Tarixçi-alim: Dövlətimizə qarşı

təxribatlar, təhdidlər davam edir

 

Müsahibimiz tarixçi-alim Firdovsiyyə Əhmədovadır

 

- Azərbaycan xalqı 20 Yanvar faciəsinin 27-ci ilini qeyd etməyə hazırlaşır. İstərdik ki, 27 il əvvəl baş verənləri tarixçinin gözü ilə vərəqləyək...

 

- Elə günlər var ki, həqiqətən də əsrə bərabərdir. 20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində dönüş nöqtəsi, həmçinin Azərbaycan dövlətçiliyinin müqəddaratında həlledici  dönəm oldu. Ona görə 27 illik proseslərə nəzər salanda görürük ki, həqiqətən Azərbaycan xalqı öz azadlığı, milli mənlik şüurunun inkişafı uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. 1990-cı ilin 20 yanvarında faktiki olaraq fövqəldövlətin taleyi həll olunurdu. Bu, heç də mübaliğəli bir söz deyil. Sizə bəllidir ki, SSRİ-yə qarşı münasibətdə Qərb politoloqları, xüsusi institutlar münaqişə ocağı planlaşdırmışdılar ki, həmin dövləti süquta uğratsınlar. Ona görə də 1990-cı ilin 20 Yanvarına gələn yol faktiki olaraq Azərbaycan üçün 80-ci illərin ikinci yarısından başlamışdı. Artıq xüsusi planlaşdırılmış bir ssenari var idi: Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qopartmaq. Bunun üçün  intensiv olaraq işlər aparılırdı. Azərbaycan xalqı öncə SSRİ daxilində öz hüquqlarının bərpa edilməsini istəyir, ayrı-seçkilik olmamasını tələb edirdi. Ona görə də həmin gün yaşından, sosial təbəqəsindən asılı olmayaraq Azərbaycan xalqı mütəşəkkil şəkildə özünün müdafiəsinə qalxırdı. Artıq mərkəzi hakimiyyət heç bir çərçivəyə sığmayan siyasət yeridir, əliyalın, silahsız əhaliyə qarşı zor tətbiq edirdi. Bu hadisələrə etirazını bildirmək üçün xalq mütəşəkkil bir şəkildə küçələrə axın etdi. Amma əvəzində nə baş verdi? Özünün də üzvü olduğu bir dövlətin ordusu tərəfindən qətliama məruz qaldı.

- Gəlin, bu proseslərə bir beynəlxalq kontekstdə baxaq. Həmin faciə kimlərin planı idi?

- Həmin vaxt sosialist düşərgəsinin əsas dayağı olan təşkilatlardan biri Qarşılıqlı İqtisadi Yardım Şurası idi. O, buraxıldı. Artıq dünyanı idarə edən mərkəzlərdən biri çökmək ərəfəsində, parçalanmaqda idi. Belə bir situasiyada Qarbaçov  özünün siyasətini həyata keçirdi. Bu siyasətin məqsədi isə guya hakimiyyəti bərpa etmək, Azərbaycanda qayda-qanun  yaratmaq idi. İki il Dağlıq Qarabağ vilayətində qanunsuzluq hökm sürdü. Amma orada heç bir fövqəladə vəziyyət elan olunmurdu. Bu, Qorboçovun Azərbaycana qarşı təxribat planı, Azərbaycan xalqını 20 yanvar 1990-cı ildən sonra da faciələrə sürükləmək üçün hazırlanmış bir ssenari idi.

- Bu hadisələrdən az müddət sonra Azərbaycan dövlət müstəqilliyini qazandı. Deyə bilərikmi 20 Yanvar hadisələri həm də müstəqilliyə aparan yol oldu?

- Mən bu suala müqayisəli cavab vermək istəyirəm. Bilirsiniz, 1990-cı ilin 20 Yanvar faciəsini çox vaxt 1968-ci il Çexslovakiya hadisələri ilə müqayisə edirlər. Bu tarix həm də 1956-cı ildə SSRİ-nin Macarıstana qoşun yeritməsi, eyni zamanda Tbilisiyə olan müdaxilə ilə eyni səviyyədə baş verib. Amma bir məsələni ayırmalıyıq. Çünki həmin müdaxilələrin heç birində yerli əhaliyə qarşı təcavüz edilməmişdi. Amma bizdə nə baş verirdi? Biz artıq 1990-cı ilin yanvarına qədər 1987-ci ilin sonundan başlayaraq faktiki olaraq təcavüzə məruz qalmışdıq. Azərbaycan torpaqlarından azərbaycanlılar sıxışdırılıb çıxarlırdı. Ona görə bu aqibəti, təcavüzü yaşayan Azərbaycan xalqı digər ölkələrdən fərqli olaraq həm də öz dövlətinin ordusu tərəfindən qətliama məruz qaldı. Bir tərəfdən təcavüz, digər tərəfdən qətliam. Amma bütün bu qətliamlar Azərbaycanın özünə əminliyini sındıra bilmədi. Bunun ən yaxşı nümunəsini biz 22 yanvar günü- şəhidlərin dəfn mərasimində gördük. Şəhərdə lal bir sükut var idi. Şəhidlər mütəşəkkil, Azərbaycan adət- ənənələrinə uyğun şəkildə Şəhidlər xiyabanında dəfn olundular.

Bütün bunlar düşünülmüş ssenari idi. Amma Azərbaycan xalqı nə etdi? İmkan vermədi ki, kütləvi şəkildə erməni planı həyata keçirilsin. Həqiqətən də 20 Yanvar hadisələri bundan sonra müstəqilliyə aparılan yol oldu. Çox keçmədi ki, Azərbaycan öz müstəqilliyini bərpa etdi.

- Şəhidlərimizin ruhu o vaxt rahatlıq tapacaq ki,  torpaqlarımız tamamilə işğaldan azad olunsun Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilsin...                 

- Əlbəttə. Şəhidlərimiz Azərbaycanın istiqlaliyyətinin, müstəqilliyinin qazanılması, ərazi bütövlüyünün qorunması üçün canlarından keçdilər. Biz hər il onları ziyarət edirik, faciənin ildönümünü dövlət səviyyəsində qeyd edirik. Bu o deməkdir ki, dövlət və xalq daim o insanların uğrunda mübarizə apardığı hədəfə çatmaq üçün geri dönməyəcək. Torpaq, uğrunda ölən varsa Vətəndir. Bəli, bu, artıq 27 ildə dəfələrlə sübut olunub. Biz arzu etməzdik ki, torpaq yalnız uğrunda şəhid olmaq üçün mövcud olsun. Sadəcə o hədəfə çatmaq üçün biz bu prosesi, bu addımı atacağıq. Eyni zamanda mən çox istərdim ki, bu müsahibələr yalnız ildönümləri ərəfəsində deyil, hər zaman gündəmdə olsun. Digər baxımdan, 20 Yanvar 1990-cı il həqiqətləri demək olar ki, Azərbaycan xalqının haqsızlığa uğramasının sübut olunduğu bir tarixdir. Düşmənlərimiz hələ də ayıqdır. Dövlətimizə qarşı təxribatlar, təhdidlər  davam edir. Ona görə həqiqətlər “özümüzə bəllidir” deyib, bununla kifayətlənib susmaq olmaz. Bu həqiqətləri beynəlxalq ictimaiyyətə, siyasi dairələrə, beynəlxalq aləmə çatdırmağı bacarmalıyıq. İndi sosial şəbəkəkərdə, kütləvi informasiya vasitələrində  20 Yanvar hadisələrinin mahiyyətini çatdırmaqla, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini də çatdıra bilərik.

 

Şəmsiyyə Əliqızı,

Şəfiqə Dadaşova

 

İki sahil.- 2017.- 20 yanvar.- S.10.