Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb
şəraitdə uğurun sirri
Azərbaycan Respublikası
Prezidentinin xarici siyasət məsələləri üzrə
köməkçisi-şöbə müdiri, fövqəladə
və səlahiyyətli səfir Novruz Məmmədov Azərbaycan
diplomatiyasının 25 ildə əldə etdiyi uğurlar barədə
analitik məqalə yazıb. AZƏRTAC məqaləni təqdim
edir.
x x x
Diplomatiya tarix boyu hər bir dövlət
üçün xüsusi əhəmiyyətli fəaliyyət
sahəsi olub. Dövlətçilik tarixi müəyyən mənada
diplomatiya tarixi ilə sıx bağlıdır. Diplomatik fəaliyyət
dövlətin suverenliyinin, ərazi
bütövlüyünün və təhlükəsizliyinin
təmin olunmasında, beynəlxalq miqyasda yerinin, rolunun,
ümumiyyətlə, imicinin və mövqeyinin
formalaşdırılmasında olduqca mühüm rol
oynayır.
Danılmaz faktdır ki, bu gün müstəqil
Azərbaycan dövlətçiliyi öz varlığına
görə ulu öndər Heydər Əliyevə borcludur. Xalqın təkidli tələbi ilə Ümummilli
Liderin yenidən hakimiyyətə gəlişi dövlətin
nəzəri-praktiki əsaslarının
formalaşdırılmasına imkan yaratdı. Ümummilli
Lider ərazi bütövlüyü pozulmuş, müharibə
şəraitində olan və müxtəlif istiqamətlərdən
gələn təhlükələrlə üz-üzə
qalmış ölkənin qarşısında duran
çoxsaylı vəzifələrin həllini təmin etdi.
Heydər Əliyev müstəqil dövlət quruculuğunun
bütün incəliklərini dəqiq müəyyənləşdirdi,
böyük uzaqgörənliklə xarici siyasətin əsas
prinsiplərini və istiqamətlərini konkretləşdirdi.
Hazırda Azərbaycan Prezidenti İlham
Əliyev həmin kursu uğurla inkişaf etdirməkdədir. Azərbaycan diplomatiyasının qısa zaman ərzində
beynəlxalq səviyyədə əldə etdiyi
uğurların əsas səbəbi də məhz xarici siyasətdə
varisliyin təmin edilməsi və Heydər Əliyev kursunun
müasir reallıqlara uyğunlaşdırılmaqla tətbiq
olunmasıdır.
Bu gün dövlətimizin
başçısının xüsusi diqqət yetirdiyi sahələrdən
biri də diplomatik fəaliyyətdir. Prezident İlham
Əliyevin 2007-ci il avqustun 24-də imzaladığı Sərəncamla
hər il iyulun 9-u Azərbaycanın diplomatik xidmət
orqanları əməkdaşlarının peşə
bayramı günü kimi qeyd edilir. Bu il 28 May – Respublika
Günü münasibətilə təşkil edilmiş rəsmi
qəbuldakı dərin məzmunlu və proqram xarakterli nitqində
dövlətimizin başçısı Azərbaycan
diplomatları qarşısında yeni vəzifələr
müəyyənləşdirib. Bu vəzifələrin
reallaşdırılması Azərbaycanın son 25 il ərzində
qazandığı uğurları daha da gücləndirməyə
imkan verəcəkdir. Bütün bunların fonunda müstəqil
Azərbaycan diplomatiyasının keçdiyi yolun təhlili
ötən illər ərzində əldə olunmuş nailiyyətlərin
qiymətləndirilməsi və perspektivlərin müəyyənləşdirilməsi
baxımından faydalı olardı.
Diplomatiyada ənənə və varislik: Heydər
Əliyev imzası
Hər bir xalq özünün dahi şəxsiyyətləri
və siyasətçiləri ilə fəxr edir. Nümunə
üçün, türklər Atatürk, ingilislər
Çörçil, fransızlar de Qol, amerikalılar Ruzvelt,
almanlar Adenauer ilə qürur duyurlar.
Azərbaycan xalqı isə özünün
ümummilli lideri Heydər Əliyevlə fəxr edir. Heydər
Əliyev bütövlükdə dünya diplomatiyası
tarixində xüsusi imzası olan lider olub. Bu
böyük şəxsiyyət çox çətin və
mürəkkəb tarixi-geosiyasi şəraitdə Azərbaycanın
müstəqil dövlət quruculuğu konsepsiyasını
işləyib, onun xarici siyasətinin strateji məqamlarını
müəyyənləşdirib və diplomatik fəaliyyəti
ilə onu reallaşdırmağın səmərəli
nümunəsini göstərib.
Özünəməxsus ənənələrə
malik olan Azərbaycan diplomatiyasının zəngin tarixi
vardır. Qafqaz Albaniyasının balanslaşmış
diplomatiyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və
Səfəvi dövlətlərinin diplomatik fəaliyyətləri
Azərbaycanın diplomatiya tarixinin şərəfli səhifələrindəndir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafi
baxımdan mühüm mövqedə yerləşdiyindən
daim gərgin geosiyasi mübarizələrin meydanı olub.
Tarixi İpək Yolu üzərində yerləşməsi
ölkənin beynəlxalq maraq dairəsində olmasını
şərtləndirib. Bunu təsdiq edən maraqlı faktlardan
biri Ağqoyunlu Uzun Həsənin dövründə Azərbaycanın
Şərqlə Qərb arasında körpü rolunu
oynamasıdır. Bu prosesdə həmin dövrdə
bütün Şərqdə yeganə qadın diplomat Sara
Xatunun əvəzsiz xidmətləri olub.
Azərbaycan ərazisindəki xanlıqlar da
ciddi diplomatik fəaliyyət göstərmişlər. Onlar bu
üsulla bir müddət varlıqlarını qoruya bildilər.
Lakin bütövlükdə dünyada cərəyan edən
geosiyasi proseslərin xarakteri və formaları sürətlə
dəyişirdi. Azərbaycan ərazisindəki xanlıqlar
müxtəlif səbəblərdən birləşə bilmədilər.
Azərbaycanın çar Rusiyasının tərkibində
olduğu dövrdə isə hər hansı diplomatik fəaliyyət
mümkün deyildi. Yalnız 1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması ilə bu fəaliyyət bərpa
olundu. Artıq 1919-cu ildə Bakıda 16 xarici dövlətin
diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.
Azərbaycanın SSRİ tərkibinə daxil
edilməsi ilə diplomatiya tariximizin də tənəzzül
dövrü başladı. Müəyyən formal
istisnaları çıxmaq şərti ilə 1991-ci ilədək
Azərbaycanın müstəqil diplomatik fəaliyyətindən
danışmaq olmur. Lakin onu da unutmaq olmaz ki, sovet dövrü
Azərbaycana Heydər Əliyev kimi böyük siyasi xadim, əvəzsiz
lider və mahir diplomat yetişdirdi. Məsələnin bu tərəfinin
ayrıca tədqiqə ehtiyacı vardır.
Beləliklə, XX əsrdə
yenidən müstəqilliyinə qovuşan Azərbaycanın
qarşısında dövrün tələblərinə
uyğun xarici siyasət kursunu müəyyənləşdirmək
və onu reallaşdırmaq üçün əsaslandırılmış
diplomatik fəaliyyət konsepsiyası formalaşdırmaq vəzifəsi
dururdu. Bu vəzifənin öhdəsindən ümummilli
lider Heydər Əliyev böyük ustalıqla gəldi. Azərbaycan
diplomatiyasının son 25 ilini əhatə edən təcrübəyə
nəzər saldıqda, bunu aydın görə bilərik. Azərbaycan
diplomatiyasının 25 ildə keçdiyi yolu təhlil edən
mütəxəssislər vurğulayırlar ki, ölkəmiz
bu istiqamətdə ciddi uğurlar əldə edib. Bu nailiyyətlərin
obyektiv və elmi təhlili bir çox maraqlı məqamları
üzə çıxarır.
İlk növbədə, dövlətçilik
baxımından çox əhəmiyyətli sayılan bir incə
məqamı vurğulamaq istərdik. Azərbaycan müstəqilliyini
bərpa etmiş ölkələr sırasında
siyasi-diplomatik fəaliyyətdə varislik prinsipini həyata
keçirən nadir ölkələrdəndir. Müstəqil
siyasi-diplomatik fəaliyyətin prinsipləri və çərçivələri
ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir.
Lakin nəzərə almaq lazımdır ki,
indiki tarixi mərhələdə geosiyasi, iqtisadi, energetik, hərbi,
diplomatik, siyasi mühit sürətlə dəyişir və
bu vəziyyətdə çevik və düzgün qərarlar
qəbul etmək böyük ustalıq tələb edir.
Bu vəzifənin öhdəsindən yalnız yüksək
siyasi hazırlığı, liderlik keyfiyyəti, qətiyyəti,
diplomatik məharəti, strateji təfəkkürü olan
siyasətçi gələ bilər. Prezident İlham
Əliyev məhz həmin keyfiyyətləri sayəsində
istənilən mürəkkəb şəraitdə varislik
prinsipinə tam əməl etməklə ən düzgün
addımları atır.
Bu özəlliyin Azərbaycan
dövlətçiliyinə verdiyi böyük töhfələr
göz qabağındadır. İlham Əliyevin diplomatik məharəti
neft strategiyasının qüsursuz reallaşmasında və
bütövlükdə dövlətçilik mənafelərinin
təmin olunmasına yönəlmiş müstəqil xarici
siyasətin daim uğurla həyata keçirilməsində
müstəsna rol oynamaqdadır. Dövlətimizin
başçısı nüfuzlu beynəlxalq təşkilatların
tribunalarından, müxtəlif yüksək səviyyəli
sammit və konfranslarda böyük diplomatik ustalıqla Azərbaycanın
milli maraqlarını qətiyyətlə ifadə və
müdafiə edir. Belə fəallıq sayəsində beynəlxalq
təşkilatlarda Azərbaycanın mövqeyi birmənalı
şəkildə dəstəklənir, Ermənistanın təcavüzkarlığını
təsdiq edən sənədlər qəbul olunur.
Bütün bunlar bir daha göstərir ki,
siyasi-diplomatik fəaliyyətdə varislik ciddi nailiyyətlərə
yol açır. Burada həm ənənə davam etdirilir, həm
də meydana çıxan istənilən situasiyada milli
dövlətçilik xəttinə və reallığa
uyğun addımlar atmaq mümkün olur. Azərbaycanın
müstəqillik dövründə diplomatik fəaliyyət
istiqamətlərini təhlil edərkən bu mühüm təməl
prinsipini qətiyyən yaddan çıxarmaq olmaz. Heydər
Əliyev uzaqgörənliyini, milliliyini, dövlət
quruculuğu prosesinin bütün sahələrini dərindən
bilən bir dühanın yaratdığı siyasi-diplomatik fəaliyyət
kursunu ancaq onun layiqli varisi inkişaf etdirə bilər.
İlham Əliyev mərhələsi: əsas
prinsiplərin inkişafı
Prezident İlham Əliyev ən
yüksək tribunalardan Heydər Əliyevin dövlət
quruculuğu xəttini, müstəqil dövlətçilik
strategiyasını daim inkişaf etdirəcəyini söyləyib.
İndi Azərbaycan rəhbərliyinin əsas vəzifəsi
həmin xətti qorumaqla onu dəyişən dünyanın tələblərinə
uyğun reallaşdırmaqdan ibarətdir. Dövlətimizin
başçısının həmişə bu mövqeni ifadə
etməsi, onun, sözün həqiqi mənasında, layiqli
varis və müasir tələblərə cavab verən siyasi
lider olduğunu sübut edir.
Son 25 il ərzində Azərbaycan uğurlu və
şərəfli yol keçib. Ölkə bu müddətdə
beynəlxalq hüququn müstəqil subyekti və suveren
dövlət kimi formalaşıb. Məhz bunun nəticəsidir
ki, bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər
ölkəmizin dünyada nüfuzunu artırıb.
Bu, heç də təsadüfi deyildir. Bu
gün Azərbaycanın həyata keçirdiyi
balanslaşdırılmış, çoxvektorlu, bərabərhüquqlu
əməkdaşlığın, milli maraqlara əsaslanan
praqmatik siyasi kursun əsasını Heydər Əliyev qoyub.
Bu prinsipləri daha da inkişaf etdirən Prezident İlham
Əliyev isə artıq bütün dünya
üçün maraqlı olan yeni inkişaf modeli təqdim
edir. Bu modelin əsas xüsusiyyəti inkişafın yeni mərhələsində
"qara qızıl"ın insan kapitalına çevrilməsindən
ibarətdir.
Xarici siyasət sahəsində əldə edilən
uğurlar ayrıca vurğulanmalıdır. Bu kontekstdə bir
məqama daha çox diqqət yetirilməlidir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyanın
nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq
Təşkilatının, həm də Avropa
Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin
əldə etdiyi ən böyük uğurlardan biridir. Bu, o deməkdir ki, Azərbaycan apardığı həm
daxili, həm də xarici siyasət ilə beynəlxalq arenada
böyük rəğbət qazanıb. Ölkəmiz BMT-dən
sonra ən böyük beynəlxalq təşkilat olan
Qoşulmama Hərəkatına da üzv olub, Avropa
Şurasının Nazirlər Komitəsinə uğurla
sədrlik edib. Beynəlxalq sülhün və təhlükəsizliyin
təmin olunmasında etibarlı tərəfdaş kimi
çıxış edən Azərbaycan antiterror
koalisiyasının fəal iştirakçısıdır. Hərbçilərimiz
bu gün Əfqanıstanda NATO-nun komandanlığı
altında xidmət edirlər. Həmçinin Azərbaycanın
Əfqanıstana yükdaşımalara çox böyük
töhfəsi var.
Göründüyü kimi, Azərbaycan
diplomatiyası ötən 25 ildə çoxşaxəli fəaliyyət
göstərib. Onun fəaliyyətində beynəlxalq
təşkilatlarla əməkdaşlıq, regional təhlükəsizliyin
təmin olunması, terrora qarşı mübarizədə
beynəlxalq koalisiyanın tərkibində fəal iştirak və
nəqliyyat-enerji sahəsində sıx əməkdaşlıq
məsələləri prioritet olub. Bu sırada
diplomatiya tariximizə qızıl hərflərlə
yazılmalı olan Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi
qeyd etmək gərəkdir. Müəyyən dairələrin
əngəllərinə baxmayaraq, ölkəmiz BMT-nin 155
üzvünün səsini ala bilib! Şübhə yoxdur ki,
bu uğurun arxasında gərgin və geniş əhatəli
diplomatik fəaliyyət durur.
Azərbaycan diplomatiyasının özəlliyi
aspektində bir sıra mütəxəssislərin
vurğuladığı bir məqam da maraqlıdır.
Prezident İlham Əliyev ölkənin müsəlman
dünyası ilə xristian dünyası arasında bir
körpü rolunu oynadığına dair müxtəlif
kontekstlərdə fikir bildirib. O cümlədən Azərbaycanın
həm İslam Əməkdaşlıq Təşkilatı, həm
də Avropa Şurasının üzvü olmasına diqqəti
yönəldib. Bu fakt özlüyündə çox məqamlardan
xəbər verir. Belə ki, müstəqilliyini yenicə bərpa
etmiş bir müsəlman ölkəsi iki mühüm beynəlxalq
təşkilatda ciddi və səmərəli fəaliyyət
göstərə bilir. Sivilizasiyalar arasında müəyyən
ziddiyyətlərin mövcud olduğu bir mərhələdə
bu, asan iş deyil.
Məsələ ondan ibarətdir ki, əsas məqsəd
sadəcə beynəlxalq qurumlara üzv olmaqla məhdudlaşmır.
Hər bir təşkilatda fəallıq göstərmək, təşəbbüslər
irəli sürmək və dünya təhlükəsizliyinə
töhfə vermək lazım gəlir. Azərbaycan
diplomatiyası bu çətin vəzifənin öhdəsindən
uğurla gəlir. Bakıda bir-birinin ardınca sivilizasiyalar, mədəniyyətlər
və dinlər arasında əməkdaşlığa və
dialoqun təşkilinə aid mötəbər beynəlxalq tədbirlər
təşkil edilir.
Ayrıca olaraq, Azərbaycanın təşəbbüsü
ilə "Bakı prosesi", Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. Bu, Azərbaycanın
multikulturalizm dəyərlərinə, beynəlxalq dialoq və
dinlərarası anlaşmaya nə qədər böyük
önəm verdiyini nümayiş etdirir. Eyni zamanda, Heydər
Əliyev Fondunun bu istiqamətdə çox böyük əhəmiyyəti
olan proqramları reallaşıb ki, bütün dünya bunu
etiraf edir. Həmin kontekstdə UNESCO xətti ilə həyata
keçirilən tədbirlərin xüsusi yeri vardır.
Bütün bunlar ötən 25 ildə Azərbaycanın
dünyanın 179 ölkəsi ilə diplomatik münasibətlər
qurması, xarici ölkələrdə və beynəlxalq təşkilatlar
yanında 91 diplomatik missiya təsis etməsi fonunda baş
verib. Hazırda Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri
konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi
fəaliyyət göstərir. Azərbaycan Avropa ölkələri
ilə əlaqələri genişləndirir, həmçinin
Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə
böyük əhəmiyyət verir və bu əlaqələri
inkişaf etdirir.
Mürəkkəb və riskli şəraitdə
diplomatiya: İlham Əliyev uzaqgörənliyi
Yuxarıda vurğulanan faktlar fonunda Azərbaycan
diplomatiyasının uğurlarından bəhs edərkən,
Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə
regional əməkdaşlığın yeni
formatlarının həyata keçirilməsini xüsusi qeyd
etmək lazımdır. Beynəlxalq səviyyədə
də etiraf edilib ki, İlham Əliyevin bu təşəbbüsləri
qlobal siyasət üçün olduqca əhəmiyyətlidir.
Üçtərəfli əməkdaşlıq formatı
regional miqyasda həm geosiyasi maraqları
uyğunlaşdırmağa imkan yaradır və regional
inteqrasiyaya töhfə verir, həm də ümumi miqyasda
balansı təmin edir. Məhz bunun nəticəsidir ki,
Cənubi Qafqazda Rusiya, Türkiyə və İran kimi
böyük dövlətlərin qarşılıqlı
faydalı əməkdaşlığı yeni səviyyəyə
yüksəlməkdədir. Eyni zamanda, Azərbaycanın digər
region ölkələri ilə əlaqələrində
bütün imkanlardan istifadə olunmaqdadır. Bunlar müstəqil
siyasətə əsaslanan diplomatik fəaliyyətin birbaşa
nəticələridir. Burada təkcə diplomatik peşəkarlıqla
deyil, həm də zamanın tələblərinə uyğun
olan diplomatik prinsiplərlə yüksək səviyyədə
işləmək bacarığı da özünü
göstərir.
Bu kontekstdə çox vacib olan bir cəhəti
də vurğulamağa ehtiyac duyuruq. Biz müasir geosiyasi şəraitdə
diplomatiyanın mürəkkəb situasiyalarla üzləşməsini
və bunun nəticəsi olaraq yeni diplomatik fəaliyyət
metodlarının formalaşdırılmasını nəzərdə
tuturuq.
Belə ki, hazırda diplomatiyada "şəbəkə
diplomatiyası", "xalq diplomatiyası",
"paradiplomatiya" və s. bu kimi yeni terminlərdən
istifadə edirlər. Onların hər biri müasir şəraitdə
meydana gələn diplomatik fəaliyyət formalarıdır.
"Şəbəkə diplomatiyası" dövlətin
bir neçə beynəlxalq təşkilatla birgə fəaliyyətini
nəzərdə tutur. Burada mövcud vəziyyətin həm
mürəkkəbliyinə, həm də çoxşaxəliliyinə
işarə edilir. Qlobal miqyasda geosiyasi vəziyyət daha
mürəkkəb dinamika aldıqca meydana yuxarıda
vurğulanan vəzifələr çıxır. Onların
öhdəsindən gəlmək üçün isə yeni
diplomatik yanaşmadan istifadə etmək lazım gəlir.
Bunun konkret nümunəsi kimi Azərbaycanın eyni zamanda həm
regional, həm də qlobal səviyyəli beynəlxalq təşkilatlarla
uğurlu əməkdaşlığını göstərmək
olar.
"Xalq diplomatiyası"ndan da Azərbaycan geniş
istifadə edir. Azərbaycan xalqlar arasında kortəbii əməkdaşlığın
inkişafına geniş meydan açır. Məlumdur ki, "xalq diplomatiyası"ndan
müasir şəraitdə cəmiyyətlər arasında
dialoqun təşkilində, mədəniyyətlərarası
əməkdaşlığın tərəqqisində istifadə
olunur. Lakin bu zaman dövlətin
maraqlarının maksimum dərəcədə gözlənilməsi
mühüm şərtdir. "Xalq
diplomatiyası" adı altında cəmiyyətləri
parçalamaq cəhdləri də məlumdur. Buna görə də hər bir dövlətin vəzifəsi
toplumun bütövlüyünü qorumaq şərti ilə
müxtəlif sosial təbəqələrin cəmiyyətdə
daha fəal rol oynamasını təmin etməkdən ibarətdir.
Bu istiqamətdə Azərbaycan nümunə ola
bilər.
Müstəqil dövlət üçün
mühüm diplomatik vəzifələrdən biri də
müxtəlif formalarda özünü göstərən
separatizmə qarşı mübarizədir. Sirr deyil ki, Qərbin
akademik dairələri bir sıra yeni terminlər ortaya ataraq
diplomatik fəaliyyətə fərqli məzmun verməyə
çalışırlar. Məsələn,
"paradiplomatiya" anlayışı bu qəbildəndir.
Burada müəyyən separatçı məzmun
çaları vardır. Müstəqil
dövlətin bu kimi bölücü məqamlara uymaması və
ölkənin bütövlüyünün təmin edilməsi
üçün ciddi fəaliyyət göstərməsi
lazım gəlir. Təəssüflər
olsun ki, son bir neçə onillikdə beynəlxalq münasibətlərdə
gah üstüörtülü, gah da açıq formada
separatizmə meyilliyin nümayiş etdirilməsi artıq
bumeranq effekti verməyə və böyük problemlər
yaratmağa başlayıb. Belə ki,
separatizmin Avropada və Qərbdə reallığa
çevrilməsi göz qabağındadır.
Azərbaycan diplomatiyası isə ulu öndər Heydər
Əliyevin müəyyən etdiyi kurs çərçivəsində
fəaliyyət göstərərək hər cür
separatçı tendensiyaları neytrallaşdırmaqdadır. Separatizmin
bütün növlərinə qarşı Azərbaycanda
ciddi müqavimət göstərilir. Bu
prosesdə xalq iqtidarın yanındadır. Azərbaycan cəmiyyəti öz Prezidentini tam dəstəkləyir
və ölkənin ərazi bütövlüyünün təmin
edilməsi istiqamətində atılan bütün
addımlarda rəhbərliyin yanında olduğunu ifadə
edir.
Qərb diplomatik dairələri də Azərbaycanın
bu uğurlarını yüksək qiymətləndirir. Şahidi
olduğum bir hadisəni xatırlayıram. Avropalı bir
nümayəndə görüşlərin birində Prezident
İlham Əliyevə xitabən demişdi: "Siz ərazi və
əhali baxımından kiçik olsanız da, böyük
dövlətsiniz, elə böyük işlər də
görürsünüz". Bu sözlərdə
böyük bir həqiqət vardır. Bu
gün Azərbaycan bütün istiqamətlərdə fəallığı
ilə seçilir. Son 10 ildə heç
bir dövlət Azərbaycan qədər beynəlxalq tədbir
keçirməyib. Azərbaycanın fəaliyyəti
müasir beynəlxalq həyatın bütün sferalarında
hiss olunur. Ölkənin siyasi rəhbərliyi və diplomatik
korpusu ən mürəkkəb vəzifələrin həllinə
nail olur. Nəticə də göz
qabağındadır.
Azərbaycanın bu dərəcədə böyük
uğurlara imza atmasının səbəbləri barədə
düşünərkən, ilk olaraq, yuxarıda vurğuladığımız
bir məqam yada düşür. Bu da ondan ibarətdir
ki, müstəqil dövlət quruculuğunun bütün incəlikləri
ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Ümummilli Lider xarici siyasət strategiyasını
formalaşdırarkən, aşağıdakı 3
başlıca prinsipi əsas götürüb: 1) müasir
dövrün çağırışları; 2) ölkəmizi
əhatə edən geosiyasi reallıq; 3) Azərbaycanın zəngin
dövlətçilik tarixi.
Şərti olaraq üç pilləni təşkil edən
bu prinsiplər faktiki surətdə xarici siyasətin əsas hədəflərini
və diplomatik fəaliyyətin məzmununu təşkil edir. Bu isə
öz növbəsində bir neçə amili diqqətdə
saxlamağı tələb edir. Bunlara
ölkəmizin təbii-coğrafi şəraitini, tarixi
reallıqları, tarazlaşdırılmış və
çoxqütblü xarici siyasət zərurətini, Azərbaycanın
zəngin enerji və insan resurslarını aid etmək olar.
Eyni zamanda, Ermənistanın təcavüzkarlığı
və erməni lobbisinin düşmənçilik fəaliyyəti
də nəzərdən qaçırılmamalıdır.
Bu kontekstdə xalqımızın mədəni
və multikultural dəyərlərinin də rolu ayrıca qeyd
edilməlidir. Təəssüf ki, Qərbdə
sivilizasiyalararası dialoq, multikulturalizm barədə səsləndirilən
fikirlərin sözdən və bəyanatdan başqa bir
şey olmadığı da zəmanəmizin
reallığıdır. Son dövrlərdə
baş verən hadisələr, cərəyan edən proseslər
bunu sübut edir. Planetimizdə
müşahidə olunan onlarla qaynar nöqtə,
münaqişə, təhlükəli qarşıdurmalar və
gərginliklər bunun qabarıq göstəricisidir.
Dəqiq
strateji kurs diplomatiyamıza tarixi baxımdan qısa bir müddətdə
Azərbaycan ətrafında müsbət geosiyasi mühit
formalaşdırmağa imkan verdi. Bu mənada
1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin xüsusi yeri var. Bu hadisə, ümumiyyətlə,
diplomatiya tarixində yüksək məharət nümunələrindən
biri kimi qəbul edilir. Müqavilənin imzalanması məhz
ümummilli lider Heydər Əliyevin xüsusi müdrikliyi və
diplomatik ustalığı sayəsində mümkün
olmuş və Azərbaycanın dövlətçilik tarixində
ilk dəfə olaraq neft strategiyasının tamamilə
müstəqil dövlət quruculuğu kursuna xidmət etməsinə
nail olunmuşdu. Bu böyük diplomatik
uğurun əslində çox tərəfləri var.
Çünki həmin mürəkkəb dövrdə meydana o
qədər problemlər çıxırdı ki, bunları
həll etmək yüksək siyasi-diplomatik peşəkarlıq
tələb edirdi. Prezident İlham Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 25-ci
ildönümünə həsr olunmuş rəsmi qəbulda səsləndirdiyi
fikirlər bunu bir daha sübut edir: "Xarici siyasət
prioritetləri məhz o illərdə müəyyən edildi.
Azərbaycan müasir dünyəvi dövlət
kimi öz inkişafına başladı. Yəni,
məhz o illərdə ölkəmizin gələcəyi ilə
bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə
düzgün yol idi".
XXI əsrin
çağırışları: "Intelligent Power" və
Azərbaycan
diplomatiyasının yeni vəzifələri
Bəli, təcrübə tam təsdiq etdi ki, həmin
strateji kurs yeganə düzgün yol idi. İndi
Prezident İlham Əliyevin yürütdüyü uğurlu
xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq
münasibətlərin tamhüquqlu subyektidir. Ölkənin beynəlxalq nüfuzu gündən-günə
artır. Bu gün dövlətlərin
heç də hamısı müstəqil xarici siyasət
aparmağa qadir deyildir. Məsələn,
erməni ekspertlər daim şikayətlənirlər ki, Ermənistan
müstəqil xarici siyasət kursuna malik deyil. Danışıqlar aparılır, müəyyən
tədbirlər keçirilir, ölkə beynəlxalq təşkilatlarda
təmsil olunur. Ancaq son nəticədə
atılan addımlar Ermənistanın müstəqil qərarlar
qəbul edə bilmədiyini göstərir. Ermənistan direktivləri kənardan alır.
Azərbaycan isə müstəqil xarici siyasət xətti
həyata keçirir. Bu, hər şeydən əvvəl Ulu
Öndərin müəyyənləşdirdiyi xarici siyasət
kursunun xalqın milli maraqlarına əsaslanması sayəsində
mümkün olmuşdur. Hazırda isə
Prezident İlham Əliyev həmin xətti yüksək məharət
və bacarıqla, qətiyyət və ardıcıllıqla
davam etdirir. Məsələnin mahiyyəti
bundan ibarətdir.
Azərbaycanın son 25 ildə yeritdiyi xarici siyasət
üçün regionda və bütövlükdə
dünyada mehriban qonşuluq və qarşılıqlı
faydalı əməkdaşlıq mühitinin
yaradılması əsas hədəflərdən olub. Azərbaycan
diplomatiyası məhz bu istiqamətdə davamlı olaraq fəaliyyət
göstərib. Ölkəmiz heç bir hərbi-siyasi
bloka daxil olmayıb. Nəticədə,
regionda təhlükəsizliyin yaradıcılarından və
təminatçılarından birinə çevrilib. Bunun tarixi əhəmiyyəti göz
qabağındadır. Azərbaycan geosiyasi
nəzəriyyədə "yumşaq güc" adlanan
üsuldan istifadə etməklə həm də regionun
aparıcı dövlətinə çevrilib.
Azərbaycan üçün səciyyəvi olan bir məqamı
də vurğulamaq lazımdır. Məsələ ondan
ibarətdir ki, ölkəmiz olduqca mürəkkəb geosiyasi
bir məkanda – Şərqlə Qərb, Şimalla Cənub,
İslam dünyası ilə Xristian dünyası arasında
yerləşir. Belə bir şəraitdə
yalnız "yumşaq güc"dən istifadə etmək
yetərli deyil. Təcrübə göstərir
ki, Azərbaycan siyasi-diplomatik fəaliyyətdə intellekt
amilindən geniş şəkildə yararlanır. Bir sıra mütəxəssislərin "Intelligent
Power" kimi müəyyən etdikləri anlayışın
nəzəri-metodoloji yükü hələ ciddi təhlil tələb
edir.
İntellektual fəaliyyətin müasir diplomatiyaya tətbiqi
"ağıllı güc"dən fərqli olaraq, əsas
məqsəd kimi yalnız rəqib qarşısında
üstün strategiyaya malik olmağı nəzərdə
tutmur. Burada həm də bir xoşməramlılıq, ədalətə,
haqqa əsaslanmaq və faydalı əməkdaşlıq məqamı
mövcuddur. Konkret desək, "Intelligent
Power" anlayışı ağılla yanaşı, həm
də ümumi barışa, əməkdaşlığa və
sülhə can atmağı nəzərdə tutur. Azərbaycan Prezidenti İlham Əliyev siyasi-diplomatik
fəaliyyətində məhz bu özəllikləri
nümayiş etdirir.
Nümunə kimi 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsini
göstərə bilərik. Bu hadisə diplomatiyada yüksək
ağıl və intellektin sintezinə nail olmaqla baş tutub. Əslində, bu, uzunmüddətli səmərəli
xarici siyasət kursunun nəticəsi idi. Çünki
Azərbaycan davamlı olaraq həm beynəlxalq təşkilatlarla
əməkdaşlıqda, həm də ikitərəfli və
üçtərəfli əməkdaşlıq istiqamətində
uğurlar əldə edir. Bu sırada
Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatlardakı
fəaliyyəti, göstərdiyi təşəbbüslər,
irəli sürdüyü tezislər xüsusi əhəmiyyət
kəsb edir. BMT Təhlükəsizlik
Şurasında aparılmalı olan islahatları dərin
geosiyasi təhlillə əsaslandıran dövlətimizin
başçısı məhz intellektual güc nümayiş
etdirir.
Belə fəaliyyət sayəsində BMT-də Azərbaycanın
xarici siyasəti və diplomatiyası barədə yüksək
fikir formalaşıb və nəticə etibarilə ölkənin
beynəlxalq nüfuzu artıb. Şübhə yoxdur
ki, 2011-ci ildə BMT-də səsvermə zamanı bu amil
öz rolunu oynayıb.
Diplomatik aspektdə əhəmiyyətli olan digər amil
kimi Azərbaycanın davamlı surətdə yeniləşməyə
meyilliyi, meydana çıxan və sürətlə dəyişən
situasiyalarda ağıl və intellekt sayəsində
düzgün qərar qəbul etmək məharəti nəzərə
alınmalıdır. Bu kontekstdə Prezidentin xarici siyasət
qarşısında müəyyən etdiyi yeni vəzifə və
tapşırıqları ayrıca vurğulamağa ehtiyac var.
Həmin vəzifə və tapşırıqlar beynəlxalq
münasibətlər sisteminin bütün cəhətləri,
müasir təhdid və çağırışlar nəzərə
alınaraq formalaşdırılıb. Burada
bir neçə əsas müddəanı qeyd etmək olar.
Şübhəsiz ki, ilk yerdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
məsələsi durur. Prezident İlham Əliyev münaqişənin
Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində, ərazi
bütövlüyü və suverenliyi əsasında həll
edilməsini vacib şərt kimi irəli sürür. Bu tezis indiki mərhələdə dünya siyasətində
müşahidə edilən ziddiyyətlər fonunda ciddi əhəmiyyət
kəsb edir. Belə ki, ən mürəkkəb
situasiyada da Azərbaycan diplomatiyası sivil üsullara, beynəlxalq
münasibətlər sisteminin qaydalarına uyğun fəaliyyət
göstərir. Ermənistan və onun
havadarlarının çoxsaylı təxribatlarına
baxmayaraq, Azərbaycan sülh və barış xəttindən
çəkilmir.
Digər vəzifə müasir dövrdə böyük
əhəmiyyət daşıyan geosiyasi təhlükələri
neytrallaşdırmaq üsulu ilə bağlıdır. Bir sıra
ölkələrdən fərqli olaraq, Azərbaycanda daxili təhlükə
mənbələri mövcud deyil. Bu, həyata
keçirilən dərindən
düşünülmüş daxili siyasət sayəsində
mümkün olub. Lakin xarici mühitdə
olan təhlükə mənbələri hələ də var
və onlar azalmaq bilmir. Bu təhlükə
mənbələrini zərərsizləşdirmək
üçün düzgün siyasət yeritmək və zəruri
tədbirlər görmək tələb olunur. Bu isə yaranmış vəziyyətə sistemli
yanaşmağı, ağıl və intellektin imkanlarından
maksimum dərəcədə yararlanmağı nəzərdə
tutur. Azərbaycan diplomatiyası təhlükəli
situasiyalarda, qeyri-müəyyənliklərin hökm
sürdüyü vəziyyətlərdə səmərəli
fəaliyyət sistemini formalaşdırıb və həmin
istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Başqa bir vəzifə əvvəlkini nəzəri cəhətdən
tamamlayır.
Azərbaycan diplomatiyası dövlətlərin
daxili işlərinə qarışmamağı və xarici
müdaxiləni inkar edən dövlətlərarası
münasibətlərin dəstəklənməsinə
xüsusi diqqət yetirməlidir. Cənab
Prezidentin qarşıya qoyduğu bu vəzifənin ayrıca əhəmiyyəti
vardır. Məsələ bundadır ki,
indi bəzi böyük dövlətlər
başqalarının daxili işlərinə müdaxilə
edir, onlara öz iradələrini yeritməyə
çalışırlar. Belə bir vəziyyət
getdikcə daha da genişlənir. Nəticədə
dünya miqyasında mürəkkəb və ziddiyyətli
geosiyasi situasiya yaranır. Digər tərəfdən,
Azərbaycan xarici təcavüzün obyektidir. Ermənistan işğal etdiyi torpaqları tərk
etmək istəmir və eyni zamanda, təxribatlar həyata
keçirir. Azərbaycan hətta bu vəziyyətdə
xarici müdaxiləni inkar edən dövlətlərarası
münasibətləri dəstəkləmək xəttini
seçirsə, bu, kifayət qədər humanist və ədalətli
mövqedir.
Dövlətimizin başçısı Azərbaycan
diplomatiyası qarşısında duran digər mühüm vəzifə
kimi ölkənin milli maraqlarına və xalqın mənafeyinə
cavab verməyən beynəlxalq davranışlardan və təşəbbüslərdən
imtina etməyi müəyyənləşdirib. Bu, milli
maraqlara əsaslanan siyasətin davam etdirilməsi sayəsində
mümkündür. Bu siyasət milli təhlükəsizliyin
təmin edilməsinə birbaşa təsir göstərir.
Tarixi təcrübə sübut edir ki,
böyük dövlətlərin gərgin mübarizə
apardığı mürəkkəb geosiyasi məkanda Azərbaycan
kimi ölkələrin öz milli maraqlarına söykənən
müstəqil xətt yeritməsi daha doğrudur. Bu məqam strateji əhəmiyyət kəsb edir.
Məsələnin digər tərəfi ondan ibarətdir
ki, ölkə rəhbəri Azərbaycanın beynəlxalq təşkilatlarla
uğurlu əməkdaşlığının və
çoxtərəfli diplomatiyamızın genişləndirilməsini
mühüm vəzifələrdən biri kimi qarşıya
qoyub. Bu kontekstdə müasir mərhələdə beynəlxalq
təşkilatlarla əməkdaşlıq məsələləri
önə çıxır.
Yuxarıda vurğuladığımız kimi, indi istənilən
müstəqil dövlət üçün beynəlxalq təşkilatlar
böyük əhəmiyyət daşıyır. Çünki
beynəlxalq münasibətlərin tənzimlənməsində
beynəlxalq təşkilatların üzərinə
böyük yük düşür. Dövlətlər
öz mövqelərini, maraqlarını,
hüquqlarının qorunmasını həmin qurumlar vasitəsilə
həyata keçirirlər. Təbii ki,
burada ikitərəfli, üçtərəfli və qrup
halında əməkdaşlıq formatlarını kənara
atmaq olmaz. Məsələnin bu cəhəti
çoxtərəfli diplomatiyanın genişləndirilməsində
öz əksini tapır.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla
əməkdaşlığı çoxtərəfli
diplomatiyanın müxtəlif aspektləri ilə sıx əlaqələndirmək
kimi vacib vəzifə müəyyənləşdirib. Bu, birbaşa
Azərbaycanın hakimiyyət orqanlarının daha dinamik,
çevik və səmərəli fəaliyyət göstərməsini
tələb edir. Söz yox ki, bu prosesdə
ən çox məsuliyyət Xarici İşlər
Nazirliyinin üzərinə düşür. Azərbaycan diplomatları bunu çox gözəl
anlayırlar.
Prezident İlham Əliyev dünya maliyyə-iqtisadi
böhranının dərinləşdiyi və neftin qiymətinin
aşağı düşdüyü indiki vəziyyətdə
Azərbaycan diplomatiyası qarşısında yeni vəzifələr
qoymuşdur.
Konkret olaraq, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin
artırılması, ixracın genişləndirilməsi, yeni
bazarlara çıxışın əldə edilməsi,
TANAP və TAP layihələrinin inşasının
vaxtında yekunlaşdırılması, Cənub Qaz Dəhlizinin
istismara verilməsi, Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri üzrə işlərin
yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Prezidentinin qarşıya qoyduğu bu vəzifələr
enerji və nəqliyyat layihələri ilə milli
iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi
və yeni bazarlara çıxışın
reallaşdırılması arasında sıx əlaqəni təmin
edir. Bu cür xəttin seçilməsi strateji əhəmiyyət
daşıyır. Belə ki, burada milli təhlükəsizlik
məsələsi enerji təhlükəsizliyi və nəqliyyat
amili ilə sıx əlaqədə götürülür.
Hesab edirik ki, Rusiya istisna olmaqla, postsovet məkanında
heç bir ölkənin diplomatik korpusu qarşısında
bu cür vəzifə qoyulmayıb. Bu məqamda
da Prezident İlham Əliyevin intellektual gücü
özünü bütün parlaqlığı ilə
göstərir.
Yuxarıdakı kontekstdən aydın olur ki, enerji və
nəqliyyat layihələri milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılmasında təkanverici və təminedici
rol oynamalıdır. Ölkənin maddi sərvətləri, energetik
resursları, coğrafi üstünlükləri bunu təmin
etməyə yönəldilib.
Ölkənin maddi-mənəvi ehtiyatlarının daha
da dinamik surətdə hərəkətə gətirilməsi
isə ilk növbədə, insan kapitalının inkişaf
etdirilməsinə yönəlib. Bütün bunlar XXI əsrin
çağırışlarına cavab verə biləcək,
demokratik, güclü dövlət quruculuğunun mahiyyətinə
tam uyğun olan və vətəndaş cəmiyyəti
formalaşdırılması prosesində vacib mərhələ
kimi qəbul edilə bilən vəzifələrdir.
Dövlətimizin başçısı milli-mənəvi
və dini dəyərlərin bu prosesdə rolunu dəqiq
müəyyən etmişdir. Əsrlər boyu
formalaşan tarixi təcrübə əsasında milli-mənəvi
və dini dəyərlərə sadiq qalmaqla dinlər və mədəniyyətlərarası
dialoqun və multikulturalizmin təşviq edilməsi
mühüm vəzifələrdən biri kimi göstərilmişdir.
Bununla Azərbaycan müasir dünyəvi
dövlət olmaq niyyətini bir daha ifadə edir. Hazırda dünya üçün mədəniyyətlər,
sivilizasiyalar və dinlər arasında dialoqun təşkili
olduqca vacib məsələdir. Lakin hətta
böyük dövlətlər də bu istiqamətdə real
addımlar atmırlar. Onlar bir qayda olaraq nəyin
bahasına olursa-olsun öz maraqlarını təmin etməyə
çalışırlar. Bu da çoxlu
sayda ziddiyyətlər, ixtilaflar, münaqişələr və
bir sıra hallarda silahlı toqquşmalar meydana gətirir.
Nəticədə bütün dünya mürəkkəb
və qeyri-müəyyən vəziyyətə
düşür.
Bununla yanaşı, bir sıra regionlarda elə dövlətlər
də var ki, fəaliyyətləri ilə müxtəlif sahələrdə
münaqişələr yaradırlar. Cənubi Qafqazda Ermənistan bu
"funksiya"nı yerinə yetirir. Erməni təcavüzkarlar qonşu xalqların ərazisinə,
mədəniyyətinə, dininə aqressiv münasibət
göstərməkdədirlər. Onlar əsasən
Azərbaycanı hədəfə alıblar. Belə bir şəraitdə Azərbaycanın mədəniyyətlər,
dinlər və sivilizasiyalar arasında dialoqa, əməkdaşlığa
və qarşılıqlı yardımlara xidmət edən fəaliyyətə
üstünlük verməsi nəinki region, həm də
bütün dünya üçün bir nümunədir.
Ulu Öndər ölkənin inkişaf
strategiyasını müəyyənləşdirərkən,
dövlətlərin və beynəlxalq təşkilatların
necə davranmasından asılı olmayaraq, Azərbaycan
hakimiyyətinin demokratik və sivil qaydalar əsasında fəaliyyət
göstərməli olduğunu qəti müəyyənləşdirib. Prezident
İlham Əliyevin başçılığı ilə Azərbaycan
diplomatiyası bu yolla inamla irəliləyir və bütün
məsələlərdə öz humanist prinsiplərini, ədalətli
mövqeyini ortaya qoyur.
Nəticə
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə yenidən gəldikdən sonra Azərbaycanın
xarici siyasət strategiyasının əsas istiqamətlərini
formalaşdırdı. Ulu Öndər ölkəyə rəhbərlik
etdiyi dövrdə bu xətti gerçəkləşdirdi,
diplomatik korpusun dövlət quruculuğunda rolunu və yerini
müəyyənləşdirdi. Bütün bunların
sayəsində 25 il ərzində Azərbaycan
diplomatiyası ciddi uğurlar qazandı. Prezident İlham
Əliyevin tam bir vəhdət təşkil edən daxili və
xarici siyasəti nəticəsində Azərbaycan dünya
miqyasında böyük layihələrin müəllifinə
və ev sahibinə çevrildi.
Təkcə onu qeyd etmək kifayətdir
ki, 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi, 2012-ci ildə
ölkəmizdə "Avroviziya" musiqi yarışı
yüksək səviyyədə təşkil olundu. 2015-ci ildə
Azərbaycan tarixdə ilk Avropa Oyunlarının -
Avropiadanın, 2016-cı ildə "Formula-1"
yarışlarının, elə həmin ildə
Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi
Oyunlarının məkanı oldu. Azərbaycan iqtisadiyyat,
enerji-nəqliyyat, mədəniyyət, din, elm, təhsil və
təhlükəsizliyə aid çox mötəbər beynəlxalq
layihələrin aparıcı qüvvəsinə
çevrildi. Böyük İpək Yolu üzərində
yerləşən Azərbaycan Respublikası bu gün Şərqlə
Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, İslam aləmi
ilə Xristian aləmi arasında siyasi, iqtisadi, mədəni,
nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli
körpüdür. Bu körpüyə beynəlxalq
birliyin ehtiyacı var. Eyni zamanda, Azərbaycan
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars, Azəri-Çıraq-Günəşli,
TANAP, TAP kimi beynəlxalq layihələrin təşəbbüskarı
və mühüm iştirakçısıdır. Bu gün
Azərbaycan mədəniyyətlərarası dialoq,
tolerantlıq, multikulturalizm ünvanıdır, öz
multikultural və tolerant cəmiyyəti ilə dünya
miqyasında nümunəvi ölkədir.
Bütün bunlar Azərbaycanın ötən
25 ildə xarici siyasət sahəsində böyük nailiyyətlərin
müəllifi olduğunu təsdiq edir. Prezident İlham
Əliyevin diplomatlar qarşısında qoyduğu yeni vəzifələr
Azərbaycanı növbəti nailiyyətlərə istiqamətləndirir.
Azərbaycan diplomatiyasının bu vəzifələri yerinə
yetirəcəyinə şübhə yoxdur.
Novruz Məmmədov
İki
sahil.- 2017.- 21 noyabr.- S.9.