İcbari tibbi sığorta sisteminə
keçid
islahatların
mühüm tərkib hissəsidir
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin
müsahibəsi
- Zaur müəllim, məlum
olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə müxtəlif sahələr üzrə
islahatlar həyata keçirilir. Bu islahatların başlıca
məqsədi ölkəmizin daha da inkişaf etdirilməsidir.
Bu mənada icbari tibbi sığortanın tətbiqi istiqamətində
həyata keçirilən tədbirlər də, səhiyyə
islahatlarının tərkib hissəsdir. Sizcə, bu sistemin tətbiqi
Azərbaycan səhiyyəsinə, bütövlükdə
ölkəmizə nə verəcək?
-
Bildiyiniz kimi, Azərbaycanda son illər çox mühüm
islahatlar həyata keçirilir. Əhalinin tibbi xidmətlərə
əlçatanlığının artırılması,
tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılması həyata keçirilən
sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə
sahəsində aparılan islahatlar nəticəsində əhalinin
sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm dövlət proqramları qəbul
edilib, tibb müəssisələrinin maddi-texniki bazası
gücləndirilib və səhiyyə sahəsində bir
çox islahatlar aparılıb.
İcbari
tibbi sığortanın tətbiqi hökumətin səhiyyə
sahəsində apardığı islahatların tərkib hissədir.
Çünki icbari tibbi sığortaya keçid ölkə
vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını
artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək
və səhiyyə sisteminin maliyyə potensialını
gücləndirəcək.
Hazırda
dünya ölkələrində səhiyyə xərcləri
artmaqdadır. Hətta inkişaf etmiş ölkələrdə
səhiyyədə maliyyə
çatışmazlığı müşahidə olunur. Səhiyyə
infrastrukturunun saxlanılması, idarə olunması kifayət
qədər böyük maliyyə vəsaiti tələb edir.
Bildiyiniz
kimi, Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi
əsasən dövlət tərəfindən həyata
keçirilir. İcbari tibbi sığorta isə səhiyyənin
maliyyələşməsinin yeni formasıdır. Dövlətin
səhiyyə ayırdığı vəsaitlərlə
yanaşı vətəndaşlardan toplanan sığorta
haqları icbari tibbi sığortanın müasir dövrdə
daha dayanıqlı və etibarlı maliyyələşmə
modeli kimi tətbiq olunmasına səbəb olub.
İcbari
tibbi sığorta sistemində tibb müəssisələri
çarpayı sayına görə deyil, xidmət sayına
görə maliyyələşdirilir. Agentlik tibb müəssisələrinə
vətəndaşlara göstərilən xidmətlərə
əsasən ödəniş edəcəkdir. Bu faktor səhiyyə
sahəsi üçün yeni maliyyə imkanları
yaradır. Belə ki, daha çox sayda xəstəyə xidmət
göstərən tibb müəssisəsinə edilən
ödənişlərin məbləği də yüksək
olacaq.
Eyni
zamanda, Agentlik tibbi xidmətin alıcısı olduğundan
tibb təhcizatçıları qarşısında tələblər
olacaq. Əlbəttə ki, vətəndaşlara yüksək
keyfiyyətli tibbi xidmətin göstərilməsi və
operativlik əsas tələblərdir. Ümumiyyətlə,
ölkədə icbari tibbi sığortanın tətbiq
olunması vətəndaşlar üçün səhiyyənin
əlçatanlığı baxımından mühüm rol
oynayacaq. Əlçatanlığın təmin olunması
üçün Agentlik kənd tibb məntəqələrinin
yenilənməsinə, səhiyyənin maddi-texniki
bazasının güclənməsinə dəstək verəcək.
Bununla yanaşı pilot ərazilərdəki tibb müəssisələrində
baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməzsə,
vətəndaşın o xidməti digər müqaviləli
müəssisədə almasına şərait yaradacaq. Bu,
özəl və ya dövlət tibb müəssisəsi ola
bilər. Yəni sığortalı vətəndaş
göstəriləcək tibbi xidmətin dəyərinin
ödənilməsi baxımdan narahat olmayacaq.
- 2017-ci ildə İcbar Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin
qarşısında duran əsas vəzifələr nədən
ibarətdir?
-
Cari ildə əsas vəzifəmiz Mingəçevir şəhərində
və Yevlax rayonunda pilot layihənin uğurla həyata
keçirilməsidir. Bizim qarşımızda da əsas hədəf
budur ki, icbari tibbi sığorta modelini 1 il ərzində
sınaqdan keçirək. Sınaq müddətində layihə
müxtəlif meyarlar baxımından qiymətləndiriləcək.
- Qeyd etdiyiniz kimi Mingəçevir
şəhərində və Yevlax rayonunda pilot layihələrə
başlanılıb. Bu layihələrin icrası, hazırki vəziyyəti
barədə də məlumat verməyinizi xahiş edirik...
-
Ötən ilin sonlarında cənab Prezident Mingəçevir
şəhərinin və Yevlax rayonunun pilot ərazi olaraq
seçilməsi ilə bağlı Fərman imzaladı və
pilot layihənin həyata keçirilməsi ilə əlaqədar
tədbirlər planını təsdiqlədi. Tədbirlər
planında qeyd olunduğu kimi, biz ilk növbədə xəstəxənaları
icbari tibbi sığorta sistemində işləmək
üçün hazır etməliyik. Bəlli olduğu kimi,
tibb müəssisələri bu günə qədər
dövlət büdcəsindən maliyyələşirdi. Amma
icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki
xəstəxanalar publik hüquqi şəxsə çevrildilər.
Fevraldan başlayaraq, pilot ərazilərdəki tibb müəssisələrinin
maliyyələşmə prinsipi dəyişəcək. Yəni
xəstəxana göstərdiyi xidmətin sayına müvafiq
vəsait qazanacaq. Bu amil xəstəxana rəhbərliklərindən
vəsaitlərdən səmərəli və məqsədyönlü
istifadə etməyi tələb edir. Tibb müəssisələri
çalışacaqlar ki, əhaliyə həm keyfiyyətli
tibbi xidmət göstərsinlər, həm də xəstəxanada
göstərilməyən tibbi xidmətlərin təşkilinə,
kadr potensialının güclənməsinə səy
göstərsinlər.
Yevlax
Rayon Mərkəzi Xəstəxanasının və Yevlax
Şəhər Uşaq Xəstəxanasının
bazalarında mövcud qanunvericiliyin tələblərinə
uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası
publik hüquqi şəxs, Mingəçevir Şəhər
Mərkəzi Xəstəxanasının bazasında isə
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası
publik hüquqi şəxs yaradılıb. Hər iki pilot ərazidəki
xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə
uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi
Xəstəxanası publik hüquqi şəxsə və
Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi
şəxsə direktor təyin edilib.
Məsələ
ondadır ki, tibb müəssisələrinin rəqabətə
dayanıqlı olması üçün onların kadr
potensialı, maddi-texniki bazası güclü olmalıdır
və ən əsası tibb müəssisəsi vəsaitlərdən
səmərəli istifadə etməlidir. Bu işlərin həyata
keçirilməsi üçün idarəçilikdə dəyişikliklər
edilməsi tələb olunurdu. Xəstəxanaların
direktorları icbari tibbi sığorta sisteminin həyata
keçirildiyi pilot ərazilərdə inzibati, təsərrüfat
və maliyyə işlərinə nəzarət edəcəklər.
Bu ilin birinci rübündə direktorlar ilkin səhiyyə xidmətinin
qurulmasını, təcili-tibbi yardımın yenidən
qurulmasını və digər əhəmiyyətli işləri
yekunlaşdırmalıdırlar.
- Zaur müəllim, ictimaiyyəti ən
çox maraqlandıran məsələlərdən biri icbari
tibbi sığortanın ölkə üzrə nə zamandan
tətbiqinə başlanmasıdır. Bu barədə nə
deyə bilərsiniz?
- Bu
məsələ pilot layihənin icrasından asılı
olacaq. Əgər bir il ərzində pilot layihənin
icrası zamanı problemlər ortaya çıxmasa, onda
2018-ci ilin əvvəlindən ölkə üzrə icbari
tibb sığortanın mərhələli şəkildə
tətbiqinə başlaya bilərik. Amma hansısa dəyişikliklərə
ehtiyac olacaqsa, bu məsələ müəyyən qədər
vaxt apara bilər. Bu halda belə biz 2018-ci ilin əvvəlindən
ölkənin bir çox ərazisində icbari tibbi
sığortanı tətbiq etməyi
düşünürük.
- İcbari tibbi sığortanın
baza zərfinə nələr daxildir?
-
Baza xidmətlər zərfinə 1800-dən çox müayinə,
müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı
və digər tibbi xidmətlər daxildir. Bir sıra
laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr
də tibbi sığorta təminatına daxil ediləcək.
Terapevtik müalicələrin çox hissəsi icbari tibbi
sığorta tərəfindən qarşılanacaq. Onu da qeyd
edim ki, tibbi sığorta zərfinə cərrahiyə əməliyyatları,
o cümlədən müəyyən bahalı əməliyyatlar
da daxil edilib.
- Qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirilməsində kadr potensialı da vacib
şərtdir. Bu baxımdan, Dövlət Agentliyinin kadr
potensialı hansı səviyyədədir?
-
Agentliyin kadr potensialı qənaətbəxşdir.
Sözsüz ki, icbari tibbi sığortanın tətbiqinin
miqyası genişləndikcə, bizim komandamız daha da
böyüməli və güclənməlidir. Hazırda
bizim əməkdaşlarımız üzərinə
düşən vəzifələri yerinə yetirirlər. Hər
bir şəxs öz sahəsi üzrə peşəkardır.
Amma xəstəxanaların işi ilə bağlı kadr
potensialının güclənməsinə ehtiyac var.
Çünki əhalinin keyfiyyətli tibbi xidmətlə təmin
olunmasında bu məsələnin çox böyük rolu
vardır.
- Cənab Prezidentin
imzaladığı “Azərbaycan Respublikasında dövlət
idarəçiliyinin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirildi.
Publik hüquqi şəxs statusunda fəaliyyət bu qurumun fəaliyyətinə
nə kimi üstünlüklər gətirəcək?
- Bu,
çox müsbət islahatdır. Hazırda Dövlət
Agentliyi dövlət büdcəsindən maliyyələşir
və bu da istər-istəməz çevikliyə müəyyən
qədər təsir göstərir. Amma Agentlik publik hüquqi
şəxsə çevriləndən sonra ilk növbədə
çevikliyi artacaq. Publik hüquqi şəxs kimi
sığorta haqlarını daha asan toplayacaq və xəstəxanalara
da ödənişləri edəcəyik. İşlərimizi
uğurla davam etdirmək üçün bu, bizim
üçün çox mühümdür.
- Zaur müəllim, Azərbaycan
Respublikasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə
əlaqədar hüquqi-qanunvericilik bazası hansı səviyyədədir?
-
1999-cu ildə “Tibbi sığorta haqqında” qanun qəbul
olunub. Amma həmin qanuna bir sıra dəyişikliklərin
edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi
hazırlamışıq və yaxın müddətdə
müvafiq qurumlara təqdim edəcəyik. Qanunda
sığorta haqları, onun yığılma qaydaları və
digər məsələlər öz əksini
tapmalıdır.
İki sahil.- 2017.- 25 yanvar.- S.10.