İstanbulda “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan
dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans
keçirilib
Sentyabrın 25-də İstanbul şəhərində
“İslam həmrəyliyi: Türkiyə-Azərbaycan
dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan,
Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli
ilahiyyatçı alimlər və rəsmi şəxslər
İslam həmrəyliyi mövzusunda müzakirələrdə
iştirak ediblər.
Konfrans Türkiyə Diyanət
İşləri Başqanlığı, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam
Əməkdaşlıq Təşkilatının İslam
Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları
Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən
birgə təşkil olunub.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində
Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq
tədbirlərdən sonra İstanbulda təşkil olunan
konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və
din xadimlərindən ibarət geniş nümayəndə heyəti
təmsil edib.
“Qurani-Kərim”dən ayələr oxunduqdan
sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin
konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, yarandığı
dövrdən etibarən sülh, ədalət, bərabərlik
kimi humanist ideyaları təbliğ edən İslam dini
yayıldığı böyük coğrafiyada elmin, təhsilin
və mədəniyyətin inkişafına təkan
vermiş, dinindən, irqindən, etnik mənsubiyyətindən
asılı olmayaraq bütün
insanların qarşılıqlı hörmət və dostluq
mühitində yaşamalarına zəmin yaratmışdır.
Əsrlər boyu dünya mədəniyyətinə və
elminə misilsiz töhfələr vermiş müsəlmanlar,
təəssüf ki, bu gün məzhəb
ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror
kimi ciddi problemlərlə qarşılaşırlar. Dünyanın müxtəlif yerlərində baş
verən terror hadisələrinin İslam adı altında pərdələnən,
dinimizlə heç bir əlaqəsi olmayan qruplar tərəfindən
həyata keçirilməsi İslama və müsəlmanlara
qarşı böyük haqsızlıq və ədalətsizlikdir.
Bu gün dünyada törədilən terror aktlarının
qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır.
Müraciətdə qeyd edilir ki, Şərqlə
Qərbin qovuşuğunda yerləşən qədim Azərbaycanda
müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin
nümayəndələri tarix boyu sülh və əmin-amanlıq
şəraitində yaşamışlar. Azərbaycan
xalqı bu gün də özünün zəngin
tolerantlıq və multikulturalizm ənənələrini
qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə
öz töhfələrini verir. 2016-cı ilin ölkəmizdə
“Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi
İli” elan edilməsi bütün dünyada, xüsusilə
İslam aləmində sülhə, dostluğa,
qarşılıqlı hörmət və birgəyaşayışa
mühüm çağırış və töhfədir.
Tarixin sınaqlarından
çıxmış, “Bir millət, iki dövlət” prinsipi
ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı İslam həmrəyliyinə
layiqli nümunə kimi qiymətləndirilir.
Sonra IRCICA-nın baş direktorunun müavini
Sadik Ünay Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın konfrans iştirakçılarına
müraciətini oxuyub. Türkiyə Prezidenti müraciətdə
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi
İli” elan etməsini və bu çərçivədə
İstanbulda beynəlxalq konfrans təşkil olunmasını
məmnunluqla qarşıladığını bildirir. Qeyd
edir ki, Azərbaycan və Türkiyə öz qədim tarixlərindən
və ortaq hədəflərindən aldıqları ilhamla mətinləşməyə
nail ola biliblər. “Bir millət, iki dövlət” prinsipinə
əsaslanan münasibətlərimiz illər keçdikcə
daha da güclənir. Azərbaycan və Türkiyə üzv
olduqları İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində bir sıra əhəmiyyətli
işlər görüblər.
Müraciətdə İslam həmrəyliyi təşəbbüsünün
bir çox məsələlərdə olduğu kimi, terrorizmə
qarşı mübarizədə də böyük fayda verəcəyi
diqqətə çatdırılır.
Azərbaycan-Türkiyə
münasibətlərinin sürətli inkişafında
İslam amilinin böyük rol oynadığını
vurğulayan IRCICA-nın baş direktoru Halit Eren Prezident
İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan olunmasını və
bununla əlaqədar bir sıra ölkələrdə beynəlxalq
konfransların təşkil edilməsini tarixi hadisə kimi dəyərləndirib.
O qeyd edib ki, İslamın sülh və
qardaşlıq dini olduğunu bütün dünyada təbliğ
etmək, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü
olan İslam həmrəyliyi fəlsəfəsinə hərtərəfli
dəstək vermək çox önəmlidir.
Azərbaycanda dini etiqad
azadlığının yüksək səviyyədə
qorunduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam Allahşükür Paşazadə
qeyd edib ki, hazırda yaşanan böhranlara baxmayaraq,
dünyamızı məhvərindən çıxmağa
qoymayan əbədi mənəvi dəyərlər
mövcuddur. Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri
önəm kəsb edən ideyaların bütün dünya
ictimaiyyətinə xitabən ucaldığı ənənəvi
məkan statusunu qorumağa davam edir. Azərbaycan Prezidenti
İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”,
istərsə də “İslam Həmrəyliyi İli”
ümumi, bəşəri məramlara xidmət edir. Bu, Azərbaycan
dövlətinin dünyada gedən proseslərə dəyərli
töhfəsidir.
Şeyxülislam diqqətə
çatdırıb ki, müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin
təməlində və “Bir millət, iki dövlət” fəlsəfəsinin
bünövrəsində dini-mənəvi dəyərlərə
sadiqlik, İslam həmrəyliyi ideyaları böyük
önəm kəsb edir. Bu gün Türkiyə-Azərbaycan
dostluğu və qardaşlığı İslam həmrəyliyinin
ən bariz nümunəsidir.
“Tarixi təcrübə göstərir
ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli
hüquqi-siyasi qiymətini almayan soyqırımları bəşəri
cinayətlərin təkrarlanmasına rəvac verir. İllərdir
Türkiyə dövləti amansız terrordan əziyyət
çəkir, lakin bunu törədənlər terrorçu
kimi tanınmırlar. Əzəli
torpaqları, ərazisinin 20 faizi Ermənistan tərəfindən
işğal edilmiş Azərbaycanın Xocalı şəhərində
törədilmiş soyqırımı cinayəti də ikili
yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi
qiymətini almamış cinayətlər
sırasındadır. Axan günahsız
insan qanları, yaşanan miqrant faciələri –
özünü demokratiya və insan hüquqlarının təəssübkeşi
kimi təqdim edən Avropada miqrantların müsəlman və
qeyri-müsəlman ayrı-seçkiliyi ilə
qarşılanması bizi narahat etməyə bilməz”, - deyə
Allahşükür Paşazadə bildirib.
Türkiyədə davam etməkdə
olan terror aktlarına qarşı kəskin etirazını ifadə
edən şeyxülislam qeyd edib ki, FETÖ-nün 2016-cı
ildə dövlət çevrilişinə cəhd hadisəsinə
kəskin etiraz edən Azərbaycan xalqı bundan sonra da
Türkiyə xalqının və dövlətinin yanında
olacaq.
Azərbaycanda dini etiqad
azadlığı, dinlər və təriqətlər
arasındakı dostluq və qardaşlıq əlaqələrinin
qorunması istiqamətində görülən tədbirlər
barədə geniş məlumat verən Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı diqqətə çatdırıb ki,
Sovet İttifaqı dağılan dövrdə ölkəmizdə
17 məscid var idi. Bu gün isə onların sayı 2200-dən
çoxdur. Son on ildə ölkədə 140-a yaxın məscid
inşa olunub, 80-dən çox məsciddə əsaslı təmir
və yenidənqurma işləri görülüb.
M.Qurbanlı bildirib ki, bu gün insanlığın ən
qorxulu probleminə çevrilmiş radikalizm, ekstremizm, terrorizm
minlərlə insanın ölümü, şəhərlərin
dağıdılması, insanların öz vətənlərindən
qovulması ilə nəticələnir. Terrorun, onu törədən
terrorçunun dini və milli mənsubiyyəti olmur. Təəssüf
ki, bütün bu antibəşəri aksiyanı sülh,
sabitlik, sevgi dini olan İslam ilə eyniləşdirməyə
çalışırlar.
Komitə sədri qeyd edib ki,
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi
bütün dünyada, xüsusilə İslam aləmində
sülhə, dostluğa, sevgiyə və birgəyaşayışa
mühüm çağırışdır. “İslam Həmrəyliyi
İli”nin məram və məqsədlərini
qeyd edən komitə sədri təəssüflə bildirib
ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın
işğalçı qüvvələrinin Azərbaycan
torpaqlarından qeyri-şərtsiz çıxarılması
barədə qəbul etdiyi qətnamələr icra edilmir.
Buna etiraz edən Türkiyə təcavüzkar Ermənistanla
sərhədlərini bağlayıb. Türkiyə
dostluq və qardaşlıq münasibətlərini yüksək
tutaraq Azərbaycanı müdafiə etməkdədir.
2016-cı ilin iyulunda FETÖ tərəfindən Türkiyədə
dövlət çevrilişinə cəhd edilməsi Azərbaycanda
böyük narahatlıqla qarşılandı, terrorçu
qüvvələrə qarşı sərt reaksiya
göstərildi. Bütün bunlar Azərbaycan-Türkiyə
qardaşlığının göstəriciləri və həmrəylik
nümunəsi kimi bütün dünyaya örnəkdir.
Qafqaz İslam Ordusunun 1918-ci ildə
Bakının daşnak-bolşevik işğalından azad
olunmasında göstərdiyi xilaskarlıq missiyasının
Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə
qarşılandığını qeyd edən Türkiyənin
Diyanət İşləri başqanı Ali Erbaş XX əsrin
sonunda bərpa edilən müstəqilliyimizin Türkiyədə
böyük sevinclə qarşılandığını diqqətə
çatdırıb. O qeyd edib ki, bir sıra
müsəlman ölkələrində təlatümlər
yaşandığı bir dövrdə Prezident İlham
Əliyevin Sərəncamına əsasən 2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan edilməsi və bu
çərçivədə görülən işlər
bütün dünya üçün sülhsevərlik
örnəyidir. Türkiyə bütün məsələlərdə
olduğu kimi, İslam həmrəyliyi təşəbbüsündə
də “Bir millət, iki dövlət” prinsipinə öz sədaqətini
nümayiş etdirməkdədir.
Azərbaycanda dini etiqad
azadlığının əzmlə qorunduğunu qeyd edən
Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov
parlamentimizin bu məsələlərlə bağlı qəbul
etdiyi qanunlar barədə iştirakçılara məlumat
verib. O bildirib ki, dini fəaliyyətə
dair vahid dövlət siyasətinin həyata keçirilməsi,
dini etiqad azadlığının təmin olunması
üçün müvafiq şəraitin yaradılması,
dövlət-din münasibətlərinin tənzimlənməsi
və inkişafının təmin edilməsi, müxtəlif
dinlər arasında qarşılıqlı anlaşma və
ehtiram və digər məqamlar qeyd olunan qanunvericiliyin tərkib
hissəsidir. Azərbaycan parlamenti bu məsələlərdə
həmişə Prezident İlham Əliyevlə həmrəy
olub.
Türkiyə-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Necdet Ünüvar Azərbaycan-Türkiyə münasibətlərinin
davamlı inkişafından danışıb. O qeyd edib ki,
İslam həmrəyliyi sülh və inkişaf
çağırışıdır. Hazırda bütün
dünya ictimaiyyəti bu təşəbbüsün ortaya
çıxardığı birlik və həmrəyliyə
ehtiyac duyur. N.Ünüvar əminliklə qeyd
edib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan olunması və bu çərçivədə
görülən işlər müsəlman xalqları
arasında möhkəm əlaqələrin qurulmasına təsir
göstərmək imkanında olan sülh və
qardaşlıq çağırışıdır.
İslamın sülh və əmin-amanlıq,
öldürən, yox yaşadan, məhv edən yox,
qurub-yaradan, insanları və xalqları düşmən edən
yox, qardaşlaşdıran din olduğunu söyləyən
Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ
hazırda dünyada İslam dini əleyhinə aparılan qərəzli
təbliğatlara, İslamı terrorla eyniləşdirmək
cəhdlərinə kəskin etirazını ifadə edib. O qeyd edib ki, əgər İslam dini düzgün təbliğ
edilsə, “Quranı-Kərim” düzgün öyrənilsə,
onun ayələrinin mənası insanlara doğru
çatdırılsa dünya ictimaiyyəti asanlıqla
terrorçu fəaliyyətlərin qarşısını ala
bilər. Baş nazirin müavini bildirib ki, İslam
dininin terrorla eyniləşdirilməsi dinimizə qarşı
böyük bir məkrliliyin tərkib hissəsidir. Azərbaycan
və Türkiyənin ortaq mədəniyyətdən, dəyərlərdən
və ənənələrdən güc alaraq ortaya
qoyduğu qardaşlıq və həmrəylik bütün
müsəlman aləmi üçün nümunədir.
İslam həmrəyliyi təşəbbüsünün
olduqca geniş məna kəsb etdiyini, bu təşəbbüsün
bütün İslam dünyası üçün
böyük əhəmiyyət
daşıdığını diqqətə çatdıran
Milli Məclisin elm və təhsil komitəsinin sədri,
AMEA-nın vitse-prezıdenti İsa Həbibbəyli qeyd
edib ki, müsəlman dünyasının
qarşılaşdığı haqsızlığa
qarşı birgə mübarizəyə ehtiyac var. Bu məsələdə
İslam maarifləndirilməsi günün aktual tələbidir
ki, İslam həmrəyliyi bu məsələni də
özündə əks etdirir. O qeyd edib ki,
İslam xalqlarının ortaq mədəniyyətlərinin
bölüşdürülməsi, xalqlarımızın
müasir həyatını əks etdirən əsərlərin
yazılması kimi məsələlər də İslam həmrəyliyinin
tərkib hissəsidir. Prezident İlham
Əliyevin İslam həmrəyliyi istiqamətində göstərdiyi
təşəbbüs, dövlətimizin
başçısının qəbul etdiyi qərarlar müsəlman
ölkələri arasında iqtisadi, mədəni və
humanitar əlaqələrin də möhkəm təməl
üzərində qalmasına əsasdır. Ümummilli lider
Heydər Əliyevin İslam
dünyasının həmrəyliyi naminə böyük
işlər gördüyünü diqqətə
çatdıran İ.Həbibbəyli bildirib ki, Prezident
İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar
Ulu Öndərimizin sağlam ideyalarının davam etdirilməsidir.
Azərbaycan-Türkiyə
münasibətlərinin İslam həmrəyliyinə
böyük töhfə olduğunu diqqətə
çatdıran Milli Məclisin deputatı, “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki,
müsəlman aləmində həmrəyliyə nail olmaq
üçün böyük əsaslar var. Ümummilli lider
Heydər Əliyevin İslam həmrəyliyi
istiqamətində yürütdüyü siyasətin
ayrı-ayrı məqamlarından danışan deputat əminliklə
qeyd edib ki, Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi
İli” müsəlman dünyasının birliyinə nail
olmağa, qarşılaşdığımız
haqsızlıqların və ədalətsizliklərin aradan
qaldırılmasına böyük töhfələr verəcək.
O qeyd edib ki, İslam həmrəyliyinin möhkəm
dayaqlarından biri də müsəlman xalqlarının
ümumi maraqlarına aid informasiyaların dəqiq şəkildə
bölüşdürülməsidir. Bunun üçün
ilk növbədə KİV nümayəndələri müsəlman
xalqlarının və ölkələrinin tarixi, mədəniyyəti
və ənənələrini mükəmməl mənimsəməlidirlər.
Buna nail olmaq üçün KİV-lər arasında möhkəm
koordinasiya qurulmalı və media qurumları üçün
də bu tipli konfranslar təşkil edilməlidir.
Bolqarıstanın Diyanət
İşləri başqanı Mustafa Hacı, Rusiya Müsəlmanlarının
Məclis başqanı, Moskva müftisi Albir Krqanov, Monteneqro
Diyanət İşləri başqanı Rıfat Feyziç,
Mərmərə Universitetinin ilahiyyat fakültəsinin
dekanı Ali Köse, İstanbul müftisi Hasan Kamil Yılmaz,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin müavini Gündüz İsmayılov, Qafqaz
Müsəlmanları İdarəsi sədrinin birinci
müavini, müfti Salman Musayev, professorlar Azmi Özcan,
İrfan Gündüz, Haluk Alkan və başqaları
müzakirə olunan mövzu ilə bağlı fikir və
mülahizələrini bölüşüblər.
Çıxış edənlər
diqqətə çatdırıblar ki, Prezident İlham
Əliyevin Sərəncamına əsasən 2017-ci ilin
“İslam Həmrəyliyi İli” elan edilməsi və bu
çərçivədə Azərbaycanda, Rusiyada,
Finlandiyada, İranda və Türkiyədə beynəlxalq
konfransların təşkili, bu mövzuda görülən
digər işlər müsəlman dünyasının
birliyinə nail olmaq istiqamətində tarixi missiya
daşıyır. Bəzi müsəlman ölkələrinin
və xalqlarının haqsız olaraq münaqişə və
təcavüzlərlə üz-üzə
qaldıqlarını ifadə edən
çıxışçılar Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətini kəskin
şəkildə pisləyiblər. Qeyd olunub ki, Azərbaycan
torpaqlarının iyirmi faizinin işğal altında
saxlanılmasına əsas səbəb dünyadakı ikili
standartlardır və bu ikili standartlar aradan
qaldırılmalıdır. Bunun
üçün İslam dünyası möhkəm həmrəyliyini
davam etdirərək Azərbaycanın haqq işini fəal
şəkildə müdafiə etməlidir. Əminliklə
qeyd olunub ki, “İslam Həmrəyliyi İli” müsəlman
ölkələri arasında siyasi, iqtisadi və mədəni
əlaqələrin yüksəlişi üçün böyük
töhfələr verəcək. Bildirilib ki, Azərbaycan-Türkiyə
qardaşlığı XX əsrin əvvəlində və
sonunda çox ağır sınaqlardan üzüağ
çıxıb. Ulu öndərlər Mustafa Kamal
Atatürkün və Heydər Əliyevin tarixlərə miras
qalan xilaskarlıq missiyaları xalqlarımız tərəfindən
böyük iftixarla yad olunur, onların əziz xatirələri
həmişə ehtiramla anılır.
Çıxışlarda Azərbaycan
Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın qardaşlıq münasibətləri,
həmçinin dövlət başçılarının
İslam həmrəyliyinə nail olmaq üçün
göstərdikləri birgə səylər, eləcə də
onların İstanbulda keçirilən “İslam həmrəyliyi:
Türkiyə-Azərbaycan dostluğu timsalında”
mövzusunda beynəlxalq konfransa dəstək vermələri
yüksək qiymətləndirilib.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə və Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
konfrans çərçivəsində Baş nazirin
müavini Bəkir Bozdağ və Diyanət İşləri
başqanı Ali Erbaş ilə ayrı-ayrılıqda
görüşlər keçiriblər.
Görüşlərdə Azərbaycan-Türkiyə
qardaşlıq münasibətləri yüksək qiymətləndirilib.
Tərəflər əminliklə qeyd ediblər ki, dövlət
başçılarımızın möhkəm siyasi iradələri
və qardaşlıq münasibətləri əsasında Azərbaycan
və Türkiyə daha böyük nailiyyətlər əldə
edəcək.
İki
sahil.- 2017.-26 sentyabr.- S.5.