Azərbaycan ədəbi
dilinin qorunması hər bir azərbaycanlının ümdə
vəzifəsidir
Əsrlərin
daş yaddaşından, “Dədə Qorqud” boylarından süzülüb, nənələrimizin
şirin laylalarında, bayatılarında,
babalarımızın hikmətli nəsihətlərində zənginləşərək,
minillərin yolçuluğunda zaman-zaman müdrikləşərək
bu günümüzə gəlib çatan, milli kimliyimizin, mənəvi diriliyimizin və birliyimizin rəmzinə
çevrilən, xalqımızın əvəzsiz milli sərvəti,
ruhumuzun qidası olan doğma Azərbaycan dilini qorumaq, onu daha
da inkişaf etdirərək gələcək nəsillərə
ərməğan etmək hər birimizin müqəddəs vəzifəsi,
əsl vətəndaşlıq borcudur. Tarixin
sərt döngələrindən, burulğanlarından
keçərək Azərbaycanımızın əbədiyaşarlığının
keşiyində dayanan, milli varlığımızın təsdiqi
olan ana dilimizin qorunması, onun dövlət statusuna yüksəlməsi
bu gün müstəqil Azərbaycan Respublikasında dövlət
siyasətinin əsas prinsiplərindən birinə
çevrilmişdir. Prezidentimiz İlham Əliyev belə bir
fikri daim dönə-dönə vurğulayır ki, ana dilini
qorumadan, onu inkişaf etdirmədən, zənginləşdirmədən
xalqın milli özünəməxsusluğunu, milli ruhunu
qorumaq mümkün deyil.
Prezident
İlham Əliyevin tapşırığı ilə bu
günlərdə “Azərbaycan
ədəbi dilinin qorunmasında və inkişafında
KİV-in rolu” mövzusunda dilçi alimlərin, Milli Məclisin
deputatlarının, KİV rəhbərlərinin və mətbuat
nümayəndələrinin iştirakı ilə keçirilən
konfransda da bu məsələlər ərtaflı
müzakirə olunub, fikir mübadiləsi aparılıb, bu
sahədəki mövcud problemlərin həll edilməsi
üçün konkret təkliflər verilib, konkret vəzifə
və hədəflər müəyyənləşdirilib.
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov konfransdakı
çıxışında bildirib ki, milli dövlətçiliyin
yaranması və inkişafında dilin mühüm tarixi rolu
vardır. Çünki dil hər
bir xalqın özünüqoruma instinktini gücləndirən,
onu səfərbər edən və birləşdirən,
həmçinin bir cəmiyyəti digərlərindən fərqləndirən
və müdafiə edən ən etibarlı vasitədir. Ona
görə də dövlət dilinin saflığının
qorunması, inkişafı və zənginləşməsinə
xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət
kəsb edir.
Ana dilimiz müstəqil dövlətimizin rəmzləri
olan himnimiz, gerbimiz, bayrağımız kimi müqəddəs,
azərbaycançılıq ideologiyasının da
mühüm elementi, onun siyasi və sosial-mədəni
dayağıdır. Azərbaycan ədəbi və
xalq danışıq dilini dərindən bilən, doğma
dilin zəngin lüğət tərkibinə yaxşı bələd
olan, qrammatik imkanlarından səmərəli istifadə etməyi
bacaran ulu öndər Heydər Əliyevin ana dilimizin
inkişaf etdirilməsində misilsiz tarixi xidmətləri
olub. Qətiyyətlə demək olar ki, Ümummilli
Liderin Azərbaycan dili ilə bağlı həyata
keçirdiyi tədbirlər onun milli dövlət
quruculuğu siyasətinin tərkib hissəni təşkil
etmişdir.
Ulu Öndərin bu məsələlərlə
bağlı imzaladığı Fərman və sərəncamların
Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda daim
geniş üfüqlər açdığını diqqətə
çatdıran Əli Həsənov ümummilli lider Heydər
Əliyevin ana dilimizin xalqımızın ictimai-siyasi və mənəvi
həyatında rolunu yüksək qiymətləndirdiyini
xüsusi vurğulayıb: “Azərbaycan dili özünün
hazırkı səviyyəsinə çatana qədər
müxtəlif tarixi mərhələlərdən keçib.
Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar
olub. Təkcə onu qeyd etmək kifayətdir ki, onun prinsipial
mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq,
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili
dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan
dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin
inkişafı üçün böyük işlər
görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni
mövqeyinin yüksəlməsinə nail olunub”.
Təbii ki, müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi
də Ümummilli Liderin adı ilə bağlıdır.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili
milli dövlətçiliyimizin əsas institutlarından biri
olaraq təsbit edilib. Azərbaycan dilinin
milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi
istiqamətində atılmış vacib addımlardan biri də
2001-ci ilin iyununda Ulu Öndər
tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmanın imzalanması olub. Fərmanda
Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil
dövlətçilik atributu kimi rolu və funksiyası
göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti
hərtərəfli nəzərdən keçirilib. Eyni
zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək
onların aradan qaldırılması barədə müvafiq
tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqustun
1-dən latın qrafikalı Azərbaycan əlifbasına
keçilməsi qərara alınıb.
Ulu öndər Heydər Əliyevin həmin il
avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
elan edilib. Növbəti mühüm addım 2002-ci ilin
sentyabrında “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Qanunun qüvvəyə minməsi oldu. Bu qanun
ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan
Respublikasında Azərbaycan dilinin dövlət dili kimi
hüquqi statusunu nizamlayır. Ötən illər ərzində
isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.
Ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi dil siyasətinin bu gün Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən ardıcıl
surətdə davam etdirildiyini vurğulayan Əli Həsənov
diqqətə çatdırıb ki, dövlətimizin
başçısı 2015-ci ilin noyabrında Milli Elmlər
Akademiyasının 70 illiyi ilə bağlı
keçirilən toplantıdakı nitqində dövlət
dilinin kənar təsirlərdən qorunması və
saflığının təmin olunmasının vacibliyini
qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin
işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq
dairəsinin genişləndirilməsi üçün
ardıcıl tədbirlər həyata keçirir. Ölkə
başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”, 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin Azərbaycan dilində
nəşri nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında” sərəncamları
bu istiqamətdə əhəmiyyətli rol oynayıb.
Yeni dövrün müəyyən
reallıqları ilə bağlı olaraq ana dilinin istifadəsi
sahəsində yaranmış bəzi problemləri ciddiliklə
nəzərə alan ölkəmizin başçısı
2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramı” haqqında Sərəncam
imzalayıb. Sənəddə Azərbaycan dilinin tarixi təkamül
və inkişaf mərhələlərinə elmi-tarixi
rakursdan nəzər salınmış, qloballaşma şəraitində
bu sahədə mövcud problemlər, görülməli olan
tədbirlər dolğun əksini tapmışdır.
Çox təəssüf ki, Sərəncamda
sadalanan həmin nöqsanlar bu gün də tam aradan qaldırılmayıb.
Daim ana dilimizin
inkişaf etdirilməsinə
böyük qayğı və diqqət göstərən
ölkə başçısı dövlət dilinin
KİV-də istifadəsi sahəsində mövcud problemlərin
bir daha müzakirə edilib vəziyyətdən
çıxış yollarının axtarılması və
müvafiq təkliflərin hazırlanması məqsədilə
belə bir konfransın keçirilməsi barədə
tapşırıq verib.
Şübhəsiz, müasir
dövrdə geniş vüsət alan qloballaşma prosesi
dövlət dilinin istifadə sahəsindən də yan
keçmədiyindən fasiləsiz təkmilləşən
informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin
insanlar tərəfindən sürətlə mənimsənilməsinin,
maneəsiz informasiya mübadiləsi imkanlarının
artmasının dilimizi zənginləşdirməklə
yanaşı, mənfi təsirlərə də məruz
qoyur. Narahatlıq doğuran digər
məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi
söz və ifadələrin yersiz daxil edilməsidir. Elmi-texniki tərəqqi nəticəsində yeni
terminlərin ədəbi dilimizə daxil olması təbii
proses olsa da, cəmiyyətimizdə məişət dilində
yayılan əcnəbi sözlərin ədəbi dilə gətirilməsi
hallarının müşahidə edilməsi təəssüf
doğurur.
Danılmaz həqiqətdir ki, qloballaşma
dövründə dünyaya ağalıq etmək
iddiasında olan böyük güclər ədəbiyyat, elm,
dil, təhsil sistemi vasitəsilə “Yumşaq güc” amilindən
istifadə etməyə çalışırlar. Təbii ki,
belə halların qarşısını almaq
üçün aidiyyəti qurumlar adekvat addımlar
atırlar. Məsələn, Azərbaycan dilinin ədəbi
normalarının qorunmasını diqqət mərkəzində
saxlayan Azərbaycan Respublikası Milli Televiziya və Radio
Şurası 2011-ci ildən dilçi alimlərin
iştirakı ilə teleradio kanallarında yayımlanan
proqramların monitorinqini aparır. Təəssüf
ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Elektron
Mediaya Yardım Fondu”nun “Azərbaycan media məkanında ədəbi
dilin qorunması” layihəsi çərçivəsində həyata
keçirilən bu monitorinqlərin nəticələri
olduqca narahatedici məqamları üzə
çıxarıb. Əsas narahatlıq doğuran məsələlərdən
biri burada adi məişət dilinin ədəbi dilin şifahi
forması ilə eyniləşdirilməsi, özəl televiziya məkanında
ədəbi dil normalarının pozulması hallarına daha
çox rast gəlinməsi olub. Bu isə yolverilməzdir,
çünki bəzən tamaşaçı və dinləyici
efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi
fakt kimi qəbul edir. Bundan başqa Mətbuat Şurasının nəzdində
daimi fəaliyyət göstərən monitorinq qrupu müəyyən
edib ki, mətbuatımızdakı dil qüsurlarının əsas
səbəblərindən birinin də jurnalistlərin
müraciət elədikləri mövzunu, bəhs etdikləri
predmeti yaxşı bilməmələri ilə
bağlıdır.
Təbii ki, KİV-də ədəbi dilin
normalarının pozulmasının qarşısını
almaq üçün bu sahəyə sistemli, kompleks yanaşma
olmalıdır. Azərbaycan dilinin saflığının
qorunması, onun inkişafının təmin olunması, bu
sahəyə dövlətin ayırdığı diqqət
qarşıya qoyduğu vəzifələr yüksək səviyyədə
həllini tapmalıdır. Bu məsələlər aidiyyəti
qurumlarda, elmi institutlarda dərindən müzakirə
olunmalı, cəmiyyətimiz bu sahədəki problemlərin həll
edilməsində fəallıq nümayiş etdirməlidir. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənovun dediyi
kimi, Azərbaycan ədəbi dilinin saflığının
qorunması və inkişafı prosesində KİV ilə
yanaşı, cəmiyyətin hər bir üzvünün
üzərinə böyük məsuliyyət
düşür: “Hamı anlamalıdır ki, Azərbaycan
dilini yaşatmaq üçün bizim yalnız bir coğrafi ərazimiz
var, o da Azərbaycan ərazisidir. Azərbaycan dilinin
yaşayacağı bir hüquqi təsisat var, o da Azərbaycan
dövlətidir. Azərbaycan dilini yaşadanlar Azərbaycan vətəndaşlarıdır
və xarici ölkələrdə yaşayan
soydaşlarımızdır. Azərbaycan dilinin gözəlliklərini,
zənginliklərini qoruya, o dildə əsərləri yarada
biləcək bir xalq var, o da biz azərbaycanlılarıq. Hər
kəs buna məsuliyyətlə yanaşmalıdır. Cəmiyyətdə adi vətəndaşdan, QHT
nümayəndəsindən, KİV rəhbərindən
tutmuş alimə, ziyalıya qədər hər kəs hiss
etməlidir ki, Azərbaycan ədəbi dilinin qorunması hər
bir azərbaycanlının ümdə vəzifəsidir”.
Zahid Rza
İki sahil.- 2017.- 11 oktyabr.- S.4.