20 Yanvar xalqımızın

azadlıq mübarizəsinin zirvəsidir

 

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevadır

 

- Jalə xanım, tariximizin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 27 il ötür. Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi şəraitini necə xarakterizə edərdiniz?

- Hər bir xalq tarixdə öz qəhrəmanları və qəhrəmanlığı ilə yaşayır. 27 illik tarixin ayırdığı o günlərdə bizə böyük bir faciə kimi görünən 20 Yanvar gecəsi əlbəttə ki, Azərbaycanımıza, tariximizə, xalqımıza yeni bir qəhrəmanlıq səhifəsi qazandırdı. Azərbaycan xalqı totalitar rejimin tərkibində ikən, hər tərəfdən basqılarla əhatələnsə də öz kimliyini sübut etmək, tarixi hüququnu əldə etmək üçün mübarizəyə qalxaraq qəhrəmanlıq dastanını yazdı, XX əsrə bir daha öz qəhrəmanlıq möhürünü vurdu. Bu gün biz o zaman baş verən hadisələri ancaq bu şəkildə qiymətləndirməliyik. Əlbəttə ki, 1990-cı ilin o qanlı yanvar gecəsində Azərbaycanda yaşananları, o dəhşətli səhnələri gözü ilə görənlər Azərbaycanın ən yeni tarixinin canlı şahidləridir. Həmin tarixdən sonra dünyaya gələn övladlarımız o günün həqiqətlərini tarix kitablarından oxuyurlar. Amma bizlər və bizdən böyük nəsil həmin gün və həmin günə aparan həqiqətləri çox yaxşı dərk edirik. Bir daha o günlərə nəzər salanda anlayırıq ki, əslində bu hadisələr qaçılmaz idi. Çünki xalq öz sözünü deməli idi. Xalq öz müstəqilliyi uğrunda mütləq ayağa qalxmalı idi. O tarixi şərait yetimişdi və xalqımız bu tarixi şəraitdən bacarıqla istifadə etdi.

- Sovet imperiyasının dağılmasında bir sıra ciddi amillər rol oynayıb. Bu baxımdan, 20 Yanvar hadisəsinin tarixi-siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda başlayan milli azadlıq hərəkatı həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. 20 Yanvar hadisəsi sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Baltikyanı ölkələrdə, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı həyata keçirdiyi amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Bu addım imperiyanın süqutunda bir təkan rolunu oynadı. Amma sovet dövlətinin dağılması daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə SSRİ-dən imtina etməyə hazırlaşır. Bu, yalnız Moskvanın daxili siyasətində yox, xaricə yönəlik siyasətində də özünü göstərirdi. Çünki dünyada elə proseslər gedirdi ki, Moskva sovet dövlətinin dağılacağını başa düşürdü. Buna görə də prosesi mümkün qədər uzatmaq istəyirdilər.  20 Yanvar Azərbaycanın müstəqillik  yolunda addımlarının və imkanlarının daha aydın təzahürü oldu.

- Şübhəsiz, bu faciədə xalq həm də özünün əsl liderinin kim olduğunu dərk etdi

-   20 Yanvar faciəsi xalqımızın milli-azadlıq duğularının güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Dağlıq Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. Qanlı Yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Dağlıq Qarabağın əlimizdən getməməsi idi. Onu da qeyd edim ki, car Rusiyasının siyasətini bu dəfə sovet imperiyası davam etdirirdi. Yenə də ayrıseçkilik aparılır və ermənilər müdafiə olunurdu. Dağlıq Qarabağ uğrunda hərəkat milli - azadlıq mübarizəsinə çevrildi. Xalq başa düşdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır.

Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə qüdrətli liderin - Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...

- Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra  Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət  verildi.

- Mənə elə gəlir ki, Qara Yanvarın şahidi olan hər bir kəs bu qanlı faciənin  baş verdiyi ilk dəqiqələrdən hadisə barədə həqiqətləri bütün çılpaqlığı ilə dünyaya cəsarətlə çatdırmağı bacaran Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırlamaya bilməz. Bunu unutmaq mümkün deyil. 20 Yanvar hadisələrinə istər hüquqi, istər siyasi, istərsə də ictimai, mənəvi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O zamanın Azərbaycan rəhbərliyi “şirin yuxu”da ikən”, Ulu Öndər səhər tezdən canı, qanı bahasına imperiyanın həyata keçirdiyi əməliyyata, qeyri - insani fəaliyyətə öz etirazını bildirdi. Yaxşı bilirik ki, o dövrdə bu necə çətin bir addım idi.

1990-1993-cü illərdə sanki bu hadisələr olmamış kimi bir boşluq yaşadıq. Müxtəlif günahkarlar axtarmağa çalışdıq. Amma 1993-cü ildə Ulu Öndər xalqın təkdili tələbi ilə ikinci dəfə siyasi hakimiyyəti qayıtdıqdan sonra Azərbaycanımız üçün gördüyü ilk işlərdən biri həmin hadisələrə bir daha hüquqi-siyasi qiymət verilməsi oldu. O zaman SSRİ rəhbərliyini qan içənlikdə, XI Qızıl Ordunu öz xalqına silah tuşlamaqda günahlandıran ilk qərarı da əlbəətə ki, ulu öndər Heydər Əliyev verdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Bu gün də Azərbaycan xalqı öz həqiqətlərini mütəşəkkil şəkildə dünyaya çatdırmağa çalışır. Bu istiqamətdə dövlət tərəfindən aparılan  uğurlu fəaliyyət qeyd olunmaya bilməz. Həqiqətlərimizin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun apardığı çoxşaxəli siyasəti də xüsusi olaraq qeyd edərdim. Eləcə də Azərbaycan Milli Məclisinin bir-birinin ardınca verdiyi qərarları, siyasi, mədəniyyət və incəsənət xadimlərimizin gördüyü işləri də vurğulamaq yerinə düşər. Bu yöndə ölkə rəhbərliyi tərəfindən böyük işlər görülür. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Bu gün də Prezident İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə qayğı hər zaman olduğu kimi, diqqət mərkəzindədir. Onlara verilən təqaüd və müavinətlərin mütamadi olaraq artırılması bunun bariz nümunəsidir.

- Necə hesab edirsiniz ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun qazandığı tarixi qələbəsini, 20 Yanvar faciəsini, Xocalı soyqırımını törədənlərə bir mesaj kimi qiymətləndirmək olarmi?

- Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında birmənalı şəkildə belə bir ifadəni təkrarlayır ki, dövlətimiz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Aprel döyüşləri bird aha sübut etdi ki, ermənilər və onların havadarları heç vaxt öz gizlin niyyətlərinə çatmayacaqlar. Azərbaycan iki-üç gün ərzində bütün dünyaya nəyə qadir olduğunu isbat etdi. Göstərdi ki, çox qısa bir müddət ərzində işğal altında olan torpaqlarımızı geri almağa, Ermənistana yerini göstərməyə qadirdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, əgər Ermənsitan danışıq masası axasında oturmağa razılaşmasa əlbəttə ki, Azərbaycanın son yolu müharibə olacaq. İnanırıq ki, Azərbaycanın haqlı mübarizəsi nəhayət ki, zəfər çalacaq. Biz ancaq zəfər marşlarımız ilə  şəhidlərimizin ruhunu rahat edə bilərik.

 

Şəmsiyyə Əliqızı,

Şəfiqə Dadaşova

 

İki sahil.- 2017.- 20 yanvar.- S.12.