“Bəkirnamə”
kitabı ictimaiyyətə
təqdim olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Esmira Fuadın “Bəkirnamə” kitabının
təqdimatı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitab görkəmli ədəbiyyatşünas alim,
"Şöhrət" və
"İstiqlal" ordenli,
Əməkdar Elm Xadimi, iki dəfə
Dövlət mükafatı
laureatı, mərhum akademik Bəkir Nəbiyevə həsr olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli görkəmli elm xadimi B.Nəbiyev haqqında yazılan çoxsaylı məqalə
və kitablarla müqayisədə bu əsərin bəzi elementlərə istinad edilərək elmi publisistik üslubda, epizodik şəkildə və hər bir oxucunun anladığı
dildə yazıldığını diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti “Bəkirnamə”də görkəmli
alimin elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin
ibrətamiz cəhətlərinin
sintez edilməsini və B.Nəbiyevin elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı
adlandırıb.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi,
Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli isə çıxışında
bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında
yazılan namələr
– “Şahnamə”, “İsgəndərnamə”,
“Bəhramnamə” kimi
“Bəkirnamə”nin də
yazılması çox
təbiidir. Namə
el arasında öz sahəsində nüfuz qazanan, müstəsna xidmətləri
olan bir insandan soraq verir. “Bəkirnamə”də
fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin
taleyi işıqlandırılır.
T.Kərimli unudulmaz alim
B.Nəbiyevin Azərbaycan
ədəbiyyatı sahəsində
elmi məktəb yaratdığını söyləyib,
onun zəngin mənəvi keyfiyyətlərindən,
xeyirxah əməllərindən
və yüksək vətənpərvərliyindən söz açıb.
Xalq Şairi
Sabir Rüstəmxanlı
görkəmli alimin Azərbaycan elminin inkişafındakı rolunu
və mövqeyini xüsusi qeyd edib. Bildirib ki, B.Nəbiyev Azərbaycan ədəbiyyatının
və ədəbi tənqidinin görkəmli
nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.
Tədbirdə Azərbaycanda Atatürk
Mərkəzinin direktoru,
akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Jalə Əliyeva, Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Asif Rüstəmli, Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel və digər çıxış
edənlər alimin çoxşaxəli fəaliyyətindən,
ədəbi irsinin əhəmiyyətindən
danışıblar.
“Bəkirnamə”
kitabının müəllifi,
filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad bildirib
ki, zəngin yaradıcılığı ilə
Azərbaycan elmində
parlaq səhifələr
yaratmış, ədəbiyyatşünaslığımızın
dinamik inkişafında
müstəsna xidmətləri
olmuş B.Nəbiyev haqqında belə bir əsərin yazılması onun öz müəlliminə
böyük ehtiramın
nümunəsidir.
Sonda mərhum
akademikin qızı, Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ailəsi adından atasının xatirəsinə
göstərilən ehtirama
görə tədbirin
iştirakçılarına minnətdarlığını bildirib.
Iki sahil.- 22 noyabr.- S.13.