“İslam Həmrəyliyi
ili” yeni
baxışların
formalaşmasında əhəmiyyətli rol oynayacaq
Ölkə Prezidenti İlham
Əliyevin 10 yanvar 2017-ci il tarixli
Sərəncamı ilə
bu ilin ölkəmizdə “İslam Həmrəyliyi
İli” elan edilməsi təbii ki,
təsadüfi deyil.
“Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycanın ən
başlıca sərvətlərini qeyd edərkən qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, həyatını bu
torpağa bağlayan, müxtəlif dinlərə etiqad edən
insanları xüsusi vurğulayırdı: “Ərazimizdə
yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd
də, talış da, udin də, kumık da, başqası da
- bütünlükdə hamısı azərbaycanlıdır.
Azərbaycanlı sözü bizi həmişə birləşdirib.”
Bu fikirləri 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi
İli” elan edilməsinə münasibət bildirən YAP
Siyasi Şurasının üzvü, Bakı Dövlət
Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, Əməkdar müəllim
İradə Hüseynova söylədi:
- Şərqlə Qərbin
qovşağında yerləşən Azərbaycan tolerant ölkə imicini yüksək
səviyyədə qoruyur. Bu
gün Azərbaycanın
tolerantlıq təcrübəsi digər ölkələrə
nümunə göstərilir və öyrənilməsinin
vacibliyi vurğulanır. Ölkəmizin bugünkü
reallıqları hər zaman keçilən yola nəzər
salmağı bir tələb kimi ortaya qoyur. 1993-cü ildə
ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı xalqlar və
dinlərarası münasibətlərin müasir
dövrün tələblərinə
uyğunlaşdırılmasında mühüm rol oynadı.
Dövlət-din münasibətləri
modeli çərçivəsində inkişaf edən Azərbaycanda
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir
və eyni statusa malikdir. Ölkəmizin ev sahibliyi etdiyi dini
sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi
məsələlərinə həsr olunmuş beynəlxalq
konfranslarda da tolerantlıq təcrübəmiz
təqdir olunur. Azərbaycanda
milli dəyərlərə sadiqlik,
ümumbəşəri dəyərlərə hörmət müasirləşməyə,
modernləşməyə yönələn addım kimi qeyd
olunur. Təbii ki, ötən il
Azərbaycanın BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsi də təsadüfi
deyildi. Çünki tolerantlığın məkanı,
multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan
mədəniyyətlərarası dialoqun inkişafına, mədəni
müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı
qarşılıqlı münasibətlərin tənzimlənməsinə
yönələn mühüm layihələrin
reallaşdırılması, mötəbər forumların
keçirilməsi sahəsində zəngin təcrübəsi
ilə diqqət çəkir. Dövlətimizin
başçısı Qlobal Forumdakı
çıxışında da bu məqamlara xüsusi diqqət
yönəltmişdir ki, Azərbaycan əsrlər boyu dinlər,
mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi
məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında
yalnız coğrafi körpü deyil, həm də mədəniyyət
körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin
və mədəniyyətlərin nümayəndələri
Azərbaycanda sülh şəraitində və ləyaqətlə
yaşayıblar. Dini dözümlülük və
multikulturalizm burada hər zaman mövcud olmuşdur.
Multikulturalizm sözü mövcud olmadığı bir zamanda
belə, həmin ideyalar daim yaşayıb.
Tarixə
qısa nəzər salan İ.Hüseynova bildirdi ki, sovetlər
dövründə
xalqımız nə qədər məhrumiyyətlərlə,
çətinliklərlə üzləşsə belə dininə,
mənəvi dəyərlərinə sadiq
qalmışdır. Müstəqillik əldə etdikdən
sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir.
Son on üç ildə bu siyasətin ölkə Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə
dözümlülük, qarşılıqlı anlaşma
prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman
bütün millətlərə hörmətlə
yanaşırlar.
Açıqlamada
bu məqam da qeyd olundu ki, Azərbaycanın
sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş
həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və
xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Ölkəmizin
hüdudlarından kənarda yaradılan və sistemli şəkildə
istiqamətləndirilən müxtəlif missioner təşkilatları
və dini təriqətlər
Azərbaycana da ayaq açır və onlar respublika ərazisində şəbəkələşməyə
cəhd göstərirlər. Bu gün dövlətçilik
maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə
formalaşmış milli mənəvi dəyərlərimizə,
adət-ənənələrimizə, milli və dini hisslərimizə
hörmət etməyən, cəmiyyət daxilində gərginlik
yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və
üz-üzə qoymaq, onları dünyanın müxtəlif
yerlərindəki münaqişələrdə iştiraka
meyilləndirmək və təhrik etmək istəyənləri,
şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa
etmək, onların əsl simasını cəmiyyətə
tanıtmaq əsas vəzifələrdəndir. Nazirlər
Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında da cənab
İlham Əliyev bu faktı xüsusi qeyd etmişdir ki, İslamı terrorizmlə eyniləşdirir,
islamofobiyaya rəvac verir, xalqları dinə görə
bölür, müsəlman qaçqınlarına
qarşı hörmətsizlik edirlər. Avropa
İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri
“Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz
miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları
yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz
yaxşı bilirik və unutmamışıq. Faşizm
İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi
Oyunlarının çox böyük mənası var. Azərbaycan bu Oyunları keçirməklə
bir daha gücünü, imkanlarını göstərir, dini
dəyərlərə sadiqliyini nümayiş etdirir. Bizi
bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı
qoymaq istəyənlər öz hədəflərinə
çatmamalıdırlar.
Bu
gün Azərbaycanın beynəlxalq münasibətlər
sistemində artan yeri və rolundan bəhs edən
İ.Hüseynova bunun təsdiqi kimi, ölkəmizin ev sahibliyi
etdiyi beynəlxalq səviyyəli tədbirləri
vurğuladı: “2015-ci ildə
Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Bu il isə IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanda keçirilən
müxtəlif tədbirlər, o cümlədən İslam Həmrəyliyi Oyunları
bu məqsədə xidmət edir ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə
son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin
yaradılsın. Dövlətimizin başçısı
İlham Əliyev bu nöqteyi-nəzərdən yanaşaraq
bildirir ki, İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Bu,
böyük siyasi, mədəni tədbir, ictimai hadisədir. Bu, bir daha Azərbaycanı
müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə
sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi
göstərir və bu gün İslama qarşı
çirkin kampaniya aparanlara da bir cavab olacaq.
İ.Hüseynova
onu da bildirdi ki, millətlərarası, dinlərarası
münasibətlərin sağlam istiqamətdə
inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər
doğrudan da öyrənilməyə və təbliğ olunmağa
layiqdir.
Yeganə
Əliyeva
İki sahil.- 2017.- 27 yanvar.- S.14.