Qərənfillər daha
ağlamır...
Zamanında qərənfili mən də əzizləmişəm...
Zamanında mənim də duyğularımın dilmancı qərənfil olub...
27 ildi qərənfillərə könül xoşluğu ilə baxa bilmirik...
27 ildi qərənfili ümumxalq qəhərinin təmsilçisi bilirik...
27 ildi qərənfilə şair misrası ilə müraciət edirik: ağla, qərənfil, ağla...
Onsuz da unutmadığımız, unutmayacağımız dərd ötən illərin yanvarında bir boy da dikəlir, “Müstəqilliyin yolu şəhidlikdən keçir” - deyirdi. Duyanlar duyurdu; məmləkət boyunca hamı duyurdu. İndi də belədi. Duyanlar indi də belə duyur; məmləkət belə duyur. Mənə belə gəlir ki, bu duyum “əllərini gözünün üstünə qoyub” ötən ilin aprelinə boylanır. Bu ilin yanvarında Lələtəpə ovqatı, Bayraqtəpə ovqatı hiss olunur; bu ovqat sazağı sındıran, şaxtanı “yumşaldan” ovqatdı. Bu ovqata zaval yoxdu!..
Yenə yanvardı...
Diqqətimi qərənfillərin duruşu çəkir. Ötən ilki məhzunluğun azaldığını hiss edirəm. Nədəndi bu? Şəhidlik unudulmur axı. Niyə ağlamır qərənfillər? Niyə Şəhidlər xiyabanına gətirən yollar boyunca qərənfil hönkürtüsü eşidilmir?...
Şəhidlər unudulmur. Bəs qərənfillər illərlə şəhidlərə, şəhidliyə ad olan qəhəri bu il niyə şair kəlamı ilə anmır? Bu il qərənfillər unudulması mümkünsüz olan qəhərini “udur” elə bil: ləçəklərinin “qəhər köynəyi” görünmür, titrəyişinin göynəyi hiss edilmir; qərənfillər bu il ağlamır...
Bu ilin yanvarında hiss edilən Lələtəpə ovqatı, Bayraqtəpə ovqatı var. Bu ovqat qərənfillərin qəhərinə toxdaqlıq olub.
Bu gün yanvarın 19-du...
Artıq 27-ci ildir ki, yanvarın 20-də Şəhidlər xiyabanınacan qərənfillər düzüləcək. Görənlər bu bəşəri ziyarəti azadlığa, müstəqilliyə içilən and biləcək, şəhidlərin amalına sədaqət andı biləcək...
Həmin gün yenə öz qəhərini unudub ümumxalq qəhərinin zərrəsi olanlar gələcək ünvana. Milyonlar gələcək. Əllərdə uçunan qərənfillər yenə qəhərin, kədərin dilmancı olacaq. 27 ilin o üzündə törədilmiş qətliamın azalmayan-sozalmayan ağrı-acısı düşüncələri yenə silkələyəcək. Dözümlülər öz yerində, qərənfilləri toxdaqlı görən kövrəklər də qəhərini dodaqlarında donduracaq; 27 il bu yola, bu xiyabana qəhər görkəmində sərilən qərənfillər 27 yaşlı cavanların qəhərini sezincə qəhərləndirəcək. Qərənfillərin qəhərini ürkəcək-ürkəcək əsən meh pərdələyəcək. “Şəhidliyi ilə müstəqilliyimizə yol açanların ruhunu nigarançılıqdan siz xilas edəcəksiniz. Lələtəpədən, Bayraqtəpədən başlanan yol Şuşaya aparacaq. Bu uğur üstəyik. Ürəyinizi o ovqata kökləyin. Qəhərlənməyin...” - qərənfillərin titrəyişindən bunlar oxunacaq.
Qərənfillər ağlamır...
İllərlə Şəhidlər xiyabanına qızlarımla gedərdim. Üç ildir nəvələrim də bizimlə gedir. Leyla kimsənin eşidə bilməyəcəyi səslə “Ağla qərənfil, ağla”nı pıçıldayacaq. Anasına sığınaraq, əlindəki qərənfilləri sinəsinə sıxaraq, qərənfillərin ləçəklərini göz yaşları ilə isladacaq. Larisanın məzarı önündə ayaq saxlayacaq. Anasına baxacaq. Çəkingən addımlarla məzara yaxınlaşacaq. Evdən çıxalı bərk-bərk yapışdığı qərənfilləri qərənfillərin sırasına qoyacaq və bizi doluxsunan görüb özü də doluxsunacaq...
Qərənfillər ağlamır...
Nəvələrim də böyüyəcək. Azərbaycanın işıqlı sabahlarının vətəndaşları sırasında onlar da bu ünvanın müqəddəsliyini bizlər kimi yaşayacaq. Qızım qızı yaşında olanda özü yaşda uşaqların sızıltısına, “Ata!” harayına boylanardı. Çətinliklə ovundurardım. İndi qızını ovunduracaq. Nə deyəcək qızına? O vaxtlar bu yaşda olanda məndən eşitdiklərini, sonralar dərk elədiklərini deyəcək, şəhid analarının səssiz baxışlarından oxuduqlarını deyəcək, ... Bir də deyəcək ki, müstəqilliyimizi bu şəhidlik qazandırdı...
Nəvəm bizdən soruşacaq: “Qərənfillər niyə ağlamır?”. Dərk edəcəkmi, etməyəcəkmi, qızım bunun fərqinə varmadan deyəcək: müstəqilliyimiz naminə şəhid olanlara ümumxalq sevgisi azala bilməz, qızım. Qərənfillər Böyük Qələbə ərəfəsində olduğumuza görə ağlamır...
Qərənfillər şəhidlərin ruhunu narahat etməmək üçün ağlamır...
Müstəqilliyimizə görə ağlamır...
Torpaqlarımızın işğaldan azad ediləcəyi inamına görə ağlamır...
“Mayəsi də, qayəsi də nur olan” (Məmməd Araz) Azərbaycanımıza görə ağlamır qərənfillər...
Qərənfillər daha ağlamır...
Rəşid
Faxralı
İki sahil.- 2017.- 19 yanvar.- S.15.