Azərbaycan dünyada gedən mənfi
proseslərdən kənarda qalmağı
bacarır -
Müsahibimiz Milli Məclisin
deputatı Musa Qasımlıdır
- Nazirlər Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı nitqində ölkəmizin
başçısı cənab İlham Əliyev bildirdi ki,
ötən il bütün dünyada qarışıqlıq
hökm sürsə də, Azərbaycanda sabitlik daha da möhkəmləndi,
inkişaf bərqərar oldu. Bunun səbəblərini
hansı amillərlə əsaslandırardınız?
-Bəli,
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr edilmiş
iclasında cənab Prezident İlham Əliyevin nitqini diqqətlə
dinlədik. Doğrudan da bu nitq siyasi, iqtisadi, sosial, xarici siyasət,
mədəni inkişaf və digər sahələrin siyasi
şərhi baxımından böyük əhəmiyyət
daşıyır. Həqiqətən, 2016-cı il
bütün dünya üçün ağır il oldu.
Dünya mürəkkəblik, ziddiyyət, terror hadisələri,
müharibələr və s. baxımından
ağrılı dönəmdən keçdi. Dövlətlərarası
münasibətlər kəskinləşdi, qarşıdurmalar
artdı. Əlbəttə, Azərbaycan dünyanın bir
parçasıdır. Müstəqil dövlətik və
dünyanın müxtəlif ölkələri ilə əlaqələrimiz,
qarşılıqlı münasibətlərimiz var.
Dünyada baş verən proseslər müəyyən mənada
bizə də təsir edir. Amma mühüm hadisə ondan ibarətdir
ki, bu gün Azərbaycan dünyada gedən mənfi proseslərdən
kənarda qalmağı bacarır. Bu siyasi xəttə görə,
Azərbaycan bir çox ölkələrə nümunə
oldu. Çünki ölkəmizdə sabitlik hökm
sürür. Sabitlik olmayan yerdə inkişaf və tərəqqidən
söhbət gedə bilməz. Bu gün Azərbaycan hər
bir insanın, vətəndaşın, xaricdən gələn
qonaqların rahat və təhlükəsiz yaşaması
üçün ən etibarlı ölkədir. Azərbaycan
vətəndaşı günün istənilən saatında
küçədə rahat hərəkət edə bilirsə,
bu özü demokratik göstəricidir. Hətta demokratiyadan
ağızdolusu danışan ölkələrdə belə
bu vəziyyətə rast gəlmək çətindir. Elə
ölkələr var ki, saat səkkizdən sonra küçədə
adam tapmaq olmur. Bu isə birmənalı şəkildə
Prezident İlham Əliyevin yeritdiyi siyasətin bariz nümunəsidir.
Dövlət siyasətinin əsas xəttini vətəndaşın
rahat, qayğısız yaşaması tutur. Ölkə vətəndaşının
bu günü dünənindən daha yaxşı
olmalıdır. Bu, yalnız sabitlik şəraitində ola bilər.
Azərbaycan xalqı hər zaman anarxiyanın,
qarışıqlığın əleyhinə olub. Bu da təhsil,
elm, savadla əlaqəlidir.
Adını çəkmək istəmədiyim ölkələrdə
baş verən qanlı hadisələrin arxasında
birbaşa savadsızlıq durur. Bu da cəhalətə gətirib
çıxarır. Bildiyiniz kimi, cənab Prezident ötən
ili “Multikulturalizm ili” elan etdi. Bununla da Azərbaycan
bütün dünyaya göstərdi ki, inkişaf elə
müxtəlif dilli insanların, müxtəlif etnik dini
qrupların bir millət halında mehriban
yaşamasındadır. Hesab edirəm ki, 2016-cı ildə Azərbaycan
dünyaya həqiqətən örnək oldu.
- Bu il isə ölkəmizdə
“İslam Həmrəyliyi ili” elan olundu. Bununla ölkəmiz
dünyaya hansı mühüm mesajı verəcək?
- Nə
üçün bu il ölkəmizdə “İslam Həmrəyliyi
ili” elan olundu? Çünki IV İslam Həmrəylik
Oyunları bu il ölkəmizdə keçiriləcək.
Dünyanın qabaqcıl, demokratiyadan ağızdolusu
danışan ölkələrində İslam dinini gözdən
salmağa çalışırlar. Harada bir müsəlman
görürlərsə, orada terrorçu axtarırlar.
Heç kəs dini mənsubiyyətinə görə
terrorçu adlandırıla bilməz. İrlandiya,
İspaniya kimi ölkələrdə fəaliyyət göstərən
məşhur terror təşkilatları var, amma heç kim
“xristian terrorçusu”, “xristian terrorizmi” demir. İslam ölkələrinin
daxilində təriqətlərarası, cərəyanlararası
mübahisələr gedir. Bütün bunlar da cəhalət,
savadsızlıqla bağlıdır. Azərbaycanın
müstəqilliyinin cəmi 25 yaşı var. Amma həmin
müsəlman ölkələri illərdir ki, müstəqildirlər.
Azərbaycan İslam ölkələrini birləşdirir və
göstərir ki, biz bir olmalıyıq. Azərbaycan dünyəvi
dövlətdir. Əhalimizin mütləq əksəriyyəti
müsəlmanlardır. Biz müstəqilik. Başa
düşürük ki, həmrəy olmalıyıq və
bizə qarşı qurulan “kirli” planları pozmalıyıq.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın
dövlət başçısı təkcə ölkəmizə,
İslam dünyasına qarşı qurulan oyunların deyil,
eyni zamanda, dünyada gedən mənfi proseslərin
qarşısını almağın yollarını göstərir.
İslam dünyasını birləşdirən, ortaq məxrəcə
gətirən bir mərkəz var. Bu mərkəz Azərbaycandır.
Hesab edirəm ki, bundan təkcə müsəlman ölkələri
deyil, eyni zamanda, digər ölkələrin də öyrənəcəyi
çox şey var.
- Musa müəllim, bəs iqtisadi
baxımdan ölkəmiz bu yarışlardan nə əldə
edəcək?
- Bilirik
ki, hazırda dünyada qlobal böhran hökm sürür. Təlatümlər,
enmə-qalxmalar var. Dərindən düşünəndə
görürük ki, bu Oyunların keçirilməsi məhz
Azərbaycana lazımdır. Düşünürlər ki, Azərbaycan
müəyyən qədər xərc çəkəcək,
bu xərci niyə çəkməlidir? Bu, bəsit
yanaşmadır. Tarixi bir təcrübə var. Bəzən
dövlətlər hətta fayda götürmədikləri
yerə belə strateji məqsədləri üçün xərc
qoyurlar. Tarixçi olduğum üçün dediyim fikrə
müxtəlif nümunələr gətirə bilərəm.
Azərbaycan bunu edəndə fayda yox, strategiya güdür. Bu
Oyunların ölkəmizdə keçirilməsi İslam
ölkələrinin, idmançıların bir araya gəlməsi
ilə yanaşı, İslam aləminin gənc alim və
jurnalistlərinin bir araya gəlməsi deməkdir. Diqqət
edin, Azərbaycan maddi cəhətdən nə qoyacaq, mənəvi,
strateji cəhətdən nələri əldə edəcək.
Bütün bunların hamısı dərindən
düşünülmüş məsələlərdir. Bu,
Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsi
deməkdir. Cənab Prezident hər hansı bir strategiya müəyyənləşdirəndə
5, 10, 15 il deyil, hətta yarım əsrlik bir strategiya
düşünür. Ölkəmizə xeyli media nümayəndəsi
gələcək. Onların hər birinin Azərbaycan
haqqında bir məlumat belə yazması bizim
üçün böyük töhfədir. Ona görə də
hesab edirəm ki, cənab Prezidentin 2017-ci ili “İslam Həmrəyliyi
ili” elan etməsi, bu Oyunların Azərbaycanda keçirilməsi
strateji əhəmiyyət daşıyır. Bu mənada maliyyə,
texniki məsələlər ikinci dərəcəlidir.
Bütün bunların hamısı dövlət və millətimizin
maraqlarına yönəlmişdir.
- Necə
düşünürsünüz, dövlətimiz qeyri-neft
sektorunun inkişafı siyasətini həyata keçirdiyi
vaxtdan bu günə qədər iqtisadiyyatın neftdən
asılılığını minimum səviyyəyə
endirə bilibmi?
- Bir məsələni açıq söyləmək lazımdır: Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ondan ibarət idi ki, neftdən gələn gəlirlər Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlsin. Fikir verin, ölkəmizdə neftlə bağlanan sindromların heç biri yaşanmır. Təbii ki, biz neft ixrac edən ölkəyik, Azərbaycanda neft-qaz ehtiyatları var. Neftdən gələn gəlirlərlə məktəblər tikilir, yollar təmir olunur, yeni iş yerləri açılır və s. Qeyri-neft sektorunun təməlində ilk növbədə elm və təhsil dayanır. Çünki millətin gələcəyi elm və təhsildən asılıdır. Ölkəmizin başçısı cənab İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayır ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bizim onsuz da neft, qaz ehtiyatlarımız var. Amma ölkəni irəliyə aparan insandır, kadrlardır. Bilirsiniz ki, hazırda üç sahənin inkişafı dövlətin qarşısında duran prioritet məsələdir. Bunlar yeni texnologiyalar, turizm və kənd təsərrüfatının inkişafıdır. Turizm və kənd təsərrüfatı bir-biri ilə sıx bağlı olan sahələrdir. Əgər turizmi inkişaf etdirmək istəyiriksə, mütləq kənd təsərrüfatı olmalıdır. Çünki turist obyektlərinə xaricdən gələn kənd təsərrüfatı məhsullarını versək, o zaman sərf etdiyimiz xərclər borcumuzu ödəməz. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan hətta bir-biri ilə iqtisadi münasibətləri olmayan ölkələri belə bir masa ətrafında oturtmağı bacardı. Göstərdi ki, biz birləşdirən gücük, qüvvəyik. Azərbaycan vuruşmaq üçün bir ölkə deyil. Gəlin, əməkdaşlıq edək. Çünki Azərbaycan xalqı bunu bacarır.
Şəfiqə
Dadaşova,
Röya
Şahbazi
İki sahil.- 2017.- 25 yanvar.- S.12.