Zövqlü və dəblə geyinən oxucularımıza...

 

İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Geyim həm də bizim eyiblərimizi ört-basdır etmək, insan övladının vücudunu sərt hava şəraitindən  qorumaq üçündür. Bəs, hanı stil, imic, obraz?

 

Daş dövründə yaşayanlar ovladıqları heyvanların dərilərindən primitiv şəkildə  istifadə edərək özlərini soyuqdan qoruyurdularsa, XXI əsrdə Yer planetinin insanları elə həmin heyvanların dərilərindən xüsusi qaydada hazırlanmış, nəfis dizayn edilmiş gözəl kürklər geyinirlər. Eradan əvvəl heç bir texnika, texnologiya olmadığından, onlar növbənöv parçalar hazırlaya bilmirdilər və o səbəbdən də yarıçılpaq gəzirdilər. Haşiyə çıxaraq, nəzərinizə çatdırmaq istərdik ki, “fashion TV”-ni izləyəndə, paytaxtın “Street fashion”u (Küçə modası) görəndə bir anlıq düşünürük ki, əcdadlarımız həqiqətən çox “modabaz” olublarmış.

Qədəm qoyduğumuz 2017-ci ildə hansı geyimlər dəbdə olacaq, nələri qarderobumuza daxil etməliyik, nəyi geyinsək dəbdən geri qalan damğası alarıq. Suallarımızı modelyer-dizayner Gülnarə Xəlilova cavablandırdı. Gülnarə xanım söylədi ki, moda hər iki cinsə aiddir. Həm zövqlü xanımlar, həm də kişilər var. Hər kəs üçün moda fərqli bir tərzdə başa düşülür. “Yeni dəb maraqdır, zərurətdir, ya həyat tərzidir” sualına cavab verən G.Xəlilova tam əminliyini bildirdi ki, bu suala hər kəs müxtəlif cavab verərdi. Çünki kimlər üçün bu, sadəcə peşə, bəziləri üçünsə mənasız və önəmsiz bir şey hesab edilirsə, başqaları yeni dəbi modanın “Allahı” sayırlar.

Moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Modelyer  G.Xəlilova insanları geyim seçərkən boylarını, bədən ölçülərini, yaşlarını, sifət cizgilərini, hətta saç rənglərini belə nəzərə almağa çağırdı. İstər xanımlar, istərsə də əks cinsin nümayəndələri üçün Gülnarə Xəlilova öz məsləhətlərini əsirgəmədi. İlk öncə çantalardan danışan modelyer söylədi ki, artıq neçə illərdir həcmi böyük olan, klatç üslublu çantalar dəbdədir. Əvvəllər yeni dəb gələndə köhnə çantalar və ayaqqabılar mağazalardan yığışdırılırdısa, artıq neçə illərdir gündəmə gələn ayaqqabı və çanta modelləri öz yerini qoruyub saxlayır. İndi daha çox insanların rahatlığı nəzərə alınır. Məsələn, bir neçə ildir ki, “dutik” dediyimiz, içərisində qaz tükü olan həcmli gödəkçələr, paltolar gündəmdədir. Həm qış aylarında bizi isti saxlayır, həm də olduqca yüngül və rahatdır. Elə sadaladığımız bu səbəblərə görə də bütün brendlərin “dutik” məhsulları var. İndi çeşid bolluğudur. Həm bəylər, həm də xanımlar öz seçimlərini edə bilirlər.

Xəzlərdən danışan G.Xəlilova söylədi ki, təbii xəzlər, qoyunun, keçinin dərisi, süni xəzlər də geyimlərdə öz aktuallığını qoruyub saxlayır. Bundan əlavə fərqli-fərqli xarakteri olan dərilərin kombinasiyası gündəmdədir.  Həm avanqard, həm klassik üslublar dəbdədir. Palto növlərindən “daflkot” bu il də gündəmi zəbt etməkdədir. Daha çox kişilərin üstünlük verdiyi stil olsa da, qadınlar da geyinə bilərlər. Sözügedən geyim növü ikidüyməli olur. Düymələr əsasən hansısa canlının dişindən, sümüyündən hazırlanır. Belə paltolarda mütləq üstdən tikilmə ciblər və papaq olur.

“Tanketka, hündürdaban, yastıdaban, döş hissəsi hündür və ya enli olan, yarpaqvari burun ucluqlu ayaqqabı modelləri hələ də gündəmdədir”, deyən müsahibimiz bildirdi ki, artıq təəccüblənmək lazım deyil. Çünki son illərdə dəbə nə gəlirsə az qisimdə də olsa öz yerini qoruyub saxlayır. Bəylərin və qadınların qarderobunun əksər hissəsini aksessuarlar təşkil etməlidir. Sadə və saya kostyumun, paltarın üzərində istifadə etdiyimiz aksessuarla yeni bir dəb, yeni bir üslub yarada bilirik.

Bütün bunlar dəb yenilikləri idi. Amma amerikalı psixoloq Deyl Karnegi deyirdi ki, qadının geyimindən çox onun sifət ifadəsi önəmlidir. Biz bu sözləri hər iki cinsə aid edərək, oxucularımıza yüksək əhval-ruhiyyə və zövqlü, dəblə geyinməyi arzulayırıq.

 

Günel Eyyubova

 

İki sahil.- 2017.- 17 yanvar.- S.16.