevməyən müxtəlif mərkəzləri narahat edir”.

 

H.Babaoğlunun sözlərinə görə, onlar çalışırlar ki, Azərbaycan Mətbuat Şurasını hədəfə çevirsinlər: “Lakin təbii ki, bu, uğurlu bir taktika deyil. Çünki Azərbaycan Mətbuat Şurası özünü vacib ictimai institut kimi təşkil etməklə bərabər, həm də ölkə mediasının ən  nüfuzlu qurumlarından biridir. Düşünürəm ki, həmin qüvvələr bu qurumun ictimai reputasiyasına mənfi təsir göstərə bilməyəcəklər”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə KIV-ə açıqlamasında qeyd edib ki, bu vəziyyət bir neçə ildir ki, davam edir: “Reket jurnalistika”sı bir cinayət hadisəsidir. Bunun mətbuatla, jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Jurnalistikadan çox-çox uzaq olan adamlar öz dolanışıqlarını yaxşılaşdırmaq üçün bu yoldan bir vasitə kimi istifadə edirlər. Ciddi mətbuat orqanlarının, saytların adından istifadə edərək “siyasətlərini” qurmağa çalışırlar. İkinci bir tərəfdən, cəmiyyətin özündə də problemlər var. “Reket jurnalistika”sına qarşı mübarizə təkcə jurnalistlərin işi deyil. Cəmiyyətdə hamı məlumatlı olmalıdır. Ciddi mətbuatla qeyri-ciddi mətbuatı ayıra bilmirlər. Bu baxımdan cəmiyyət hazırlıqlı olanda, bu cür qanunsuz əməllərə müqavimət göstərəndə, bizim ümumi işimizin xeyrinə olur. Hüquq mühafizə orqanlarının bu hallara qarşı mübarizəsi ən mühüm işlərindən biri olmalıdır. Ötən illərdə Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi və “reket jurnalistika” şəbəkəsinə daxil olanlar həbs olundular. Müqavimət olmayanda, onlara qarşı tədbir görülməyəndə onlar şəbəkələşir və ciddi mətbuat orqanlarından sui-istifadə edirlər. Jurnalist peşəsi şərəfli peşədir. Elə məclislərdə elə qəzetlərin adını eşidirəm ki, heç məndə o qəzetlər haqqında təsəvvür olmur. Baxırsan ki, həmin orqan “reket”dir və onu tərifləyən də “reket”dir. Bax budur problem.”

 

Akif Aşırlı “reket”lərin Mətbuat Şurasına qarşı çıxmalarının heç bir əhəmiyyəti olmadığını bildirib: “Mətbuat Şurasının “reket”lərə qarşı komissiyası yaradılıb. Müəyyən qəzetlərin, saytların monitorinqi aparılır. Peşə dəyərlərinə hörmətsizlik varsa, qeyri-etik normalar varsa və bu hallar təkrar olunursa, həmin KİV “qara siyahı”ya salınır. Bu bir növ qınaq obyektinə çevirmək üçün edilir. Çünki Mətbuat Şurasının bundan başqa təsir mexanizmi yoxdur. Effekti müəyyən dərəcədə var. O siyahılar nazirliklərə, komitələrə göndərilir.”

 

“7NEWS.az” saytının rəhbəri Səbuhi Abbasov isə qeyd etdi ki, bu gün artıq dünyada medianın trendi dəyişir: “Hesab edirəm ölkəmizdə mövcud olan media qurumları bu trendlə ayaqlaşmağı bacarmalıdırlar. Bu mənada mediamızda olan bütün mümkün neqativ elementlər aradan qalxmalıdır. Bəzən elə hadisə olur ki, bunun mediaya aid olmadığını anında başa düşürsən. Mənim üçün şəxsən mediamızın ünvanına bu ifadəni işlətmək çox ağırdı, amma hesab edirəm şantajla, reketçiliklə, hədə qorxu ilə məşğul olan insanların peşəsi jurnalist kimi göstərilməməlidir. Hətta həbs olunanda belə “bir qrup cinayətkar dəstə” ifadəsi işlədilməlidir. Bu gün ölkəmizdə xarici informasiya məkanına inteqrasiya etməyi bacaran jurnalist ordusu lazımdır. Bunun üçün ilk növbə KİV-də mövcud olan neqativ nüanslar ifşa olunmalıdır.”

 

Zahid  Rza

İki sahil.- 2017.- 17 noyabr.- S.10