Gənc alimin dilçilik
elminə dəyərli
töhfəsi
Aysel Qəriblinin “Azərbaycan
dili” anlayışının
tarixi” kitabı çapdan çıxıb
Filologiya üzrə
fəlsəfə doktoru
Aysel Qəriblinin “Azərbaycan dili” anlayışının tarixi”
kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, gənc
alimin bu monoqrafiyasında “Azərbaycan
dili” anlayışının
formalaşma tarixinin dövrləri araşdırılıb.
Orta əsrlərdə,
XIX əsrdə, mürəkkəb
proseslərlə zəngin
XX yüzillikdə, eləcə
də yaşadığımız
müasir dövrdə
“Azərbaycan dili” anlayışının tarixinə
dair müxtəlif mülahizələr irəli
sürülüb. Kitabda qeyd
olunur ki, “Azərbaycan dili” anlayışı (linqvonimi)
“Azərbaycan” toponimi,
bunun ardınca isə “Azərbaycan xalqı” etnoniminin təşəkkülü ilə
formalaşmağa başlayaraq
müasir dövrdə
sayı iyirmi beşdən çox olan türk dillərindən birinin adını bildirir ki, həmin ad-anlayışın formalaşmasının
zəngin tarixi var. Lakin bu
tarix indiyə qədər sistemli şəkildə, xronoloji
(və məntiqi) ardıcıllıqla öyrənilməyib,
yalnız mülahizələrlə
(özü də biri digərini istisna edən, yaxud mübahisəli) kifayətlənilib.
A.Qəribli bu kitabında
“Azərbaycan dili anlayışının tarixi”nə
bütöv şəkildə
yanaşıb, özündən
əvvəlki mülahizələri
ciddi araşdıraraq
analitik, eləcə də düzgün metodologiya ilə təhlil edib, elmi nəticələrə
gəlib. Gənc
alimin fikrincə, “Azərbaycan dili” anlayışının, eləcə
də linqvoniminin təşəkkül tarixinin
əsasını “türk
dili”ndən “Azərbaycan
dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə meydana çıxan problemlər
təşkil edir.
Monoqrafiya beş
fəsildən, “Azərbaycan
dili” anlayışını
bildirən linqvonimlər
(dil adı) sözlüyündən və
ədəbiyyat siyahısından
ibarətdir.
Müəllif monoqrafiyanın əvvəlində
yazır ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev istər sovet, istərsə də xüsusilə müstəqillik
dövründə ölkəyə
rəhbərlik illərində
“Azərbaycan dili” anlayışının həm
ictimai şüurda möhkəm yer tutması, həm də Azərbaycan dilinin hər cəhətdən mükəmməl
bir xalqın dili olaraq daha
da inkişaf edib zənginləşməsi
üçün davamlı
şəkildə təxirəsalınmaz
tədbirlər görüb.
Xalqın (və dövlətin)
dili ilə bağlı mülahizələri,
apardığı genişmiqyaslı
müzakirələr, verdiyi
qərarlar, həyata keçirdiyi ideyalar dahi dövlət xadiminin ümumən milli dövlət quruculuğu missiyasının
üzvi tərkib hissəsi olub.
Qeyd edək ki,
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
və digər rəsmi sənədlər,
eyni zamanda, alimlərimizin qarşısında
yeni-yeni vəzifələr qoyur. A.Qəriblinin müraciət
etdiyi mövzu həm də bu baxımdan aktualdır.
Kitabın “Türk dili”
anlayışının təşəkkülü”
adlanan birinci fəslində bu anlayışın mənşəyi,
orta əsrlərdə
mövqeyi, “türk dilləri” anlayışının
təşəkkülü, “ortaq türkcə” anlayışı ilə bağlı iddialar və imkanlar barədə tutarlı fikirlər irəli sürülür. Müəllifin
fikrincə, “türk dili” anlayışında diferensial xüsusiyyətlər
orta əsrlərdə
xüsusi linqvonimlərlə
fərqləndirilməyib, bir
qayda olaraq “türki” adından istifadə edilib.
Tədqiqatçı haqlı olaraq
bu nəticəyə gəlir ki, türk dillərinin diferensiasiyasının dərinləşdiyi
(buna uyğun olaraq “türk dilləri” anlayışının
populyarlaşdığı) XIX əsrdə, xüsusilə
həmin əsrin sonlarından etibarən bütün türkləri
birləşdirmək, onların
anlayacağı “ümumi
dil tapmaq” ideyası da meydana çıxıb. Bu isə o deməkdir
ki, “türk dilləri” anlayışı
ilə “ümumi (ortaq) türk dili” anlayışı bir-birinə diferensiasiya-inteqrasiya
münasibəti əsasında
sıx bağlıdır.
Müəllif vurğulayır
ki, müasir dövrdə “ortaq türk dili” (“ortaq türkcə”, “türklər üçün
ortaq ünsiyyət dili” və s.) anlayışı həm nəzəri, həm də praktik türkologiyanın maraq dairəsində əhəmiyyətli
yer tutur.
“Azərbaycan
türkcəsi anlayışının
təşəkkülü” adlanan ikinci fəsildə “Qədim Azərbaycan dili” anlayışının, “Azərbaycan
türkcəsi” anlayışının
mənşəyinin və
formalaşmasının, “Əkinçi”nin
Azərbaycan türkcəsi”
məsələlərinin elmi
izahı verilib. Tədqiqatçı qeyd edir ki, “Azərbaycan
türkcəsi” anlayışı
XIX əsrdə formalaşıb.
Bu anlayış ənənə ilə ümumi şəkildə
“türk dili” adlandırıldığı məqamda
da kontekstdən ayın olur ki, söhbət hansı “türkcə”dən
gedir. Daha çox isə “Qafqaz”, “Zaqafqaziya”, “Azərbaycan türklərinin
(tatarlarının) dili”,
yəni “toponim+etnonim+dil”
(lisan, zəban, ləhcə) formul-modeli ilə ifadə olunur. Eyni prinsip
digər türk dillərinin və ya ləhcələrinin adlandırılmasında da
özünü göstərir.
Monoqrafiyanın üçüncü fəsli
XIX əsrin sonu XX əsrin əvvəllərində
“türk dili”, “Azərbaycan türkcəsi”
və “Azərbaycan dili” anlayışlarının
funksional paralelliyinə
həsr edilib. Burada Əli bəy Hüseynzadənin “türkcə”si,
Məhəmməd ağa
Şahtaxtlının, Cəlil
Məmmədquluzadənin, Yusif
Vəzir Çəmənzəminlinin,
Nəriman Nərimanovun,
Üzeyir Hacıbəylinin
ayrı-ayrılıqda “ana
dili” anlayışları
barədə açıqlamalar
yer alıb.
Dördüncü fəsil “Azərbaycan dili” anlayışının
normalaşması” adlanır.
Burada XX əsrin 20-ci, 30-cu illərində
“türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri, “Azərbaycan dili” anlayışı: Şimalda
və Cənubda, Səməd Vurğunun “Azərbaycan dili” anlayışı, XX əsrin
ikinci yarısı Azərbaycan dilçiliyində
“Azərbaycan dili” anlayışı məsələləri
əhatə olunub.
“Azərbaycan
dili” anlayışı
müstəqillik dövründə”
adlı beşinci fəsildə müstəqilliyin
ilk illərində ana dilimizin “türk dili”, “Azərbaycan türkcəsi”
və “Azərbaycan dili” adlandırılması
ilə bağlı mübahisələr, ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə aparılan
dil müzakirələri
və həmin müzakirələrin rəsmi
nəticələri, “Azərbaycan
dili” anlayışı
müasir mərhələdə
mövzuları əhatə
edilib. Müəllif diqqətə çatdırır
ki, SSRİ dağıldıqda
müstəqilliyinə qovuşan
Azərbaycanda varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra atributları
ilə yanaşı, dövlət dilinin adı olaraq “türk dili” də qəbul edilib. Lakin qanunvericiliyin
pozulması ilə müşayiət olunan bu addım respublika
ictimaiyyətinin narazılığı
ilə qarşılanmaqdan
başqa, beynəlxalq
aləmdə də müəyyən anlaşılmazlıqlar
yaradıb. Bütün bunları, eləcə
də “Azərbaycan dili” anlayışının
təşəkkülü tarixini (və mövcud təcrübəsini)
nəzərə alan Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə
dövlət dilinin adı məsələsinə
müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyası qəbul
edilərkən ümumxalq
səsverməsində (referendum)
ayrıca baxılıb,
Azərbaycan Respublikasının
dövlət dilinin “Azərbaycan dili” olduğu təsbit edilib.
Monoqrafiyanın maraqlı və faydalı cəhətlərindən
biri burada “Azərbaycan dili” anlayışını bildirən
linqvonimlər sözlüyünün
yer almasıdır. Sözlük “türk dili”ndən “Azərbaycan dili” anlayışına qədər təxmini xronologiya ilə tərtib olunub və 27 anlayışı
əks etdirir. Müəllifin Azərbaycan,
türk, ingilis və rus dillərində
XIX əsrin 40-cı illərindən
müasir dövrümüzədək
138 mənbəni təhlilə
cəlb etməsi tədqiqatın geniş əhatə dairəsini bir daha təsdiqləyir
İki
sahil.- 2017.- 17 oktyabr.- S.14.