Cəlil Məmmədquluzadənin əsərləri Litvada çap edilib
Görkəmli
Azərbaycan yazıçısı, böyük demokrat ədib
Cəlil Məmmədquluzadənin əsərləri XX əsrdə
ana dilindən başqa yalnız rus və fars dillərində
kitab halında nəşr edilib. Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra
yazıçının əsərlərinin dünya ölkələrində
nəşr olunması sahəsində mühüm addımlar
atılmaqdadır. Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin
təşəbbüsü ilə C.Məmmədquluzadənin
dram və nəsr əsərlərindən, publisistik məqalələrindən
seçmələr tədqiqatçının “Ön
söz”ü və təqdim etdiyi fotomateriallarla birlikdə
Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında
(2008), Macarıstanda (2012) və Gürcüstanda (2016) kitab
halında çap edilərək həmin ölkələrin
ictimaiyyətinə çatdırılıb, böyük
maraq doğurub.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, bu günlərdə C.Məmmədquluzadənin
“Nigarançılıq” adlı daha bir kitabı Litva
Respublikasının paytaxtı Vilnüs şəhərində
nəşr edilib. Kitaba görkəmli yazıçının
“Danabaş kəndinin əhvalatları” povestindən bir
parça, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”,
“Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”,
“Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”,
“Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”,
“Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki ər”
hekayələri, “Niyə məni döyürsünüz”
felyetonu və “Kamança” pyesi daxil edilib. Kitabın ideya
müəllifi və “Ön söz”ün müəllifi
akademik İsa Həbibbəylidir. C.Məmmədquluzadənin əsərlərini
Litva Dövlət mükafatı laureatı,
Yazıçılar İttifaqının üzvü, professor
İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas,
publisist və tərcüməçi Mahir Həmzəyev tərcümə
ediblər. Tərcüməçilər görkəmli
yazıçının əsas qayəsini və orijinalın
koloritini Litva oxucularına çatdıra biliblər.
Akademik
İ.Həbibbəylinin “Nigarançılıq” kitabına
yazdığı “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin-Mirzə
Cəlil” adlı “Ön söz”də Azərbaycan ədəbiyyatının
görkəmli yaradıcılarından olan böyük
demokrat yazıçının tərcümeyi-halının əsas
məqamları, əsərlərinin ən mühüm ideya-bədii
xüsusiyyətləri və dünya şöhrəti
litvalı oxuculara çatdırılıb. M.Həmzəyev tərcümənin
doğru anlaşılması və C.Məmmədquluzadənin
əsərlərinin milli koloritinin asan qavranılması
üçün kitaba “İzahlar” əlavə edib.
Litva
dilində çap olunan “Nigarançılıq” kitabında
görkəmli karikatura ustaları Oskar Şmerlinq, Əzim Əzimzadə
və qravüraçı rəssam Elturanın karikatura və
rəsmlərindən istifadə olunub. Kitabın üz
qabığında “Molla Nəsrəddin” jurnalının
1906-cı ildə çap olunan birinci nömrəsindən
O.Şmerlinqin çəkdiyi “Müsəlman
dünyasının oyanması” rəsm əsəri verilib.
Annotasiyada Azərbaycan ədəbiyyatının klassiki, tənqidi
realizmin və satirik mətbuatın banisi C.Məmmədquluzadənin
xalq həyatını realist əks etdirdiyi, “insanların azad
və ləyaqətlə yaşamasına mane olan halları
satira atəşinə tutduğu” xüsusi qeyd edilib. Litvada nəşr
olunan “Nigarançılıq” toplusu görkəmli ədibin
Baltikyanı ölkələrdə çapdan çıxan
ilk kitabıdır.
C.Məmmədquluzadənin
“Nigarançılıq” kitabının tərcüməsi və
nəşri Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi
ilə həyata keçirilib.
Hazırda
akademik İ.Həbibbəyli C.Məmmədquluzadənin
“Poçt qutusu” hekayəsini dünyanın 25 dilində
müqəddimə, foto və illüstrasiyalarla birlikdə
çapa hazırlayır.
İki sahil.- 2017.- 10 yanvar.- S.13.