Naxçıvanın müqəddəs
ocaqları: İmamzadələr
Azərbaycan
Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı
ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi
İli” elan edilib. Sərəncamda deyilir: “Azərbaycan uzun əsrlərdən
bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən
biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni
zamanda Müsəlman İntibahının bərqərar
olmasında mühüm rol oynamışdır. Bütün
bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin
maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin
yaratmışdır”.
Respublikamızın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsinə verdiyi əsaslı töhfələrdən biridir.
Naxçıvan Muxtar Respublikasında da dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Tarixi abidələr, dini ziyarətgahlar bərpa olunur, məscidlər tikilir. Hazırda muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Keçirilən dini ayinlər, dini bayramlar milli və mənəvi dəyərlərimizə, İslam ənənələrinə uyğun olaraq təşkil olunur. Müqəddəs “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarasının burada olması, həmçinin imamzadələr, pirlər ta keçmiş zamanlardan Naxçıvanda islami dəyərlərin mövcudluğunu sübut edir. Bundan başqa bir sıra tarixi abidələrimizin üzərində Qurandan ayələrin yazılması bu qədim diyarın İslam aləmindəki mövqeyinin göstəricisidir. Məsələn, XII əsrin yadigarı olan Mömünə Xatun türbəsindəki medalyonlarda dini xarakterli kəlamlar əks olunub.
Muxtar respublika ərazisində İslam mədəniyyətinin qiymətli abidələri sırasına İmamzadələr də daxildir. Müxtəlif bölgələrdə yerləşən hər 3 İmamzadə bərpa olunaraq əhalinin istifadəsinə verilib.
Qeyd edək ki, Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd Peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Onu da deyək ki, hazırda Azərbaycan ərazisində Naxçıvanla yanaşı, Şamaxıda, Bərdədə, Gəncədə və Masallıda da İmamzadələr var. Bu sahədə araşdırma aparmış tədqiqatçılara görə Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələri ən çox Azərbaycandadır. İmamzadələr bütün müsəlman aləminin qiymətli, dəyərli abidələridir.
Həmin İmamzadələrdən üçü Naxçıvan şəhərində və muxtar respublikamızın fərqli bölgələrində yerləşir. Şərur rayonunun Xanlıqlar kəndində yerləşən və Parçı İmamzadəsi deyilən abidə XVI əsrdə İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələrdən biridir. İmamzadə 7-ci İmam Musa Kazımın oğlu şahzadə İbrahimin məzarı üstündə tikilib, uzun illər ziyarətgah və inanc yeri olub.
İmamzadə giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. İmamzadə 2015-ci il fevralın 15-də bərpa edilərək əhalinin istifadəsinə verilib. Bərpa işləri zamanı İmamzadənin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanıb. Parçı İmamzadəsi bu gün də insanların diqqətini çəkir, ziyarətçilər dini inanc yeri kimi bu müqəddəs ocağa üz tuturlar.
Muxtar respublikamızda mövcud olan 3 İmamzadədən biri də Naxçıvan şəhərində yerləşən İmamzadədir. XVI-XVIII əsrlərə aid edilən İmamzadə kompleksi 3 binadan ibarətdir. Kompleksdən azca aralı başqa bir türbə də vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunub, üstü günbəzlə örtülüb. Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmayıb. İmamzadə kompleksinə daxil olan binalar isə bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansamblı yaradıb. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olub. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Kompleksə daxil olan imamzadə türbəsinin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbrin üstü sənduqə formasında düzəldilib. Qəbrin üzərində epitafiya-məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə bu qəbirdə şiələrin 8-ci imamı Rzanın oğlu dəfn edilib. Epiqrafçı alim İ.Əzimbəyovun keçən yüzilliyin 20-ci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, “bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir, ərəb və əcəmlərin hakimi, sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həzrət Rufai bəy əmr etmişdir”. Memarlıq kompleksi 2004-cü ildə bərpa olunaraq əhalinin istifadəsinə verilib.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda qeyd olunur ki, orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri -xanəgah kimi istifadə ediblər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından sonra və bərpa olunmuş məqbərəyə bitişik məscid təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməyib.
Digər bir İmamzadə isə Babək rayonunun Nehrəm kəndində yerləşir. 18-ci əsr memarlıq abidəsi olan abidə bir çox dəyişikliklərdən, təmir və bərpadan sonra günümüzə qədər gəlib çatıb. Planda kvadrat formasında olması, divarlarlndakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi tikilinin ilk məscid tiplərinə aidliyini göstərir.
İmamzadə məscid, türbə, təkyə və yardımçı bir neçə binadan ibarət böyük kompleksdir. Bunlarla bərabər türbənin içərisində bir qəbir də var. Qəbrin üstü sənduqə formasındadır. Kitabə olmadığından onun kimə aidliyi dəqiq deyil. Camaat arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunub. Türbə daxilində, divarlarda, günbəzvari çərçivələrdə dini xarakterli kəlamlar yazılıb.
İmamzadə bu gün sadəcə olaraq kənd sakinlərinin deyil, həm də müxtəlif bölgələrdən gələn qonaqların diqqət mərkəzindədir. Zəvvarlar İmamzadəni ziyarət edir, nəzirlər verir, dualar edirlər.
İmamzadələr Naxçıvanın qədimliyini sübut etməklə yanaşı, həm də şəhərin İslam aləmindəki yerini və nüfuzunu göstərir. İmamzadə kompleksi kimi binalar Azərbaycan milli memarlığının və incəsənətinin parlaq nümunələridir. Bu cür ziyarətgahlar insanların ibadət və dua etmələrinə imkan yaradır. Belə müqəddəs ocaqlar həm də insanlar arasında həmrəylik, birlik yaradır, onlara pak duyğular aşılayır.
İnsanlar sidq ürəklə bu ziyarətgahlara üz tutur, öz arzu və niyyətlərini söyləyirlər. İmamzadə ziyarətgahları zaman-zaman insanlarda mənəvi kamilliyin formalaşmasında bir məbədgah rolunu oynayıb. Məbədgahların qorunması milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və ehtiramın ifadəsidir. Biz bu cür abidələrimizi təbliğ etməklə, tanıtmaqla muxtar respublikamızda dini turizmin inkişafına nail ola bilərik. Əshabi-Kəhf ziyarətgahı dini-mədəni kompleksi il ərzində dünyanın dörd bir yanından gələn minlərlə turisti qəbul edir. İmam övladlarının dəfn edildiyi İmamzadə kimi müqəddəs ocaqların tanıdılması İslam ölkələrindən bura daha çox zəvvarın gəlməsini təmin edə bilər.
Ruhiyyə Rəsulova
İki sahil.- 2017.- 26 yanvar.- S.15.