“Azərbaycan
multikulturalizmi” dərsliyi
multikultural dəyərlərin
aşılanması üçün
dəyərli mənbədir
Oktyabrın
24-də Naxçıvan Müəllimlər İnstitutunda ali
məktəblər üçün nəzərdə tutulan
“Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi
olub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə çıxış edən
institutun tədris işləri üzrə prorektoru Akif
İmanlı artıq bir neçə ildir ali təhsil
ocaqlarında multikulturalizm fənninin tədris edildiyini, “Azərbaycan
multikulturalizmi” dərsliyinin bu fənnin tədrisində müəllimlər
və tələbələr üçün böyük
töhfə olduğunu bildirib.
AMEA-nın
müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki,
multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət
siyasətidir. Onun alternativi
yoxdur. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən
süzülüb gələn
zəngin multikulturalizm
modelini dünyaya təqdim etməkdədir.
Ölkəmizin bu sahədə qədim tarixə əsaslanan zəngin təcrübəsi
var.
Qeyd edilib ki, Azərbaycanın tolerantlıq
ənənələrinin mədəni,
siyasi, sosial mahiyyətinin araşdırılması,
respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili
və qorunub saxlanılması, ölkəmizin
əldə etdiyi multikultural nailiyyətlərin
beynəlxalq ictimaiyyətə
təbliği, tarix, mədəniyyət və dini abidələrin
qorunub saxlanılmasına
dəstəyin göstərilməsi
də bu siyasətin əsas prioritet istiqamətlərindəndir.
Gənclərə multikultural
dəyərlərin aşılanması
üçün “Azərbaycan
multikulturalizmi” dərsliyi
dəyərli mənbə
rolunu oynayır.
Bildirilib ki, ölkəmizin
ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan
multikulturalizmi” kitabı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) Himayəçilik Şurasının
sədri, Azərbaycan
Dillər Universitetinin
rektoru, akademik Kamal Abdullanın və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər
üzrə şöbəsinin
baş məsləhətçisi,
professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, üç bölmə və yeddi fəsildən ibarətdir. Dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan
multikulturalizmi fənnini
öyrənən tələbələr,
magistr və doktorantlar, həmçinin
Azərbaycan multikulturalizmi
modelinin aktual məsələləri ilə
maraqlananlar üçün
nəzərdə tutulub.
Kitabın 40-dan çox
müəllifi var, o cümlədən Azərbaycan
vətəndaşı olmayan
müəlliflər də
bu kitaba əmək sərf ediblər. Dərslik Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfə,
hüquq, psixologiya, ölkəmizin müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq
əlaqələri üzrə
tanınmış alimlərin
birgə səyi ilə hazırlanıb və üç bölmədən ibarətdir.
Məzmununa görə dərsliyin
giriş hissəsini təşkil edən birinci bölmədə multikulturalizmlə bağlı
bir sıra mühüm məsələlərlə
yanaşı, “Azərbaycan
multikulturalizmi” fənninin
predmeti, metodları, onun digər ictimai elmlərlə münasibəti, əsas funksiyaları və əhəmiyyəti açıqlanır.
Dərsliyin əsas hissəsi ikinci və üçüncü
bölmələrdə verilib.
İkinci bölmədə
multikulturalizm Azərbaycanın
dövlət siyasəti
və xalqımızın
həyat tərzi kimi təqdim olunur. Həmçinin “Multikultural təhlükəsizlik
və onun əsas prinsipləri”, “Azərbaycançılıq və
multikulturalizm” kimi əhəmiyyətli məsələlər
təhlil edilir. Üçüncü bölmədə
isə Azərbaycanın
xarici siyasətində
multikulturalizm ilə bağlı bir sıra mühüm məqamlar yer alıb. Bu bölmədə multikulturalizm
ölkənin uğurlu
xarici siyasətinin bir amili kimi
göstərilir. Son dövrdə siyasi leksikona daxil olmuş və müxtəlif mədəniyyətlər
arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” təşəbbüsü təhlil
olunur. Eyni zamanda, multikulturalizm siyasətinin həyata keçirilməsində Heydər
Əliyev Fondunun rolu işıqlandırılır,
dünyada Azərbaycanın
multikulturalizm modelinin təbliğ və təşviqində Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin fəaliyyətindən
bəhs edilir.
Tədbirdə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
analitika şöbəsinin
müdiri Rəşad
İlyasov “Azərbaycan
multikulturalizmi” dərsliyi
haqqında danışaraq
qeyd edib ki, dərslikdəki fəsillərdə Azərbaycanın
xarici və daxili siyasətində multikultural təhlükəsizlik,
mədəniyyətimizdə multikulturalizmin ədəbi-bədii
qaynaqları haqqında
geniş məzmunlu materiallar var.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat
xidmətinin rəhbəri
Yadigar Məmmədli çıxışında qeyd
edib ki, tarixən Azərbaycanın
multikultural və tolerant bir ölkə
olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi,
həmçinin dövlət
tərəfindən cəmiyyətdəki etnik-mədəni
müxtəlifliklərin qorunması
istiqamətində böyük
layihələrin həyata
keçirilməsi Azərbaycanın
dünyada multikulturalizm
mərkəzlərindən birinə çevrilməsinə
səbəb olub. Leksikona “Multikulturalizmin Azərbaycan
modeli”, “Azərbaycan multikulturalizmi” kimi terminlər daxil olub. Azərbaycanın multikulturalizm sahəsində
əldə etdiyi mütərəqqi təcrübəyə
dünyada maraq artmaqdadır. Bunun bariz göstəricisi son dövrdə bir sıra Azərbaycan və xarici ölkə ali
məktəblərində “Azərbaycan multikulturalizmi”
adlı fənnin tədris olunmasıdır.
“Azərbaycan multikulturalizmi” dərsliyi bu fənnin tədrisində müəllimlər
və tələbələr
üçün böyük
töhfədir.
Qeyd edək
ki, həmin gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində
“Multikulturalizm” jurnalının
təqdimatı olub. Təqdimat
mərasimində Yazıçılar
Birliyinin sədri Asim Yadigarın, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri
Rəşad İlyasovun,
Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat
xidmətinin rəhbəri
Yadigar Məmmədlinin,
“Multikulturalizm” jurnalının
baş redaktorunun müavini Tahir Kazımlının, muxtar
respublikada yaşayıb-yaradan
şair və yazıçıların çıxışları
olub.
İki sahil.- 2017.- 25 oktyabr.- S.11.
©