Akademik İsa Həbibbəyli:
Firəngiz Əlizadə
Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib
Oktyabrın 19-da Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi
Kitabxanasında (MEK) görkəmli
bəstəkar, Bəstəkarlar
İttifaqının sədri,
Xalq Artisti, YUNESKO-nun “Sülh naminə artist”i, AMEA-nın müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli Firəngiz Əlizadənin
70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri”
mövzusunda tədbir
keçirilib.
AZƏRTAC
xəbər verir ki, AMEA-nın Alimlər Evinin, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin
birgə dəstəyi
ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış
elm və mədəniyyət
xadimləri, ictimaiyyətin
nümayəndələri iştirak
ediblər.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli
müxtəlif janrlarda
dəyərli əsərlərin
müəllifi olan sənətkarın zəngin
yaradıcılığından söz açıb. Bildirilib ki,
geniş yaradıcılıq
diapazonuna malik olan F.Əlizadə öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq
opera, balet, instrumental, vokal,
simfonik, xor və kamera əsərləri yaradıb.
Müasirlik və milli musiqi ənənələrinin
parlaq təcəssümü
F.Əlizadə yaradıcılığına
xas olan cəhətdir. O, Azərbaycan
musiqisini yeni janrlarla zənginləşdirib.
Onun simli kvartet, zərb alətləri və sintezator üçün bəstələdiyi
“Muğamsayağı” əsəri
musiqimizə yeni çalarlar gətirib.
Diqqətə çatdırılıb ki,
görkəmli bəstəkar
əsərləri ilə
milli mədəniyyətimizi
Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda
uğurla təbliğ
edir. Azərbaycan musiqisinin inkişafına
böyük töhfələr
verən və ölkəmizi dünyada tanıdan F.Əlizadə bir sıra nüfuzlu
mükafatların laureatı,
musiqişünaslıq sahəsində
çoxlu məqalələrin
müəllifidir. O, istedadlı
musiqiçilərin bir
neçə nəslini
yetişdirən gözəl
müəllimdir.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında böyük
xidmətləri olan F.Əlizadə xarici ölkələrdə, beynəlxalq
festivallarda, nüfuzlu
musiqi salonlarında ölkəmizi uğurla təmsil edir. O, həmçinin “Muğam aləmi” və “İpək Yolu” beynəlxalq musiqi festivallarının bədii
rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında
öz töhfəsini
verir.
Alimlər Evinin direktoru Nuridə Quliyeva görkəmli bəstəkarın
pedaqoji fəaliyyəti,
musiqi elminin inkişafındakı xidmətləri
və mədəniyyətimizin
təbliği ilə bağlı gördüyü
işlərdən söz
açıb.
Tədbirdə Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru
Həcər Babayevanın
“Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”,
professor Cəmilə Həsənovanın
“Firəngiz Əlizadə
beynəlxalq festivalların
və konsert layihələrinin bədii
rəhbəri kimi”, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Kamilə Dadaşzadənin
“Firəngiz Əlizadənin
yaradıcılığında etnospesfik konseptlərin təzahürünə dair
(“Muğamsayağı” əsəri
əsasında)” mövzusunda
məruzələri dinlənilib.
Məruzələrdə bəstəkarın musiqi yaradıcılığının
əsas istiqamətləri,
bədii məzmun və musiqi dilinin bir-biri ilə vəhdət təşkil etdiyi operaları haqqında danışılıb.
İki sahil.- 2017.- 20 oktyabr.- S.9.