Ən müasir silahlar, nümunəvi

hərbi hissələr, peşəkar hərbçilər...

 

Bu, Azərbaycan Ordusunun qüdrətinin real mənzərəsidir

 

Ordu dövlətin və xalqın vuran qoludur, milli təhlükəsizliyin qarantıdır. Xüsusən Azərbaycan dövləti elə bir geosiyasi məkanda yerləşir ki, siyasi müstəqilliyini qorumaq üçün güclü ordu yaratmağa məhkumdur. Həmçinin ikili standartların hökm sürdüyü indiki beynəlxalq aləmdə xristian Ermənistanın təəssübünü çəkənlərə və birbaşa  Ermənistana qarşı ayaqda dimdik durmağımız üçün güclü dövlət, qətiyyətli lider, dayanıqlı və inkişaf edən iqtisadiyyat, qüdrətli ordu şərtdir.

Yanvarın 23-də Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yeni salınmış ən müasir hərbi şəhərciyin açılışında iştirak edərkən dövlətimizin ordu quruculuğuna ayırdığı diqqətdən danışdı: “Bu şəhərciyin inşa edilməsi bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün hərbi hissələrimizin mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir. Ümid edirəm ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə bir dənə də hərbi infrastruktur olmayacaq”.

 

Prezident İlham Əliyev: Bu gün təminat-təchizat

baxımından yüksək səviyyəyə malik olan

Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər

 

Qeyd edək ki, son 13 ildə Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ordu quruculuğuna dövlət büdcəsindən milyardlarla dollar vəsait ayrılıb. Hər il büdcədən bu sahəyə ayrılan maliyyə vəsaiti 4, 5 milyard dollardan çoxdur ki, bu da işğalçı Ermənistanın dövlət büdcəsi qədərdir. Azərbaycan Ordusunun qüdrəti həm də onun ən müasir silahlarla təminatındadır. Ali Baş Komandan hərbi şəhərciyin açılışı zamanı çıxışında bunu bir daha  açıq şəkildə bəyan etdi: “Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir.”

Təbii ki, ordumuzun ən müasir silahlarla təminatı bəzi ermənipərəst dairələri və beynəlxalq təşkilatları narahat edir. Onlar iddia edirlər ki, guya Azərbaycan Silahlı Qüvvələrinin belə genişmiqyaslı silahlanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə təhlükə yaradır.

Lakin onlar hələ də dərk etmək istəmirlər ki, Ermənistan təcavüzkardır və Azərbaycan torpaqlarının 20 faizindən çoxunu bu gün də işğal altında saxlayır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanın Dağlıq Qarabağ danışıqlarında imitasiya ilə məşğul olduğunu bilir və bu riyakarlığa son qoymasını tələb edir.

 

Azərbaycan dövləti ən müasir

silahları anbarlara yığmaq üçün almır

 

Təbii ki, Azərbaycan Ordusu üçün alınmış ən müasir silahlar anbarlara yığmaq üçün deyildir. Məqamı gələndə ondan istifadə edilib və ediləcəkdir. Belə ki, 2016- cı ilin aprelində Ermənistan hərbi birləşmələrinin təxribatına cavab verən ordumuz qısa müddətdə bir neçə yaşayış sahəsini və minlərlə hektar ərazini işğaldan azad etdi. 300-dək hərbçisini və onlarla ağır texnikasını itirən Ermənistan ordusunun məğlubiyyətini erməni hakimiyyəti də etiraf etdi. Məhz Azərbaycan Ordusunun şanlı aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir neçə generalı istefa verməyə məcbur oldular.

Bununla da Ermənistan prezidenti məğlub olmuş ordusuna görə ermənilərin qəzəbindən özünü sığortalamaq istədi. Ən başlıcası isə Azərbaycan Ordusunun tarixi aprel döyüşlərindən sonra  illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Prezident İlham Əliyevin söylədiyi kimi, xaricdən gələn silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qarşımızda duruş gətirə bilməzlər. Bunu ermənilər özləri də etiraf edirlər.

Bu bir gerçəklikdir ki, aprel döyüşlərindən sonra  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ölkəmizin xeyrinə dəyişib. Torpaqlarımız işğal altında olsa da, bu gün hərbi-siyasi üstünlük Azərbaycanın tərəfindədir. İndiyədək diplomatiya sahəsində Ermənistanı dalana dirəyən Azərbaycan göstərdi ki, torpaqlarımızı hərbi yolla azad etmək barədə səsləndirdiyimiz bəyanatlar kifayət qədər ciddidir. İndi həm Ermənistanın terrorçu rəhbərliyi, həm də Dağlıq Qarabağdakı separatçı rejim ciddi təlaş içindədir. Çünki onların sabah Azərbaycanın hərbi gücü qarşısında salamat qalacaqlarına artıq zəmanətləri yoxdur.

 

Məcburi köçkünlərin işğaldan azad

olunmuş kəndlərə qayıdışı başlayır

 

Bu gün Aprel döyüşlərində işğaldan azad olunan ərazilər minalardan təmizlənir. Yaxın dövrdə məcburi köçkünlərin həmin ərazilərdə məskunlaşdırılması planlaşdırılır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində infrastrukturun bərpasına 4 milyon manat ayrıldı.  Eyni zamanda, işğaldan azad olunan minlərlə hektar ərazidə əkin işlərinə başlanılıb. Ali Baş Komandan qətiyyətlə bildirir ki, indi o ərazilərdə Azərbaycan bayrağı dalğalanır: “Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.”

Bu gerçəkliklər bir daha sübut edir ki, Azərbaycan dövləti region üçün daim təhlükə mənbəyi olan işğalçı Ermənistanla yumşaq davranmaq niyyətində deyil. Artıq işğalçıların Azərbaycan Ordusundan növbəti zərbə almasının vaxtı çatıb.

 

Elçin Zaman

 

İki sahil.- 2017.- 26 yanvar.- S.3.