Naxçıvan - İslam mədəniyyətinin mərkəzi kimi

 

Milli və müasir sivilizasiyaların qovuşuğunda yerləşən Naxçıvan şəhəri bir ildən sonra İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən, gündən-günə gözəlləşən Naxçıvanın həm də qədim sivilizasiyanın beşiyi olduğunu nəzərə alsaq, çox əhəmiyyətli bir tarixi prosesin şahidi olacağımıza əminlik yaranır. Ekspertlərin fikrincə, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyədə böyük irəliləyişlərin müjdəçisi kimi tarixdə yerini alacaq.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 15-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan–2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə müsabiqə elan edilib. Bundan sonrakı prosesdə rəsmi internet səhifəsi yaradılacaq, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanacaq. Eyni zamanda, muxtar respublikada mövcud olan türk-islam mədəniyyət nümunələrinin, dini abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin ISESCO-nun siyahısına salınması istiqamətində işlərin aparılması, qədim diyarın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması nəzərdə tutulur. Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin də təşkilini diqqətdə saxlayacaq. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, İslam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, müxtəlif idman yarışlarının təşkili də nəzərdə tutulur.İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkənin hər birinin nümayəndəsi rəsmi qaydada Naxçıvana gələcək. Mötəbər tədbirlərin keçirilməsi zamanı isə dünya mediasının diqqəti qədim diyara yönələcək. Bu, muxtar respublikada formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkələrində deyil, həm də dünyada təbliği baxımından əvəzsiz imkanlar yaradacaq. Bundan başqa, həmin ölkələrdə Naxçıvan mədəniyyətini əks etdirən tədbirlərin təqdimatının keçirilməsi də nəzərdə tutulub. Bu da görüləcək işlərə əsaslı töhfə verəcək.

 

Xatırladaq ki, dünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənləri də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin paytaxtı” kimi şərəfli bir ada hələ də layiq görülməyib. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülüb. Həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə..Yaxın tarixə nəzər yetirsək, bunu daha aydın şəkildə görə bilərik. Belə ki, 2001-ci ilin axırlarında Qətərin paytaxtı Doha şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin III konfransında İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) təklifi ilə “İslam mədəniyyəti paytaxtları” Proqramının təsdiq olunması haqqında Qətnamə qəbul edilib. Bu sənədə müvafiq olaraq, İslam mədəniyyəti paytaxtları İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasından seçilməli idi. Həmin konfransda qəbul edilmiş digər qərara görə, dünya müsəlmanlarının ziyarət məkanı olan müqəddəs Kəbənin yerləşdiyi Məkkə şəhəri ilk İslam mədəniyyətinin paytaxtı elan edilib. 2009-cu ildə ölkəmizin paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı olub. Həmin il isə qədimliyi və müasirliyi özündə yaşadan Naxçıvan şəhəri yekdilliklə bu mötəbər ada layiq görülüb. 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsidir.Digər xüsusi bir məqam isə ondan ibarətdir ki, bu ada namizəd kimi irəli sürülən şəhər öz ölkəsi, regionu və İslam dünyası səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi töhfə verməlidir. Bundan əlavə, həmin şəhərin həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən xüsusi binaları, elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji qurumları, müvafiq institutları və sair olmalıdır. Bu gün Naxçıvan şəhəri bütün bu meyarlara ən yüksək səviyyədə cavab verir. Azərbaycanın 5 minillik tarixə malik qədim şəhəri olan Naxçıvanda son 21 ildə onlarla nüfuzlu beynəlxalq tədbir keçirilib. Qədim diyarda elmin, mədəniyyətin inkişafı bu gün ölkəmizdə nümunə kimi qəbul edilir. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir və bəşər sivilizasiyasına çox dəyərli töhfələr verib. Dini ziyarətgahlar – imamzadələr, Əshabi-Kəhf ziyarətgahı bu gün öz abadlığına görə yalnız İslamın yarandığı müqəddəs şəhərlərdəki ziyarətgahlarla müqayisə oluna bilər. Bu gün muxtar respublikada 210 məscid, 26 dini ziyarətgah var. Son 21 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Naxçıvanda regionun ən böyük ibadət ocağı olacaq – 2500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin inşası da davam etdirilir. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır.Yeri gəlmişkən, dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, bura Nuh Peyğəmbərin vətənidir. Təkallahlıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Əshabi-Kəhfdə qeyb olan insanlar da Allahı tanımaqdan, Uca Yaradanı tapmaqdan ötrü sarayı tərk edib, mağarada Tanrıya pənah gətiriblər...Muxtar respublikamıza gələn yüksək səviyyəli qonaqların, nüfuzlu alimlərin, mədəniyyət xadimlərinin, tanınmış ekspertlərin də qeyd etdiyi kimi, Naxçıvanda şəhərsalmada xüsusi diqqət yetirilən kərpic və şəbəkə elementləri burada Şərq memarlıq ənənələrinin, şüşə və metal konstruksiyalardan istifadə isə Qərb inşaat texnologiyalarının üzvi vəhdətdə yaşadılmasına imkan verib. Müasir Naxçıvan qərbyönlü inkişafın əsas meyillərini toplu halda təcəssüm etdirsə də, Şərq mühitinin özünəməxsus aurasını qoruyub saxlaya bilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində əsaslı şəkildə bərpa edilmiş XIX əsrə məxsus Came məscidi, Nuh Peyğəmbərin türbəsi, Zaviyə-mədrəsə binası, həmçinin Möminə xatın, Yusif Küseyiroğlu türbələri, Naxçıvanqala, Xan sarayı, İsmayılxan hamamı, həm də böyük İslam mədəniyyətini özündə yaşadan qədimlik ənənəsinin əsaslı nümunələridir. Qeyd edək ki, görkəmli şair-dramaturq Hüseyn Cavidin şəbəkə ilə işlənmiş türbəsi də bu ənənələrdən bəhrələnərək ucaldılıb.Mübaliğəsiz deyə bilərik ki, həyata keçiriləcək tədbirlər və digər aktual təşəbbüslər sayəsində muxtar respublikamız 26 illik blokadaya baxmayaraq, bütün dünyada həm yüksək sürətlə inkişaf edən, beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olan bir diyar kimi, həm də qeyri-adi istedadların doğulduğu və inkişaf etdiyi, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri yaşadıldığı və zaman keçdikcə daha da zənginləşdirilərək dünya mədəniyyət xəzinəsinə bənzərsiz töhfə verən gözəl bir məkan kimi tanınacaq. Bu mənada əminik ki, gələn il muxtar respublikamızın paytaxtında keçiriləcək mədəni-kütləvi tədbirlər, görüləcək işlər İslam mədəniyyəti tarixində əlahiddə yer tutacaq. Biz bir daha sübut edəcəyik ki, Naxçıvan islami dəyərlərə sadiqdir və bu dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsi ilə mövcud yüksək mədəniyyətimiz əsaslı şəkildə zənginləşib.Bu, bir reallıqdır ki, bəşər sivilizasiyaları arasında İslam sivilizasiyasının daim xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bütün bunlar göstərir ki, bizim dinimiz elmə çox böyük əhəmiyyət verir.Bu da həqiqətdir ki, İslamın mədəni göstəricilərindən biri kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. İnanırıq ki, 2018-ci ildən başlayaraq İslam dünyasında yazılacaq kitablarda Naxçıvanın adı daha çox qeyd olunacaq. Çünki tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Bu ənənəni İslam mədəniyyətinin paytaxtı kimi daha böyük əzmlə davam etdirəcək.

Rauf Kəngərli

İki sahil.- 2017.- 27 oktyabr.- S.8.