Vətəndaşların sosial müdafiəsi hər zaman diqqət mərkəzindədir

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin yap.org.az saytına müsahibəsi:

 

- Hadi müəllim, Milli Məclisin ötən payız sessiyasında  2017-ci ilin dövlət büdcəsi qəbul olundu. Sosial məsələlər bu ilin dövlət büdcəsində özünün əksini necə tapır?

- Dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasda böhranın davam edən fəsadlarından və dünyanın siyasi, sosialiqtisadi mənzərəsində müşahidə olunan proseslərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, qarşıya qoyulan bütün vəzifələrin və sosial proqramların uğurla icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.

2017-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faiz səviyyəsində müəyyən edilib. Bu xərclər ötən illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub.

Ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faiziya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

- Dünyada baş verən mürəkkəb proseslər nəticəsində bir çox ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. Təbii ki, bu proseslər regionumuza da təsirsiz ötüşməyib. Bütün bunların fonunda Azərbaycanda yeni iqtisadi inkişaf mərhələsinin başlanmasının əhəmiyyəti nədən ibarətdir?

- 2008-ci ildən başlayan dünya böhranının nəticələrini biz indi hiss etməyə başladıq. Həqiqətən də, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Bütün bunlara baxmayaraq, artıq iki ildir ki, büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayırmalar azalmır, bəzi maddələr üzrə hətta artım da hiss olunur. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amilonun nəticələri ötən qısa müddət ərzində hörmətli Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldüsosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı. Möhtərəm Prezidentimizin ötən il 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi.

Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir.

Ölkədə geniş miqyas almağa başlayan struktur islahatlarının biri də möhtərəm Prezidentimiz İlham Əliyevin 18 mart 2016-cı il tarixli “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi faktıdır. Bu, öz növbəsində çevik əmək və sosial müdafiə siyasəti aparılmasında, elektron hökumət elementlərinin artırılmasında, ünvanlılığın dəqiqləşdirilməsində xüsusi rol oynadı. Uçotda pərakəndəliyin aradan qaldırılması üçün burada bir pəncərə sistemi faydalı oldu. Belə ki, bu strukturda, işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin və sığorta yığımının statistikasının bir yerdə birləşməsi daxilolmaların obyektiv uçotuna və nəticədə artmasına gətirib çıxartdı. İdarəetmə sistemindəki bu islahatlar, ştatlardan səmərəli istifadə olunmasına və bu sahədəki xərclərin qismən azalmasına xidmətetdi. Onu da vurğulamağı özümə borc bilirəm ki, bütövlükdə passiv sosial müdafiə sistemi nazirliyə birləşmiş, sosial müdafiə fondu bölümündə cəmləşdi.  Eyni zamanda, bürokratik əngəllərin, süründürməçilik və neqativ halların qarşısı kəskin surətdə azaldı.

- Yaranmış yeni vəziyyətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir...

- Ümumiyyətlə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Ötən ilin əvvəlində maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr  dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.

- Hadi müəllim, bəs  Dövlət Sosial Müdafiə Fondunun bu il üçün büdcəsini ötən illərdən fərqləndirən cəhətləri nədən ibarətdir?

- Bu il DSMF-nun büdcəsi 3,4 milyard manat təşkil edəcək ki, bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulub. Belə ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7% çoxdur.Təqdirəlayiq haldır ki,fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42% təşkil edirdisə, bu il üçün proqnozlaşdırılan bu göstərici 37,4%-ə düşür.

Artıq bir neçə müddətdir ki, pensiyalarla bağlı mövcud hüquqi bazanın beynəlxalq konvensiyalara, dünya təcrübəsinə, mövcud reallıqlara uyğun olaraq yenidən hazırlanması prosesi başa çatır. Düşünürəm ki, qanunun yeni variantda işləməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsində ehtiyat mənbələri yaradacaq, vəsaitlərdən daha səmərəli və ədalətli istifadə olunmasına xidmət edəcəkdir.

Fondun büdcəsinin  müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsi deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir, bu da əlbəttə nəticədə hiss olunan artıma gətirib çıxaracaqdır.

Gəlirləri təsnifatlandırarkən bir sıra düşündürən məqamların yenidən çözülməyə ehtiyacı olduğu göründü. Qeyri-büdcə bölümü üzrə sosial sığortaya cəlbetmə illərlə artsa da, fiziki şəxslərdən yığım əmsalı son beş ildə ümumi həcmin 1,6%-ni hələ də keçə bilməmişdir. Nəzərə alsaq ki, ölkəmizdə əmək tutumlu yerlərinin açılmasına, kənd təsərrüfatı və turizmin inkişafına, eyni zamanda özünüməşğulluğa geniş vüsət veriləcək, nəticədə bu istiqamətdə böyük ehtiyat mənbələri yaranacaqdır.

Bir məsələyə də diqqət yetirək. İndiki maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri hesabına da sığorta məbləğlərini artırmaq mümkündür. Məhz odur ki, proqnozlarda bu illə müqayisədə həmin mənbədən gələn ilə təxminən iki dəfə artıq yığım məbləği nəzərdə tutulub. Daha bir ehtiyat mənbəyi, debitor borclarla aparılan işin yaxşılaşdırılması tələbləridir. Son illər debitor sığorta borclarının artması və bu mənbənin bilavasitə qeyri-dövlət bölümündə özünü bariz şəkildə göstərməsi faktorudur. Hazırda mövcud hüquqi bazanın bu borcların qaytarılmasına xidmət edən müddəaları olsa da, debitorlara qarşı sanksiyaların daha da gücləndirilməsinə və nazirliyə daha ciddi inzibati cəzalar tətbiq etmək imkanları yaradılmasına düşünürəm ki, ehtiyac vardır.

Fondun xərclərinin təxminən 95%-ni hər il olduğu kimi yenə də əmək pensiyalarının ödənişi qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7% çoxdur. Onu da qeyd etməyi vacib sayıram ki, ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların bu hesaba 1mln 320 min nəfər olacağı proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 20min nəfər çoxdur. Buna baxmayaraq, ölkə üzrə orta aylıq pensiyanın məbləği təxminən 8% artırılaraq 203 manata çatdırılacağı gözlənilir. Bu il Fondun vəsaiti hesabına ilk dəfə vətəndaşların hər birinə işsizliyə görə veriləcək müavinətin artırılacağı gözlənildiyindən, ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci illə nisbətdə üç dəfə çoxalması gözlənilir.

 

İki sahil.- 2017.- 7 yanvar.- S.6.