Demokratik prinsiplər Azərbaycanın
dövlət siyasətinin əsasıdır
Ölkəmizin Avropa Şurasına qəbulundan
16 il ötür
Azərbaycanın
dünyanın nüfuzlu təşkilatı, ən əsası
demokratik prinsiplərin inkişafı ilə məşğul
olan Avropa Şurasına bərabərhüquqlu üzv qəbul
olunmasından 16 il ötür. 17 yanvar 2001-ci il tarixdə ölkəmizin Avropa
Şurasına üzv qəbul
olunması barədə qərarın qəbul edilməsi və yanvarın 25-də üçrəngli
bayrağımızın qurumun qarşısında
dalğalanması ilə ölkəmizin demokratik
inkişafında yeni bir mərhələnin əsası
qoyuldu. Bu mühüm hadisə Azərbaycanın demokratik dəyərlərə
sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini
bir daha dünyaya nümayiş etdirdi.
Bu fikir
beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycanda
iqtisadi və siyasi islahatların bir-birini tamamlaması
uğurların davamlılığını təmin edir, gələcəyə
böyük inamla baxmağa stimuldur. Dövlətimizin başçısı İlham
Əliyev demokratik inkişaf
baxımından ən öndə gedən ölkələrin
təcrübəsinə diqqəti yönəldərək
bildirir ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək
səviyyədədir,
dünyada inkişaf
etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz
ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr
sırasına daxil olsun. Bunun
üçün bütün imkanlar mövcuddur: şəffaf
siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli
coğrafi məkan. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı
ilə işlənib hazırlanan və qəbul edilən “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası bu istəyin
reallaşdırılmasının fundamental mexanizmi kimi dəyərləndirilir.
Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin araşdırılması, bu işə
xarici mütəxəssislərin cəlb olunması, dövlət
və ictimai təşkilatlarla geniş müzakirələr
aparılması bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycan dövləti islahatları dövrün tələbinə
uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl
ölkələrin təcrübəsindən bəhrələnməkdə
maraqlıdır və bunu əməli işdə sübut
edir.
Ölkəmiz
beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla, eyni
zamanda həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün
tribunanı əldə edir. AŞPA-nın hər sessiyasında Azərbaycanda həyata
keçirilən demokratik islahatların yüksək dəyərləndirilməsi
də bu təbliğatın real faktlara əsaslanmasından irəli
gəlir. Qurumun Azərbaycan üzrə həmməruzəçiləri
mütəmadi olaraq ölkəmizə səfər edir,
aparılan islahatlarla yaxından tanış olaraq,
hazırladıqları hesabatlarında reallıqların əksini
tapmasına çalışırlar. Amma bir məqamı da
etiraf edək ki, qurumun özündə birləşdirdiyi 47 ölkənin hər birinin Azərbaycana münasibəti eyni
ola bilməz. Bu fakt inkaredilməzdir ki, ölkəmizin sürətli
demokratik, iqtisadi inkişafını qısqanclıqla
qarşılayan xarici qüvvələr
var. Onlar hər vəchlə inkişafa kölgə salmaq üçün
qeyri-ciddi fikirlər səsləndirir, ətrafında geniş
müzakirələr aparırlar.
Avropa Şurası Parlament Assambleyasının
sessiyalarında tez-tez gündəmə gətirilən “siyasi
məhbus” məsələsi də bu məqsədə xidmət
edir. Lakin qurumun rəhbərliyi bununla bağlı qəti
fikrini səsləndirib - Azərbaycanla Avropa Şurası
arasında “siyasi məhbus” məsələsi ilə
bağlı heç bir problem yoxdur. Bu məsələ
çoxdan qapanıb. 2013-cü
ilin yanvarında qurumun
qış sessiyasında “siyasi məhbus”larla bağlı hesabatın gündəmə gətirilməsi
də həmin qüvvələrin çirkin niyyətlərinə
işıq saldı. Amma ölkəmizin xeyrinə atılan
addım bir daha yalanın, qərəzin həqiqət üzərində qələbəsinin
mümkünsüzlüyünü ortaya qoydu.
Dövlətimizin başçısı İlham
Əliyev çıxışlarında Azərbaycana
qarşı qərəzli kampaniyanın aparılmasından bəhs
edərkən bu məqamı xüsusi qeyd edir: “2013-cü ilin əvvəlində
Avropa Şurası Parlament Assambleyasında da əlamətdar
hadisə baş vermişdir.
Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili
standartlar əsasında təşkil edilmiş hücum
fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət
antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu,
kampaniyanın təşəbbüskarlarını, o cümlədən
pərdəarxası təşəbbüskarlarını məyus
etmişdir və Azərbaycanın haqlı mövqeyini
müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən
qətnamənin layihəsi keçmədi, Azərbaycanın
mövqeyi üstünlük təşkil etdi. Beləliklə,
Azərbaycan beynəlxalq arenada növbəti qələbə
qazanmışdır.” Ölkə Prezidenti bu mühüm hadisəni ədalətin təntənəsi
kimi dəyərləndirərək qeyd etmişdir ki, haqq-ədalət həmişə zəfər
çalmalıdır: “Azərbaycan öz prinsipial, ədalətli
mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı
antiazərbaycan qüvvələrinə vurulan ən
böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və
onların arxasında dayanan antiazərbaycan qruplaşmalar
özləri üçün nəticə
çıxaracaqlar.”
Reallığı
inkar etmək qeyri-mümkündür. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və
vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən
iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların inkişafı üçün
etibarlı zəmin yaradır. Quruma tamhüquqlu üzv kimi qəbulumuz hər iki tərəf
üçün faydalıdır.
AŞPA-nın ilk sessiyasında ulu öndər Heydər
Əliyev bu fikri xüsusi vurğulamışdır ki, Avropa
Şurası Azərbaycana nə qədər gərəkdirsə,
Azərbaycan da Avropa Şurasına bir o qədər
lazımdır. Ötən dövr ərzində AŞ ilə
uğurlu əməkdaşlıq, qarşılıqlı
münasibətlər öz müsbət nəticəsini
verir. Ölkəmizdə ən mütərəqqi prinsiplərə,
beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə
əsaslanan institut yaranıb, seçki sistemi təkmilləşdirilir.
Məlumdur
ki, 2003-cü ilin mayında Seçki Məcəlləsi Azərbaycan hökuməti ilə
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosunun, Avropa Şurası Venesiya Komissiyasının birgə
rəyi əsasında qəbul olunub.
Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq
əməkdaşlıq sayəsində bu sənədə əlavə
və dəyişikliklər edərək, dünyanın
qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində
maraqlı olduğunu sübut edib.
Eyni zamanda Avropa
Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində “Sərbəst
toplaşmaq azadlığı haqqında” qanuna əlavə və
dəyişikliklər edilib, “Siyasi partiyalar haqqında” yeni
qanun qəbul olunub.
Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir. Avropa Şurasının qəbul etdiyi qətnamələrdə də Azərbaycanın demokratik prinsiplərə sadiqliyi təqdir olunur. Azərbaycanın demokratiya təcrübəsi nümunə göstərilir.
16 illik zaman Azərbaycan-Avropa Şurası münasibətlərinə müxtəlif istiqamətlərdən işıq salır. O da məlumdur ki, qurum demokratik prinsiplərin inkişafı ilə məşğul olsa da, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qurumun sessiyalarında əsas müzakirə olunan məsələlərdəndir. Ermənistan və Azərbaycan bu quruma üzv qəbul olunarkən götürdükləri öhdəliklərdən biri məsələnin sülh yolu ilə həllidir. AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi öz əksini tapıb. Sənəddə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənilir.
Qısa təhlil fonunda bu reallıq bir daha öz təsdiqini tapır ki, dövlətimizin həyata keçirdiyi siyasətin önündə hərtərəfli inkişaf, insanların yüksək həyat səviyyəsinin təmin olunması dayanır. Cənab İlham Əliyev daim bildirir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Demokratikləşmə sadəcə bir şüar, niyyət yox, hərtərəfli inkişaf üçün əsasdır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə inamla addımlayır.
Yeganə
Əliyeva
İki sahil.- 2017.- 17 yanvar.- S.3.