Aparılan islahatlar, görülən
işlər
bir çox
uğurların əsasını qoyacaq
Müsahibimiz Milli Məclisin
deputatı Aydın Mirzəzadədir
- Yanvarın 10-da Nazirlər
Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran
vəzifələrinə həsr olunan iclasında ölkəmizin
başçısı İlham Əliyev giriş nitqində
bildirdi ki, 2016-cı il bütün dünyada münaqişəli
il kimi yadda qaldı. Bu fonda Azərbaycanda sabitlik hökm
sürdü, inkişaf davam etdi. İstərdik bu fikirdən
çıxış edərək ötən ilin
uğurları haqqında fikirlərinizi bölüşəsiniz.
- Bəli,
cənab Prezidentin də söylədiyi kimi, ötən il
uğur, islahatlar ili oldu. Konstitusiyamızda dəyişiklik
etdik, Azərbaycanın maliyyə sektorunda xeyli struktur dəyişikliyi
oldu ki, bu da öz nəticəsini göstərəcək, bir
sıra dövlət orqanlarına hüquqi şəxs statusu
verildi, yeni iş yerləri, xidmət obyektləri
açıldı. Azərbaycan Ordusu aprel ayında
böyük uğurlar qazandı, torpaqlarımızın bir
hissəsini işğaldan azad etdik. Azərbaycan neftinin qiymətinin
müəyyən qədər azalması
iqtisadiyyatımıza təsir etdi. Amma hesab edirəm ki,
2016-cı ildə aparılan islahatlar, görülən
işlər bu il bir çox uğurlarımızın əsasını
qoyacaq.
- Aydın müəllim, aprel
döyüşlərinə toxundunuz. Necə düşünürsünüz, ötən il 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
hansı naliyyətləri qazandıq?
- Ümumən
götürəndə, Azərbaycan Silahlı Qüvvələri
bu gün regionun ən güclü, müasir ordusu olduğunu
sübut edib. Dövlət ordunun təchizatına,
döyüş hazırlığına böyük diqqət
yetirir. Bu, göz
qarşısındadır. Digər tərəfdən,
Azərbaycan əsgəri torpağı uğrunda vuruşur.
Ermənistan ordusunun əsgəri isə özgə
torpağındadır və kiminsə siyasi ambisiyalarının
qurbanı olduğunun fərqinə varır. Bu baxımdan aprel döyüşlərində təkcə
silahımızla deyil, eyni zamanda, döyüş ruhumuzla da
üstün olduğumuzu göstərdik. Bu
gün Ermənistan artıq Azərbaycanın ərazi
bütövlüyü məsələsində haqlı
olduğunu qəbul etməyə məcburdur. Ermənistan
çıxılmaz vəziyyətdə olduğunu qəbul
etməzsə, onun üçün ağır nəticələr
ola biləcəyinin fərqindədir. Bunu əvvəllər sadəcə olaraq bəzi erməni
politoloqları səsləndiriblərsə, indi erməni
ictimaiyyəti birmənalı olaraq Dağlıq Qarabağ
problemini Ermənistan dövlətinin inkişafına
böyük problem yaratdığını tez-tez səsləndirir.
- Bildiyiniz kimi, 2016-cı il ölkəmizdə “Multukulturalizm ili” elan
olundu. Bu barədə fikirlərinizi bilmək
istəyərdik.
- Biz cəmiyyətimizin
multikultural bir cəmiyyət olduğunu, muxtəlif mədəniyyətlərin,
baxışların, dinlərin harmonik şəkildə
yanaşı yaşadığını və biri-biri ilə
zənginləşdiyinin gözəl nəticəsini bir daha
dünyaya göstərdik. Dünya bu gün
etnik, dini, irqi qarşıdurmadan əziyyət çəkir.
Dünya bu gün qaçqın faktorundan əziyyət
çəkir. Azərbaycanda isə harmonik
bir cəmiyyət yaranıb. Azərbaycanda
müxtəlif millətlərin, xalqların nümayəndələri
yüz illərdir yaşayır. Açıq
cəmiyyət olduğumuz üçün biznes, təhsil
üçün Azərbaycana gələnlər də
çoxdur. Azərbaycanda digər millətlərə
tolerant yanaşmanın, təhlükəsiz bir həyat
yaşatdığımızın fərqindədirlər.
2016-cı il, əlbəttə, multikultural
il kimi tarixdə qalacaq və mədəniyyətimizin gözəl
bir göstəricisi olacaqdır.
- Ötən ilin ən yaddaqalan məqamlarından
biri ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin
keçirilməsi oldu...
-
Çox maraqlı bir məqama toxundunuz. Bu
gün bu və ya digər ölkələrin dünyada
nüfuzu beynəlxalq tədbirlərin sayı və reytinqi ilə
ölçülür. Azərbaycan
açıq bir cəmiyyətdir. Azərbaycan
beynəlxalq birliklə sıx işləyən bir ölkədir.
Bu baxımdan vaxtaşırı müxtəlif tədbirlərə,
idman yarışlarına ev sahibliyi edir. Artıq Azərbaycan vətəndaşını
onlarla təəccübləndirmək mümkün deyil.
2015-ci il möhtəşəm birinci Avropa Oyunlarını
keçirməyimiz, daha əvvəl “Eurovision” mahnı
müsabiqəsinin Azərbaycanda keçirilməsi bir daha
göstərdi ki, Azərbaycan bu sahədə artıq
dünyada nümunə göstərilə bilər. 2016-cı
il Rio Yay Olimpiadasında
qazandığmız medalların sayına görə yüksək
pillələrdən birini tutduq. Azərbaycan
güclü idman ölkəsi olduğunu bir daha göstərdi.
Formula-1 yarışına gəldikdə isə,
çox reytinqli olan bu yarış hər ölkədə
keçirilmir. Bir çox ölkələrin
müraciətinə rədd cavabı verilib. Azərbaycan ilk növbədə infrastrukturunun
hazırlığına görə bu yarışları
keçirə bildi. Bakının həm
tarixi, həm müasir yerlərində marşurtun
salınması dünyanın Bakını, Azərbaycanı
bir daha tanımasına səbəb oldu. Qeyd edim ki,
2017-ci il İslam Həmrəylik
Oyunlarına da Azərbaycan çox ciddi şəkildə
hazırlaşır. İdmançılar 60-a
yaxın idman növündə öz güclərini
sınayacaqlar. Ev sahibi kimi bu
yarışların yüksək səviyyədə
keçirilməsi ilə Azərbaycan xalqı fəxr edəcək.
Digər tərəfdən isə, milli
idmançılarımızın da bu idmanlarda yüksək
yer qazanacağına ümidimiz və inamımız
böyükdür.
- Bəs nəinki idman
uğurlarına, ümumilikdə iqtidarın həyata
keçirdiyi bütün işlərə kölgə
salmağa çalışan müxalifətin fəaliyyəti nədən ibarətdir?
- Siyasətin
bir qızıl qaydası var. Müxalifət o vaxt
güclü olur ki, iqtidar zəif olur, üzərinə
götürdüyü vəzifəni yerinə yetirə
bilmir. Problemlər arta-arta gedir və vətəndaş
problemlərinin həllini artıq müxalifətdə
axtarır. Ancaq Azərbaycan iqtidarı
öz üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirdiyinə görə onun sosial bazası həddən
artıq böyükdür. Müxalifət isə bir
qrup narazı adam və yaxud fərqli
düşünən insanlardır. Demokratik
ölkə olduğumuza görə onların bir qayda olaraq tənqidləri
ancaq günün hansısa bir hadisəsinə görə
olur. Bu isə onun hazırlıqsız
olduğunu göstərir. Azərbaycanın
müxalifəti bu gün kabinet müxalifətidir. O
regionlarla, ölkələrlə işləmir. Onun Azərbaycan coğrafiyası üzrə təsir
etməyə nə marağı, nə təşkilati
imkanları var. Həmçinin Azərbaycanın
qarşısında duran məsələlər üzrə
hansısa bir proqram irəli sürməkdənsə birmənalı
olaraq məsələlərin üzərində dayanır.
Ya da elə məsələlərə
müxaliflik etməyə çalışır ki, o
ümummilli maraq daşıyır və həmin məsələlərə
müxaliflik etmək düşmən dəyirmanına su
tökməkdir. Əsas məsələ
ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti müxalifətin
bu cür təbliğatına inanmır, ona dəstək
vermir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan
daim problemlərinin həll edildiyi, strateji məsələlərin
gündəmə gətirildiyi bir iqtidara malikdir. Azərbayacan bundan sonra da apardığı siyasətlə
daha qüdrətli və daha güclü olacaq.
- Ötən ilin sonunda Milli Məclisdə
2017-ci ilin dövlət büdcəsi layihəsi müzakirə
olundu. Bu il vətəndaşın sosial həyatı
hansı səviyyədə olacaq?
-
2016-cı ildə neftin qiymətinin kəskin düşməsi,
həmçinin Amerika dollarının uçuş dərəcəsində
qalxması bir çox ölkələrin milli valyutasına təsir
etdi. Bu proses Azərbaycandan da yan ötmədi. Ancaq
aparılan siyasətin təsiri ilə onun minimuma enməsinə
səbəb oldu. 2017-ci ildə ilk növbədə pensiya və təqaüdlərin,
dövlət qulluğunda çalışanların əmək
haqlarının vaxtında verilməsi, eyni zamanda yeri gəldikcə
artırılması gözlənilir. Aparılan siyasət
qeyri-neft sektorunun genişlənməsinə, yeni iş yerlərinin
yaradılmasına gətirib çıxarır. Ötən il bizim qəbul etdiyimiz əsas qərarlardan
biri də Vergi Məcəlləsində əsaslı dəyişikliklərin
olmasıdır. Bu, sahibkarın fəaliyyətinə
geniş şərait yaradır. Onun vergi
yükünü azaltmaqla daha çox iş
yerinin açılmasına gətirib çıxarır.
Bildiyiniz kimi, ötən il cənab
Prezident İlham Əliyev pambıqçılığın
inkişafına dövlət dəstəyini elan etdi. Bu isə yerli istehsalın artmasına səbəb
olacaq. Azərbaycanda turizmin inkişafı istiqamətində
atılan addımlar 2016-cı ildə öz nəticəsini verdi. Azərbaycana gələn
turistlərin sayı dəfələrlə artıb. Təkcə turizimdən Azərbaycana 700 milyon dollar əlavə
gəlir gətirilib. Bu da onu göstərir ki, Azərbaycanda
istehsal dəyərinin artırılması, yeni iş yerlərinin
açılması üçün kifayət qədər potensial var.
Bütün bu məsələlər 2017-ci il büdcəsində
öz əksini tapacaq. Heç şübhəsiz
ki, 2017-ci ildə insanların sosial vəziyyətinin
yaxşılaşdırılması, istehsalın genişlənməsi,
sahibkarlığın artırılması üçün
bir çox yeni addımlar atılacaq.
- Əlinizdə erməni dilində
Azərbaycan həqiqətlərindən bəhs edən kitab
görürük...
- Ötən
ilin noyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində
mənim “Dağlıq Qarabağ” adlı kitabım erməni
dilində çap olunub. Azərbaycan
tarixşunaslığında birinci dəfədir ki, azərbaycanlı
tədqiqatçının erməni dilində Dağlıq
Qarabağla bağlı təbliğat əsəri ortaya
çıxdı. Kitab 2012-ci ildə Azərbaycan,
2014-cü il Türkiyədə türk,
ötən il isə erməni dilində nəşr olundu. Bu il, eyni zamanda, onun Polşada polyak dilində
çıxması gözlənilir. İmkan
olduqca bu kitabı ayrı-ayrı ölkələrdə,
başqa dillərdə də çap etdirəcəyəm.
Kitab 400 səhifədən ibarətdir, içində yeddi
tarixi xəritə var. Həmçinin Dağlıq Qarabağ
probleminə dair 35 şəkil, Xocalı soyqırımına
aid şəkillər və bir çox müqayisəli şəkillər
verilib. Ağdam şəhər qəbirstanlığının
ermənilər tərəfindən
dağıdılmış şəkilləri göstərilib.
Şuşada dağıdılmış məscid
və Bakıda salamat qalan erməni kilsəsinin şəkilləri
var. Bu kitab artıq satışa çıxarılıb.
Eyni zamanda internetdə yerləşdirilib. Hesab edirəm ki, biz erməni auditoriyasını da
bu məsələ ilə bağlı müəyyən qədər
məlumatlandıra biləcəyik. Eyni
zamanda, bu kitabın erməni dilində buraxılması gələcəkdə
digər tədqiqatçılarımızın bu çapa
istinadən hansısa bir material üzərində işləməsinə
şərait yaradacaq. Dağlıq
Qarabağ probleminə dair faktlar, həqiqətlər Azərbaycan
tədqiqatçıları tərəfindən öyrənilir,
bütün dünyaya yayılır.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova
İki sahil.- 2017.- 18 yanvar.- S.12.