Gecə doğan günəş

 

Faciə və qəhrəmanlığın üst-üstə düşdüyü 20 yanvar gecəsi doğan günəş azadlıq yolumuzu işıqlandırdı

 

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri qan yaddaşına yazılır. Üstündən 27 il keçməsinə baxmayaraq, unudulmayan və yəqin ki, yüz il bundan sonra da unudulmayacaq hadisələrdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verdi. Həmin gecə dörd bir tərəfdən Bakıya soxulan imperiya ordusu dəhşətli qırğın törətdi, nahaq qanlar axıtdı. Güllələr təkcə insanlara yox, bir xalqın azadlıq arzusuna tuşlanmışdı.

Tankların əzib keçdiyi maşınlar, küçələrə səpələnmiş cansız bədənlər, inildəyən yaralılar, qan və ölüm... Bu, həmin soyuq, qara qış gecəsinin dəhşətli mənzərəsi, bəzi ştrixləridir. Biz o vaxt görmürdük və görə də bilməzdik ki, bu qanlı-qadalı qaranlıq gecədə bir günəş – azadlıq günəşi doğmaqdadır. Həmin gecə doğan günəş tarixin axarını dəyişdi, xalqın azadlıq yolunu işıqlandırdı.

İndi, aradan illər keçdikdən sonra 20 Yanvar hadisələrinin mahiyyəti, xalqın taleyində oynadığı rol daha aydın görünür. 20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi kimi səciyyələndirilir.

 

Tariximizin qanlı və şanlı səhifəsi

 

Bütün hallarda insan itkisi, bu cür ölüm faciə olaraq qalır. Bu qırğını törədənlər 27 ildir lənətlənir və yəqin ki, yüz il bundan sonra da lənətlənəcək.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə atılan işıqsaçan güllələrin vıyıltısı, şəhərə soxulan tankların motorlarının uğultusu o gecənin şahidlərinin qulaqlardan hələ də getməyib. Bu qanlı hadisələr 147 insanın qətlə yetirilməsi, 744 nəfərin yaralanması ilə nəticələndi.

Həmin gecə çəkilmiş fotolara bir də baxın. Amansızlıqla qətlə yetirilən bu insanların günahı nə idi? Onlar imperiyanın ədalətsizliyinə etiraz edirdilər. Onlar Vətəni azad, bütöv görmək istəyirdilər. İmperiyanı təşvişə salan bu idi: hərb maşını Bakıya xalqın gözünü qorxutmaq, azadlıq ruhunu qan içində boğmaq üçün göndərilmişdi.

Bu əmri verən Qorbaçovun, Yazovun, Bakatinin niyyəti baş tutmadı. Şəhidlər son mənzilə milyonların çiyinlərində yola salındı. Təpədən-dırnağadək silahlanmış imperiya əsgərləri ilə əhatəyə alınmış Bakı şəhidlərin dəfn günü görünməmiş izdiham yaşadı. Fotolar Azərbaycan xalqının şərəf və ləyaqət salnaməsinin bu şanlı səhifəsini özündə yaşadır.

Baxırıq, xatırlayırıq, kədərlənirik. Baxırıq, şanlı tariximizlə və qəhrəman şəhidlərimizlə fəxr edirik. Tariximizin bu səhifəsini dönə-dönə vərəqləməyə və nəsillərin yaddaşına həkk etməyə ehtiyac var.

 

20 Yanvara aparan yol

 

Həmin faciədən sonra Bakının xəritəsinə bir çox yeni ünvanlar yazıldı. Qanlı hadisələrin cərəyan etdiyi ən qaynar nöqtədəki yol qovşağı “20 Yanvar” dairəsi adlandırıldı. Buradakı metro stansiyasına “20 Yanvar” adı verildi. Bu yerdə həmin günləri xatırladan abidə qoyuldu.

27 il əvvəl paytaxtın bütün yolları rəmzi mənada burada, indiki “20 Yanvar” dairəsində kəsişirdi. 1990-cı ilin yanvarında burada “XI qızıl ordu” adlı heykəl vardı. Həmin ordunun əsgərləri bu heykəlin önündə dinc əhalini gülləbaran edir, insanları tanklarla tapdalayır, avtomobilləri əzib keçirdilər.

Qanlı Yanvara aparan yol nə vaxt, haradan başlayır? İnsanların meydanlara, küçələrə axışmağa, şəhərin giriş qapılarında “barrikadalar” qurmağa vadar edən nə idi? Millətin səbir kasası niyə daşmışdı?

Bütün bunlar başlanğıcını 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onunla bağlı cərəyan edən hadisələrdən götürürdü. Regionda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin səriştəsizliyi, milli mənafeyə zidd mövqeyi və mütiliyi xalqda çaşqınlığa səbəb olmuşdu. Daha sonra Ermənistandan azərbaycanlıların zorakılıqla qovulması prosesi başladı. Dağlıq Qarabağda separatçılıq hərəkatı açıq müstəviyə keçdi. Mərkəzi hakimiyyət isə bunun qarşısını almaq əvəzinə, keçmiş muxtar vilayəti Azərbaycanın idarəçiliyindən çıxarmağa yönələn addımlar atırdı. Azərbaycan təklənirdi.

Həmin dövrdə cərəyan edən hadisələrin qısa xronikasına nəzər yetirək.

1987-ci il. Dağlıq Qarabağda yaradılmış “Krunk” adlı ekstremist erməni təşkilatı vilayəti Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyi tələb edən çağırışlar səsləndirməyə başlayır. Vilayətdə ilk antiazərbaycan mitinqləri keçirilir.

1988-ci ilin yanvarı. Ermənistandan azərbaycanlıların qovulması prosesi başlayır. Azərbaycana ilk qaçqın dalğası gəlir.

1988-ci ilin fevralı. Keçmiş muxtar vilayətin Ali Soveti DQMV-nin statusu məsələsinə baxılması haqqında SSRİ Ali Sovetinə müraciət ünvanlayır. SSRİ-nin və Ermənistanın xüsusi xidmət orqanları Azərbaycanı ləkələmək və gələcək mənfur planları üçün zəmin hazırlamaq məqsədilə Sumqayıt hadisələrini törədirlər.

1988-ci ilin noyabrı. Mixail Qorbaçov başda olmaqla Kremlin açıq ermənipərəst mövqeyi, respublika rəhbərlərinin Moskvanın iradəsinə boyun əyməsi Azərbaycanda narazılığı gücləndirir, ictimai-siyasi böhranı kəskinləşdirir. Ermənilərin Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsini dağıtması, azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması xalqın səbir kasasını daşdırır. Noyabrın 17-də Bakının mərkəzi meydanında izdihamlı etiraz mitinqi başlayır. Mitinqlər fasiləsiz xarakter alır, insanlar gecə-gündüz meydandan çəkilmir.

1988-ci ilin dekabrı. Dekabrın 4-dən 5-nə keçən gecə meydan hərəkatı zor gücünə yatırılır.

1989-cu il. SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də Xüsusi İdarə Komitəsi yaradılır. Vilayət tədricən Azərbaycanın nəzarətindən və tabeliyindən çıxarılır. Bəzi rayonlarda xalq cəbhəsi hakimiyyəti ələ alır. Naxçıvanın İranla sərhədlərində tikanlı məftillər sökülür.

Hadisələrin sonrakı gedişinə nəzər salanda açıq-aşkar görünür ki, onlar eyni mərkəzdən hazırlanmış ssenari üzrə idarə olunur, Azərbaycana cəza dəstələri göndərilməsinə zəmin hazırlanırdı. Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, Bakıda ermənilər yaşamaqda davam edir və bu, milli zəmində təxribatlara şərait yaradırdı. Digər tərəfdən, ölkədə hakimiyyət böhranı özünün pik həddinə çatmışdı. Bakı 20 yanvara addım-addım yaxınlaşırdı...

1990-cı ilin yanvarı. Yanvarın əvvəllərində Kremlin göstərişi ilə Bakıya müxtəlif qoşun hissələri və hərbi texnika yerləşdirilir. Yanvarın 13-də ermənilər Bakıda iki azərbaycanlını qətlə yetirirlər. Bundan sonrakı iki gündə “erməni talanları” deyilən növbəti təxribat törədilir. Yanvarın 15-də SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayır.

1990-cı ilin 19 yanvarı. Bakıda həyəcanlı xəbərlər dolaşır: bu gecə şəhərə qoşun yeridiləcək. Mərkəzi Komitənin binası qarşısında keçirilən mitinqdə simvolik “dar ağacları” peyda olur. Axşama yaxın küçələr boşalır, mağazalar vaxtından qabaq bağlanır. Küçələrdə şütüyən nömrəsiz avtomobillərdə quraşdırılan səsgücləndiricilər insanları paytaxtın şimal qapısına – indiki “20 Yanvar” dairəsində qurulmuş “barrikadalara” səsləyir.

Adamlar televizorun qarşısında əyləşib həyəcanla təzə xəbər gözləyir və qəfildən ekranda görüntü itir, radio dalğası susur. Nə baş verdiyindən xəbərsiz insanlar küçələrə axışır. Qoşunun qabağını kəsmək, onu Bakıya buraxmamaq üçün yük maşınları və avtobuslardan “barrikada” qurulur.

1990-cı ilin 20 yanvarı, saat 00:00. Keçmiş SSRİ-nin hərbi kontingenti bir neçə istiqamətdən Bakıya soxulur. Atəş səsləri eşidilməyə, səmada işıqsaçan güllələr görünməyə başlayır. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar dinc əhaliyə atəş açır, heç kəsə aman vermir. Ordu hissələri şəhərin içərilərinə doğru irəliləməyə başlayır. Cəza əməliyyatının ilk saatlarında yüzlərlə dinc sakin öldürülür və yaralanır...

 

İnformasiya blokadası

 

Yanvar hadisələrinin ssenarisinə keçmiş sovet rəhbərliyinin Bakıda həyata keçirməyə hazırlaşdığı cəza əməliyyatı barədə xəbərlərin yayılmasının qarşısını almaq üçün Azərbaycan ətrafında informasiya blokadası yaratmaq planı da daxil idi. Blokada, eyni zamanda, ona hesablanırdı ki, əhali Bakıda fövqəladə vəziyyət elan olunmasından və şəhərə qoşun yeridilməsindən xəbər tuta bilməsin. Bu, həm cəza əməliyyatını asanlaşdırmaq və daha çox qan axıtmaq, həm də əhalini xof və vahimə içərisində saxlamaq məqsədi güdürdü.

Yanvarın 19-da saat 19.27-də SSRİ DTK-nın “Alfa” qrupunun və Azərbaycan DTK-nın təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılır. Gecə isə məlum hadisələr baş verir. Ertəsi gün hava işıqlaşar-işıqlaşmaz Bakı sakinləri küçələrə axışır. Gördükləri dəhşətli mənzərələr insanları sarsıdır. Tankların əzib keçdiyi avtobuslar, yük və minik avtomobilləri, qan izləri ağır faciədən xəbər verirdi. Şəhərin mərkəzi küçə və meydanları tanklarla, avtomatlı hərbçilərlə dövrəyə alınmışdı.

Yanvarın 21-də səhər saat 7-də respublika radiosunda yad, heç kəsə tanış olmayan bir səs eşidildi. Naməlum diktor belə bir məlumat oxumağa başladı: SSRİ Ali Soveti rəyasət heyətinin sədri Mixail Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb...

Bu məlumatın səsləndiyi vaxt artıq yüzlərlə insan qətlə yetirilmiş və yaralanmışdı. Morqlar və xəstəxanalar cəsədlərlə, yaralılarla dolmuşdu. Azərbaycan isə hələ bundan xəbərsiz idi.

İnformasiya qıtlığı öz işini görür, şəhərdə müxtəlif şayiələr dolaşırdı: minlərlə adam öldürülüb, cəsədlər gecə ikən dənizə tökülüb. Adamlar heç olmasa, bir kəlmə söz eşitmək ümidi ilə radio dalğalarını ələk-vələk edirdilər. Azərbaycan və rus dilində yayım aparan bütün xarici radiostansiyaların dalğaları vurulduğundan bu da bir nəticə vermirdi.

O vaxt xarici jurnalistlərin imperiyanın ucqarlarına gəlib çıxması müşkül məsələ idi. Dünya Azərbaycanda hansı proseslər getdiyini, dinc əhaliyə xüsusi amansızlıqla divan tutulduğunu bilmirdi.

Bu informasiya blokadasını Azərbaycan xalqının böyük oğlu, hadisələr baş verən vaxt Moskvada təcrid olunmuş vəziyyətdə yaşayan Heydər Əliyev yardı. Yanvarın 21-də Ulu Öndər həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda törədilmiş qanlı hadisələrlə bağlı bəyanat verdi. O, Azərbaycan xalqının başına gətirilən müsibətdən danışdı, bu cinayəti ittiham etdi, təqsirkarları adbaad göstərdi. Heydər Əliyevin 20 Yanvarla bağlı həqiqətləri əks etdirən bəyanatı ildırım sürəti ilə dünyaya yayıldı və informasiya blokadasının yarılması istiqamətində ilk mühüm addım oldu.

 

Qanlı statistika

 

20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keçmiş SSRİ rəhbərliyinin İkinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi misli görünməmiş bir cinayət idi. 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Hadisə ərəfəsində Bakıya və onun ətrafına Sovet ordusunun, daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş on minlərlə hərbi kontingenti yerləşdirilmişdi. Bəzi məlumatlara görə, onların sayı 65 minə çatırdı. Şəhərdən rus hərbçilərinin ailələri köçürülmüş, xəstəxanalar boşaldılmışdı. Bunlar Bakıya irimiqyaslı hərbi müdaxilə hazırlığından xəbər verirdi.

Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatdan: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

 

Qanlı Yanvarın statistikası:

Öldürülənlər – 147 nəfər;

Yaralananlar – 744 nəfər;

Qanunsuz həbs olunanlar – 841 nəfər.

Yaralananlar arasında 25 qadın və 20 uşaq vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

Bu qanlı cəza əməliyyatının ağır nəticələrini, müəyyən epizodlarını əks etdirən fotoşəkillər həmin dəhşətli günlərin şahidlərinin acı xatirələrini təzələyir, qaysaq bağlamış yaralar köz-köz olur. İmperiya ambisiyaları, xalqın azadlıq ruhunu qan gölündə boğmaq niyyəti, Azərbaycanın düşmənlərinin məkrli planı neçə-neçə gəncin arzusunu gözündə qoydu. Ata-anaların sinəsinə bala dağı çəkildi. Qadınlar dul, övladlar yetim qaldı.

Əslində 20 Yanvar ayrı-ayrı fərdlərin deyil, bütün xalqın faciəsidir. O müdhiş gecədə həlak olan hər kəsi xalq öz övladı sayır, onlara yas tutur, onlarla qürur duyur. Vaxtilə şəhid ailələrinin üzvləri ilə görüşən Heydər Əliyev onlara təskinlik verərək deyirdi: “Bu itkilərə görə, tələfata görə məyus oluruq, kədərlənirik və daim kədərlənəcəyik. Biz sizinlə birlikdəyik. Bu, tək sizin kədəriniz, sizin qəminiz, qüssəniz deyil, bütün Azərbaycan xalqının qəmi-qüssəsidir. Onlar xalqımızın müstəqillik, milli azadlıq arzularını və bu yolda şəhid olmağa hazır olduğunu bütün dünyaya nümayiş etdirmiş və bununla da qəhrəmanlıq nümunələri göstərmişlər”.

Azərbaycan xalqı 20 Yanvarı təkcə hüzn günü kimi deyil, milli qürur və iftixar günü kimi anır.

 

Faciə və qəhrəmanlığın

üst-üstə düşdüyü gün

 

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır sınağa çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Bakı şəhidlərini son mənzilə çiyinlər üstündə apardı, görünməmiş izdihamla yola saldı. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici məqamdır.

Bakı, 1990-cı ilin 22 yanvarı. Paytaxtın ən yüksək nöqtələrindən birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılır. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Böyük meydanda iynə atsan yerə düşməz. Həmin anları əks etdirən fotolardan da göründüyü kimi, şəhidləri son mənzilə milyonlarla insan yola salır.

Bu, Azərbaycan tarixində o vaxtadək yaşanmamış bir dəfn mərasimi idi.

Şəhidlər üçün uyğun məzarlıq seçilməsi də əhəmiyyətli məsələ kimi hamını düşündürürdü. Üç yer təklif olunurdu: İndiki Sahil bağı, o vaxtkı İliç bağı və Dağüstü park. Hər üç təklif və təşəbbüs xalqdan gəlmişdi. Bu məsələ tanınmış ziyalıların və ictimai xadimlərin iştirakı ilə keçmiş Mərkəzi Komitənin qarşısındakı mitinqdə müzakirə olundu. Ümumi rəy belə idi ki, şəhidlər şəhərin ən görkəmli yerində dəfn edilməlidir. Bu parametrlərə ən çox Dağüstü park uyğun gəlirdi. Həmin ərazi Bakının hündür nöqtəsində yerləşirdi və rəmzi baxımdan ucalıq anlamına gəlirdi. Digər tərəfdən, vaxtilə bu yerdə ermənilər tərəfindən 1918-ci ildə törədilmiş soyqırımı qurbanları dəfn olunmuşdu. Çəmbərəkənd qəbiristanlığı adlanan həmin məzarlıq sonradan sovet rejimi tərəfindən yerlə-yeksan edilmişdi. 20 Yanvar şəhidlərinin belə bir yerdə dəfn edilməsi tarixi yaddaşın təzələnməsi baxımından da məqsədəuyğun sayıldı.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

 

Şəhidlər xiyabanı – Müqəddəs məkan

 

1990-cı ilin yanvarında Bakının xəritəsinə yeni bir ünvan yazıldı: Şəhidlər xiyabanı.

Bu ünvan Azərbaycan xalqının 27 il əvvəl yaşadığı böyük faciədən xəbər verir. Özündə ümummilli kədər və iztirabın nişanələrini yaşadır.

Bu ünvan xalqın qəhrəman oğul və qızlarına böyük hörmət və ehtiramının ifadəsi, müqəddəs ziyarət yeridir.

Bu məkanda günün istənilən vaxtı müxtəlif yaşda insanlar görmək olar. Xüsusən məktəblilər şəhid məzarlarını daha tez-tez ziyarət edirlər. Bu xiyaban Vətən tarixinin qanla yazılmış parlaq səhifəsi, əyani dərs vəsaitidir.

İnsanlar şəhid məzarları önündə ayaq saxlayır, qranit lövhəyə həkk edilmiş adları oxuyur, şəkillərə baxırlar. Bu məzarlarda uyuyan şəhidlər müxtəlif vaxtlarda, Azərbaycanın müxtəlif guşələrində doğulublar. Ölüm tarixi, əbədiyyətə qovuşduqları məkan isə birdir: 20 yanvar 1990-cı il, Şəhidlər xiyabanı.

Hər 20 Yanvar günü Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Xiyabana insan axınının ardı-arası kəsilmir. Şəhid məzarları önündən yüz minlərlə insan ötüb-keçir: qoca-cavan, uşaq-böyük. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını nəinki azaltmır, əksinə, baş verənlərin mənası zaman keçdikcə daha aydın dərk olunur, layiq olduğu qiyməti alır.

Digər bir xoş, nəcib ənənə yaranıb. Bakılılar başqa ölkələrdən gəlmiş qonaqlarını, dost-tanışlarını hökmən Şəhidlər xiyabanına aparır, onları 27 il əvvəl yaşanmış faciədən xəbərdar edirlər. Onlara “İlham və Fərizə” dastanını danışırlar.

Paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların səfər proqramlarında Şəhidlər xiyabanını ziyarət də hökmən yer alır.

Şəhidlər xiyabanı bugünkü müasir görkəmini birdən-birə almayıb. Hadisələrin xronikasına nəzər salaq: Ulu öndər Heydər Əliyev 1998-ci il avqustun 5-də Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılmasına dair Sərəncam imzalayır. Kompleks qısa müddətdə tikilir və həmin il oktyabrın 9-da xiyabanda əbədi məşəl alovlanmağa başlayır. Daha sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanının vahid kompleks kimi yenidən qurulmasına başlanılır və bu iş 2007-ci il noyabrın 2-də tamamlanır. Şəhid məzarlarının hamısının üstü mərmərlə yenidən götürülür. Ərazidə çoxlu gül-çiçək, ağac əkilir. Girişdəki lövhə, “Əbədi məşəl” abidəsindəki səkkizguşəli ulduz və güzgünün məsamələri qızılla işlənir. Beləliklə, Şəhidlər xiyabanı qəhrəman Vətən övladlarının xatirəsinə layiq əzəmətli görkəm alır.

Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin ildönümündəki çıxışında şəhidlərin uyuduğu bu məkana belə qiymət verirdi: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir”.

 

Qaranlıq gecənin aydın sabahı

 

Şəhidlərin uğrunda can verdikləri Azərbaycan, qanlı hadisələrin cərəyan etdiyi Bakı bu illər ərzində tanınmaz dərəcədə dəyişib. Xalqımız azadlıq arzusuna qovuşub, indi imzalar içində onun da imzası var. Azərbaycanın üçrəngli bayrağı bu gün dünya ölkələrinin bayraqları sırasında dalğalanır. Baxıb qürur duyur, müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik.

Onda - 1990-cı ilin yanvarında bu bayraq da, müstəqillik də bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu, qaranlıqdan aydınlığa çıxdıq. 20 Yanvar gecəsi doğan azadlıq günəşi daim başımızın üstündə olacaq, yollarımıza işıq saçmaqda davam edəcək.

 

İki sahil.- 2017.- 20 yanvar.- S.3-4.