Ötən il 209
yaşayış məntəqəsi
qazlaşdırılıb
Genişmiqyaslı
yenidənqurma işləri nəticəsində təbii
qazın itkisi xeyli
azalıb
SOCAR-ın “Azəriqaz”
İstehsalat Birliyi əhalinin
təbii qazla fasiləsiz və təhlükəsiz
təmin edilməsini prioritet məsələ
kimi qiymətləndirərək bu istiqamətdə önəmli işlər həyata
keçirib. Belə ki, ölkə əhalisinin məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
genişmiqyaslı qazlaşma işləri
ilə yanaşı, tələbatçıların təhlükəsiz
və fasiləsiz olaraq təbii qazla təchiz edilməsi üçün
də mövcud qaz kəmərlərinin
və onlar üzərindəki avadanlıqların
əsaslı təmir olunması və ya
yenidən qurulması istiqamətində mühüm
işlər görülmüşdür.
Müsahibimiz “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev “İki sahil” qəzetinə bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər qazlaşdırma sahəsində işlər geniş vüsət alıb. Xüsusən dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Birliyin yüksək səviyyəli mütəxəssislərinin iştirakı ilə 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırılması və yeni qazlaşdırma planı hazırlanmışdır. “Azəriqaz” İB-nin bütün struktur təşkilatları bu sənədlərdə nəzərdə tutulan tədbirlərə uyğun genişmiqyaslı işlər görüblər:
- Ötən illərdə olduğu kimi, 2016-cı il ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri ölkənin bütün bölgələrini əhatə etmişdir. Yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, ötən il ərzində Ağcabədi rayonunda 214,1 km, Ağsu rayonunda 86,9 km, Bərdə rayonunda 429,9 km, Beyləqan rayonunda 368,4 km, Cəlilabad rayonunda 425,1 km, Goranboy rayonunda 114,3 km, Göyçay rayonunda 408,3 km, Ağstafa rayonunda 168 km, İmişli rayonunda 434,8 km, Kürdəmir rayonunda 324,3 km, Lənkəran rayonunda 101,5 km, Masallı rayonunda 141,3 km, Neftçala rayonunda 303,5 km, Qəbələ rayonunda 398,6 km, Oğuz rayonunda 187,1 km, Qusar rayonunda 155,4 km, Saatlı rayonunda 388,2 km, Sabirabad rayonunda 516,3 km, Salyan rayonunda 262,2 km, Şəki rayonunda 610,8 km, Tərtər rayonunda 321,9 km, Ucar rayonunda 370,1 km, Xaçmaz rayonunda 108,9 km, Yevlax rayonunda 97,1 km, Zərdab rayonunda 282,7 km və s. uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və kənddaxili qaz xətləri çəkilmişdir. Ümumilikdə 2016-cı il ərzində 7805 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 279 km qaz kəməri əsaslı təmir olunmuşdur. Həmçinin 2016-2017-ci illərin payız-qış mövsümündə istehsalatın ahəngdar işləməsi, istehlakçıların fasiləsiz təbii qaz təchizatını təmin etmək məqsədi ilə tədbirlər proqramına uyğun olaraq təkcə may-oktyabr ayları ərzində 27270 p/m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri təmir edilmiş, eləcə də yeni qaz xətləri çəkilmiş və dayaqlar üzərinə qaldırılmış, 82 ədəd siyirtmə yenisi ilə əvəz edilmiş, 239 ədəd qaz tənzimləyici quraşdırılmışdır. Bundan əlavə, Bakı RQİİ, RQİİ-lər və Sumqayıt QİS tərəfindən daxili imkanlar hesabına ötən il 205,64 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilərək yenisi ilə əvəz edilmiş, 709 ədəd qaz tənzimləyici və 227 ədəd siyirtmə quraşdırılmışdır.
- Əkbər müəllim, bu işlərin nəticəsi olaraq ötən il neçə yaşayış sahəsi qazlaşdırılıb və abonentlərin sayında artım nə qədər olub?
-Ötən il 209 yaşayış məntəqəsi qazlaşdırılmaqla təbii qazın verilməsi həyata keçirilib. Ümumilikdə, 2009-cu ildən bu günə kimi aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1360 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmişdir. İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin yanvar ayının 1-i tarixinə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatmışdır. Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.
- Ötən il qaz təsərrüfatında
abonentlərin təhlükəsiz və fasiləsiz qaz təhcizatı ilə bağlı hansı
modernləşmə işləri aparılıb?
-Əhali abonentlər tərəfindən istifadə edilən təbii qazın dəyərinin əvvəlcədən ödənişini təmin etmək məqsədi ilə ötən il ərzində 119541 ədəd “smart-kart” tipli qaz sayğacları quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Xidmət ərazilərində əhali abonentlərinin, sənaye müəssisələrinin və təşkilatlarının qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə normativ-texniki sənədlərə uyğun yeni qaz ölçü qovşaqlarının tikintisi işləri aparılıb. Magistral qaz kəmərləri arasında axın qaz xromotoqrafları quraşdırılaraq istismara verilib. Təhvil-qəbul nöqtələrində quraşdırılmış ölçü hesablayıcı avadanlıqlar üzərində quraşdırılmış daxili MVS 205P tipli çoxparametrli sensorlar istismar müddətləri başa çatdığına görə yeniləri ilə əvəz olunublar. Bunların nəticəsi olaraq təhvil və qəbul olunan təbii qazın kimyəvi parametrlərinin “on-line” rejimində sərfölçən cihazların yaddaşına daxil edilməsi imkanı yaranıb.
- Təbii
qazın abunə haqlarının yığımında və
itki faizinin
aşağı salınmasında hansı uğurlar
var?
- Həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci illə müqayisədə 2016-cı ildə təbii qazın itkisi azalıb. Eyni zamanda, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilib. Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuşdur. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.
- Əməyin
mühafizəsi və ekologiya sahəsində
nə kimi işlər həyata keçirilib?
-Ötən il İB-də əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizə olunması, sağlamlığın qorunması, təhlükəsizlik və yanğın texnikası qaydalarının təmin edilməsi məqsədilə “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin, Azərbaycan Respublikasının ekologiya qanunvericiliyinin, Beynəlxalq Standartların tələblərinə uyğun olaraq bir sıra işlər görülmüşdür. Belə ki, Birliyin struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə yaradılmış əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiya tərəfindən Birliyin 15 tabeli təşkilatlatında yoxlama keçirilmişdir. Yoxlama zamanı 1-ci yarımildə 193, 2-ci yarımildə isə 160 aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülmüşdür. Həmçinin Birliyin strukturuna daxil olan 15 tabeli təşkilatda əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ekologiya və keyfiyyət sahəsində aparılan işlərin icra vəziyyəti araşdırılaraq 202 nöqsan aşkar edilib. Eyni zamanda, onların aradan qaldırılması üçün həmin təşkilat rəhbərlərinə rəsmi qaydada tapşırıqlar verilib. Qəza-bərpa və təmir-tikinti işlərinin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi və yanğın təhlükəsizliyinə riayət olunmasına nəzarət edilməsi, habelə aidiyyəti struktur bölmələrdə mənzillərə texniki baxış və profilaktiki xidmət işlərinin icra vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə reydlər keçirilib. Keçirilən reydlərin nəticəsi olaraq nöqsanlara yol vermiş 264 işçi barəsində xəbərdarlıq kartı tərtib olunmuşdur. Onlardan əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını pozduqlarına görə 104 işçi barəsində müxtəlif intizam tədbirləri görülmüşdür. Eyni zamanda əmək intizamı və fərdi xüsusiyyətləri ilə fərqlənmiş, habelə işlərin icrasını təhlükəsizlik baxımından yüksək peşəkarlıqla yerinə yetirmiş 6 işçi fərqlənmə kartlarına layiq görülmüşdür. Tabeli təşkilatlarda işçilərin öyrədilməsi və biliklərinin yoxlanılması işinin təşkili ilə əlaqədar yerlərdə lazımi metodiki köməklik göstərilmiş və keçirilən imtahanlarda iştirak edilmişdir. Test və açıq sual əsasında keçirilən imtahanlarda 2016-cı ildə 1276 nəfər işçinin (732 nəfəri mühəndis-texniki işçi, 544 nəfər fəhlə) biliyi yoxlanılaraq sərbəst işə buraxılmışdır.
Ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə işləməsi və yaşaması istiqamətində aparılan işlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilmiş, Birliyin tabeli təşkilatlarında 5000 ədəd müxtəlif növ ağac tingləri, dekorativ kollar və güllər əkilmişdir. Həmçinin Birliyin balansında olan və uzun müddət istismar edilən qaz kəmərlərinin əsaslı təmir edilməsi və onlar üzərindəki avadanlıqların yenisi ilə əvəz edilməsi nəticəsində külli miqdarda istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısı alınmışdır. Birliyin istehsalat sahələrində formalaşan müxtəlif növ 13,7 ton tullantı çeşidlənərək Tullantı Mərkəzinə, 1749,8 ton qara metal qırıntısı isə aidiyyəti üzrə təhvil verilmişdir.
- ”Azəriqaz” hər il beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülür. Ötən il bu istiqamətdə yeniliklər oldumu?
- 2016-cı il ərzində “Azəriqaz” İB-də tətbiq olunan lSO 9001, lSO 14001, OHSAS 18001, lSO 50001 və lSO 10002 Beynəlxalq standartlarının tələbləri əsasında Birliyin aidiyyəti şöbələrində və Zaqatala RQİİ-də audit qrupu tərəfindən 1-ci tərəf daxili audit keçirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. Eyni zamanda, Türk Standartları İnstitutunun nümayəndələrinin iştirakı ilə 2016-cı ildə lSO10002, lSO9001 və lSO50001 üzrə müşahidə, OHSAS 18001 və lSO 14001 üzrə isə sertifikatlaşdırılma auditi aparılmışdır. Aparılmış 2-ci tərəf xarici audit nəticəsində Birlik üzrə həyata keçirilmiş işlər müsbət qiymətləndirilmiş və standartların növbəti ildə də tətbiqi məqsədəuyğun hesab edilmişdir. “Azəriqaz” İB əməkdaşlarının Beynəlxalq standartlar üzrə bilik səviyyələrinin artırılması məqsədilə 2016-cı il ərzində Birliyin tabeli təşkilatlarında çalışan 488 nəfər işçi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşma İdarəsində təlimlərə cəlb edilmişdir.
- “ASAN xidmət”lə
“Azəriqaz” İB-nin əməkdaşlığı
hansı səviyyədədir?
-Birlik 2016-cı il ərzində istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, “ASAN xidmət” mərkəzlərində “smart” tipli sayğaclarla təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin etmişdir. Bu dövrdə Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 119 537 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur. Təbii ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətlərdə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
- Təbii qazdan təhlükəsiz istifadə ən aktual məsələdir. Ötən il bu yöndə nə kimi işlər görülüb?
- Hər il oduğu kimi, ötən ildə də yaşayış evlərində, digər sahələrdə qaz təsərrüfatı sisteminin təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə mənzillərə növbədənkənar texniki baxışlar keçirilib. Həmçinin uyğunluq sertifikatı olmayan qaz cihazlarının istismardan çıxarılması, rezin boru birləşmələrinin ləğv edilməsi və zirzəmilərdə, yarımzirzəmilərdə təbii qazdan istifadə hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb. Qeyd edim ki, “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə televiziya kanallarında videoçarxlar, dövri mətbuatda mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir. Eyni zamanda struktur bölmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, qaz tənzimləyici qurğularda tənzimləmə işlərinin aparılması, texnoloji rejimə uyğun olaraq şəbəkəyə qazın ötürülməsi daim nəzarətdə saxlanılır, abonentlərin növbədənkənar təlimatlandırılması və qaz şəbəkəsinə texniki baxışların keçirilməsi müvafiq qaydada təmin edilir.
Elçin Zaman
İki sahil.- 2017.- 24 yanvar.- S.9.