Pambıqçılığın şöhrəti qaytarılır

 

Pambıqçılıq böyük əmək sərf edən kənd təsərrüfatı sahəsi olsa da gəliri  həmişə yüksək olub. Elə məhz buna görə də bu məhsulu “ağ qızıl” da adlandırırlar. Keçmiş SSRİ-də Özbəkistandan sonra ən çox pambıq istehsal edən ölkə Azərbaycan idi. Hətta 1981-ci ildə respublikamızda 1 milyon ton pambıq istehsal olunmuşdu.

 

Pambıq strateji məhsuldur. Bu sahənin inkişafının ölkəyə əhəmiyyətli dərəcədə valyuta gətirməsi təcrübəsi var. Azərbaycanda Neft Fondu olduğu kimi, Özbəkistanda da Pambıq Fondu vardır ki, bu da həmin ölkənin büdcəsini maliyyələşdirən əsas qurumdur. Statistikaya görə, Özbəkistanın Pambıq Fonduna son 10 il ərzində 35 milyard dollaradək valyuta toplanıb.

Pambıqçılığın digər üstünlüyü ondadır ki, işsizliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə yardımçı olur. Kənd təsərrüfatı mütəxəssislərinin araşdırmalarına görə, 1 hektar pambıq sahəsində ən azı 4-5 nəfər işləmək imkanı qazanır. Hələ sovet dövründə ücü-bücağı görünməyən pambıq tarlalarında işləmək üçün işçi qüvvəsi çatışmırdı. Əgər Azərbaycanda pambıqçılığın əvvəlki həcmi bərpa olunsa, demək, son nəticədə ölkədəki işsizlik səviyyəsini minumuma endirmək mümkündür.

Pambığın dünya bazarlarındakı qiyməti də daim yüksək olub. Ötən həftə dünya birjalarında 1 ton pambığın qiyməti 1200 dollaradək qalxıb. Bu isə təbii ki, neftin indiki bazar qiymətlərindən 4 dəfə çoxdur (7,3 barel 1 ton neft deməkdir. 7 bareli də 53 dollara vuranda isə 371 dollar edir). Belə sürətli bahalaşmaya səbəb isə pambığın ən böyük istifadəçisi olan Çinin pambıq idxalını artıracağı barədə ehtimallardır.

Pambıqçılıqla məşğul olan 100 ölkədən yalnız 5-i onu böyük həcmdə ixrac edir. Belə ki, dünya pambıq istehsalının 25 faizi ABŞ-ın, 21 faizi Çinin, 12 faizi Hindistanın, 8 faizi Pakistanın, 5 faizi isə Özbəkistanın payına düşür.

Burada maraqlı faktı da diqqət yetirmək lazımdır. Beynəlxalq Əmək Təşkilatı bir neçə ildir ki, Özbəkistanda pambığın becərilməsinə və yığımına uşaqların məcburi cəlb olunmasını pisləyərək bu vəziyyəti qanun pozuntusu adlandırmışdır. Eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları da Özbəkistanda pambıq yığımında uşaq əməyindən istifadəyə görə, xaricdəki nəhəng tikiş fabriklərinə səslənərək bu ölkənin pambıq məhsullarının dünya bazarlarında boykot edilməsini istəyiblər. Təbii ki, bir çox şirkətlər bu çağırışı dəstəkləyib. Belə olan halda ildə 3 milyon 335 min ton pambıq istehsal edən bir ölkənin dünya bazarlarından çəkilməsi pambığa tələbatı artırmaqla onun qiymətini daha da yüksəldəcək.

Prezident İlham Əliyev son bir neçə ildə pambıqçılığın inkişafını kənd təsərrüfatının mühüm istiqamətlərindən biri elan edib. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident bir daha bu mövzuya diqqət çəkərək bildirib ki, Azərbaycanda uzun müddət tənəzzülə uğrayan sahələr, o cümlədən pambıqçılıq bərpa edilir: “Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq... Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min tondan da çox pambıq tədarükünü gözləyirik”.

Təbii ki, kənd təsərrüfatının inkişafı onun mexanikləşdirilmə səviyyəsindən də asılıdır. Ona görə də müasir pambıqçılığın inkişafı üçün lazım olan kənd təsərrüfatı texnikalarının və avadanlıqlarının, məhsuldar toxumların və mineral gübrələrin olması da şərtdir. Ölkəmizdə bu vacib şərtlərin reallaşması üçün 2016-cı ildə 1900-dək pambıqyığan kombaynlar, çiyid səpən və kultivatsiya edən kənd təsərrüfatı texnikaları alınaraq lizinq yolu ilə fermerlərə paylanılıb.

 

Elçin Zaman

 

İki sahil.- 2017.- 18 yanvar.- S.14.