Naxçıvanda Yeni Azərbaycan
Partiyasının 25 illiyi
qeyd edilib
Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının
yaradılmasının 25 illiyi
münasibətilə tədbir
keçirilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatının Sədri
Vasif Talıbov və Yeni Azərbaycan
Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri
Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycan Respublikasının
qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan
şəhərinin baş
meydanında əzəmətlə
ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin
xatirəsinə dərin
ehtiramlarını bildiriblər.
Tədbir “Araz”
Dövlət Qəbul
Evində davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının
Sədri Vasif Talıbov tədbirdə çıxış edərək
deyib: Yeni Azərbaycan Partiyası
25 il bundan əvvəl – ölkəmizin
həyatında ağır
bir dövrdə yarandı. O vaxt iqtisadiyyatı dağılmış
vəziyyətdə olan
Azərbaycanda siyasi böhran da dərinləşmiş, sosial-iqtisadi
vəziyyət ağırlaşmışdı.
1992-ci il noyabrın
21-də yaradılan partiyamız
çox keçmədi
ki, böyük siyasi hərəkat xarakteri aldı. Yarandığı gündən
Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə
sürükləyən, müstəqilliyimizi
təhlükə altına
alan uğursuz siyasətə qarşı
idi. Bu gün
isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir. “Yeni Azərbaycan Partiyasının
gücü bundadır
ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının
gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”,
- deyən ölkə
Prezidenti, partiyamızı
və ölkəmizi ulu öndər Heydər Əliyev yolu ilə aparır.
Ali Məclisin
Sədri deyib: Yeni Azərbaycan Partiyasının inkişafında
müstəqil və qüdrətli Azərbaycanın
inkişafı aydın
görünür. Yaradıcısı
Ümummilli Lider, özü isə ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyası daim azərbaycançılıq uğrunda
mübarizənin önündə
dayanmışdır. Bu
gün əminliklə
deyirik ki, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi
yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Azərbaycanın davamlı inkişafı,
dövlət müstəqilliyimizin
möhkəmləndirilməsi, güclü orduya malik olmağımız, dünyanın inkişaf edən ölkələri
sırasında layiqli
yer tutmağımız
Yeni Azərbaycan Partiyasının təməlində
duran prinsiplərin əməli surətdə
həyata keçirilməsinin
nəticəsidir.
Qeyd olunub
ki, Yeni Azərbaycan Partiyasının
Naxçıvan Muxtar
Respublika Təşkilatı
da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas
tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın
Muxtar Respublika Təşkilatı, eləcə
də şəhər
və rayon təşkilatları üçün
bütün tələblərə
cavab verən inzibati binalar istifadəyə verilmişdir.
Bundan başqa, yaradılan yeni qəsəbə və kənd mərkəzlərində 134 ərazi
ilk partiya təşkilatı ayrıca
iş otaqları ilə təmin edilmişdir. Ötən dövrdə partiyamızın
sıraları cəmiyyətin
bütün təbəqələrindən
olan üzvlər hesabına xeyli genişlənmişdir.
Əgər 2000-ci ildə
partiyanın Naxçıvan
Muxtar Respublika Təşkilatının sırasında
17 min üzv vardısa, hazırda üzvlərin sayı 3 dəfədən çox
artaraq 54 minə çatmışdır.
Ali Məclisin
Sədri deyib: Yeni Azərbaycan Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatının mühüm
nailiyyətlərindən biri
də öz ətrafında ziyalıları
toplamasıdır. Bu gün Yeni Azərbaycan
Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatı üzvlərinin
32 mindən çoxu ali və orta
ixtisas təhsillidir. Muxtar respublikanın siyasi, elmi, mədəni
potensialının 70 faizdən
çoxu Yeni Azərbaycan Partiyasında
cəmləşib. Partiya
sıralarında gənclərin
və qadınların
da xüsusi çəkisi artmaqdadır.
Hazırda Yeni Azərbaycan
Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatında gənclərin
sayı 22 minə, qadınların sayı isə 23 minə çatmışdır. Ümummilli
Liderimizin də ifadə etdiyi kimi, “Yeni Azərbaycan
Partiyasına xidmət
etmək Vətənə,
millətə, müstəqil
Azərbaycan dövlətinə
xidmət etmək deməkdir”.
Ali Məclisin
Sədri deyib: Muxtar respublikamızın sosial-iqtisadi həyatında
əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, partiyamız
real işlərlə
məşğul olur.
Bu gün Naxçıvanda enerji və ərzaq təhlükəsizliyi təmin
olunub, muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılıb. Sosial-iqtisadi
inkişaf sürətləndirilib.
Həyata keçirilən
islahatların əhatə
dairəsi genişləndirilib.
Yeni iş yerləri açılıb,
əhalinin yaşayışı
yaxşılaşdırılıb. Əsası da odur ki, inkişaf
davamlı xarakter daşıyır, müasir
infrastruktur yaradılır,
yollar çəkilir,
istehsalat və xidmət sahələri istifadəyə verilir.
Bu nailiyyətlərin qazanılmasında əməyi
olanlara və partiya fəallarına təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib ki, Yeni
Azərbaycan Partiyasının
ideyaları və cəmiyyət həyatının
ən müxtəlif məsələlərinə dair
baxışları məhdud
zaman çərçivəsinə yox, uzun bir dövrə
və tarixi proseslərə hesablanıb.
Bunu nəzərə alan Ümummilli Liderimiz də deyirdi ki, “Yeni
Azərbaycan Partiyası
Azərbaycanın dünəninin,
bu gününün və gələcəyinin
partiyasıdır”.
Yeni Azərbaycan
Partiyası Kəngərli
Rayon Təşkilatının
sədri Sevda Quliyeva çıxış
edərək deyib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi
dövlət qadın
siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublika qadınları bu gün milli
dövlət quruculuğu
proseslərinin, ictimai
hadisələrin fəal
iştirakçısı olaraq
sosial, elmi-intellektual, mədəni potensialın
artırılması, müstəqil
dövlətimizin inkişafı,
tərəqqisi istiqamətində
öz vəzifələrini
layiqincə icra etməyə çalışır.
Muxtar respublika əhalisinin 51 faizdən çoxunu təşkil edən qadınların qərar qəbul etmədə, hüquq mühafizə və icra hakimiyyəti orqanlarında iştirakı
genişləndirilir. Muxtar
respublikada qadınların
Yeni Azərbaycan Partiyasında təmsilçiliyi
də sürətlə
artmaqdadır. Hazırda
üzvlərimizin 6597-si təhsil,
3351-i səhiyyə, 1765-i elm,
mədəniyyət və
incəsənət, 2029-u idarəetmə,
4976-sı isə digər
sahələrdə çalışır.
Sevda Quliyeva muxtar respublikada qadınlara göstərilən
diqqət və qayğıya görə partiyanın qadın üzvləri adından minnətdarlıq edib.
Yeni Azərbaycan
Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü
Sahil Tahirli çıxış edərək
deyib: Yeni Azərbaycan Partiyasının
keçdiyi yol ümummilli liderimiz Heydər Əliyevin bizə ərməğanı
olan müstəqil Azərbaycanın müasir
inkişaf tarixidir. Bu gün partiya sıralarında birləşən
gənclərimiz ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
ölkəmizin hərtərəfli
inkişafına yönəlmiş
quruculuq proqramlarının
icrasında və müstəqilliyimizin möhkəmləndirilməsi
istiqamətində səylə
çalışır, dahi
şəxsiyyətin ideyaları
ətrafında milli
birlik nümayiş etdirirlər. Muxtar respublikada görülən
böyük quruculuq işləri, yaradılan dayanıqlı ictimai-siyasi
sabitlik digər sahələrdə olduğu
kimi, dövlət-gənclər
siyasətinin də uğurla həyata keçirilməsinə imkan
verir. Qazanılan bu uğurların
fonunda həm də xatırlayırıq
ki, ötən əsrin 90-cı illərində
müstəqilliyimiz itirilmək,
bununla bərabər gəncliyimiz də məhv olmaq təhlükəsi ilə
üz-üzə qalmışdı.
Bu gün biz məhvdən, uçurumdan yox, gələcəyə inamla
addımlayan gənclər
ordusundan danışırıq.
Naxçıvan gəncləri qurur,
yaradır, vətənimiz
və xalqımızın
işıqlı gələcəyi
naminə səylə
çalışaraq peşəkar
mütəxəssislər kimi
yetişir, həyata keçirilən müasirləşmə
siyasətinə töhfə
verən ictimai qüvvə kimi özünü göstərirlər. Yeni Azərbaycan
Partiyası sıralarında
birləşən muxtar
respublika gənclərinin
yolu birdir: Bu yol böyük
yaradıcı gücə
malik olan Heydər Əliyev yoludur!
Sonra tədbir
iştirakçıları Naxçıvan Dövlət
Televiziyasının hazırladığı
“Dünənin, bu günün və gələcəyin partiyası”
adlı sənədli
televiziya filminə baxıblar.
Hacıyev İqbal
Iki sahil.- 22 noyabr.- S.5.