Heydər Əliyev Mərkəzində
Aleksandr Vasilyev Fondunun kolleksiyasından ibarət “Modernizm və moda” sərgisi
açılıb
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva açılış mərasimində
iştirak edib
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr
Vasilyev Fondunun təqdimatında 1960-cı illərin
geyim və bəzək əşyalarından
ibarət “Modernizm və moda” sərgisinin
açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində
iştirak edib.
Heydər Əliyev
Mərkəzinin direktoru
Anar Ələkbərov
mərasimdə çıxış
edərək Mərkəzin
artıq beynəlxalq sərgilərin keçirildiyi
məkana çevrildiyini
qeyd edərək deyib: “Biz artıq
bir neçə dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə moda mövzusuna müraciət etmişik. Mərkəzdə italyan modelyer Renato Balestranın Azərbaycan ornamentlərindən ibarət
moda şousu keçirilib. Eyni zamanda, 2015-ci ildə Monako Şahzadəsi Qreys Kellinin zinət əşyaları,
şəxsi geyim nümunələri, ilk dəfə
Azərbaycanda təqdim
olunan avtomobil kolleksiyası “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisində nümayiş
etdirilib”.
Anar Ələkbərov diqqətə
çatdırıb ki,
2017-ci il Heydər Əliyev Mərkəzi üçün
çox əhəmiyyətli
bir ildir. 2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
iştirakı ilə
Heydər Əliyev Mərkəzinin açılışı
olub və qonaqlarımızın sayı
günbəgün artır.
Bu illər ərzində
Heydər Əliyev Mərkəzinə artıq
bir milyondan çox ziyarətçi gəlib. Bu da onu deməyə əsas verir ki, Mərkəzin seçdiyi mövzular, təqdim etdiyi sərgilər həm şəhərin qonaqları,
həm də sakinlər tərəfindən
yüksək qiymətləndirilir.
Anar Ələkbərov bu cür sərgilərin təşkilində, ümumiyyətlə,
Heydər Əliyev Mərkəzinin fəaliyyətində
və burada keçirilən tədbirlərə
göstərilən dəstəyə
görə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını
bildirib.
“Modernizm və moda” sərgisi haqqında danısan Mərkəzin direktoru qeyd edib ki,
sərgi yeddi ay ərzində hazırlanıb. A.Ələkbərov sərgidə təqdim olunan kolleksiyanın rəhbəri Aleksandr Vasilyevə və sərginin kuratoru Kirill Qasilinə, eləcə də sərginin təşkilində əməyi
olan hər kəsə təşəkkür
edib.
Açılış mərasimində
çıxış edən
Aleksandr Vasilyev Bakıya səfərinin böyük xoşbəxtlik
olduğunu vurğulayaraq
deyib: “Günəşli
gündür, çox
gözəl kampaniyadır,
dost simalar görürəm.
Bütün bunlar uğurdan
xəbər verir.
Mən,
ilk növbədə, Heydər
Əliyev Mərkəzinə
kolleksiyamı nümayiş
etdirməyə imkan yaratdığı üçün
təşəkkür edirəm.
Bugünkü sərginin mövzusu
onunla şərtlənib
ki, biz sizinlə nadir memarlıq nümunəsi olan binadayıq. Böyük memar tərəfindən layihələndirilmiş bu
bina hələ
2014-cü ildə dünyanın
ən gözəl binası kimi qəbul edilib. Bu nadir məkanda olmaq,
işləmək, sərgi
təqdim etmək bizim üçün şərəfdir.
Bu sərginin ekspozisiyası
40 il ərzində
toplanıb. Biz müxtəlif
ölkələrə, o cümlədən
Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə,
Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya,
Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə
və digər ölkələrə bu sərgi ilə bağlı səyahət
etmişik. Kurator Kirill Qasilin bu
sərginin təşkilinə
böyük vaxt sərf edib. Mən bu sərginin təşkilinə görə
böyük imkan yaradıldığı üçün
Heydər Əliyev Fonduna təşəkkür
edirəm. Bizim digər
sərgilər də təşkil etmək planımız var. Altı
aydan sonra sizə daha maraqlı bir sərgi göstərməyi
planlaşdırırıq. Bu, hələ ki,
sirdir. Çünki siz hələ
bu sərgidən zövq alacaqsınız.
Sərgidə görəcəkləriniz,
ola bilsin
ki, sizin gözləntinizi də ötüb keçəcək.
Bu, həmin möhtəşəm
dövrün ən yaxşı modalarıdır.
“Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”,
“Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche”, “Cassini”, “Valentino” kimi
yüksək modanın
qəhrəmanlarının müxtəlif, ən yüksək keyfiyyətli
modelləri təqdim edilir. Bunlar o dövrün ulduzlarına
məxsus idi. Həmçinin sərgidə
çoxsaylı aksesuarlar,
çantalar, şlyapalar,
bijuteriyalar və s. yer alıb. Düşünürəm ki, bunlar sizdə dərin təəssürat oyadacaq”.
Aleksandr Vasilyev diqqətə çatdırıb ki, bu, həm də
maarifləndirici sərgidir. Bu sərgi Azərbaycanın
dizaynerlərini, rəssamlarını,
rejissorlarını, aktyorlarını,
yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsi məlumatlandıracaq.
Axı moda həm də
tətbiqi sənətin
bir hissəsidir.
Bu, təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətdir.
O deyib: “Bu cür sərgi o şəhərdə
olmalıdır ki, həmin yerdə modaya səmimi münasibət bəslənilir.
Biz istəyirik ki, Azərbaycanda bu estetika duyumu
həmişə ən
yüksəkdə olsun
və siz böyük mədəniyyətin,
böyük estetikanın
və böyük gözəlliyin, o cümlədən
memarlıq gözəlliyinin,
təbiətin gözəlliyinin,
mətbəxin gözəlliyinin
paytaxtında yaşamağınızla
qürur duyasınız.
Mən sərginin təşkilində
göstərilən dəstəyə
görə Azərbaycanın
Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Möhtəşəm arxitekturaya, harmonik atmosferə, parlaq yaranma tarixinə sahib olan bina statusunda
Heydər Əliyev Mərkəzinə “Stil meyarı” nominasiyasında
“Aleksandr Vasilyev zanbaqları” mükafatı
təqdim olunub. Aleksandr Vasilyev
tərəfindən təqdim
edilən mükafat keramikadan hazırlanmış
“Zanbaq” əsərindən
ibarətdir.
Anar Ələkbərov
isə Mərkəzin
adından qonağa
XIX əsrin sonları
- XX əsrin əvvəllərinə
aid Azərbaycan milli qadın geyimini təqdim edib.
Sonra qonaqlar sərginin təqdim edildiyi dördüncü mərtəbəyə qalxıblar.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Aleksandr Vasilyev sərginin açılışını bildirən rəmzi lenti kəsiblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda
ilk dəfə nümayiş
olunur. Ekspozisiyada
Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin
60-cı illərinə aid
100 geyim nümunəsi
və 350 aksesuar təqdim edilir.
1960-cı illər ötən əsrin ən inqilabi onilliklərindən hesab edilir. Bu dövrün gözlənilməz
inqilabiliyi cəmiyyətlərdə
və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratdı.
İlk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın
1963-cü ildə kosmosa
uçuşu dəb aləmində yeni iz qoydu və
Paris modelyerləri kosmik mövzuya müraciət etdilər. Ayaqqabı formaları, baş
geyimlərində və
digər aksesuarlarda da əksini tapan kosmik dəb
erası 1969-cu ildə
amerikalıların Aya
ilk enişi ilə sona çatdı.
Heydər Əliyev Mərkəzindəki sərgidə
bu futuristik ideyaları özündə
əks etdirən kifayət qədər paltar, ayaqqabı və baş geyimləri təqdim olunur.
Ekspozisiyada, həmçinin
kino ulduzları Meri Pikford, Qloriya
Svenson, Lesli Karon və Loren
Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan geyimlər nümayiş etdirilir. Sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və
Dauqavpilsdə təqdim
olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənir.
Aleksandr Vasilyev
kolleksiyaçı, moda
tarixçisi, interyer dekorasiyaçısı, teatr
rəssamı, dəb
sahəsində bir sıra məqalə və kitabların müəllifi, sənətşünas,
televiziya proqramlarının
aparıcısıdır. Onun
40 ilə yaxındır
ki, topladığı
kolleksiyada XVII əsrdən
müasir dövrədək
müddəti əhatə
edən 50 min eksponat var. Müxtəlif
ölkələrdən əldə
olunan eksponatlar arasında öz dövrlərinin ən yaxşı atelyelərində
hazırlanan yüksək
dəb şedevrləri
yer alıb.
Vilnüsdə yaradılmış Aleksandr Vasilyev Fondu Litva və
digər ölkələrdə
dəb mədəniyyəti
və tarixinin təbliğinə yönəlmiş
təhsil, kostyum, aksesuar, rəsm, qrafika, foto, dekorativ tətbiqi sənət əsərləri
və çap olunmuş nəşrlərdən
ibarət kolleksiyanın
qorunması, genişləndirilməsi, ictimaiyyətə təqdim olunması istiqamətində fəaliyyət
göstərir.
Heydər Əliyev
Mərkəzində təşkil
olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.