Azərbaycan
muğamının İsrail həyatı
İsrailin
dünya mədəniyyətlərinə, xüsusən musiqi
mədəniyyətinə açıq olmasını və həqiqi
maraq göstərməsini onun zəngin və çoxşaxəli
mədəniyyətinin ən maraqlı və qeyri-adi
xüsusiyyətlərindən biri saymaq olar. Daha konkret desək,
söhbət Azərbaycanın milli musiqisinə, o cümlədən
muğamına olan maraqdan gedir. İsrail xalqı hələlik
bir o qədər də yaxından bələd
olmadığı bir ölkənin – müsəlman Azərbaycanının
incəsənət xadimlərini son vaxtlar ölkənin konsert
səhnələrində daha tez-tez görməyə
başlayıb.
“Azİz”
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman
AZƏRTAC-a müsahibəsində bildirib ki, qədim milli
musiqi janrı olan muğam yeni, ekzotik və eyni zamanda, qədim
mədəniyyətə məxsus bütün musiqi növlərinə
maraq göstərən İsrail dinləyicisini cəlb edir.
Artıq israilli musiqi xiridarlarının məhdud çevrəsini
musiqi akademiyalarında festivallar və hesabat konsertləri
çərçivəsində keçirilən Şərq
musiqisi konsertləri ilə təəccübləndirmək
mümkün deyil. Belə konsertlərdə tarzən,
kamançaçalan və əlində qaval tutmuş xanəndədən
ibarət klassik Azərbaycan üçlüyünü həmişə
görmək olar.
Məlum
olduğu kimi, təbiətdə heç nə boş yerə
yaranmır. İsraillilərdə Azərbaycan musiqisinə belə
marağın yaranmasının “səbəbkarlarından” biri
də Azərbaycan etnik musiqisinin pərəstişkarı
dağ yəhudisi Perets Eliyahudur. Əslən Dağıstandan
olan P.Eliyahu Müqəddəs torpağa qədəm qoyandan
etibarən Azərbaycan milli musiqisinin təbliğatçısına
çevrilib. Tar sinfi üzrə ali təhsili olan P.Eliyahu Azərbaycan
musiqisini təkcə öz övladlarına
aşılamayıb. O, həm də İsrailin musiqi
akademiyalarının tələbələrinə tar
çalmağı öyrədir, İsrail universitetlərində
Azərbaycanın milli musiqi alətlərinin tədrisinin banilərindən
biridir. Buna görə o, həm İsrailin mükafatlarına,
həm də beynəlxalq mükafatlara layiq görülüb.
P.Eliyahu
iki Şərq musiqisi akademiyasına başçılıq
edir. Akademiyalardan biri Qüdsdə, digəri Safatda yerləşir.
Artıq keçmiş tələbələri də bu
akademiyalarda dərs deyirlər. Müxtəlif ölkələrdən,
o cümlədən İran, İraq, Türkiyə və
Misirdən olan Şərq xalq çalğı alətləri
ustadları P.Eliyahunun dəvəti ilə vaxtaşırı
bu musiqi ocaqlarına gəlirlər. Amma Azərbaycan musiqisinin
vurğunu olan Perets ilk növbədə ölkəmizdən
peşəkar musiqiçiləri dəvət edir.
İsrailin
ən qədim şəhərlərindən birində -
Safatda yerləşən “Məqamat” Şərq Musiqisi
Akademiyasının tələbələri yeni ildə bir həftə
ərzində tanınmış Azərbaycan
kamançaçalanı Elşən Mənsurovun ustad dərslərində
iştirak ediblər. İsrailli dinləyiciyə həm
ifaçı, həm də müəllim kimi yaxşı
tanış olan E.Mənsurovun gəlişi tələbələr
və əlbəttə, Azərbaycan milli musiqisinin
bütün pərəstişkarları üçün əsl
bayrama çevrilib.
Qeyd edək
ki, “Məqamat” Akademiyası israilli mesenat Moşe Tovanın vəsaiti
hesabına fəaliyyət göstərir. Tələbələrin
tədrisi, akademiyanın və əcnəbi mütəxəssislərin
saxlanması xərclərini, əlqərəz, bu
çoxşaxəli strukturun dəstəklənməsi
üçün lazım olan bütün işləri o maliyyələşdirir.
Burada müxtəlif Şərq ölkələrində ali
musiqi təhsili almış peşəkar musiqiçilər dərs
deyirlər.
Şərq
Musiqisi Akademiyasında təhsil alan gənclər çətin
ki, Şərq musiqisi daşıyıcısı təəssüratı
oyatsınlar, əksinə onlar daha çox Avropa meyilli gənclərdir.
Tələbələrin əksəriyyəti yəhudi dini təhsil
ocaqlarını bitirmiş çox mömin insanlardır. Bəlkə
də mömin gənclər yüksək mənəviyyat
sahibi olduqları üçün muğam kimi sirli və
ecazkar musiqiyə aludə olublar. Bunu meditasiya və dərin mənəvi-emosional
hisslərə varmaq ilə müqayisə etmək olar.
Safatdakı
Şərq Musiqisi Akademiyası azı yeddi yüz il əvvəl
Osmanlı İmperiyası dövründə inşa
edilmiş qədim binada yerləşir. Bu bina Safatda yeganə
tikilidir ki, mövcud olduğu bütün illər ərzində
fasiləsiz fəaliyyət göstərib. Tikili tağları
və yaraşıqlı hasarları olan bir-biri ilə
kiçik həyətlərlə ayrılmış
çoxsaylı otaqlardan ibarətdir. Hər bir otaq səciyyəvi
Şərq atributları – qədim mis qab-qacaq, Şərq oyma
naxışlı mebel və buna uyğun ev müxəlləfatı
ilə bəzədilib. Amma divar və döşəmələri
bəzəyən İran xalçaları daha çox diqqəti
cəlb edir. Hər sinif otağına muğam məqamlarından
birinin adı verilib: Rast, Humayun, Hicaz, Bayatı-Şiraz,
Şur və s. Safat hər şeyin sanki yeganə mədəniyyətə
- yəhudi ilahiyyatına tabe olduğu dini mənəviyyat mərkəzi
olduğu üçün siz təzadlı mədəniyyətlərin
bir-birinə qarşılıqlı nüfuzundan
yaranmış əsl mədəni-emosional sarsıntı
keçirəcəksiniz. Burada gördükləriniz bir daha
belə bir danılmaz həqiqəti möhkəmləndirir
ki, incəsənət təkcə xalqları
yaxınlaşdırmır, həm də sülhü qoruyub
saxlayır. Əslən Azərbaycandan olan bizlər
üçün isə bu, Azərbaycan və İsrail
xalqları arasında az qala metafizik, mistik və mənəvi əlaqələrin
mövcud olmasının daha bir təsdiqidir.
İki sahil.- 2017.- 17 yanvar.- S.10.