Cocuq Mərcanlı
haqqında filmin təqdimatı keçirilib
Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının
və “Böyük Qayıdışın başlanğıcı
– Cocuq Mərcanlı”
filminin təqdimatına
həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
Cocuq Mərcanlının
işğaldan əvvəlki
vəziyyətini və
bərpası ilə bağlı görülən
işləri əks etdirən stendlərə baxıblar.
Baş nazirin müavini,
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov tədbirdə
çıxış edərək
bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, son iki
yüz ildə ermənilər tərəfindən
mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının
bir qismi ilk dəfə olaraq ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş
Horadiz əməliyyatı
zamanı işğaldan
azad edildi. O vaxt Füzuli
rayonunun bir çox yaşayış
məntəqələri, eləcə
də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri
alındı. Ötən
ilin aprel döyüşləri nəticəsində
qəhrəman Azərbaycan
Ordusunun mühüm strateji əhəmiyyətə
malik Lələtəpə yüksəkliyini
azad etməsi isə əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı.
Əli Həsənov diqqətə
çatdırıb ki,
Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər
haqqında” 2017-ci il
24 yanvar tarixli Sərəncamı ilə
Böyük Qayıdış
prosesinə start verildi. Həmçinin dövlətimizin başçısının tapşırığı
ilə xarici KİV-lərin və ölkəmizdə fəaliyyət
göstərən diplomatik
korpusun nümayəndələrinin
Cocuq Mərcanlıya səfəri təşkil
edildi və erməni vəhşiliyi ilə bağlı dolğun məlumatlar qısa müddətdə bütün
dünyaya yayıldı.
Bütün dünya cəmi dörd ay ərzində işğal altında qalmış bir kənddə ermənilərin
törətdikləri vandalizmdən
xəbər tutdu. Bununla da ermənilərin
son 200 ildə uydurduqları yalan və böhtanlar ifşa edildi. “Cocuq Mərcanlıya
bu səfərlərin
təşkili, ermənilərin
bu kənddə törətdikləri vəhşiliklər
barədə məlumatların
dünyaya yayılması,
onların uydurduqları
yalanların ifşası
dövlətimizin başçısının
uzaqgörənliyi sayəsində
mümkün oldu.
Qısa müddətdə
Cocuq Mərcanlı kəndi bütün dünyaya səs saldı. Bütün bunlar Böyük Qayıdışın başlanğıcıdır”,-
deyə Əli Həsənov vurğulayıb.
Prezident İlham Əliyevin
iyunun 14-də Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında
iştirak etdiyini deyən Baş nazirin müavini bildirib ki, dövlətimizin
başçısı Cocuq
Mərcanlıya səfəri
zamanı burada 23 ildir yaşayan yeganə ailənin - Oqtay Həziyevin ailəsinin qonağı oldu. Uzun illər düşmən mərmisinin atəşləri
altında yaşayan bu insanların şücaətini doğma
torpağa və Vətənə bağlılıq
nümunəsi kimi dəyərləndirdi.
Bu səfərdən bir gün sonra,
iyunun 15-də Prezident
“Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər
haqqında” Sərəncam
imzaladı. Hazırda
orada 100 fərdi yaşayış evinin tikinti işləri aparılır. “Cocuq
Mərcanlıya köçmək
üçün bizə
300-ə yaxın ailə
müraciət edib. Artıq 50 ailə bu kəndə köçürülüb. Başqa
rayonların, o cümlədən
köçkün olmayan
rayonların əhalisi
də Cocuq Mərcanlıya köçmək
üçün bizə
müraciət edirlər.
Budur Vətənə, torpağa,
dövlətə sadiq,
bağlı Azərbaycan
vətəndaşları. Bütün
sahələrdə olduğu
kimi, vətəninə,
torpağına bağlılıqda
da Azərbaycan vətəndaşları bütün
dünyaya nümunədirlər
”, - deyə Əli Həsənov qeyd edib.
Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının
72-ci sessiyasına toxunan
Əli Həsənov bildirib ki, Ermənistandakı
cinayətkar rejimə
rəhbərlik edən
Serj Sarkisyan sessiyadakı çıxışı
ilə həyasızlığın,
arsızlığın ən
yüksək zirvəsinə
qalxdı. “Həyasızlığın
dərəcəsinə baxın
ki, o, 25 ildir torpaqlarının 20 faizini
işğal altında
saxladığı bir
ölkəyə irad tutur. Hesab edirəm
ki, bu Serj
Sarkisyanın beyninin məhsulu deyil. O çıxışı hazırlayanlar
elə Sarkisyanın hakimiyyətinə son qoymaq istəyirlər. Bu çıxışla Ermənistan prezidenti özünü bütün
dünya ictimaiyyəti
qarşısında rüsvay
etdi. Azərbaycan Prezidenti isə BMT-nin mötəbər tribunasında məğrurcasına
dayanaraq, işğalçı
və cinayətkar Ermənistandakı işğalçı
rejimin başçılarını,
eləcə də beynəlxalq təşkilatlara
ciddi mesajlar verdi. Həmçinin çıxış üçün
ayrılmış çox
qısa bir vaxt ərzində ölkəmizin keçdiyi
inkişaf yolu, qazandığı böyük
uğurlar barədə
dolğun təsəvvür
yaratdı”.
Komitə sədri İslam
Əməkdaşlıq Təşkilatının
Ermənistanın Azərbaycana
qarşı təcavüzü
üzrə Kontakt Qrupunun Nyu-Yorkda keçirilən iclasına
da toxunaraq deyib: “İclasda qərar qəbul olunub ki, təşkilata
üzv ölkələr
Ermənistanla əlaqələrini
məhdudlaşdırsınlar. Hesab edirəm ki, bu azdır.
İslam Əməkdaşlıq
Təşkilatı özü
qərar qəbul etməlidir ki, üzv ölkələr Ermənistanla əməkdaşlığı
dayandırsın”.
Sonra “Böyük
Qayıdışın başlanğıcı
– Cocuq Mərcanlı”
filmi nümayiş olunub.
Filmin nümayişindən
sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya
qaytardı” kitabı barədə məlumat verib.
Bu nəşrin
nadir kitab olduğunu bildirən Bəxtiyar Sadıqov qeyd edib ki,
indiyədək Qarabağ,
müharibə mövzusunda
bir çox dəyərli kitablar yazılıb. Təqdimatı
keçirilən bu kitab isə ilk dəfə olaraq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsindəki keyfiyyət dəyişikliyindən
bəhs edir. Bu kitabın təkcə Azərbaycan oxucuları üçün
nəzərdə tutulmadığını
dəyən baş redaktor nəşrin qısa müddət ərzində rus və ingilis dillərinə tərcümə
olunduğunu bildirərək
deyib: “Kitab gələcəkdə digər
dillərə də tərcümə olunacaq. Kitabda tarixi baxımdan zəruri olan sənədlərə, aprel
zəfərinin səbəb
və nəticələrinə,
Prezident İlham Əliyevin aprel döyüşləri barədə
fikirlərinə geniş
yer ayrılıb. İşğal nəticəsində
həm Cocuq Mərcanlı kəndinə,
həm Cəbrayıl
rayonuna vurulan ziyan fakt və sənədlərlə
göstərilib. Kitaba
həm aprel zəfəri, həm də Böyük Qayıdışın başlanğıcı
ilə bağlı Milli Məclisin deputatlarının, siyasətçilərin,
politoloqların, müxtəlif
sahələrdə çalışan
insanların fikirləri
də daxil edilib”.
Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev
çıxış edərək
Azərbaycan Prezidentinin
Sərəncamından sonra
kənddə görülən
genişmiqyaslı abadlıq-quruculuq
işlərindən danışıb,
sakinlərin bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Cocuq Mərcanlı
haqqında film və kitabın ərsəyə gəlməsinə
görə dövlətimizin
başçısına təşəkkürünü
bildirən O.Həziyev
deyib: “Mən də köçkünlük
həyatını, müharibənin
ağrı-acısını yaşamışam. Həmin
vaxt ailəmiz beş ay məcburi
köçkün həyatı
sürməyə vadar
olmuşdu, çünki
ermənilər bizim kəndi də işğal etmişdi. Ulu Öndərimizin komandanlığı altında
Horadiz əməliyyatında
bir çox yaşayış məntəqəsi,
o cümlədən Cocuq
Mərcanlı kəndi
işğaldan azad olundu. Birmənalı qərar verdim ki, öz ailəmlə
birlikdə doğma torpağımda yaşayacam.
Həmin vaxtlar burada vəziyyət çox ağır idi. Ermənilər hər şeyi məhv edib dağıtmışdı. Əkinçiliklə,
təsərrüfatla məşğul
olub, hər şeyi yenidən qurdum. Aprel döyüşlərindən
sonra Lələtəpə
yüksəkliyi azad edildi. Bu strateji
yüksəkliyin əvvəllər
ermənilərin əlində
olması bizim təhlükəsiz yaşamağımıza
ciddi maneə törədirdi. Prezidentimizin
Sərəncamından sonra
Cocuq Mərcanlıda
50 yaşayış evi,
məktəb və gözəl Şuşa məscidinin bənzəri
olan məscid inşa edildi. Prezident kəndin açılışına özü
gəldi. Bizimlə görüşərək çox
səmimi söhbət
etdi. Mənə Azərbaycan Respublikasının
birinci dərəcəli
“Əmək” ordenini şəxsən təqdim
etdi. Bütün bu diqqətə və qayğıya görə bir daha dövlətimizin başçısına minnətdarlığımı
bildirirəm”.
Tədbirdə Azərbaycanın dövlət
və hökumət nümayəndələri, Milli
Məclisin deputatları,
ölkəmizdə akkreditə
olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Turqut
Taleh
İki
sahil.- 2017.- 22 sentyabr.- S.6.