Üzeyir Hacıbəyli
haqqında yeni kitab
Hər zaman elmi yazıları,
maraqlı araşdırmaları ilə sənətsevərlərin,
musiqişünasların, eləcə də geniş oxucu
kütləsinin diqqətini cəlb edən Azərbaycan Milli
Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun “Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi”
şöbəsinin müdiri, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İradə Köçərli
növbəti dəfə də ənənəsinə
sadiqdir. Belə ki, yorulmaz tədqiqatçı dahi bəstəkarımız
Üzeyir Hacıbəyli haqqında çap olunan “Üzeyir
Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)”
kitabı barədə məqalə yazıb.
“Üzeyir musiqi
günü”, “Ü.Hacıbəyli musiqi festivalı” arxada
qaldı. Bir daha dahi Üzeyir Hacıbəyli xatırlandı,
bəstəkarın ölməz əsərləri səsləndi,
haqqında söhbət açıldı, yeni fikirlər,
faktlar ortaya qoyuldu. Bu günün nəsilləri
Ü.Hacıbəyli şəxsiyyəti qarşısında
bir daha minnətdarlıq hissi ilə baş əydi.
Ü.Hacıbəyli öz şəxsiyyəti ilə musiqi
hüdudlarını, incəsənət hüdudlarını
aşmış bir insandır. Bütün dahi insanlar kimi
zamanın çərçivəsinə sığmayıb.
Xalqımızın milli-ictimai şüurunun, “milli mənlik”,
“milli-qürur” hissinin formalaşması və yüksəlməsində
fenomenal rol oynayıb. O, gələcək haqqında
düşünüb, keçmişi fəth edib, bu günlə
yaşayıb-yaradıb, yaratdıqlarını, əməllərini
gələcəyə ünvanlayıb. Ü.Hacıbəyli,
çoxları kimi, qayğısız gənclik illəri
sürməyib. Həyatın çətinliklərindən,
ictimai-siyasi mühitin gərginliyindən, keşməkeşlərindən
keçə-keçə çox erkən vaxtlardan
böyüyüb, yaşlanıb. Yüksək amallarla, ali
hisslərlə yaşayaraq hamıya örnək ola biləcək
müdrik bir insan ömrü səhifələyib. Dahi bəstəkar
musiqi tariximizi pillə-pillə özü yazıb, özü
qurub-yaradıb və gələcək yollarını istiqamətləndirib.
Onun hər bir əsəri, elmi fikirləri, bütün sahələrdə
yaradıcılığı parlaq və təkrarolunmazdır.
Onun bütün həyat və fəaliyyəti böyük fədakarlıq
və vətənpərvərlikdir. Bu haqda yazmağa dəyər
və yazdıqca da tükənməz. Ü.Hacıbəyli
haqqında çox söz deyilib, çox yazılıb. Tədqiqatçılar
onu bir bəstəkar, musiqişünas–alim, publisist, pedaqoq,
maarifçi, ictimai xadim, təşkilatçı və s.
kimi araşdırmış, dəyərincə qiymətləndirmişlər.
“Üzeyirşünaslıq”
seriyası altında son dövrlər çapdan
çıxmış “Üzeyir Hacıbəyli. (məqalə,
oçerk, esse, arxiv materialları)” (Bakı-2014, 277 səh.)
adlı yeni kitabın içindəkilər də bu ali,
müqəddəs, həyati ideya və düşüncələr
ətrafında cəmlənmiş və qüdrətli
sənətkarın böyük simasının
açılmasına xidmət edir. Kitabın ərsəyə
gəlməsində Azərbaycan Mədəniyyət Fondunun da
böyük əməyi olub.
Kitab əməkdar incəsənət xadimi, sənətşünaslıq
namizədi, professor Aida Tağızadənin təşəbbüsü
ilə işıq üzü görüb. O, kitabın elmi
redaktoru və tərtibçisidir. Eyni zamanda,
A.Tağızadə kitabın “Ön söz”ünün və
“Üzeyir Hacıbəylinin bədii kəşfləri”
adlı məqalənin müəllifidir. Ümumiyyətlə,
yeni kitabın redaksiya heyətinin tərkibi say-seçmə
adlarla bağlıdır və Azərbaycan
musiqişünaslıq elmində böyük xidmətləri
olan alimlərdən ibarətdir. Rəyçilərdən
biri Ü.Hacıbəyli irsinin öyrənilməsində
çox böyük xidmətləri olan,
“Üzeyirşünaslıq” elminə töhfələr verən
Əməkdar İncəsənət Xadimi, AMEA-nın həqiqi
üzvü, sənətşünaslıq üzrə elmlər
doktoru, professor Zemfira Səfərovadır. O, həm də kitabda yer alan “Səfiəddin Urməvidən
Üzeyir Hacıbəyliyədək” adlı dərin məzmunlu,
maraqlı müqayisələrlə dolu olan, sənətkara
ehtiram və sevgi ilə yazılmış məqalənin
müəllifidir. İkinci rəyçi isə Azərbaycan
musiqi elmində öz sözünü demiş, muğam sənəti sahəsində ciddi elmi tədqiqatlar
aparmış musiqişünas alim, Xalq Artisti, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Ramiz Zöhrabovdur.
Üçüncü rəyçi isə musiqiyə fəlsəfi
elmi baxışları ilə tanınan, sanballı əsərləri
ilə musiqişünaslıq elmini şaxələndirən,
əməkdar incəsənət xadimi, fəlsəfə
elmləri doktoru, professor Gülnaz Abdullazadədir.
Kitabın məsul redaktorları
isə Azərbaycanda həm musiqişünas-alim, həm
pedaqoq, həm təşkilatçı kimi ad qazanmış,
elmi əsərləri və məqalələri ilə musiqi
elmini zənginləşdirən və ona yeni səhifələr
qatan sənətşünaslıq namizədi, professor
Ülviyyə İmanova və sənətşünaslıq
üzrə elmlər doktoru, professor Fərəh
Əliyevadır. Yuxarıda çəkilən adların
özü artıq çapdan çıxmış bu yeni
kitabın tutumundan, dəyərindən, bədii çəkisindən
xəbər verir.
Kitabın ərsəyə gəlməsinin əsas
səbəbi qarşıya qoyulan ideyadır. Bu ideyanın
müəllifi isə Aida Tağızadədir. Neçə
illər boyu çalışan, musiqi sənətinə xidmət
etməkdən usanmayan, yenə də yorulmadan işləyən
A.Tağızadəni bu məqalə və oçerklər
toplusunu yaratmağa sövq edən nədir? Fikirləşirəm
ki, Üzeyir Hacıbəyli ənənələrini
yaşatmaq ideyası, xalqına və sənətinə sevgi
hissi. Bu fikirlər onun yazdığı “Ön söz”də
qabarıq surətdə öz əksini tapır. A.Tağızadə ustad sənətkar haqqında
yığcam, dərin və səmimi sözlər söyləyir.
“Ön söz”də alim kitabda yer alan müəlliflərin
Ü.Hacıbəyli yaradıcılığı və şəxsiyyəti
ətrafında yazılmış məqalə və
oçerklər haqqında da xülasə şəklində
yığcam fikirlərini irəli sürür. Kitab iki
fəsildən ibarətdir. Birinci fəsil görkəmli
yazıçı və şair Anarın “Üzeyir
dünyası” adlı məqaləsi ilə
açılır. Belə bir müəllifin məqaləsinin
yer alması Üzeyir dünyasına yazıçı
baxışını, daha əhatəli və fərqli
yanaşmanı ortaya qoyur və həm də kitabı poetik
bir ovqata bürüyür.
Kitaba dünyasını dəyişmiş
müəlliflər – Ü.Hacıbəyli ənənələrinin
davamçısı, görkəmli bəstəkar Qara
Qarayevin, Ü.Hacıbəyli həyat və
yaradıcılığının ilk tədqiqatçılarından
olan musiqişünas Elmira Abbasovanın, bəstəkarın
“Koroğlu” operası və bu operadakı bədii kəşflər
haqqında yazan İzabella Abezqauzun bu gündə öz əhəmiyyətini
itirməyən, vaxtilə çap olunmuş məqalələri
də daxil edilib. Niyazinin Ü.Hacıbəyov haqqında fikirləri
haqqında olan məqaləni də (Ş.Məlikova) tərtibçi
haqlı olaraq bu sıraya salıb. Bu yazılar kitabda öz
layiqli yerini tapıb və Ü.Hacıbəyli şəxsiyyətinin
tam şəkildə açılmasında açar rolunu
oynayıb.
Topluya daxil olan müəlliflərin hər
birinin yazısı həm mövzu, həm də yanaşma tərzi
ilə - orijinallığı ilə seçilir. Tanınmış bəstəkarlar Firəngiz
Əlizadə, Sərdar Fərəcov, Aydın Əzimov, Rəhilə
Həsənovanın, eləcə də, Fərhad Bədəlbəylinin
məqalələri böyük ustada sonsuz sevgi və
etiraflarla doludur, ümumiləşdirmələr, bəstəkarın
yaradıcılığı ilə bağlı yeni məlumatlar,
yeni tapıntılarla zəngindir (bəzən son dövrlərdə
söylənilən, düşünülməmiş fikirlərə
qarşı etirazlar da səslənir) və oxucuda
böyük maraq doğurur. Bir sıra məqalələr isə
Ü.Hacıbəylinin təşkilati fəaliyyəti ilə
bağlı olan yazılardır. Bu sırada
musiqişünas-alimlər Ü.İmanova, Z.Qafarova, L.Məmmədovanın
adını çəkməliyik. Bu yazılar
yeni informasiya və faktlarla zəngindir, Ü.Hacıbəylinin
təhsil və tədris sahəsinə gətirdiyi yenilikləri,
xor sənətinin formalaşması və inkişaf etdirilməsində,
Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarın
geniş fəaliyyətini üzə çıxarır və
həyat və yaradıcılıq portretinin
bütöv şəkildə yaradılmasına xidmət
edir.
Hər bir kəs etiraf edə bilər ki,
Ü.Hacıbəyli haqqında söz demək olduqca
böyük məsuliyyət, eyni zamanda, bilik və geniş
erudisiya tələb edir. Bu mühüm keyfiyyətlərə
malik olan Azərbaycan musiqişünas-alimləri bəstəkar
haqqında, onun yaradıcılığı və şəxsiyyəti
haqqında sanballı əsərlər yazmış, tədqiqatlar
apararaq sənətkarın daxili “mən”ini üzə
çıxarmağa nail olmuşlar. Mövzuya bu günün
prizmasından yanaşmalar da xüsusi maraq doğurur.
S.Bağırova, F.Əliyeva, Ş.Həsənova, L.Rzayeva,
K.Dadaşzadə, L.Abdullayeva, Z.Dadaşzadə,
İ.Pazıçevanın məqalə və oçerkləri
mövzuya fərdi və fərqli yanaşmaları ilə,
müasirliyi ilə seçilir. Ü.Hacıbəylinin
ənənələrinin Qərb mədəniyyəti
kontekstində yerinin müəyyənləşdirilməsinə,
bəstəkarın həyat və
yaradıcılığının açılmamış səhifələrinin
işıqlandırılmasına və digər məsələlərə
həsr olunmuşdur.
Ü.Hacıbəylinin səs-məqam nəzəriyyəsinə
həsr edilmiş məqalələr də burada öz yerini
tutmuşdur. Bu T.Məmmədovun, K.Nəsirova və C.Həsənovanın
elmi məqalələridir.
Kitaba Ü.Hacıbəylinin həyatı və
yaradıcılığının ayrı-ayrı səhifələri
ilə bağlı olan fotoşəkillər də daxil edilib.
“Üzeyir Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)” əsəri 2014-cü ildə çap olunmasına baxmayaraq, hələ oxuculara çox da tanış deyildir. Çünki kitab hələ geniş oxucu kütləsinə yayımlanmamışdır. Lakin düşünürük ki, kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq, musiqi elminin inkişafına böyük fayda verəcək və yeni bir elmi təkan olacaqdırQeyd edək ki, məqalə və oçerklərdən, eyni zamanda, arxiv materiallarına əsaslanan yazılardan ibarət bu toplunun ərsəyə gəlməsinin daha bir səbəbi olmuşdur. Belə ki, Ü.Hacıbəylinin 110 illiyi əlaqədar Aida xanım Tağızadə “XX əsr Azərbaycan musiqisi” adlı məqalələrdən ibarət toplu tərtib etmişdir. Həmin toplu 1997-ci ildə çapdan çıxmışdır. Bu gün haqqında danışdığımız “Üzeyir Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)” əsəri, demək olar ki, həmin işin davamıdır. Bu topluya “XX əsr Azərbaycan musiqisi” kitabından götürülmüş, aktuallığını bu gün də itirməyən bəzi məqalələr də daxil edilmişdir. Bütün bunlar, bir daha A.Tağızadənin Ü.Hacıbəyli irsinə sadiqliyini, Azərbaycan musiqi mədəniyyətinə təmənnasız sevgisini, professionallığını, düzgün həyat mövqeyini nümayiş etdirir. İnanırıq ki, Azərbaycan musiqi mədəniyyəti məhz bu fədakar insanların çiynində dayanır, yaşayır və inkişaf edir. Əminik ki, musiqi ictimaiyyəti bu dəyərli elmi kitabın tərtib olunaraq işıq üzü görməsinə görə Aida xanım Tağızadəyə minnətdar olacaqdır
Iki sahil.- 2017.- 28 sentyabr.- S.5.